Tsinxua Universiteti
Yerləşir:
ÇXR, Pekin şəhəri
Yaranma tarixi: 1911-ci il
Tipi:
Dövlət
İşçi heyətinin ümumi sayı: 7235 nəfər
Tələbələrin ümumi sayı: 26746 nəfər
Rəsmi saytı:
www.tsinghua.edu.cn
Tsinxua Universiteti (Tsinghua University) Çin Xalq Respublikasının paytaxtı Pekin
şəhərində yerləşir və ölkənin ən
yaxşı ali təhsil ocaqlarından biridir.
Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Tsinxua Universiteti
100 ən yaxşı ali məktəb
arasında 49-cu yerdə olub. 2010-cu ildə
dünyanın ən nüfuzlu universitetləri arasında
"Times Higher Education World University Rankings"in
açıqlamasına əsasən Tsinxua Universiteti 58-ci yeri,
"QS World University Rankings"in açıqlamasına
görə isə 54-cü yeri tutub.
Tsinxua Universiteti Çin
universitetlərini birləşdirən "C9 Liqası"na daxildir.
Tarixi
1911-ci ildə
Pekin şəhərində öncə Min, sonra isə Tsin
kral sülaləsinə məxsus bağda Tsinxua Kolleci (Tsinghua
Xuetang) yaradılır. Bu kollec dövlət tərəfindən
ABŞ-a təhsil almağa göndərilən gənclərin
oxumağı üçün ilkin mərhələ rolu
oynayır. Kollecin professor-müəllim heyətini
də ABŞ-dan dəvət olunmuş şəxslər təşkil
edirdilər. 1912-ci ildə kollec Tsinxua Məktəbi
adlandırılır.
1928-ci ildə
məktəbin adı hökumət tərəfindən rəsmi
olaraq dəyişdirilərək Tsinxua Milli Universiteti olur. İkinci
Dünya müharibəsi dövründə Çinin Pekin,
Nankin, Tsinxua universitetləri, daha sonra isə Kunmin əyalətində
yerləşən Birləşmiş Cənub-Qərbi Milli
Universiteti Çanqşa şəhərində
Çanqşa Müvəqqəti Universiteti adı altında
birləşdirilir. Müharibədən
sonra Tsinxua Universiteti Pekinə qaytarılır və fəaliyyətini
davam etdirməyə başlayır.
1949-cu ildə
Çində vətəndaş müharibəsi zamanı kommunist
çevrilişindən və Çin Xalq
Respublikasının yaradılmasından sonra Tsinxua
Universitetinin prezidenti Mey Yi-Qi və bir neçə professor
Tayvana qaçır və orada 1955-ci ildə Tayvanın Milli
Tsinxua Universitetini yaradırlar.
1952-ci ildə Çin Xalq
Respublikası hökuməti sovet təhsil sisteminə
uyğun olaraq ali məktəbləri
xüsusi ixtisaslaşmış ayrıca institutlara
bölür. Hüquq, kənd təsərrüfatı, dəqiq
və humanitar elmlər Tsinxua Universitetindən alınır və
ali məktəb politexnik yönümlü
universitetə çevrilir. Universitet texniki elmlərin
inkişafına görə çox uğurlar qazanır.
Lakin 1980-ci ildən sonra burada fənlərarası
proqramlar tətbiq olunmağa başlayır. Nəticədə
bir neçə məktəb yenidən bərpa edilir, eləcə
də yeniləri yaranır (Elmlər, Biznes və Menecment,
Humanitar və Sosial Elmlər, Hüquq, Dövlət Siyasəti
və İdarəetmə məktəbləri, Dizayn və
İncəsənət Akademiyası).
Büdcə və təhsil haqqı
Tsinxua
Universitetində təhsil haqqı tələbənin
seçdiyi ixtisasdan asılı olaraq dəyişir. Bakalavr pilləsində təhsil
haqqı 20000-50000 yuan, magistratura pilləsində 30000-70000
yuan, doktorantura pilləsində isə 30000-60000 yuan arasında
dəyişir.
