Ətraf mühitə qayğı hər bir məktəblinin vəzifəsidir

 

Azərbaycan Gənclər İttifaqı yeni tədris ili üçün müsabiqə elan etdi

 

Bu gün bəşəriyyəti  narahat  edən problemlərdən biri  qlobal iqlim  dəyişməsidir. Atmosferə atılan qazların artması səbəbindən yaranan istixana effekti Yer səthinə düşən  Günəş şüalarının miqdarını azaldır, nəticədə Yer üzünün temperaturu artır, bu isə böyük təbii fəlakətlərə gətirə bilər. Alimlərin  hesablamalarına görə, XX əsrdə Yer səthinin temperaturu 0,7 dərəcə artmışdır. Bu proses ötən əsrin son 30 ilində daha intensiv olmuşdur.

 

1914-cü ildə təsis edilmiş Norveç Təbiəti Mühafizə Cəmiyyəti ekoloji problemlərin həlli istiqamətində geniş fəaliyyət  göstərir. On ildən artıqdır ki, cəmiyyət Enerji və Resurslardan istifadə üzrə Məktəbli Layihəsini (SPARE - Scholl Project for Application Recourses and Energy) həyata keçirir Layihənin məqsədi enerjiyə qənaətin, resurslardan səmərəli istifadə edilməsinin zəruriliyini məktəb kollektivlərinə çatdırmaq, onları bu sahələrdə əməli fəaliyyətə sövq etməkdir. Hazırda proqram 17 ölkədə icra olunur. Azərbaycan bu proqrama 2003-cü ildə qoşulub,  proqramı Azərbaycan Gənclər İttifaqı (AGİ) həyata keçirir.

SPARE-nin fəaliyyəti çoxşaxəlidir. Bunların sırasında hər tədris ilində baş tutan "Enerji və ətraf mühit" məktəbli müsabiqəsi önəmli yer tutur. Müsabiqə bir neçə nominasiya üzrə keçirilir, yarışmada həm şagirdlər, həm də müəllimlər iştirak edirlər. Azərbaycan  məktəbləri müsabiqəyə həvəslə qoşulurlar. 2009-2010-cu  tədris ilində keçirilən yarışmanın milli mərhələsinə 10 bölgədən 70 orta ümumtəhsil məktəbini təmsil edən 170-dən artıq şagird və müəllim iş təqdim etmişdir. Ən yaxşı beş beynəlxalq mərhələyə tövsiyə  edilmişdir. Bunlardan ikisi - Qax rayonundakı Qaxbaş kənd 2 nömrəli məktəbin şagirdi Şəhla Əhmədovanın çəkdiyi "Gələcəyimizi bu gün qoruyaq"  rəsmi və Bakı şəhərindəki 291 nömrəli "Araz" Ekologiya liseyinin şagirdi Ceyhun Bədirxanovun hazırladığı "Yuxu" videoçarxı həvəsləndirici mükafatlara layiq görülübdür.

Bu günlərdə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.  Qaxbaş kənd 2 nömrəli məktəbdə təşkil olunan tədbirdə  SPARE Proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova, proqramın tətbiqi layihələri üzrə koordinatoru Mir Abas Məmmədov, Qax Rayon Təhsil Şöbəsi Metodiki Mərkəzinin direktoru Nazim Məmmədov, məktəbin direktoru Rasim Çələbiyev, müəllim və şagirdlər iştirak edirdilər. Qonaqları salamlayan Rasim Çələbiyev bildirdi ki, rəhbərlik etdiyi məktəbin sagirdi  Şəhla Əhmədovanın uğuru rayonda böyük əks-səda doğurmuş,  bütün kollektivin sevincinə səbəb olmuşdur. O, SPARE layihəsinin rayon məktəbləri tərəfindən rəğbətlə qarşılanması, şagird və müəllimlərin  "Enerji və ətraf mühit" müsabiqəsində iştirakı  haqqında məlumat verdi. Nailə İsmayılova beynəlxalq proqram barədə, onun Azərbaycanda icrası haqqında söhbət açdı, müsabiqənin yeni tədris ilində davam edəcəyini söylədi. Sonra o,   Şəhla Əhmədovaya beynəlxalq müsabiqənin qalibi diplomunu və qiymətli hədiyyə təqdim etdi.  Tədbirin sonunda ətraf mühitin qorunmasında fəal  çalışan Qaxbaş kənd 2 nömrəli məktəbin şagird və müəllimlərinə AGİ-nin əməkdaşlıq etdiyi  "Plant for the Planet" şəbəkəsinin məlumat vərəqələri, üzərində "Plant for the Planet", "Trees for  Climate  Justice"  və "Stop Talking. Start planting" beynəlxalq şirkətin simvolu əks  olunan  köynəklər  hədiyyə edildi.

