İsmayılın adı gənc istedadların "Qızıl kitabı"na yazıldı

 

Yunusov İsmayıl  Səbuhi oğlu 1995-ci il avqustun 9-da  Bakıda anadan olub. Hazırda  229 nömrəli orta məktəbin X sinif şagirdidir. Kiçik yaşlarından musiqiyə olan marağını hiss edən valideynləri 6 yaşlı İsmayılı Nizami rayon Uşaq - Gənclər Yaradıcılıq  Mərkəzinə gətirir, onu vokal və fortepiano dərnəyinə yazdırırlar. Orada təhsil aldığı müddətdə  İsmayılın  istedadı  üzə çıxır.

O, Nizami rayonundakı Rauf Hacıyev adına  15 nömrəli musiqi məktəbinin fortepiano  sinfinə daxil olur, eyni zamanda vokalla da məşğul olur. 8 yaşında ikən  İsmayıl respublikanın  xalq artisti, dirijor  Teymur Göyçayevin rəhbərlik etdiyi  Dövlət  Kamera Orkestrinin müşayiəti ilə məşhur bəstəkarların əsərlərini  məharətlə ifa edir. T.Göyçayev  İsmayılın səsini yüksək qiymətləndirərək, Gənclər  Simfonik Orkestri yaranan gündən  onu ora  solist qəbul edib. 2007-ci ildə  Bakının  Ramana  kəndində  tikilən  qaçqınlar üçün şəhərciyin açılışı zamanı  Prezident İlham Əliyev cənablarının iştirak etdiyi tədbirdə  o da iştirak edib.

İ.Yunusov M.Maqomayev adına  Azərbaycan Dövlət Filarmoniyasında,  muğam teatrında  solo konsertlər verib. 2008-ci ilin mayında  Parisdə, Strasburqda, Belçikada  respublikanın xalq artisti T.Göyçayevin rəhbərliyi ilə  "Azərbaycanın xoşməramlı mələkləri" adlı  konsert proqramının iştirakçısı  olub. Həmin konsertdə o, "Solo  mio" Neopolitan mahnısını ifa edib. Bu ifa  Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun  xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən yüksək qiymətləndirilib.

2009-cu ildə  "Azərbaycan dünyam mənim" mövzusunda məktəblərarası keçirilən  müsabiqənin şəhər turunda  vokal ifaçılığı üzrə I  yerə layiq görüldüyünə görə  İsmayıl  Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi tərəfindən  diplomla təltif olunub.  Elə həmin il "Azərbaycanın mədəniyyət günləri" çərçivəsində Hollandiyada, daha sonra  Moskva və Kazan şəhərlərində  öz solo ifası ilə  Azərbaycanı təmsil edib. İsmayıl 2010-cu ildə gənc ifaçıların Nazim Əliverdibəyov adına V ümumşəhər müsabiqəsinin vokal üzrə laureatı  adına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 sentyabr 2010-cu il tarixdə imzaladığı "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi  haqqında" Sərəncamı ilə İsmayıl Yunusovun adı Azərbaycanın  gənc istedadlarının "Qızıl kitabı"na daxil olunmaqla  o,xüsusi aylıq təqaüdə layiq görülüb. 

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.23.