Əlavə təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil
almış şəxslərə müvafiq sənədin
verilməsi qaydası
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq hazırlanmışdır və ali, orta ixtisas
və ilk peşə-ixtisas təhsili pillələrinin hər
hansı birini bitirmək haqqında dövlət sənədi
olan hər bir vətəndaşın əlavə təhsilinin
istiqamətini, məzmununu, formasını, təşkilini və
onlara müvafiq sənədin verilməsi qaydalarını
müəyyən edir.
1.2. Əlavə təhsil hər
bir vətəndaşın fasiləsiz təhsil almaq
imkanını təmin edir və insan potensialının
inkişafının, kadrların intellektual və peşə
hazırlığı səviyyəsinin yüksəldilməsi
və təkmilləşdirilməsinin, onların daim dəyişən
və yeniləşən əmək şəraitinə
uyğunlaşdırılmasının, yaşlı vətəndaşların
ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında
fəal və səmərəli iştirakının təmin
edilməsi vəzifələrini daşıyır.
1.3. Azərbaycan
Respublikasında əlavə təhsil ixtisasartırma,
kadrların yenidən hazırlanması, stajkeçmə və
kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil
və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi
və yaşlıların təhsili istiqamətlərini əhatə
edir.
1.4. Əlavə təhsil
ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil
müəssisələrində yaradılmış müvafiq
strukturlarda, stajkeçmə və peşə
hazırlığı kurslarında və bu sahə üzrə
fəaliyyətinə xüsusi razılıq verilmiş digər
müəssisələrdə həyata keçirilir.
1.5. Əlavə təhsilin
ayrı-ayrı istiqamətləri üzrə təhsil
müvafiq proqramlar əsasında bu Qayda ilə müəyyən
edilən bütün növ (dövlət, bələdiyyə
və özəl) müəssisə, təşkilat və
qurumlar tərəfindən həyata keçirilir.
Əlavə təhsil müəssisələrinə
mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr,
hüquqi və fiziki şəxslər tərəfindən təsis
edilən müəssisələr (universitetlər, institutlar,
mərkəzlər və s.) aiddir.
1.6. Əlavə təhsilin hər
hansı istiqaməti üzrə təhsil almış şəxslərə
təhsil proqramlarının mənimsənilməsi əsasında
müvafiq sənəd verilir.
1.7. İxtisasartırma
kurslarını bitirmiş şəxslər üçün
mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr
və özəl qurumlar tərəfindən müvafiq
stimullaşdırıcı tədbirlər həyata
keçirilir. İxtisasartırma təhsilini keçmiş
kadrın vəzifədə irəli çəkilməsində,
əməyinin maddi və mənəvi qiymətləndirilməsində
və ya təltifə təqdim edilməsində cari dövr
üçün ixtisasartırma təhsili üzrə
topladığı kreditlər nəzərə alınır.
1.8. Təhsil müəssisələrinin
rəhbər, inzibati-təsərrüfat və pedaqoji heyəti
üçün informasiya və kommunikasiya texnologiyaları
proqramları üzrə təşkil olunan treninqlər
dövlət büdcəsindən maliyyələşən təhsil
müəssisələrində həyata keçirilir.
2. İxtisasartırma təhsili
2.1. İxtisasartırma təhsilinin
məqsədi və formaları
2.1.1. İxtisasartırma təhsili
əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və
ilk peşə-ixtisas təhsili pillələrinin hər
hansı birini bitirmək haqqında dövlət sənədi
olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin
etmək məqsədi ilə əlavə təhsil müəssisələri
tərəfindən həyata keçirilən təhsil
növüdür.
2.1.2. İxtisasartırma təhsilinin
əsas məqsədi hər bir işçinin və ya
mütəxəssisin ixtisası üzrə intellektual və
peşə hazırlığı səviyyəsinin yüksəldilməsini
və təkmilləşdirilməsini, daim dəyişən və
yeniləşən əmək şəraitinə
uyğunlaşdırılmasını, ölkənin sosial,
iqtisadi, siyasi və mədəni həyatında fəal və
səmərəli iştirakını təmin etməkdir.
2.1.3. İxtisasartırma təhsili
əyani və distant (məsafədən) formada həyata
keçirilə bilər.
2.2. İxtisasartırma
dövrü və bir dövr üçün ixtisasartırma
təhsilinin minimum həddi
2.2.1. Bir ixtisasartırma
dövrü ayrı-ayrı kateqoriyalardan olan kadrların nəzərdə
tutulan minimum təhsil kreditlərini toplamaları
üçün ayrılan müddətdir.
2.2.2. İxtisasartırma təhsilinin
minimum həddi bir ixtisasartırma dövründə hər bir
dinləyici üçün müəyyən edilmiş
ixtisasartırma proqramının həcmini göstərir.
2.2.3. Bu və ya digər
kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma
dövrü və bu dövr üçün ixtisasartırma
təhsilinin minimum həddi mərkəzi icra hakimiyyəti
orqanları, bələdiyyələr və özəl
qurumlar tərəfindən müəyyən edilir.
2.2.4. Ali, orta ixtisas və ilk
peşə-ixtisas təhsili pillələrinin hər hansı
birini bitirmələri haqqında dövlət sənədi
olan kadrlar bir ixtisasartırma dövründə müəyyən
edilmiş minimum ixtisasartırma təhsilində iştirak etməlidirlər.
2.2.5. Bu və ya digər
kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma
dövrünün müəyyən olunan minimum həddi
müxtəlif ola bilər.
2.2.6. Hər bir dinləyici
müəyyən edilmiş minimum hədd üzrə proqram həcmini
mənimsədikdən və bu barədə müvafiq
sertifikat aldıqdan sonra bir ixtisasartırma dövrü
üçün onun öhdəliyi başa çatmış
hesab olunur.
2.2.7. Bu və ya digər
kateqoriyadan olan kadrlar öz arzularına və fərdi tələbatlarına
uyğun olaraq digər ixtisasartırma təlimlərində də
iştirak edə bilərlər.
