Antroponimika sahəsində faydalı
araşdırma
Dilçiliyin xüsusi
adların yaranması,
dildə işlənməsi,
inkişaf qanunauyğunluqlarının
araşdırıldığı onomalogiya şöbəsində
istənilən xüsusi
ad barədə
məlumat verilir. Onomastik vahidlər keçmişi
özündə əks
etdirməklə mühüm
informasiya daşıyıcısı
kimi çıxış
edir. Hələ XI əsrdə M.Kaşğarinin
"Divani lüğəti-it
türk" əsərində
Azərbaycan dilinə
aid xüsusi adların
təhlilinə rast gələ bilirik. Daha sonralar V.V.Radlov, V.V.Bartold, V.A.Qordlevski, A.N.Samoyloviç türkdilli
xalqların onomastik vahidlərinin tədqiqində
əhəmiyyətli işlər
görmüşlər.
Onomalogiyanın sahələrindən biri olan antroponimikada şəxs adları, onların linqvistik xüsusiyyətləri və semantikası öyrənilir. Şəxs adları ilə dürüst məlumat vermək bir qədər çətindir. Bu barədə məxəzlərin çox az olması bunu söyləməyə əsas verir. Odur ki, qədim adlarımız haqqında səhih məlumat verməyi bacarmış tədqiqatçılarımızın gördüyü iş, həqiqətən də, təqdirəlayiqdir. Antroponimikanın araşdırıcılarından biri olan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun kafedra müdiri, filologiya elmləri namizədi Aydın Paşayev antroponimikanın maraqlı bölmələrindən biri olan poetik antroponimika sahəsində mühüm tədqiqatlar aparmış və tədqiqatının nəticəsini "Nizami Gəncəvinin poetik adlar aləmi" kitabında (redaktoru filologiya elmləri doktoru M.Adilov, rəyçilər professorlar Ə.Ağayev, A.Rüstəmova. Bakı: Mütərcim, 2010. 208 səh.) əks etdirmişdir. A. Paşayev Nizami əsərlərindəki indiyədək az tədqiq olunmuş şəxs adlarının hamısını əhatə etmiş, onların poetik və üslubi xüsusiyyətlərindən söhbət açmışdır. Diqqətəlayiq məsələlərdəndir ki, tədqiqatçı yalnız bununla məhdudlaşmamış, bir çox adları şərh edərkən əsərlərin kimin şəninə yazıldığını ətraflı şəkildə qeyd etmiş və həmin dövrün ictimai-siyasi vəziyyətini açıqlamışdır.
Beş hissədən ibarət tədqiqat əsərinin "Nizami və adqoyma ənənələri" adlı birinci hissəsində şairin tarixən türklərdə mövcud olmuş adqoyma ənənələrinə istinad etdiyi əsaslandırılmışdır. Məlumdur ki, qədim türk qəbilələrinin üzvləri uşaqlıqda birinci, yetkinləşdikdə ikinci, müəyyən vəzifə sahibi olduqda üçüncü adla tanınırdılar. Fikrimizcə, bu ənənə öz-özlüyündə bir tərbiyə metodu səciyyəsi daşıyır. Belə ki, özünə hörmət edən və etdirmək istəyən hər bir fərd şəxsiyyət səviyyəsinə qalxmağa çalışır və bunun da bilavasitə sübutu kimi qazandığı ad çıxış edir.
İkinci hissə "Obrazlar və adlar" adlanır. Burada A.Paşayev "Xəmsə"də
istifadə olunan insan adlarını tarixi şəxsiyyət adları, dini, əfsanəvi və folklordan gələn apelyativ, alleqorik, mifonimik obraz adları olmaqla beş qrupda
birləşdirir və
onların hər birinin ətraflı izahını verir.
"Məcazi adlar"da isə Nizaminin Şərq ədəbiyyatında
məşhur olan adlardan obraz adı kimi istifadə
etməsindən savayı,
onları bədii təsvir vasitəsi kimi də işlətməsindən
bəhs olunur. Şair məcazi
adlardan yararlanmaqla öz fikirlərini yığcam, lakin dolğun şəkildə
ifadə edə bilmişdir. Tədqiqatçı Nizami əsərlərində
işlənmiş onomastik
bənzətmə, metafora,
mübaliğə və
metanimiya olmaqla geniş məlumat vermiş, həmçinin
şairin adların mənalandırılmasında fonemlərdən
də bir vasitə kimi istifadəsindən bəhs
etmişdir.
Altı hərfi
olan adıyla, bilsən,
Dünyanı bağlamış altı
tərəfdən.
Bu altı
hərf ki, şeş atdı
yenə,
Düşdü nərd oyunu şahın xeyrinə.
("Leyli
və Məcnun")
Burada şair
Axsitanın altı hərfdən ibarət adının dünyanın
altı tərəfini
nərdtaxtanın altı
xanəsi ilə
qarşılaşdırır.
"Xatırlama adlar" bölməsində "Xəmsə"də
istifadə olunan atalar sözləri, zərb-məsəllər, habelə
əfsanə və rəvayətlərdən qaynaqlanan
adlardan bəhs olunur. Şair "Yeddi
gözəl" poemasında
Rast-Rövşənin satqınlığı
və ədalətsizliyini
təsvir edərkən,
onun kimi insanlar tərəfindən
Səyavuş, Cəmşid
və Daranın başına gətirilən
hadisələr belə
xatırlanır:
İbrət kitabına
baxanlar bilər,
Səyavuş bunlardan çəkmişdir
nələr.
Cəmşid cəlalını
xar etdi onlar,
Daraya dünyanı dar etdi onlar.
("Yeddi
gözəl")
A.Paşayev özünün poetik antroponimika sahəsindəki
gərəkli araşdırmasında
adların yalnız etimologiyasını, poetik
və üslubi xüsusiyyətlərini tədqiq
etməmiş, onların
yazılışından da
bəhs etmişdir. Müəllif Nizaminin əsərlərində
rast gəlinən bəzi adların bir neçə formada yazılmasının
səbəbi kimi ərəb əlifbasının
spesifik xüsusiyyətlərindən,
həmçinin müxtəlif
dövrlərdə, müxtəlif
ölkələrdə yaşayan
katiblərin savad dərəcələrindən asılı
olduğunu vurğulayır.
Qeyd etmək
lazımdır ki, filologiya elmləri namizədi Aydın
Paşayevin "Nizami Gəncəvinin poetik adlar aləmi
(Poetik antroponimika)" əsəri dahi şairin sənətkarlıq
xüsusiyyətlərinin öyrənilməsi
baxımından faydalı olduğu kimi, həm də
antroponimika sahəsində də dəyərli
araşdırmadır. A.Paşayev bu işi layiqincə
başa çatdırmış və bu elm sahəsinə
qiymətli əsər bəxş edə bilmişdir.
Lalə MUSTAFAYEVA
Azərbaycan müəllimi.-
2010.- 22 oktyabr.- S.7.