Ədəbiyyat nəzəriyyəsində nəzm haqqında anlayışın verilməsi

 

Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığın mühüm bölməsi olub, bədii əsərin xüsusiyyətini, həyatı əks etdirmə prinsipini... öyrədir.

Ədəbiyyat nəzəriyyəsi tədrisinin ən çox praktik əhəmiyyətə malik olan bölmələrindən biri nəzm sisteminin, şeir şəkillərinin spesifik xüsusiyyətlərinin öyrədilməsidir.

"Nəzm" sözü nizam mənasını ifadə edir. Nəzmə ədəbiyyatşünaslıqda şeir deyilir. Nəzmin əsas xüsusiyyətlərini bilmədən şeiri ahəngdar rəvan oxumaq, orada irəli sürülən fikri başa düşmək, nəzm əsərlərinin məzmununu mənimsəmək olmaz. Şagirdlərə nəzm haqqında veriləcək ilk anlayışı ahəngcə oynaq, qafiyə etibarı ilə qüvvətli, dil baxımından sadə şeir parçası ilə əlaqələndirmək lazımdır. Nəzmdə ahəng daha böyük əhəmiyyət kəsb edir:

 

Sükuta qərq olmuş ürəyimlə mən,

Keçirəm yenə də Muğan çölündən.

Yanında balası yağış gölündən

Əyilib su içir bir ana ceyran.

 

Bu şeir parçasında ifadə olunan fikir şagirdlərdən soruşulur heç bir söz dəyişmədən lövhəyə yazılır: "Mən sükuta qərq olmuş ürəyimlə yenə Muğan çölündən keçirəm. Bir ana ceyran yanında balası əyilib yağış gölündən su içir".

Bu cümlələri qeyd etdikdən sonra şeir parçasındakı "ürəyimlə mən", "gölündən", "çölündən" sözlərinin altından xətt çəkir və izah edirəm:

- Bu sözlər şeirdə elə sıralanmışdır ki,oxu zamanı qulağımızda musiqi səsi verir. İndi gəlin bu cümləni oxuyaq, görək həmin şeir parçasındakı sözlərdən düzəlmiş cümlə şeirdəki kimi ahəngdar səslənirmi?

 

Mən sükuta qərq olmuş ürəyimlə,

yenə də Muğan çölündən keçirəm.

 

Burada nəzmin ifadə tərzi adi danışıq tərzindən əsaslı surətdə fərqlənir. Sözlər müəyyən bir qayda ilə nizamlı düzülür. Sözlərin belə düzülməsində bir ahəngdarlıq yaranır.

Ahəngdarlığı daha geniş başa salmaq üçün ahəngdar səslər çıxaran əşyalardan misallar gətirilməlidir.

Ölçü haqqında məlumat vermək üçün heca haqqında şagirdlərin aldıqları biliklərdən istifadə etmək lazımdır. Şagirdlər şifahi xalq ədəbiyyatında öyrəndikləri bayatılardan nümunələr söyləyirlər.

Ədəbiyyatşünaslıqda ölçüyə vəzn də deyilir. Ölçüyaxud vəzn şeirdə ahəngi yaradan, qüvvətləndirən amillərdən biridir. Azərbaycan şeirində müxtəlif vəznlər (heca, əruz, sərbəst şeir) mövcuddur. Vəznin (ölçünün) tələbinə görə misralar bir-birinə bərabər tutulur ki, bu, ahəngin yaranması üçün əsas şərtdir. Ölçü haqqında müəyyən məlumat verdikdən sonra ahəngdarlıq üçün şərt olan qafiyə haqqında məlumat verilir: Şeirdə tələffüzcə, səs tərkibi etibarı ilə bir-birinə yaxın olan sözlərə qafiyə deyilir.

 

Yerdən ayağını quş kimi üzüb,

Yay kimi dartılıb, ox kimi süzüb,

Yenə də sürünü nizamla düzüb,

Baş alıb gedirsən hayana, ceyran! 

 

Bu şeirdə "üzüb", "süzüb", "düzüb" sözləri daha ahəngdar səslənir. Həmin sözlər deyiliş cəhətdən bir-birinə daha yaxındır. Belə sözlər şeir ahəngini tamamlayır, nizama salır zəngin qafiyə sayılır. Şagirdlər müxtəlif şeir parçaları söyləməklə qafiyə haqqında daha geniş məlumat alırlar. Söylədikləri şeir parçalarında qafiyə təşkil edən sözlərə uyğun həmqafiyə olan sözlər tapmaq tapşırıq verilir.

Şeirin ahəngini qüvvətləndirmək, təsirini artırmaq məqsədilə eyni sözlər misraların sonunda təkrar edilir. Şeirdə təkrar olunan belə sözlərə rədif deyilir.

Şagirdlər həm klassik, həm müasir şairlərimizin şeirlərindən nümunələr söyləyirlər. Bu, nitq vərdişlərini möhkəmləndirməklə yanaşı, şagirdlərin emosional duyğularına müsbət təsir edir.

 

 

Mehriban BAXŞƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.22.