2.3. İxtisasartırma
modulları və ixtisasartırma təhsilinin kurikulum çərçivəsi
2.3.1. İxtisasartırma təhsilində
dinləyicilərin biliklərinin, bacarıqlarının və
peşəkarlıq səviyyələrinin,
dünyagörüşlərinin müxtəlif istiqamətlərdə
inkişaf etdirilməsi təlim modulları üzrə həyata
keçirilir.
2.3.2. Modul ixtisasartırma təhsili
prosesində nəzərdə tutulmuş müəyyən
istiqamətdə bilik, bacarıq və vərdişlərin əldə
edilməsinə, dünyagörüşün
formalaşdırılmasına xidmət edən biliklər
sistemini ifadə edir.
2.3.3. İxtisasartırma təhsili
üzrə təlim modulları aşağıdakılardan
ibarətdir:
- peşə fəaliyyətinin
ümumi əsasları üzrə təlim;
- ixtisas sahələri
üzrə təlim;
- innovasiyalar üzrə təlim.
2.3.4. Modulların sayı və
modullar üzrə təlim saatlarının tələb olunan
minimum həcmi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr
və özəl qurumlar tərəfindən müəyyən
edilir.
2.3.5 Bu və ya digər
kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma
dövrü üzrə müəyyən edilən təlim
saatlarının ümumi miqdarı, modulların
mövzuları, vəzifələri, gözlənilən nəticələr
və bir modula düşən təlim saatları bir-birindən
fərqlənə bilər.
2.3.6. İxtisasartırma təhsilinin
kurikulum çərçivəsi bir ixtisasartırma
dövrü üçün nəzərdə tutulmuş təlimin
məzmununu müəyyən edən sənəddir.
2.3.7. Kurikulum çərçivəsində
ixtisasartırma modulları, hər modul üzrə
ixtisasartırma proqramlarının siyahısı,
proqramların həyata keçirilmə müddəti və
müvafiq ixtisasartırma təhsili kreditlərinin miqdarı
verilir.
2.3.8. İxtisasartırma təhsilinin
kurikulum çərçivəsi mərkəzi icra hakimiyyəti
orqanları, bələdiyyələr və özəl
qurumlar tərəfindən təsdiq edilir.
2.3.9. Peşə fəaliyyəti
sisteminin, bu və ya digər kateqoriyadan olan kadrların tələbat
və ehtiyacları nəzərə alınaraq kurikulum çərçivəsinin
məzmunu mütəmadi olaraq yeniləşdirilir və təkmilləşdirilir.
2.4. İxtisasartırma
proqramları
2.4.1. İxtisasartırma
proqramı - ardıcıl məqsədləri, vəzifələri,
məzmunu, təlimə aid tədbirləri və bunların əsasını
təşkil edən təlim materialları və vasitələrini,
qiymətləndirmə formaları və mexanizmlərini, həmçinin
gözlənilən nəticələri əhatə edən
vahid məqsədə yönəlmiş mövzular və sənədlər
toplusudur.
2.4.2. Kurikulum çərçivəsinə
daxil olan modulların hər biri üzrə dəqiq məqsədlər,
vəzifələr, məzmun standartları, gözlənilən
nəticələr və təlim saatları ixtisasartırma
proqramları vasitəsilə müəyyən edilir.
2.4.3. İxtisasartırma təhsilinə
cəlb edilən kadrların kateqoriyasından asılı
olaraq hər bir modul daxilində proqramların məzmunu
müxtəlif ola bilər.
2.4.4. Modullar üzrə
peşə fəaliyyəti sisteminin ümumi
ehtiyaclarının ödənilməsinə xidmət edən
proqramların siyahısı və hər bir proqram üzrə
təlim saatlarının miqdarı mərkəzi icra hakimiyyəti
orqanları, bələdiyyələr və özəl
qurumlar tərəfindən, kadrların fərdi maraq və
ehtiyaclarının ödənilməsinə xidmət edən
təlim proqramları və təlim saatlarının
miqdarı isə əlavə təhsil müəssisələri
tərəfindən təklif edilir.
2.4.5. Dinləyicilər modula
daxil olan təlim proqramlarını sərbəst seçir,
proqramlara ayrılan təlim saatlarından asılı olaraq
modul üzrə bir və ya bir neçə təlimdə
iştirak etməklə, müəyyən edilmiş minimum tələbləri
yerinə yetirirlər.
2.5. İxtisasartırma təhsilinin
kredit sistemi
2.5.1. İxtisasartırma təhsili
krediti müəyyən ixtisasartırma proqramının həcmini
və məzmununu əks etdirən və ədədlə ifadə
olunan şərti anlayışdır. İxtisasartırma təhsili
üzrə bir təhsil krediti proqramın 6 təlim saatına
bərabər tutulur.
2.5.2. Tədris olunan hər
bir ixtisasartırma proqramını mənimsəyən və
gözlənilən təlim nəticələrini əldə
etdiyini nümayiş etdirən dinləyicilərə
müvafiq təhsil kreditləri verilir.
2.5.3. Bir ixtisasartırma
dövründə modulların hər biri üzrə
toplanılan təhsil kreditlərinin minimum həddi
ixtisasartırma təhsilinin kurikulum çərçivəsi
ilə müəyyən edilir.
2.6. Fərdi tələbat əsasında
ixtisasartırma proqramlarının və onları həyata
keçirən əlavə təhsil müəssisələrinin
seçilməsi
2.6.1. İxtisasartırma
proqramlarının və onları həyata keçirən əlavə
təhsil müəssisələrinin seçilməsi mərkəzi
icra hakimiyyəti orqanları, bələdiyyələr və
özəl qurumlar tərəfindən müəyyənləşdirilmiş
formada, kadrların işlədiyi müəssisələr və
yerli idarəetmə orqanı səviyyələrində həyata
keçirilir.
2.6.2. Kadrlar bir
ixtisasartırma dövrü ərzində nəzərdə
tutulan minimum krediti toplamaq şərtilə hər bir modula
daxil olan proqramları və təlim vaxtını seçmək
hüququna malikdirlər.
