"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"

 

Müsahibimiz Cənubi Rusiya Universitetinin rektoru, həmyerlimiz, iqtisad elmləri doktoru, professor, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Kollegiyasının üzvü İmran Əkbərovdur.

 

Təqdimat: İmran Hürrü oğlu Əkbərov 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1980-ci ildə Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib. 1987-ci ilədək dəmiryolu sistemində işləyib. 1987-ci ildən həmin institutun İstehsalatın idarə edilməsi kafedrasında idarəetmə sahəsi fənlərini tədris edib. 1991-ci ildən Cənubi Rusiya Universitetinin (İdarəetmə, biznes və hüquq İnstitutunun) rektorudur. İqtisad elmləri doktoru, professordur. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Akkreditasiya kollegiyasının, Cənub Federal Dairəsinin rektorlar şurası idarə heyətinin üzvü, Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidentidir.

İmran Əkbərov yüksək beynəlxalq elmi dərəcəyə - qrand fəlsəfə doktoru dərəcəsinə malikdir.

 

Ötən həftə Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Forumu keçirilirdi. Forumda MDB üzvü olan 8 ölkənin 20-dən artıq ali məktəbindən nümayəndələr iştirak edirdi. Nüfuzlu beynəlxalq tədbirə 11 rektor qatılmışdı. Onlardan 2-si həmyerlimiz idi: Moskva Dövlət Sosial-Humanitar Universitetinin rektoru Vaqif Bayramov və Cənubi Rusiya Universitetinin rektoru İmran Əkbərov. Bu fakt bizdə - Forumun Azərbaycandan olan iştirakçılarında böyük qürur hissi doğurdu. Yaranmış fürsətdən istifadə edib hər iki rektor həmyerlimizdən qəzetimizə müsahibə almağı qərarlaşdırdıq. Qərarımızı onlara bildirəndə etiraz etmədilər. Qonaqlarla qaldıqları "Park-İnn" otelində görüşdük. Əvvəl suallarımızı hər iki rektora ünvanlamağı nəzərdə tuturduq. Lakin söhbət zamanı bəlli oldu ki, Vaqif müəllim spesifik bir ali məktəbə - dayaq-hərəkət aparatında qüsurları olan tələbələrin təhsil aldığı universitetə rəhbərlik edir və bizi maraqlandıran bütün sualları cavablandırmaq onun üçün çətin olacaq. Ona görə də suallarımızı Cənubi Rusiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İmran Əkbərova ünvanladıq.

- İmran müəllim, qısa tərcümeyi-halınızı bilirik. İstərdik ki, onun bilmədiyimiz bəzi məqamları haqqında məlumat verəsiniz. Necə olub ki, Rusiyaya getmisiniz, bu ölkənin tanınmış ziyalılarından birinə çevrilmisiniz?

- Bilirsiniz ki, 70-ci illərdə ölkəmizdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu və hakimiyyətdə olduğu dövrdə ildən-ilə inkişaf etdirdiyi bir siyasət, ənənə vardı. Ölkəmizin yüksəkixtisaslı mütəxəssislərə ehtiyacını ödəmək üçün ali məktəblərə qəbul olunan və ya onların müxtəlif kurslarında təhsil alan gənclər keçmiş ittifaqın ən böyük şəhərlərinin nüfuzlu ali məktəblərinə göndərilirdilər. Belə gənclərdən biri də mən olmuşam. Özü də birinci dəstədə gedənlərdən. 1975-ci ildə imtahan verib Azərbaycan Politexnik İnstitutuna qəbul olundum. İçərisində mən də olmaqla bir qrup tələbəni təhsil almaq üçün SSRİ-nin müxtəlif şəhərlərinə - Moskvaya, Kiyevə, Leninqrada (indiki Sankt-Peterburqa), Kazana və b. göndərdilər. Yola salınanlara 40 manat pul verir, paltar, yatacaq alırdılar. Mən yaxın olduğu üçün Rostovu seçdim. Biletimi aldılar və mən Rostova gəlib buradakı Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsilimi davam etdirməyə başladım.

