Tətbiqi pedaqogika
yollarında
İlkin olaraq onu qeyd edək
ki, müasir pedaqogikanın nəzəri
və təcrübi problemlərinin öyrənilməsi
üzrə ciddi axtarışlar sorağında
olan alimlər sırasında pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovun müstəsna yeri vardır. O, elmi-pedaqoji ictimaiyyətimizin
çox yüksək
dəyər verdiyi, məhsuldar fəaliyyəti
ilə fərqlənən
yaradıcı şəxsiyyətlərdəndir.
Onun pedaqogikanın nəzəriyyəsi və
tarixi, elmşünaslıq
problematikalarına aid fundamental tədqiqatları qədirbilən
oxucuların daim geniş rəğbətini
qazanmışdır. O, bir
qayda olaraq, elmi axtarışlarının
əsas istiqamətlərini
vətəndaş-alim mövqeyindən
şərh edir, məktəb və pedaqoji fikir tariximizin ənənə və müasirlik paradiqmalarını vəhdətdə
götürərək, tədqiq
etdiyi hər bir məsələyə ciddi sosial və
strateji məqsəd, vətənpərvərlik amalı
baxımından nəzər-diqqət
yetirir, bu yolda əsl fədailik nümunəsi göstərir.
Şöhrəti
respublikamızın hüdudlarını da aşmış əməkdar
elm xadimi, Prezident təqaüdçüsü, professor Nurəddin
Kazımovun milli və ümumbəşəri keyfiyyətlərə
dəstək olan novator ideyaları müasir elmi-akademik
pedaqogikanın nəzəri məzmununu artırır, təcrübi
istiqamətlərdə aparılan digər əməli fəaliyyət
sahələrinin yeni, işlək texnologiyalarını zənginləşdirir.
Onun bütün yaradıcı
ehtişamı müasir milli dövlətimizin əsas prinsiplərinə
xidmət edir, ölkəmizdə azərbaycançılıq,
türkçülük və islami dəyərlərə dəstək
olan yaradıcı baxışlar sistemi ilə ehtiva olunur.
Müstəqil Azərbaycanımıza
xidmətdə onun ən böyük əməyi isə, mən
deyərdim ki, yaranmaqda olan milli pedaqogikamızı vətəndaşlıq
statusuna qaldırmasıdır.
Nurəddin müəllim
ənənəvi pedaqogikanın bütün
anlayışlarını respublikamızın dövlət
müstəqilliyi baxımından, tənqidi təhlil süzgəcindən
keçirərək yeni pedaqogika - Milli pedaqogika yaratmışdır.
Müasir pedaqoji elmin və
prosesin vətəndaşlıq məramını ləyaqətli
nəsil, nəcib insan yetişdirməkdə görən Nurəddin
Kazımov bu sahədə həyatın tələbindən irəli
gələn məsələlərə daha çox önəm
verir, milli pedaqoji ideyaların cəmiyyətə sirayət edən
təsir imkanlarını yeni-yeni kitablarla haşiyələndirir.
Onun yaradıcı aləminə
çıraq tutan növbəti kitablarından biri 2010-cu ildə
"Çaşıoğlu" nəşriyyatında
işıq üzü görən "Tətbiqi pedaqogika" adlı dərsliyidir.
Respublikamızda
"İbtidai təhsilin pedaqogikası və
metodikası" ixtisası üzrə təhsilləndirici mənbə
kimi nəzərdə tutulan bu fundamental vəsait Azərbaycan
Respublikası təhsil nazirinin 18 sentyabr 2009-cu il tarixli, 1071
nömrəli əmri ilə dərslik kimi təsdiq
edilmişdir.
Əsasən, pedaqoji təmayüllü
tədris müəssisələrinin və fakültələrinin
müəllimləri, tələbələri və
magistrantları, habelə ümumtəhsil məktəblərinin
müəllimləri üçün nəzərdə
tutulmuş bu dərsliyin elmi redaktoru, pedaqoji elmlər doktoru,
professor Fərahim Sadıqov, rəyçiləri pedaqoji elmlər
doktoru, professor Sərdar Quliyev,
pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov, pedaqoji
elmlər namizədi, professor Mircəfər Həsənov, məsləhətçisi
isə Təhsil Nazirliyinin aparıcı məsləhətçisi
Afət Süleymanovadır.