2.6.3. Müəssisələrin
və yerli özünüidarəetmə orqanlarının rəhbərləri
fərdi ehtiyac və maraqların nəzərə alınması
yolu ilə ixtisasartırma proqramlarının seçilməsində
kadrlara kömək etməlidirlər.
2.7. İxtisasartırma təhsili
barədə müqavilələrin bağlanması və həyata
keçirilməsi
2.7.1. İxtisasartırma
proqramlarının fərdi seçimi əsasında
kadrların özləri və ya işlədiyi müəssisələr,
təşkilatlar və qurumlar (bundan sonra - sifarişçi)
müvafiq əlavə təhsil müəssisələri ilə
müqavilə bağlayırlar.
2.7.2. Müqavilə
bağlanılarkən aşağıdakı şərtlər
nəzərə alınır:
- müvafiq reqlamentləşdirici
sənədlər əsasında hər bir proqram üzrə
qruplarda dinləyicilərin sayı;
- mümkün olan hallarda
ixtisasartırma təlimlərinin dinləyicilərin iş
yerində və ya ona yaxın ərazidə həyata
keçirilməsi.
2.8. İxtisasartırma təhsilində
keyfiyyətə nəzarət və onun təmin edilməsi
2.8.1. Keyfiyyətə nəzarət
məqsədi ilə müvafiq mərkəzi icra hakimiyyəti
orqanları, bələdiyyələr və özəl
qurumlar tərəfindən kadrların ixtisasartırma təhsili
haqqında müntəzəm olaraq yeniləşən məlumat
bazası yaradılır.
2.8.2. Keyfiyyətin təmin
edilməsi məqsədi ilə ixtisasartırma proqramlarının
həyata keçirilməsi prosesi, onun nəticələri
üzrə mütəmadi olaraq monitorinqlər keçirilir və
qiymətləndirilir. Monitorinq və qiymətləndirmə əlavə
təhsil müəssisəsi, həmçinin mərkəzi
icra hakimiyyəti orqanı, bələdiyyələr və
özəl qurumlar tərəfindən həyata keçirilir.
Bu prosesə qeyri-hökumət və beynəlxalq təşkilatlar
da cəlb edilə bilər.
2.8.3. Keyfiyyətə nəzarətin
təmin olunması əlavə təhsil müəssisəsi,
həmçinin mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyələr
və özəl qurumlar tərəfindən müəyyən
edilmiş mexanizmlər əsasında həyata keçirilir.
2.8.4. İxtisasartırma təhsilini
həyata keçirən kadr potensialının gücləndirilməsi,
keyfiyyət tərkibinin yaxşılaşdırılması
və kadr ehtiyatlarının yaradılması məqsədi
ilə mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyələr
və özəl qurumlar tərəfindən ölkədaxili
və beynəlxalq layihələr, habelə qrant layihələri
vasitəsilə təlim kursları təşkil edilə bilər.
2.9. Təhsil haqqında sənədin
verilməsi, doldurulması və uçotu
2.9.1. İxtisasartırma təhsilini
müvəffəqiyyətlə başa vuran və müəyyən
edilmiş krediti toplayan hər bir dinləyiciyə mərkəzi
icra hakimiyyəti orqanları, bələdiyyələr və
özəl qurumlar tərəfindən vahid formalı sertifikat
verilir. Sertifikatlar əlavə təhsil müəssisəsi tərəfindən
imzalanır və möhürlənir. Əlavə təhsil müəssisələri
başa çatmış hər bir ixtisasartırma tədbirinin
nəticələri barədə mərkəzi icra hakimiyyəti
orqanlarına, bələdiyyələrə və özəl
qurumlara hesabat təqdim edir.
2.9.2. Sertifikatda modulun
adı, proqramın adı, təlim saatları, müvafiq
kreditlərin sayı və ixtisasartırma müəssisəsinin
adı qeyd olunur.
2.9.3. Sertifikatın surəti
və toplanılan kreditlər haqqında məlumatlar hər
bir kadrın şəxsi işinə əlavə edilir və
stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi zamanı nəzərə
alınır.
3. Kadrların yenidənhazırlanma təhsili
3.1. Yenidənhazırlanma təhsilinin
məzmunu və formaları
3.1.1. Yenidənhazırlanma təhsili
ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən
əmək sahəsində çalışan hər bir vətəndaşın
müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək
istəyini həyata keçirən əlavə təhsil
formasıdır və kadrlara olan real tələbatın daha
dinamik və çevik surətdə ödənilməsinə
xidmət edir. Bu təhsil forması ilkin baza təhsili
proqramları ilə yenidən əldə ediləcək
ixtisasın baza təhsili proqramı arasındakı fərqin
bir tədris ilinə hesablanmış saatdan çox
olmaması şərtilə mütəxəssislərə
verilən əlavə təhsildir. Proqramlar arasındakı fərq
yenidənhazırlanma təhsili verən müəssisə tərəfindən
müəyyən edilir.
3.1.2. Yenidənhazırlanma təhsili
aşağıda göstərilən hallara uyğun
kadrların hazırlanması tələbatı yarandıqda,
müvafiq proqramlar əsasında həyata keçirilir:
- peşə-ixtisas təhsilində
yeni ixtisaslar üzrə mütəxəssis
hazırlığına başlandıqda, bu ixtisaslar üzrə
təhsilverənlərin yenidən hazırlanması;
- ilkin kadr
hazırlığı kifayət etməyən ixtisaslar
üzrə yenidənhazırlanma;
- müəyyən müddət
işləmiş qeyri-ixtisas təhsilli kadrların işlədiyi
ixtisas üzrə yenidən hazırlanması;
- sahənin təşkili və
idarə olunması üzrə kadrların yenidən
hazırlanması.
3.1.3. Yenidənhazırlanmaya
icazə verilmiş ixtisasların, eləcə də bu ixtisasa
yiyələnmək üçün tələb olunan baza
ixtisaslarının siyahısı hər il əlavə təhsil
müəssisələri tərəfindən müəyyənləşdirilir
və təsdiq edilir .
