Treninqlərin təşkili davam edir

 

18 nömrəli Bakı Peşə Liseyində fəaliyyət göstərən ümumtəhsil fənn müəllimləri üçün təlim kursları (treninqlər)  keçirilmişdir. Sayca artıq üçüncü dəfə təşkil olunan həmin təlim kurslarının keçirilməsində əsas məqsəd pedaqoji kollektivi yeni dövlət standartları və proqramlarının (kurikulum) materialları ilə yaxından tanış etmək, pedaqoji kadrları yeni standartların tətbiqi ilə əlaqədar tədris prosesinə hazırlamaq, müasir tələblərin əsas məğzini açıqlamaq və tədris prosesini bu tələblər çərçivəsinə uyğunlaşdırmaqdan ibarət olmuşdur.

Oktyabrın 11-dən 15-nə qədər davam edən həmin kursu Təhsil Problemləri İnstitutunun böyük elmi işçiləri - K.Haqverdiyeva və Tsmayılova aparmışlar. Bu zaman interaktiv metod, əyani və texniki vasitələrdən peşəkarcasına istifadə etməklə ümumtəhsil fənləri üzrə dövlət standartlarına keçidin zəruriliyi, yeni standartların ənənəvi tədris üsulundan başlıca fərqləri, konkret fənnin məqsədi və məzmunu, dərs mərhələləri, təlim strategiyaları, təlimin formaları və planlaşdırma, problemin qoyuluşu (motivasiya), məktəbdaxili qiymətləndirmə, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və s. bu kimi aktual məsələlər haqqında ətraflı məlumatlar verilmiş, müəllimlərin sualları cavablandırılmış, müəyyən məsələlərə aydınlıq gətirilmişdir. Daha sonra ayrı-ayrı bölmələr üzrə - qruplar halında təcrübə aparılmış, müəllimlərin yeni standartları mənimsəməsi,  müasir məzmunun  tətbiqi  üsullarını  öyrənməsi üçün aprobasiyalar   təşkil  olunmuşdur.

Qeyd olunmalıdır ki, liseyin təsdiq edilmiş illik fəaliyyət planında yeni məzmun, dövlət standartlarının tətbiqi ilə əlaqədar bir sıra məqsədyönlü işlərin aparılması, o cümlədən mütəmadi şəkildə bu cür treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bütün bunlar lisey üzrə məzmun islahatlarının lazımi səviyyədə həyata keçirilməsi üçün real zəmin yaradır. Ən əsası isə bütün pedaqoji kollektiv bu təşəbbüsü dəstəkləyir və həmin proseslərə aktiv şəkildə qoşulur.

 

 

Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.4.