Kitabda birmənalı
olaraq qeyd olunur ki, təhsil islahatı proqramının tələbi
baxımından respublikanın orta ixtisas və ali məktəblərində
milli pedaqogika fənləri üzrə qüvvədə olan
proqram və dərsliklər də yenidən işlənmiş,
müasir tələblərə uyğun milli xüsusiyyətləri
saxlamaqla yanaşı, dünya təhsil sisteminə və təcrübəsinə
inteqrasiya etmişdir.
Odur ki, müasir mərhələdə
pedaqoji prosesdə yeni işlək texnologiyaların, ideya-mənəvi
prinsiplərin, orijinal metodikaların, novator üsul və vasitələrin
modernləşdirilməsi və
aktuallaşdırılması ən vacib pedaqoji tələblərdən
biri sayılmalı, bu məqsədlə hər bir müəllimin,
tərbiyəçinin, sinif rəhbəri, məktəb
direktoru və təhsil menecerlərinin, idarə və müəssisə
rəhbərlərinin bu proseslərdən hali olmaları
dövr və zamanımız üçün çox vacib tələbata
çevrilməlidir. Müəllifin qayəsinə görə,
bu gün təhsil sisteminin dayaq nöqtəsi olan ibtidai siniflərdə
əsl elmi metodika, nəzəri baza əsasında qurulan
pedaqoji proses təcrübəsi yetərli və öncül
olsa da, ibtidai təhsilin pedaqogikası və metodikası
ixtisası üzrə formalaşan müasir tələbənin,
təkmilləşən müdavimin bilməli olduğuna təminat
verəcək məqsədyönlü fəaliyyət şəbəkəsi
o qədər də önəmli sayıla bilməz. İndi tələbə
statusu ilə təhsil alanlar və təhsilalmanı təşkil
edənlər məhz bu amillərin ilkin mərhələsini
ibtidai təhsil ocaqlarından əxz etməlidirlər. Yəni
tələb təklifi üstələməməlidir.
Çünki böyüyən nəslin tədris və idrak
bacarıqlarının ilkin təməli ibtidai siniflərdə
qoyulur, vətəndaş olmağın ilkin xüsusiyyətləri,
perspektiv nailiyyətlərə qoşulmağın min bir sirri
məhz təhsil sisteminin bu mərhələsində pərvəriş
taparaq, onları gələcək fəaliyyətə səsləyir.
Odur ki, ali və orta
ixtisas məktəblərində bu təkmil ixtisas üzrə
formalaşan tələbələrin yetkin nəzəri biliklərlə
yanaşı, ciddi əməli -təcrübi vərdiş
qazanması da mühüm şərtdir. Gələcəyin
sinif müəllimi olacaq bugünkü tələbənin təhsil
prosesində qazanacağı metodik səriştədən,
humanist meyillərdən, pedaqoji ustalığa qadir
olmasından asılı olaraq, onun bu sahəyə
bağlanmasını daimi və əbədi edir.
Müəllif məhz bu
ideya və arzular kontekstində "Tətbiqi
pedaqogika"nın strateji məqsədini
vurğulayaraq, onun bu günümüzə və gələcəyimizə
tuşlanmış məqsəd və məramını
konkret fakt və hadisələrlə ümumiləşdirmişdir.
Bu yönümdən təhsilalmanın yeni mündəricəsini
milli və ümumbəşəri dəyərlər sintezində,
yaxın və uzaq vəzifələrdə görən kitab
müəllifi, fənnin məzmununa, strukturuna, tətbiqi
xarakterinə, inkişaf dinamikasına və təşəkkül
tarixinə aydınlıq gətirərək yazır:
"Göstərilənlərə daha diqqətlə nəzər
yetirdikdə məlum olur ki, tətbiqi pedaqogika fənninin tədrisi
əsasında formalaşan tələbəyə - gələcək
müəllimə adi müəllim kimi
baxılmamalıdır. Belə müəllim
ölçülüb-biçilmiş bilik, bacarıq və
vərdişləri gənc nəslə məqsədyönlü
aşılamaq yolu ilə cəmiyyətimizin sonrakı
inkişafına güclü təkan verən pedaqoji təhsilli
mütəxəssis kimi dəyərləndirilməlidir. Bu
müəllimin təlim və tərbiyəsində
formalaşan şagirdlər isə sistemləşdirilmiş
bilikləri, bacarıq və vərdişləri onun məqsədyönlü
rəhbərliyi altında mənimsəmək yolu ilə
müstəqil fəaliyyətə hazırlanan şəxslər
kimi qiymətləndirilməlidir".