3.1.4. Yenidənhazırlanma təhsili
əyani formada həyata keçirilir. Bu halda dinləyicilər
istehsalatdan ayrılmaqla təhsil alırlar.
3.1.5. Maddi-texniki və tədris
bazası imkan verən və müvafiq lisenziyası olan müəssisələrdə
yenidənhazırlanma təhsili distant (məsafədən)
formada həyata keçirilə bilər.
3.2. Yenidənhazırlanma təhsilinin
təşkili və yekun attestasiya
3.2.1. Kadrların yenidənhazırlanma
təhsili ixtisasartırma və yenidənhazırlanma
qurumlarında, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrində yaradılmış müvafiq
strukturlarda və bu sahə üzrə fəaliyyətinə
xüsusi razılıq verilmiş digər əlavə təhsil
müəssisələrində həyata keçirilir.
3.2.2. Yenidənhazırlanma təhsilinə
qəbul kadrların müraciəti və ya onların işlədikləri
müəssisələrin sifarişi əsasında
aparılır.
3.2.3. Yenidənhazırlanma təhsilinin
təşkili, ixtisaslar və qəbul qaydaları barədə
əlavə təhsil müəssisəsi və müvafiq
qurumlar tərəfindən kütləvi informasiya vasitələrində
elan verilir.
3.2.4. Hər tədris ili
üçün yenidənhazırlanma təhsilinə qəbul
və tədris məşğələlərinin başlanma
vaxtı barədə müəssisə rəhbəri tərəfindən
əmr verilir.
3.2.5. Mütəxəssislərin
yenidən hazırlanmasında müxtəlif tədris
formalarınndan (mühazirə, laboratoriya işləri,
seminar, müstəqil işlər, fərdi və qrup üzrə
məsləhətlər, tədris ekskursiyaları,
referatların hazırlanması və qiymətləndirilməsi,
biliklərin test üsulu ilə yoxlanması, pedaqoji təcrübə
və s.) istifadə olunur.
3.2.6. Tədris prosesində
yeni təlim texnologiyaları, fəal (interaktiv) təlim
metodları, informasiya və kommunikasiya texnologiyalarından
istifadə olunur və digər yeni üsullar tətbiq edilir.
3.2.7. Tədrisin təşkilinə
müəssisənin ştatlı müəllimləri ilə
yanaşı, digər müəssisə və təşkilatlardan
mütəxəssislər dəvət oluna bilər.
3.2.8. Tədris proqramı tam
yerinə yetirildikdən sonra əlavə təhsil müəssisəsi
tərəfindən dövlət attestasiyası təşkil
olunur.
3.3. Təhsil haqqında sənədin
doldurulması, verilməsi və uçotu
3.3.1. Yenidənhazırlanma təhsili
üzrə proqramları tam mənimsəyən, dövlət
attestasiyasından müvəffəqiyyətlə keçən
hər bir dinləyiciyə tabeliyində dövlət təhsil
müəssisələri olan mərkəzi icra hakimiyyəti
orqanı, bələdiyyə və ya əlavə təhsil
müəssisəsi tərəfindən vahid formada dövlət
sənədi - diplom verilir.
3.3.2. Yenidənhazırlanma
haqqında vahid diplom blankları tabeliyində dövlət təhsil
müəssisələri olan mərkəzi icra hakimiyyəti
orqanı, bələdiyyə və ya əlavə təhsil
müəssisəsi tərəfindən yenidənhazırlanma
ilə məşğul olan tədris müəssisəsinin
sifarişi əsasında verilir.
3.3.3. Diplomların
doldurulması, verilməsi və uçotu tabeliyində
dövlət təhsil müəssisələri olan mərkəzi
icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə
təhsil müəssisəsi tərəfindən təsdiq
edilmiş təlimata uyğun həyata keçirilir.
3.3.4. Hər tədris ilinin
sonunda təhsil müəssisələri tərəfindən
yenidənhazırlanma təhsilinin yekunları və diplomların
verilməsi barədə tabeliyində dövlət təhsil
müəssisələri olan mərkəzi icra hakimiyyəti
orqanına, bələdiyyəyə və ya əlavə təhsil
müəssisəsinə hesabat təqdim edilir.
3.3.5. Mütəxəssislərin
yenidənhazırlanma diplomu ali və ya orta ixtisas təhsili
haqqında müstəqil sənəd deyildir. İşə qəbul
zamanı yenidənhazırlanma haqqında verilmiş diplom baza
təhsili diplomu ilə birgə təqdim edildikdə hüquqi
əsasa malikdir.
3.3.6. Yenidənhazırlanma
diplomu mütəxəssisə onun aldığı ilkin ali və
ya orta ixtisas təhsili bazasında müəyyən sahədə
vəzifə kateqoriyasının peşə-ixtisas tələblərinə
müvafiq olaraq fəaliyyət göstərmək hüququ
verir.
4. Stajkeçmə və kadrların təkmilləşdirilməsi
təhsili
4.1. Stajkeçmə və
kadrların təkmilləşdirilməsinin məqsəd və
vəzifələri
4.1.1. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji,
münhəndis-müəllim kadrları, sənaye, tikinti,
iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün
növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar
üçün əlavə təhsil növüdür.
4.1.2. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi təhsili peşəkarlıq
səviyyəsinin və əməyin keyfiyyətinin yüksəldilməsi
məqsədi daşıyır, kadrların peşə
bacarıqlarının formalaşdırılması və
inkişaf etdirilməsinə, nəzəri biliklərin təcrübə
ilə əlaqələndirilməsinə, daha müasir
peşə bacarıq və vərdişlərinin
qazanılmasına, yeni texnologiyalar və innovasiyalar sisteminin tətbiqi
üzrə təcrübə əldə edilməsinə xidmət
edir.
4.1.3. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi prosesində
xüsusi ayrılmış müəssisələrdə
yüksəkixtisaslı mütəxəssislərin rəhbərliyi
altında əvvəlcədən nəzərdə
tutulmuş problem üzrə yeni texnologiyaların,
innovasiyaların öyrədilməsi həyata keçirilir.