Bu ali təhsil
ocağında 1000-ə qədər əcnəbi tələbə
yerləşdiriləcək yataqxanalar mövcuddur. Yataqxanalarda
İnternet, telefon, kondisioner, televizor və s. avadanlıqlarla təchiz
edilmiş bir, iki və daha çox nəfərlik otaqlar tələbələrin
istifadəsinə verilib. Otaqların 1
sutkalıq qiyməti 40-100 yuan arasında dəyişir. Kampusda tələbələrə tibbi xidmət
göstərilir. Tibbi sığortanın
1 illik qiyməti 600-1000 yuandır.
Universitet bu gün
Tsinxua
Universitetinin kampusu Pekin şəhərinin şimal-qərbində
universitetlər və digər akademik müəssisələr
üçün nəzərdə tutulmuş Haydyan rayonunda
395 hektar ərazidə yerləşir. Tsin kral sülaləsinə
məxsus bağda tikilmiş kampusda Çin memarlıq
nümunəsinə aid binalar, Çin üslubunda
salınmış bağ və parklar mövcuddur. Burada ilk vaxtlar Amerika məktəbi fəaliyyət
göstərib, bu da kampusun binalarının rəngarəngliyinə
təsir edib. Şəhərcikdə Qərb
memarlıq üslubuna aid çoxlu sayda tikili var.
Urban-Şampeyndəki İllinoys Ştatı Universitetinin
1914-cü ildə məzunu olmuş T.Çuanq Tsinxua
Universiteti şəhərciyinin tikintisində iştirak edib və
işində Amerika memarlıq üslubuna müraciət edib.
Tsinxua Universitetinin simvolu qədim darvazadır.
Kampusun ən məşhur yerlərindən Qonq Zi Tinq kral imarətini,
Hi Tanq Yu Se (Ay işığı düşən göl),
Böyük auditoriya, Tsinxua rəsədxanasını, Tsinxua
Elm parkını və s. nümunə göstərmək
olar. "Forbes" jurnalı 2010-cu ildə
Tsinxua Universitetinin kampusunu dünyanın ən gözəl
universitet şəhərciklərindən biri kimi dəyərləndirib.
Bu ali məktəb həmin siyahıda
adı olan yeganə Asiya universitetidir.
Tsinxua
Universitetinə aid bütün akademik, inzibati,
yaşayış binalarının hamısı kampusda yerləşir. Yalnız universitetin
Pekin şəhərinin şimalındakı Nüvə və
Yeni Enerji Texnologiyaları İnstitutu istisna təşkil edir.
Tsinxua Universiteti
aşağıdakı məktəb və fakültələrdən
ibarətdir:
Memarlıq Məktəbinin nəzdində Memarlıq,
Şəhərsalma və layihələşdirmə, Tikinti
elmləri, Landşaft arxitekturası departamentləri fəaliyyət
göstərir.
Vətəndaş Mühəndisliyi Məktəbində Vətəndaş, Hidravlik
mühəndisliyi, Tikinti İdarəetməsi departamentləri
mövcuddur.
Maşınqayırma Məktəbində Mexanika mühəndisliyi, Dəqiq
cihazlar və maşınqayırma, İstilik, Avtomotiv, Sənaye
mühəndisliyi departamentləri mövcuddur.
Kosmos Məktəbinin nəzdində Mühəndislik
mexanikası, Aeronavtika və Astronavtika departamentləri fəaliyyət
göstərir.
İnformasiya Elmləri və Texnologiya Məktəbində Elektronika mühəndisliyi,
Kompüter elmləri və Texnologiya, Avtomatlaşdırma,
Mikroelektronika və Nanoelektronika departamentləri, Software
(Proqram Təminatı) Məktəbi, Mikroelektronika İnstitutu
fəaliyyət göstərir.
Elmlər Məktəbinə Riyaziyyat elmləri, Fizika,
Kimya departamentləri daxildir.
