Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı

 

Oktyabrın 15-də Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Bakı şəhəri Bül-bül prospekti, 36 ünvanda yerləşən Mərkəzi ofisinin rəsmi açılışı mərasimi keçirildi. Açılışda Azərbaycan Respublikasının təhsil naziri cənab Misir Mərdanov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Mark Herevard, təhsil proqramının rəhbəri Kənan Məmmədli,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova ofisin işçi personalı, AMVMA-nın idarə heyətinin üzvləri, bir neçə təhsil müəssisəsinin rəhbərləri və valideynlər iştirak edirdilər.

Açılışda çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov VMA-nın təhsil islahatları prosesində önəmli rolunu vurğulayaraq şəhərin ən görkəmli yerlərinin birində AMVMA-nın Mərkəzi ofisinin açılışından məmnun olduğunu bildirdi. Görülən işləri yüksək qiymətləndirən nazir Mərkəzi ofisin rəhbərliyini təbrik edərək uğurlar arzuladı və VMA-nın fəaliyyətinin genişləndirilməsini vacib saydı. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard da VMA-nın Mərkəzi ofisinin açılışını mühüm hadisə adlandırdı və müasir standartlara cavab verən ofisdə işləyəcək personala uğurlar arzuladı.

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova Təhsil Nazirliyindən, nazir Misir Mərdanovdan hər zaman dəstək gördüklərini vurğuladı. Valideyn hərəkatına dövlət qayğısına görə dövlət başçısına, nazir Misir Mərdanova VMA nümayəndələri adından minnətdarlığını bildirdi. Sonda təhsil naziri Misir Mərdanov və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ofisin xatirə kitabına öz qeyd və arzularını yazdılar.

Məlumat üçün xatırladaq ki, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası 2003-cü ildən fəaliyyətə başlamış və onun əsas məqsədi valideynləri təhsil prosesinin şəffaf idarə olunmasında fəal iştiraka cəlb etmək, ailə-məktəb, valideyn-müəllim əməkdaşlığının genişləndirilməsi sayəsində təhsilin keyfiyyətinin artırılmasına nail olmaq, təhsildə ictimai nəzarəti həyata keçirməkdir. AMVMA mərkəzdə və ölkəmizin müxtəlif regionlarında yerləşən yüzlərlə məktəbdə öz filiallarını yaratmış və təhsilin keyfiyyətinin artırılması istiqamətində valideynlərlə məqsədyönlü maarifçilik işini aparır.

 

 

Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.3.