4.1.4. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi təhsili şəbəkəsinə
ölkədə və xaricdə olan müxtəlif tip ali təhsil
müəssisələri, baza kafedraları, müvafiq
ixtisasartırma müəssisələri və fakültələri,
ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri,
təcrübə-sınaq stansiyaları, dayaq məntəqələri
və s. aiddir.
4.1.5. Əlavə təhsil
müəssisələrində kadrların ixtisasının
artırılması üçün nəzərdə tutulan
təhsil tədbirlərinə - stajkeçməyə dair
ayrıca blok da əlavə oluna bilər.
4.1.6. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi zamanı mütəxəssisin
ixtisas sahələri üzrə nəzəri bilikləri əsas
götürülür.
4.2. Stajkeçmə və
kadrların təkmilləşdirilməsinin məzmunu və
formaları
4.2.1. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi zamanı
aşağıdakılar nəzərə alınır:
- müvafiq ixtisas üzrə
nəzəri və təcrübi hazırlıq;
- nəzərdə
tutulmuş problem üzrə yeniliklərin, müasir
yanaşmaların əhəmiyyəti;
- mövzular üzrə
diskussiyaların, məsləhət saatlarının təşkili;
- konfranslarda, müzakirələrdə,
müşavirələrdə, işgüzar görüşlərdə,
seminarlarda iştirak etmək;
- stajkeçmə və
kadrların təkmilləşdirilməsinin nəticələri
barədə hesabatın hazırlanması.
4.2.2. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi
aşağıdakı proses və ya tədbirləri
özündə birləşdirir:
- hər hansı sahə
üzrə yeniliklərlə operativ tanışlıq və
öz həmkarları ilə təcrübə mübadiləsini;
- distant (məsafədən)
ötürmə üsulu ilə yeni materialların əldə
edilməsi, onların yayılması və bu istiqamətdə
fikir mübadilələrinin aparılmasını;
- aktual mövzuların dinlənilməsi
üçün sahə üzrə qabaqcıl mütəxəssislərin
dəvət olunması, problem mövzular ətrafında
müzakirələrin təşkili və nəticələrin
təhlilini;
- kadr
hazırlığı, ixtisasartırma təhsilində tətbiq
olunacaq modulların, eləcə də yeni təlim
materiallarının müzakirəsində iştirak edilməsi
və nəticələr barədə əsaslandırılmış
təkliflərin verilməsini.
4.3. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi işinin təşkili
4.3.1. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi işinin təşkili
sifariş əsasında stajkeçənin və ya təkmilləşdirilənin
işlədiyi müəssisənin təqdimatı ilə həyata
keçirilir.
4.3.2. Verilən təqdimat əsasında
stajkeçmə və kadrların təkmilləşdirilməsini
təşkil edəcək müəssisə ilə
razılaşdırılmış cədvəl
hazırlanır.
4.3.3. Stajkeçmə və
kadrların təkmilləşdirilməsini həyata
keçirmək üçün bu işi həyata keçirən
müəssisə tərəfindən təcrübəli və
səriştəli əməkdaşlar rəhbər təyin
edilirlər.
4.3.4. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi dövründə rəhbərin
hüquq və vəzifələri
aşağıdakılardır:
- stajkeçmənin
vaxtını, yerini və formasını müəyyən
etmək;
- stajkeçmə və
kadrların təkmilləşdirilməsi işini koordinasiya
etmək və stajkeçənlə birlikdə görüləcək
işlərin planını tərtib etmək;
- əvvəlcədən və
stajkeçmə dövründə planın yerinə yetirilməsində
stajkeçənə məsləhətlər vermək və
köməklik göstərmək.
4.3.5. Stajkeçənin
hüquq və vəzifələri
aşağıdakılardır:
- müəssisənin daxili
nizam-intizam qaydalarına riayət etmək;
- nəzərdə tutulan
bütün tədbirlərdə fəal iştirak etmək;
- innovasiya metodlarını,
təlim texnologiyalarını fəal və çevik şəkildə
mənimsəmək;
- nəzərdə tutulan
müddətin sonunda fərdi plana uyğun olaraq yazılı
hesabat təqdim etmək.
4.3.6. Müxtəlif sahələrdə
çalışan kadrların stajkeçmə və təkmilləşdirilmə
yolu ilə peşəkarlıq səviyyəsinin
artırılmasında seminar, treninq və digərləri ilə
yanaşı, dayaq məntəqələri mexanizmindən də
istifadə edilə bilər.
4.3.7. İxtisasartırma
dövründə stajkeçmə və kadrların təkmilləşdirilməsinin
müddəti əlavə təhsilin tədris-tematik planı
və digər amillərlə müəyyən olunur.
4.4. Stajkeçmə və
kadrların təkmilləşdirilməsi üzrə
müvafiq təhsil sənədlərinin verilməsi
4.4.1. Stajkeçmə və
təkmilləşmənin sonunda stajkeçənə və
təkmilləşdirilənə əlavə təhsil müəssisəsinin
müəyyən etdiyi vahid formada sənəd - stajkeçənə
sertifikat, təkmilləşdirilənə arayış
verilir.
4.4.2. Stajkeçmə və
təkmilləşmə tədbirlərini başa vuranlara təqdim
olunan sənəd bu tədbirlərin keçirildiyi müəssisə
rəhbəri tərəfindən imzalanır, möhürlə
təsdiq olunur.
5. Təkrar ali təhsil və orta ixtisas təhsili
5.1. Təkrar ali təhsil və
orta ixtisas təhsilinin məzmunu və formaları
5.1.1. Təkrar ali təhsil və
orta ixtisas təhsili ilkin baza peşə-ixtisas təhsili
proqramı ilə yenidən əldə ediləcək
ixtisasın baza təhsil proqramı arasındakı fərq
bir tədris ilinə hesablanmış saatdan çox olduqda,
mütəxəssislərə verilən əlavə təhsil
növüdür. Proqramlar arasındakı fərq təkrar
ali təhsil və orta ixtisas təhsili verən müəssisə
tərəfindən müəyyən edilir.