Göründüyü kimi,
bu prosesdə metodik işlər, uşaqlarla işlər, valideynlərlə
işlər də aydın və elmi əsaslarla, tətbiqi
metodologiya ilə tənzimlənməlidir.
Bənzərsiz təkliflər
və aydınlaşdırıcı ideyalar zəminində
yazılan "Tətbiqi pedaqogika" dərsliyinin didaktik səciyyəsi
də çox uğurludur. O, müxtəlif sual və
çalışmalar, təlqin, test və sorğu nümunələri,
sxem və cədvəllər komplekti, illüstrativ
materiallardan istifadə təcrübəsi ilə
yazdığı kitabında tələbələrin və
müəllimlərin istifadəsi üçün konkret
yollar göstərir, "öyrənəni öyrətmək"
və "öyrədəni öyrətmək"
manerası ilə xeyli köməkçi metodik vəsilələrdən
faydalanmağın bu yolda nə qədər böyük
üstünlüklərə malik olmasını qabardır.
Dərslikdə yeni
yanaşmanın mahiyyəti ondadır ki, müəllif məşğələ
zamanı tələbənin yaddaşını təkcə
yeni biliklərlə, məlumatlarla zənginləşdirən
mülahizələr üzərində dayanmır, o, həm də
onların bu prosesdə təfəkkürünü, müstəqil
əməli bacarıqlarını, çevik və
işgüzar vərdişlər yolu ilə bilik mənimsəmə
keyfiyyətlərini də təqdir edərək, kitabda sonsuz
sayda dərsdinləmə, dərslərdən müşahidə
materialları ilə də oxucuları tanış edir.
İbtidai təhsilin
pedaqogikası və metodikası üzrə bakalavr
hazırlığını təmin edən bu qiymətli vəsaiti
oxuduqca bir daha yəqinlik hasil edirsən ki, hər hansı tədris
fənni üçün nəzərdə tutulan təhsilin məzmun
mənbələri olan tədris planları, proqramları və
dərsliklər nə qədər aydın,
anlaşıqlı, oxucu üçün heç bir mübhəm
qalmayan əlamətlərlə yazılmışsa, onun
pedaqoji-ictimai dəyəri də elə oxucu nəzərində
birə-on qat artır.
"Tətbiqi
pedaqogika" dərsliyinin elmi aparaturası, strukturu, tərtib
və yazılma prinsipləri bütün bu əlamətləri
özündə ehtiva edir.
Kitabın lakonik dili, məzmun
və ideya ardıcıllığı onun üstün məziyyətləri
kimi dəyərləndirilməlidir.
Dərsliyin məzmun
sferası ilə tanışlıq bir daha göstərir ki,
müəllif burada ənənə ilə müasirliyin,
keçmiş ilə novatorluğun vəhdətini də
tarixi-müqayisəli təhlil əsasında vermiş, tətbiqi
pedaqogikanın mahiyyətindən, məram və məqsədindən
irəli gələn və bu sahəyə xidmət edən
ali baza təhsil proqramlarının, təhsil sahəsində
dövlət siyasətinin əsas prinsiplərinin, ibtidai məktəbin
müvafiq tədris planlarından, pedaqoji prosesdə
görüb-müşahidə etdiyi psixoloji inkişaf amillərindən
bəhs etməklə, I-IV siniflərdə nəzərdə
tutulan didaktik vəzifələrin tətbiqetmə
imkanlarını yüksək ümumiləşdirici şərh
yolu ilə təhlil-tərkib etmişdir.
Bütövlükdə, 9 bölmədən,
30 fəsildən, 164 yarımfəsildən
ibarət bu qiymətli dərslik öz dərin elmi-metodik siqlətinə,
əməli-təcrübi məzmununa
görə pedaqoji ictimaiyyətimiz üçün
ən böyük töhfədir.
Vidadi BƏŞİROV
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.25.