Yeri gəlmişkən, mən ümummilli liderimizin böyük uzaqgörənliyini, Azərbaycanın gələcək inkişafının yüksəkixtisaslı mütəxəssislərdən asılı olmasını bilib onların hazırlanmasına göstərdiyi qayğını xüsusi qeyd etmək istərdim. Məhz bu böyük insanın, dövlət xadiminin müdrik siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərində minlərlə gənc ölkənin ən nüfuzlu universitet və institutlarına göndərilərək Azərbaycan üçün ən vacib, ehtiyac duyulan ixtisaslara yiyələnirdilər. Bu gün müstəqil Azərbaycanın inkişafında məhz həmin illərdə xaricdə təhsil alan mütəxəssislər böyük rol oynayırlar.

1980-ci ildə institutu bitirdim, bir neçə il ixtisasım üzrə istehsalatda çalışdıqdan sonra bitirdiyim instituta qayıdıb elmi-tədqiqat və tədris işi ilə məşğul oldum.

1991-ci ildə Rusiyada ilk özəl ali məktəblərdən biri olan İdarəetmə, Biznes və Hüquq İnstitutu təsis olundu. Həmin ildən də onun rektoru oldum. Hazırda son illər Rusiyanın cənub zonasında olan bir sıra ali məktəblərin, o cümlədən rəhbərlik etdiyim institutun birləşməsi nəticəsində yaradılmış Cənubi Rusiya Universitetinin rektoru işləyirəm. Rusiyanın ən stajlı, necə deyərlər, yaşlı rektorlarından biriyəm. Rusiya dövləti mənim xidmətlərimi yüksək qiymətləndirib. Bu ölkənin fəxri ali təhsil işçisiyəm. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Kollegiyasının 33 üzvündən biri mənəm. Kollegiyada Cənubi Rusiyanı təmsil edirəm.

İqtisad elmləri doktoru, professoram. 15 elmlər namizədi, 2 elmlər doktoru yetişdirmişəm. Təvazökarlıqdan kənar olmasın, elm, təhsil sahəsində Rusiya miqyasında böyük nüfuz qazanmışam.

- Rusiya təhsilinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Rusiya təhsilində islahatlar hansı istiqamətlərdə aparılır?

- Postsovet məkanının bütün ölkələrində olduğu kimi, Rusiya Federasiyasında da inkişaf gedir, cəmiyyət həyatının bütün sahələrində, o cümlədən də təhsildə islahatlar aparılır.

Rusiya Federasiyasının Prezidenti D.Medvedyevin 2009-cu il müraciətində Rusiyada 2010-cu və sonrakı illər üçün təhsil sahəsində aparılan islahatların başlıca istiqamətləri müəyyənləşdirilmiş və qarşıya bir sıra vəzifələr qoyulmuşdur. Bunlar aşağıdakılardır:

- Şagirdlərin nailiyyətlərinin kompleks qiymətləndirilməsi.

- Yeni layihələr üzrə məktəb binalarının tikintisi və rekonstruksiyası.

- Məktəblərin genişzolaqlı İnternet şəbəkəsinə qoşulması.

- Əlverişli məktəb mühitinin yaradılması, inklüziv təhsil üzrə beşillik proqramın qəbul edilməsi.

- Məktəblərin müstəqilliyinin genişləndirilməsi, onlara maliyyə müstəqilliyinin verilməsi.

- İxtisasartırma təhsilinin ən yaxşı məktəblərin bazasında təşkil edilməsi. Maliyyə vəsaitinin ixtisasartırma təhsili proqramlarının seçimi əsasında verilməsi.

- Avropanın ali təhsil məkanına inteqrasiya.

- Boloniya prosesinə qoşulma və Kredit sisteminin tətbiqi.

Hazırda bu istiqamətlərdə sistemli işlər görülür.

- Universitetiniz haqqında oxucularımıza nə deyə bilərsiniz? Hansı ixtisaslar üzrə nə qədər mütəxəssis hazırlayırsınız?

- Bizim universitet Rusiyanın ilk qeyri-dövlət ali təhsil müəssisəsidir. Belə ki, ölkə üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir. Hazırda universitetimiz Krasnodar, Rostov, Stavropol, Volqoqrad, Vladiqafqaz şəhərlərini əhatə edir. 25 mindən artıq tələbəmiz, 5 min nəfərlik professor-müəllim heyətimiz var.