5.1.2. Mütəxəssis
hazırlamaq işində çevikliyi və ayrı-ayrı
şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin
etmək məqsədi ilə təkrar ali təhsil və orta
ixtisas təhsili bu təhsili almaq istəyən şəxslərlə
və ya onların işlədikləri idarə və təşkilatlarla
müvafiq təhsil müəssisəsi arasında
bağlanmış müqavilələr əsasında həyata
keçirilir.
5.1.3. Ali təhsili olanlar təkrar
ali, orta ixtisas təhsili olanlar isə təkrar orta ixtisas təhsili
ala bilərlər.
5.1.4. Hər hansı təhsil
müəssisəsində təkrar ali təhsil və orta
ixtisas təhsili həmin təhsil müəssisəsində
hazırlanan ixtisaslar üzrə aparıla bilər.
5.1.5. Təkrar ali təhsil və
orta ixtisas təhsilinin məzmunu əlavə təhsil müəssisəsi
tərəfindən təsdiq edilmiş tədris planları və
proqramları əsasında müəyyənləşdirilir.
5.1.6. Təkrar ali təhsil və
orta ixtisas təhsili müvafiq ixtisas üzrə bakalavr
(subbakalavr) pilləsi üçün mövcud olan baza təhsil
proqramlarındakı ümumi və ixtisas fənləri
bölümlərini əhatə etməklə, tələbənin
əvvəlcə aldığı baza təhsili proqramı ilə
yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq
nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil
proqramları əsasında aparılır.
5.1.7. Təkrar ali təhsil və
orta ixtisas təhsili əyani, qiyabi və distant (məsafədən)
formalarda həyata keçirilə bilər.
5.2. Təkrar ali təhsil və
orta ixtisas təhsilinin təşkili
5.2.1. Təkrar ali təhsil və
orta ixtisas təhsili üzrə qəbul qaydaları və
müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin
sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə
alınmaqla, təhsil müəssisəsi tərəfindən
müəyyənləşdirilir.
5.2.2. Təkrar ali təhsil və
orta ixtisas təhsili müəyyən istiqamət və
ixtisaslar üzrə müvafiq fakültələrdə
(şöbələrdə) həyata keçirilir.
5.2.3. Qruplarda tələbələrin
sayı 15-30 nəfər müəyyən edilir.
5.2.4. Əvvəl
aldığı ixtisasın baza proqramında öyrənilmiş
fənlərin məzmunu yeni almaq istədiyi əlavə
ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin
məzmununa uyğun olduqda, tələbə həmin fənlər
üzrə məşğələlərdən və
attestasiyadan azad olunur.
5.3. Təkrar ali təhsil və
orta ixtisas təhsili haqqında sənədin doldurulması,
verilməsi və uçotu
5.3.1. Təkrar ali təhsil və
orta ixtisas təhsili üzrə proqram və tədris planı
əsasında ali (orta ixtisas) təhsilini müvəffəqiyyətlə
başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali
(orta ixtisas) təhsil haqqında diplom verilir.
5.3.2. Diplomların
doldurulması, verilməsi və uçotu tabeliyində
dövlət təhsil müəssisələri olan mərkəzi
icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə
təhsil müəssisəsi tərəfindən təsdiq
edilmiş təlimata uyğun həyata keçirilir.
6. Dərəcələrin yüksəldilməsi təhsili
6.1. Dərəcələrin
yüksəldilməsi təhsilinin məzmunu və
formaları
6.1.1. Dərəcələrin
yüksəldilməsi təhsili orta ixtisas təhsili müəssisələrini
bitirmiş və subbakalavr dərəcəsi almış
kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə
hazırlığını nəzərdə tutan təhsil
növüdür.
6.1.2. Dərəcələrin
yüksəldilməsi təhsili ali təhsilli kadrlara olan real
tələbatın daha dinamik və çevik surətdə
ödənilməsinə xidmət edir və ilkin baza təhsili
proqramı ilə yenidən əldə ediləcək ixtisas
üzrə bakalavr təhsili proqramı arasındakı fərqin
1 tədris ilinə hesablanmış saatdan az və 2 tədris
ilinə hesablanmış saatdan çox olmaması şərtilə
subbakalavra verilən əlavə təhsildir.
6.1.3. Dərəcələrin
yüksəldilməsi üzrə təhsil müddəti
subbakalavrın ilkin baza təhsili proqramı ilə onun təhsil
almaq istədiyi müvafiq ixtisas üzrə bakalavr təhsili
proqramı arasındakı fərqə əsasən müəyyən
edilir.
6.1.4. İlkin baza təhsili
proqramı ilə yenidən əldə ediləcək ixtisas
üzrə bakalavr təhsil proqramı arasındakı fərqdən
asılı olmayaraq, subbakalavrlar bakalavr dərəcəsi
üzrə ali təhsil almaq üçün yalnız
dövlət tərəfindən müəyyən olunmuş
ümumi qaydada ali məktəblərin birinci kursuna qəbul
olunurlar.
6.1.5. Dərəcələrin
yüksəldilməsi üzrə təhsil proqramları ali təhsil
müəssisələri tərəfindən həyata
keçirilir.
6.1.6. Dərəcələrin
yüksəldilməsinə icazə verilmiş ixtisasların,
eləcə də bu ixtisasa yiyələnmək
üçün tələb olunan baza ixtisaslarının
siyahısı hər il əlavə təhsil müəssisəsi
tərəfindən müəyyənləşdirilir və təsdiq
edilir.
6.1.7. Hər hansı təhsil
müəssisəsində dərəcələrin yüksəldilməsi
təhsili həmin təhsil müəssisəsində
hazırlanan ixtisaslar üzrə aparıla bilər.
6.1.8. Dərəcələrin
yüksəldilməsi təhsilinin məzmunu hər bir ixtisasa
uyğun proqramlar əsasında müəyyən edilir.
6.1.9. Dərəcələrin
yüksəldilməsi təhsili əyani, qiyabi və distant (məsafədən)
formalarda həyata keçirilir.