Humanitar və İctimai Elmlər Məktəbində Fəlsəfə, Çin
dili və ədəbiyyatı, Xarici dillər, Tarix, Sosiologiya,
Siyasi elmlər, Beynəlxalq əlaqələr, Psixologiya
departamentləri mövcuddur.
İqtisadiyyat və İdarəetmə
Məktəbinə İdarəetmə elmləri və mühəndislik,
İqtisadiyyat, Maliyyə, Mühasibatlıq, İnnovasiya və
sahibkarlıq, İnsan resursları və təşkilatçılıq,
Biznes strategiyası və siyasət, Marketinq departamentləri
daxildir.
Tibb Məktəbinin nəzdində Tibb, Əczaçılıq
elmləri, Biotibbi mühəndislik departamentləri fəaliyyət
göstərir.
Jurnalistika və Kommunikasiya Məktəbi 2002-ci ildə
yaradılıb. Məktəbdə Beynəlxalq Kommunikasiya,
Yeni Media Tədqiqatları, Film və Televiziya, Media İdarəetmə
və Mədəni Sənaye Elmləri mərkəzləri fəaliyyət
göstərir.
İctimai Siyasət və İdarəetmə Məktəbi MA, Ph.D, MPA, MID akademik
proqramları təklif edir. Məktəbin Beynəlxalq
Strategiya və İnkişaf, Tayvan Tədqiqatları,
İctimai siyasət, Hökumət institutları, Çin tədqiqatları,
NGO elmi-tədqiqat mərkəzləri mövcuddur.
Hüquq Məktəbində Kommersiya hüququ, Mülki hüquq,
Hüquqi Norma və İnsan Haqları, İntellektual
mülkiyyət hüququ, Konstitusiya qanunu və Mülki
hüquq, Beynəlxalq hüquq, Tsinxua hüquq jurnalı və
s. mərkəzlər fəaliyyət göstərir.
Həyat Elmləri
Məktəbi Biofizika və Struktur biologiyası, Hüceyrə
və inkişaf biologiyası, Halobois, Daxili institutlardan,
Biomembran və membran biotexnologiyası, Antişiş
zülalı terapevtik texniki, Pekin aparıcı protein
laboratoriyalarından, Eksperimental biologiya mərkəzindən
ibarətdir.
İncəsənət və Dizayn Akademiyası İncəsənət
tarixi, Sənaye dizaynı, Ekoloji incəsənət
dizaynı, Keramika dizaynı, Vizual əlaqələndirmə
dizaynı, Tekstil və moda dizaynı, İncəsənət
və sənətkarlıq, Rəssamlıq, Heykəltəraşlıq,
İncəsənət və Dizayn informasiyası departamentlərindən
ibarətdir.
Yuxarıda
sadalananlarla yanaşı, Tsinxua Universitetində Marksizm məktəbi,
Elektrik mühəndisliyi, Fizika texnologiyası, Kimya
texnologiyası, Fiziki təhsil departamentləri fəaliyyət
göstərir.
Tsinxua Universitetinin kitabxana sisteminə 3,5 milyon cilddən
çox kitab, 300000 qədim
kitab, qəzet, dissertasiya, 70000 mikroforma, 30000 dissertasiya, eləcə
də 920000 elektron kitab, 42000 elektron jurnal və s. daxildir. Universitetin
kitabxanası 1912-ci ildə yaradılıb, 1994-cü ildə
isə kitabxananın yeni binası istifadəyə verilib.
Hazırda kitabxana kampusda 28 min m2 ərazini əhatə
edir. 1990-cı illərdən başlayaraq
kitabxana avtomatlaşdırma və şəbəkəyə
çıxış üzrə böyük nailiyyətlər
əldə edib.
Tsinxua
Universitetinin prezidenti, eləcə də Elmi Dərəcələrlə
Təltif Etmə Komitəsinin sədri, ixtisasca mühəndis-fizik
Qu Binqlindir.
