Azərbaycan Müəllimlər İnstitutunda treninq keçirilir

 

Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlının təşəbbüsü ilə fənn kurikulumlarının tətbiqi ilə bağlı təlimçi hazırlamaq məqsədilə treninq-seminar keçirilir. Seminara institutun müxtəlif kafedra metodiki kabinetlərinin on bir filialın 44 nəfər  əməkdaşı cəlb olunmuşdur. Təlim prosesi müdavimlərin özlərinin onlara paylanmış material üzrə təlim keçmələri ilə təşkil olunmuşdur. Bunun üçün onlara təcrübəli təlimçilər mentor olaraq təhkim olunmuşlar. Hər mentor oz "təlimçilər"ini konkret mövzularla hazırlayır, onlar həmin mövzuları auditoriyada tədris edirlər.

Yeni öyrədənlərin təlimçi bacarıqlarını dəyərləndirmək üçün isə Kurikulum Mərkəzinin əməkdaşları treninqə dəvət olunmuşlar.   Bütün treninq iştirakçıları üç mərhələdə sınaqdan keçəcəklər. Birinci mərhələdə onların təlimçi bacarıqları qiymətləndiriləcək, ikinci mərhələdə yeni təlimçilərin fənn kurikulumlarının tətbiqi ilə bağlı əldə etdikləri nəzəri bilikləri hazırlanmış testlər üzrə dəyərləndiriləcək, üçüncu mərhələdə onlar praktik tapşırıq yerinə yetirməklə bacarıqlarını nümayiş etdirəcəklər. On günlük treninqin sonunda iştirakçılar "Təlimçi" sertifikatı alacaqlar.

Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi layihəni bir neçə dəfə təkrarlamağı nəzərdə tutur. Bununla rəhbərlik institutun müasir tələblərə cavab verən kadr potensialının artmasını təmin etmək istəyir.

 

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.27.