6.2. Dərəcələrin
yüksəldilməsi təhsilinin təşkili və yekun
attestasiya
6.2.1. Dərəcələrin
yüksəldilməsi təhsilinin təşkili məqsədi
ilə hər il ali təhsil müəssisəsi müvafiq
ixtisaslar üzrə orta ixtisas və ali təhsil müəssisələrinin
tədris proqramlarının müqayisəli təhlili əsasında
qısamüddətli tədris proqramları hazırlayır və
təklif edir. Dinləyicilər tədris proqramları və
müqavilə şərtləri ilə tanış olduqdan
sonra sənədlərini təhsil müəssisəsinə təqdim
etməli və müsahibədən keçməlidirlər.
Yalnız müsahibə komissiyasının müsbət qərarından
və müvafiq təhsil xərci ödənildikdən sonra
qarşılıqlı razılaşma əsasında
müqavilə imzalanır və dinləyici dərəcənin
yüksəldilməsi üzrə əlavə təhsilə qəbul
olunur.
6.2.2. Dərəcələrin
yüksəldilməsi üzrə təhsil bakalavr
hazırlığına uyğun olaraq həyata keçirilir.
6.2.3. Mütəxəssis
hazırlamaq işində çevikliyi və ayrı-ayrı
subbakalavrların uyğun ixtisaslar üzrə bakalavr təhsili
almaq arzusunu təmin etmək məqsədi ilə dərəcələrin
yüksəldilməsi təhsili həmin şəxslərlə
və ya onların işlədikləri idarə və təşkilatlarla
müvafiq əlavə təhsil müəssisəsi
arasında bağlanmış fərdi müqavilələr əsasında
həyata keçirilir.
6.2.4. Dərəcələrin
yüksəldilməsi prosesində orta ixtisas təhsili müəssisəsini
bitirmiş subbakalavrların bakalavr təhsili səviyyəsinə
yüksəldilməsi dinləyicilərin öz arzuları əsasında
ödənişli əsaslarla həyata keçirilir.
6.2.5. Tədris proqramı tam
yerinə yetirildikdən sonra tabeliyində dövlət təhsil
müəssisələri olan mərkəzi icra hakimiyyəti
orqanı, bələdiyyə və ya əlavə təhsil
müəssisəsi tərəfindən təsdiq edilmiş
qaydada dövlət attestasiyası təşkil olunur.
6.3. Təhsil haqqında sənədin
doldurulması, verilməsi və uçotu
6.3.1. Dərəcələrin
yüksəldilməsi təhsili üzrə proqram və tədris
planı əsasında ali təhsilini müvəffəqiyyətlə
başa vuranlara bakalavr dərəcəsi və ali təhsil
haqqında vahid formalı diplom verilir. Bu halda dinləyicinin
orta ixtisas təhsili müəssisəsində
topladığı kreditlər və ya tədris olunan fənlərin
saatlarına uyğun kredit ekvivalentləri tabeliyində
dövlət təhsil müəssisələri olan mərkəzi
icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə
təhsil müəssisəsi tərəfindən müəyyən
edilmiş qaydada nəzərə alınır.
6.3.2. Diplomların
doldurulması, verilməsi və uçotu tabeliyində təhsil
müəssisələri olan mərkəzi icra hakimiyyəti
orqanı tərəfindən təsdiq olunmuş təlimata
uyğun yerinə yetirilir.
6.3.3. Dərəcələrin
yüksəldilməsi üzrə təhsil almış şəxslər
ali təhsilli bakalavrlara bərabər tutulur və onlar təhsillərini
magistraturada davam etdirə bilərlər.
7. Yaşlıların təhsili
7.1. Yaşlıların təhsilinin
məzmunu və formaları
7.1.1. Yaşlıların təhsili
vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə
və iqtisadiyyatda baş verən dəyişikliklərə
uyğunlaşmasını təmin edən əlavə təhsil
növüdür.
7.1.2. Əlavə təhsilin
bu istiqaməti əməkqabiliyyətli əhalinin
böyük bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli
olmaları üçün onların yenidən ixtisaslaşması,
yeni şəraitə uyğunlaşdırılması və
yeni iş imkanlarının yaradılması zərurətindən
irəli gəlir.
7.1.3. Yaşlıların təhsilinin
məqsədi yaşlı vətəndaşların cəmiyyətin
daim dəyişən sosial, siyasi, mədəni həyatında
fəal və səriştəli iştirakını təmin
etməkdən ibarətdir. Bu növ təhsil vasitəsilə
yaşlı vətəndaşlar öz bacarıqlarını
artırır, biliklərini zənginləşdirir, peşəkarlıqlarını
təkmilləşdirir və ya yeni istiqamətə yönəldir
və bu yolla onların müstəqil sosial, iqtisadi və mədəni
inkişafda iştirakı təmin edilir.
7.1.4. Yaşı 18-dən
yuxarı, müstəqil fəaliyyət təcrübəsi və
peşəsi olan, bəzi hallarda isə heç bir peşəsi
olmayan insanlar yaşlıların təhsilinə cəlb oluna
bilər.
7.1.5. Yaşlıların təhsilinin
məzmunu konkret vəziyyətə, şəraitə
uyğun olaraq müəyyənləşdirilir, cəmiyyətin
və şəxsin (fərdin) inkişafına xidmət edir.
7.1.6. Yaşlıların təhsili
kontingentinə daxil olan insanlar əvvəllər müəyyən
bilik və bacarıqlara malik olduqlarından, bu təhsil
formasının təşkili zamanı yeni metodlar tətbiq
edilməklə, onların tələbatları və əvvəllər
qazandıqları bilik və bacarıqların maksimum dərəcədə
nəzərə alınması təmin edilir.
7.1.7. Yaşlıların təhsili
üçün cəmiyyətin və əmək
bazarının tələbləri nəzərə
alınaraq yaşından, dini və milli mənsubiyyətindən,
dünyagörüşündən, ilk təhsilindən və
sosial vəziyyətindən asılı olmayaraq, bütün
yaş qruplarını əhatə etməklə təhsil
proqramları hazırlanır.