Yeddi vitse-prezident ali məktəbin idarəolunmasında
prezidentə yardım edir. Universitet Şurasının sədri Hyu Hepinqirdir,
onun isə 12 vitse-köməkçisi var. Akademik İşlər
üzrə Komitənin sədri Qian Yidir. Bu ali məktəbdə ümumilikdə 7235 nəfər
işçi çalışır. Onların
4868 nəfərini akademik, qalanlarını isə inzibati heyət
təşkil edir. Akademik heyət arasında 1142 nəfər
professor, 37 nəfər Çin Elmlər Akademiyasının,
37 nəfər Çin Mühəndislik Akademiyasının
üzvü, 2 nəfər Nobel, 1 nəfər Türinq (Endryu
Çi-Çin Yao) mükafatı laureatı var. Müəllimlərin
əməkhaqqı ildə orta hesabla 40000-65000 yuan təşkil
edir.
Bir sıra
dünya liderləri Tsinxua Universitetinin fəxri
doktorlarıdır və burada mühazirələrlə
çıxış ediblər. Həmin şəxslərdən
Bill Klintonu, Toni Bleyeri, Henri Kissinceri, Karlos Qosnu, Henri Polsonu qeyd
etmək olar.
2009-2010-cu tədris
ilində Tsinxua Universitetində 26746 nəfər tələbə
təhsil alıb. Tələbələrin 13915 nəfərini
bakalavr, 7515 nəfərini magistrant, 5316 nəfərini isə
doktorantlar təşkil ediblər. Əcnəbi
tələbələrin sayı həmin tədris ilində
2740 nəfər olub. Dünyanın 114
ölkəsindən gələn əcnəbi gənclər
arasında Koreya, ABŞ, Kanada, Almaniya, Yaponiyadan olanlar
çoxluq təşkil edirlər. Əcnəbilər, əsasən,
dəqiq elmlər və mühəndislik sahələri
üzrə təhsil almaq məqsədi ilə bu ali məktəbi seçirlər.
Tsinxua
Universiteti özünün yüksək elmi səviyyəsi və
təhsil keyfiyyəti ilə dünyada xüsusi nüfuza
malikdir. Gələn
il 100 illik yubileyini qeyd edəcək universitet
öz ölkəsində yüksək səviyyəli kadr
hazırlayan dövlət ali təhsil ocağıdır. Mərkəzi
hökumət və Maarif Nazirliyinin köməyi, onların tədqiqatlara
ayırdığı qrantlar, "Layihə 211" və
"985-ci Plan" Dövlət Proqramlarının dəstəyi
nəticəsində universitet yeni inkişaf mərhələsinə
qədəm qoyub. Tsinxua Universitetinin gələcək
strateji məqsədi Çində kadr və sosial-iqtisadi
problemləri aradan qaldırmaq üçün yeni
çoxprofilli təhsil və elmi proqramlar həyata
keçirmək, innovasiya tipli nəhəng elmi-tədqiqat mərkəzinə
çevrilməkdir. Şüarı
"Şəxsi intizam və ictimai məsuliyyət", əzmi
isə "Fəaliyyət sözlərdən daha uca
danışır" kəlmələrindən ibarət olan
Tsinxua Universiteti özünü Çin cəmiyyətinin
rifahı və dünya elminin inkişafına həsr edib.
Universitetin məşhur məzunları
Hu Szintao Çin Xalq
Respublikasının prezidenti
Si Szinpin Çin Xalq
Respublikasının vitse-prezidenti
Çju Ronqji Çin Xalq
Respublikasının sabiq Baş naziri
Tzya Çunvanq Çinin sabiq dövlət
təhlükəsizliyi naziri
Tsunq-Dao Li fizika üzrə Nobel
mükafatı laureatı
Yanq Çen Ninq fizika üzrə Nobel
mükafatı laureatı
Şinq-Şen
Çern riyaziyyat üzrə Vulf
mükafatı laureatı
Lyan Qiçao alim, jurnalist, filosof, reformator
Syan Çjunşu məşhur Çin
yazıçısı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.20-21.