Xatırladaq ki, oktyabrın 1-də 2010-2011-ci tədris ili üçün "Enerji və ətraf mühit" beynəlxalq məktəbli müsabiqəsinin milli mərhələsinə  start  verilib. Ötən il olduğu kimi, bu tədris ilində də yarışma "İqlimi qorumağa sadə energetik layihələrdən başlayaq" devizi altinda keçirilir. Müsabiqə  dörd nominasiya üzrə aparılacaq - üç nominasiya şagirdlər, bir nominasiya isə müəllimlər üçün nəzərdə tutulub. Şagirdlər məktəbdə və ya evdə enerjiyə qənaət təcrübəsi (nominasiya 1a) və bərpa olunan enerji mənbələrinin praktik tətbiqi -Günəş, külək, su və ya biokütlədən istifadə etməklə hazırlanan model haqqında  (nominasiya 1b) işləri təqdim edə bilərlər. Məktəblilər müsabiqədə həmçinin  nəzəri işləri - yerli şəraitdə enerjiyə qənaət və tükənməyən enerji mənbələrindən istifadə etməklə enerji təchizatı layihələri  ilə iştirak edə bilərlər. Hər iki nominasiyada təqdim olunan işlərin iqlim dəyişməsi ilə əlaqəsinin, atmosferə atılan istixana qazlarının azalmasına təsirinin qeyd edilməsi tələb olunur. Enerjiyə qənaət, resurslardan səmərəli istifadənin zəruriliyi barədə ictimaiyyətin məlumatlandırılmasına aid işlərdə (nominasiya 3)  şagirdlər valideynləri, müəllimləri, elecə də yerli ictimaiyyətin nümayəndələrinin atmosferə atılan istixana qazlarının həcminin azaldılmasının vacibliyinə inandırmalı və məktəbdə, evdə, bütün ərazidə (kənd, qəsəbə, şəhər mikrorayonu)  buna  nail olmaq    üçün tövsiyələr verməlidirlər.  Müsabiqəyə təqdim olunan iş məlumat vərəqi, qəzet, plakat, buklet, videoçarx,  multimedia məhsulu,  ppt  təqdimatı  formasında ola bilər. Müəllimlər  müsabiqədə "İqlimi qorumağa sadə energetik məsələlərdən başlayaq" dərsinin və ya fakültativ məşğələnin hazırlanması və keçirilməsi, iqlim dəyişmələrinə dair didaktik materiallar təqdim etməklə iştirak edə  bilərlər (nominasiya 4). Birinci halda  məktəb, ev və ya ərazidə istixana qazlarının azaldılması, qlobal iqlim dəyişməsinin  ölkə, region üçün  ehtimal olunan fəsadlarının yumşaldılması istiqamətində fərdi səviyyədə atıla biləcək addımlara həsr olunan  dərsin və ya fakültativ məşğələnin konspekti (bu dərsin 1-2 saatlıq fraqmenti də ola bilər) təqdim olunur. Bərpa olunan mənbələrdən alınan enerjinin mümkünlüyünü və üstünlüyünü nümayiş edən, enerjinin səmərəliliyinə və qənaətinə həsr olunan dərs - təcrübələrə üstünlük verilir. Didaktik materiallar komplekti isə praktik dərs - təcrübə  üçün paylama materialları və dərs-təcrübə üçün alət-avadanlıq, ppt təqdimatları ola bilər...

Milli müsabiqəyə işlər  elektron şəkildə Azərbaycan və ya rus  dillərində, mətn  12 ölçülü  şriftlə yığılmış  Word   sənədi kimi qəbul edilir,  şəkil və cədvəllər  çap sərhədlərini aşmamalıdır. İşin həcmi   şəkillərlə birlikdə 6 səhifədən çox olmamalıdır. Sənədin ümumi  həcmi 300 Kb çox olmamalıdır. 3-cü nominasiyada  təqdimatlar MS Power Point, sənədlər Adobe PDF  formatında, hər  biri 300 Kb-dən artıq olmamalıdır. Videoçarxlar (2 dəqiqədən çox olmamaqla) WMV,  DiVX  i  MPEG-1, cizgi filmləri  Macromedia  Flash  (SWF) formatında  və kompüter oyunları  o halda qəbül edilir ki, arxivdə faylın ölçüsü 1 Mb keçməsin.

Müsabiqə işlərinin qiymətləndirilməsi zamanı seçilmiş  mövzunun aktuallığı, tətbiq edilmiş metodikaların əsaslandırılması,  real nəticənin alınması,  nəticələrin və tövsiyələrin  əsaslandırılması, layihənin  keyfiyyətli tərtibatı nəzərə alınacaq. 3-cü nominasiyada  həmçinin icranın   orijinallığına  və bədii tərtibata diqqət yetiriləcək. 

Qiymətləndirmə aparılarkən yerinə yetirilən layihənin mürəkkəbliyi və müəllifin işi yaşına görə müstəqil icra etdiyi nəzərə alınacaq. Pedaqoji işlərin qiymətləndirilməsi zamanı təklif olunan pedaqoji  texnologiyaların yayımlanmasına, uşaqlarda və böyüklərdə  praktiki fəaliyyətə motivasiyanın yönəldilməsinə, təqdim olunan  pedaqoji işlərin  uşaqlarda  diskussiyalara, yaradıcılığa, enerjiyə qənaət və ya bərpa olunan enerji mənbələrindən istifadəyə  marağın oyadılmasına diqqət yetiriləcək. 

Milli müsabiqəyə işlər 2011-ci il yanvarın 15-dək təqdim edilməlidir. Müsabiqə haqqında ətraflı məlumatı   www.spareworld.org   www.ayu-az.org saytlarında əldə etmək olar. 

 

 

M.MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.6.