7.1.8. Yaşlıların təhsili
dövlət, bələdiyyə və özəl müəssisələr
tərəfindən formal, qeyri-formal və informal formada həyata
keçirilir.
7.1.9. Təhsilə cəlb
ediləcək kontingentin tərkibinə
aşağıdakı şəxslər daxil ola bilər:
- əmək
funksiyalarının məzmununda baş vermiş yeniliklərlə
əlaqədar ixtisasartırma və yenidənhazırlanmaya cəlb
edilən peşəkar işçilər;
- məşğuliyyət
sahəsini və ya peşəsini dəyişmək fikrində
olan şəxslər;
- uzunmüddətli fasilədən
sonra peşəkar əmək fəaliyyətinə
qayıdanlar;
- peşəsi olmayanlar;
- yeni peşəyə yiyələnməyə
və ya ixtisasını artırmağa ehtiyacı olan
işsizlər;
- hərbi xidmətdən tərxis
olunanlar;
- evdar qadınlar və
uşaqlı analar;
- şəxsi keyfiyyətlərini
inkişaf etdirmək və ya bilik dairəsini genişləndirmək
arzusunda olan şəxslər.
7.2. Yaşlıların təhsilinin
təşkili
7.2.1. Yaşlıların təhsilini
həyata keçirən müəssisələr öz fəaliyyətlərində
yerləşdiyi ərazinin xüsusiyyətlərini, adət və
ənənələrini, dinləyicilərin maraqlarını
nəzərə almalı, dinləyicilərə yalnız
yeni peşə almaq imkanları deyil, həmçinin
mövcud peşələrin spesifik xüsusiyyətləri və
perspektivləri haqqında müfəssəl məlumat verməlidir.
Yaşlıların təlimi zamanı təhsilalanlara
ümumi biliklərlə yanaşı, sahibkarlıq fəaliyyəti,
müstəqil işin qurulması barədə
bacarıqların aşılanması da nəzərdə
tutulur.
7.2.2. Yaşlıların təhsilinin
təşkili zamanı aşağıdakı amillər nəzərə
alınmalıdır:
- yaşlıların təhsili
baza təhsilini əvəz etmək məqsədini
daşımamalı, əksinə onun əsasında həyata
keçirilməlidir;
- yaşlıların təhsili
heç bir peşə və təhsili olmayan gənclərin
müvafiq peşə almalarına şərait
yaratmalıdır;
- yaşlıların təhsili
zamanı onların fərdi təcrübələri nəzərə
alınmalıdır;
- bir təhsil pilləsi və
səviyyəsindən digərinə keçid
asanlaşdırılmalıdır;
- təhsil sistemi onu əhatə
edən sosial-mədəni və iqtisadi mühitə
uyğunlaşdırılmalıdır;
- təhsilə çəkilən
xərclər sosial həyata, mədəniyyətə və
iqtisadiyyata çəkilən xərclərdən daha
çox effekt verməlidir;
- inkişaf proqramlarında
yaşlıların təhsili ilə əlaqədar tədbirlər
nəzərdə tutulmalı, yaşlıların təhsili
milli, regional, sosial-iqtisadi inkişaf və təhsil
proqramlarında nəzərdə tutulmuş məqsədlərə
uyğun istiqamətləndirilməli və koordinasiya edilməlidir.
7.3. Yaşlıların təhsili
üzrə müəssisələr
Yaşlıların təhsili
dövlət, bələdiyyə və özəl qurumlar tərəfindən
təşkil edilir. Bu təhsil ixtisasartırma və yenidənhazırlanma
qurumlarında, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrində yaradılmış müvafiq
strukturlarda, stajkeçmə və peşə
hazırlığı kurslarında və bu sahə üzrə
fəaliyyətinə xüsusi razılıq verilmiş digər
müəssisələrdə həyata keçirilir.
7.4. Yaşlıların təhsili
üzrə müvafiq təhsil sənədlərinin verilməsi
Yaşlıların təhsilinin
sonunda mənimsənilmiş proqramın məzmununa, yeni
qazanılan ixtisasa uyğun tabeliyində dövlət təhsil
müəssisələri olan mərkəzi icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilmiş
və möhürlə təsdiq edilmiş vahid formada
sertifikat və ya diplom verilir.
8. Əlavə təhsilin hər bir istiqaməti üzrə
təhsilin maliyyələşdirilməsi
8.1. Dövlət büdcəsindən
maliyyələşən təşkilatlarda
çalışan kadrların ixtisasartırma təhsilinin
minimum həddi, eləcə də stajkeçmə və təkmilləşdirilməsi
üçün nəzərdə tutulan maliyyə xərcləri
bu məqsədlə ayrılan büdcə vəsaiti
hesabına həyata keçirilir. Digər müəssisə
və təşkilatlarda çalışan kadrlar
üçün müvafiq maliyyə xərcləri həmin
qurumlar və yaxud kadrın özü tərəfindən
ödənilir.
8.2. Əlavə təhsilin
digər istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar
ali təhsil və orta ixtisas təhsili, dərəcələrin
yüksəldilməsi, yaşlıların təhsili) üzrə
təhsil yalnız ödənişli əsaslarla (dövlət
büdcəsindən vəsait ayrılmamaqla) həyata
keçirilir və müvafiq maliyyə xərcləri
kadrın çalışdığı təşkilat və
yaxud kadrın özü tərəfindən ödənilir.
Bu halda təhsil üçün ödənişin miqdarı
müvafiq qaydalara uyğun müəyyənləşdirilir.
8.3. Əlavə təhsil
formaları təhsil müəssisələrinin ödənişli
təhsil haqqından əldə etdikləri büdcədənkənar
vəsaitlər, habelə qanunvericiliyə zidd olmayan digər mənbələr
hesabına maliyyələşdirilə bilər.
8.4. Hər il dövlət
büdcəsinin tərtib edilməsi prosesində
ixtisasartırma təhsili, stajkeçmə və təkmilləşdirmə
ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən
proqnozlaşdırılan maliyyə xərclərinin həcmi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə
razılaşdırılır.
Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.6-7.