Universitetimiz indiyədək 30 min mütəxəssis buraxıb. Universitetdə humanitar texnologiya, iqtisadiyyat, informatika və s. fakültələr fəaliyyət göstərir. Gələcək mütəxəssislərə keyfiyyətli təhsil verilir. Məzunlarımız iki sənəd - dövlət nümunəli diplom və onun Avropa əlavəsini alırlar ki, bu da onlara bütün Avropa məkanında öz karyeralarını qurmağa imkan verir. Universitetimizdə təhsil, mütəxəssis hazırlığı ən yeni texnologiyalar əsasında qurulub. Təhsil 5 illikdir. Ali təhsil, ikinci ali təhsil, qiyabi təhsil, distant təhsil, magistratura, kollec, biznes məktəbi istiqamətlərində qəbul həyata keçiririk. Hər bir tələbəyə fərdi yanaşma və müəllimlərin yüksək peşəkarlıq səviyyəsi, innovativ təhsil texnologiyalarından istifadə yüksək keyfiyyətli ali təhsili təmin edir. Universitetimizin praktik yönümlülüyü güclüdür. Tələbələrə universiteti bitirdikdən sonra öz karyeralarını qurmaq üçün praktik istiqamətdə təhsil verilir.

Hazırda əsas məqsədimiz universitetdə reallaşdırılan təhsil standartlarını Avropa təhsil standartları səviyyəsinə çatdırmaqdır. Axı gələn ildən Rusiyada Boloniya prosesinə qoşulma tam başa çatmalıdır.

- Universitetinizdə təhsil haqqı nə qədərdir?

- Təhsil haqqı ixtisasdan, fakültədən asılı olaraq dəyişir. Hazırda o, 1000-3000 avro arasındadır. Ən "bahalı" ixtisasımız 3000 avrodur.

- Qəbulu necə həyata keçirirsiniz?

- Bizim universitet də Rusiyadakı digər ali məktəblər kimi tələbə qəbulunu Vahid Dövlət İmtahanının nəticələrinə əsasən aparır. Bildiyiniz kimi, bir neçə il öncə Rusiyanın bəzi vilayətlərində eksperiment kimi başlanmış Vahid Dövlət İmtahanı ötən ildən bütün ölkə üzrə tətbiq olunur və onun nəticələri ali məktəblərə daxil olmaq üçün əsas götürülür. Bu, ali təhsilin hamı üçün əlçatan olmasına imkan verir. Biz bu eksperimentə ilk qoşulmuş 10 universitetdən biriyik. VDİ təhsilin keyfiyyətini yüksəltmək üçün tətbiq olunub. Bu, Rusiya üçün böyük hadisədir. Azərbaycanda ali məktəblərə qəbulda mərkəzləşdirilmiş imtahanlar artıq 18 ildir keçirilir. Sizin ümumtəhsil məktəblərinizdə buraxılış imtahanları da, bildiyimə görə, bu ildən bütün ölkədə mərkəzləşdirilmiş qaydada aparılır. Lakin Azərbaycandakından fərqli olaraq Rusiyada bu imtahanlar birləşdirilib və bir dəfə - Vahid Dövlət İmtahanı formasında keçirilir.

Bu, bütövlükdə müsbət addımdır. Amma müəyyən problemlər də meydana çıxır. Həmin problemlər nazirliyin mənim də iştirak etdiyim kollegiya iclaslarında tez-tez müzakirə olunur və aradan qaldırılması üçün tədbirlər görülür. Nəticədə bu iş yavaş-yavaş qaydasına düşür. İctimaiyyət yeniliyə öyrəşir.

- Hazırda Rusiya universitetləri ən çox hansı problemlə qarşılaşır?

- Demoqrafik problemlə. Ölkədə, necə deyərlər, demoqrafik uçurum yaşanır. Bu, Rusiya üçün böyük problemdir. Əhalinin azalması 1990-cı ildən başlayıb və indi 18-20 yaşlı gənclər arasında özünü daha çox büruzə verir. Həmin yaşdan olan gənclər ali məktəblərin potensial kontingentini təşkil etdiyindən universitetlər də tələbə yığmaq problemi ilə üzləşir. Əhalinin ümumi sayında yaşlılar üstünlük təşkil edir. Amma son illər bu problem də aradan qalxmaqdadır. Doğum artır, kiçikyaşlı uşaqların sayı çoxalır. Uşaq bağçalarında artıq növbə var. Amma məktəblər, universitetlər hələ kontingent problemini hiss edirlər.

- Sovet dövrü ilə müqayisədə müstəqillik illərində nə dəyişib? Mən təhsil sahəsini nəzərdə tuturam.

- İrəlidə dediyim kimi, təhsil sahəsində islahatlar son illər aparılmağa başlanıb. Ona görə də onun müsbət nəticələri hələlik özünü tam göstərmir.

Əsas dəyişiklik buraxılış və qəbul imtahanlarını əvəz edən Vahid Dövlət İmtahanının tətbiqi ilə bağlıdır.

Bir dəyişiklik də ali məktəblərin çoxpilləli təhsilə keçilməsində özünü göstərir. Rusiya Federasiyasının ali təhsil müəssisələri ötən ildən başlayaraq Boloniya prosesinə qoşulub. Bu proses gələn il başa çatmalıdır. Ona görə də son illərədək universitet və institutların əksəriyyəti birpilləli sistemlə işləyir, yalnız mütəxəssis buraxırdılar. Amma indi bir çox ali təhsil müəssisələrində, o cümlədən bizim universitetdə də bakalavr və magistrlərin hazırlanmasına başlanıb. Bu, hələ ki, mütəxəssis hazırlığı ilə paralel aparılır. Deyim ki, bu sahədə də biz birincilər sırasındayıq.

- Universitetiniz tələbələrə təqaüdlər təklif edirmi?

- Bəli, təqaud verilir. Ümumiyyətlə, Rusiyada təqaüd sistemi güclüdür. Hər il də təqaüdlər artırılır. Lakin bu, Qərbdəki kimi yox, sovet təhsil sistemində olduğu kimidir. Qərb ölkələrindəki kimi təqaüd proqramlarının tətbiqi hələ ki, çətindir. Bunun üçün universitetlərin güclü maliyyə əsası, bazası olmalıdır. Bu işə biznes strukturları cəlb olunmalıdır. Deyim ki, artıq Rusiyada müəyyən biznes qurumları, fondlar yaranır və onlar tələbələrin bir qisminin təhsil haqqını ödəyirlər. Yəni sifarişlə kadr hazırlığı aparılır. Bu innovativ mədəniyyət təzə-təzə yaranır. Qərb universitetlərində isə belə bir təcrübə çoxdan mövcuddur. Bizim tərəfdaş universitetlərimiz müxtəlif təqaüd layihələri reallaşdırırlar.

- Maliyyə mənbələriniz, gəlirləriniz haqqında nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, ali təhsil müəssisələrinin maliyyələşməsi üçün üç mənbə var: büdcə pulu, ödənişli təhsildən (yəni valideynlər tərəfindən ödənilən təhsil haqqından) və biznesdən daxil olan vəsait. Büdcə vəsaiti, aydındır. Əsasən dövlət ali təhsil müəssisələri bu yolla maliyyələşir. Lakin büdcə də nəhayətsiz deyil. Ona görə indi dövlət ali məktəbləri də digər maliyyə mənbələri əldə etmək üçün çalışır, ödənişli təhsil tətbiq edir, biznes qurumları ilə əlaqə yaradırlar. Konkret olaraq bizim universitetə gəldikdə isə biz, əsasən, təhsil haqqından əldə olunan vəsait hesabına maliyyələşirik. Lakin son illər biznes strukturlarından vəsait əldə etmək istiqamətində də fəal iş aparırıq. Bizdə ticarət-sənaye sahəsinin təhsilə yardımı ilə bağlı bir komitə var. Mən onun sədriyəm. Əsas vəzifəm Rusiyada bizneslə ali təhsil sisteminin dialoqunu təşkil etməkdir. Artıq bu sahədə bəzi addımlar atılır və irəlidə dediyim kimi, müəyyən biznes qurumları təhsilə vəsait yönəltməyə başlayırlar. Belə sistem yavaş-yavaş yaranır. Bizneslə əməkdaşlıq ali məktəblərdə rəqabət mühitinin yaranmasına, nəticədə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.

- İmran müəllim, maddi baza, müasir texnologiyaların, xüsusən də İKT-nin tətbiqi baxımından universitetinizdə vəziyyət necədir?

- Bizim universitetdə olan maddi-texniki baza bəlkə çox Avropa ölkəsinin ali məktəblərində yoxdur. Mən dünyanın bir çox tanınmış universitetində olmuşam. Bizim universitet maddi baza baxımından onlardan geri qalmır. Universitetimiz tam kompüterləşdirilib. Tələbələr pulsuz İnternetdən istifadə edirlər. Bu il universitetə girənlərə tələbə bileti ilə bərabər, netbuklar da vermişik. Tələbələr bütün zəruri informasiyaları, təlimatları kompüter vasitəsi ilə əldə edirlər.

Bütün bunlarla bərabər onu da deyim ki, maddi-texniki bazanın keyfiyyətə təsiri hələ o qədər də hiss olunmur. Bu təsir hardasa 30 faizə bərabərdir. Təsirin 100 faizə çatdırılması üçün insanlar da dəyişilməlidir.

- Sizdə müəllimlər orta hesabla nə qədər maaş ala bilir?

- İndi Rusiyada müəllimlər yaxşı maaş alır. Məsələn, bizim universitetdə professor 2 min ABŞ dollar əməkhaqqı alır. Maaşlar getdikcə artırılır. İndi Rusiya Federasiyasında belə bir qayda qoyulub ki, universitetlərdə orta aylıq maaş istehsalatdakı orta aylıq əməkhaqqından çox olmalıdır.

- Xarici tələbələriniz varmı? Azərbaycandan neçə gənc sizdə təhsil alır?

- Xarici ölkələrdən tələbəmiz çoxdur. Dəqiq sayını deyə bilmərəm, ancaq Azərbaycandan da təhsil alanlarımız var. Azərbaycanlılar əsasən iqtisadiyyat, hüquq ixtisaslarında təhsil alırlar. Son zamanlar informatikaya maraq artıb. Ukraynadan, Qazaxıstandan, Moldovadan tələbələrimiz daha çoxdur.

- Universitetiniz beynəlxalq proqramlarda iştirak edirmi? Hansı xarici ölkələrin ali məktəbləri ilə əlaqələriniz var?

- Universitetimizdə ikili diplom proqramı fəal şəkildə reallaşdırılır. Tələbələrə imkan verilir ki, beynəlxalq proqramlarda iştirak edərək bizim universitetin diplomu ilə yanaşı, proqram üzrə tərəfdaş universitetin də diplomunu alsın. 5 belə proqramda iştirak edirik. Tərəfdaşlarımız İngiltərə, İsveç, Niderland, Fransa və İspaniyanın ali məktəbləridir. Bu proqrama qoşulan tələbələr 3 il bizdə təhsil alır, sonra təhsillərini həmin universitetlərdə davam etdirirlər. Çünki Rusiyada, eləcə də bizdə təhsil hələlik birpilləlidir, mütəxəssis hazırlanır. Avropanın həmin universitetlərində isə təhsil ikipilləlidir. Tələbələr  orada bir il oxuyub, diplom müdafiə edir, həmin universitetin bakalavr diplomunu alırlar.

- Vətənlə tez-tez əlaqə saxlaya bilirsinizmi?

- Vətən ana qucağı kimi müqəddəs və əzizdir. İnsan qocaldıqca vətən onu çəkir. Bu baxımdan doğma yerlər məni də özünə çəkir və imkan düşdükcə vətənə gəlirəm. Anam, qohum-əqrəbam buradadır. Azərbaycana hər gələndə onlara baş çəkirəm.

- Maraqlı müsahibə üçün sağ olun.

 

 

Müsahibəni apardı: Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.4.