İbtidai təhsil pilləsində qiymətləndirmənin aparılması barədə

Təhsilalanların bilik və bacarıqları haqqında məlumatların toplanması, yəni qiymətləndirmə ibtidai təhsil pilləsində diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və summativ (kiçik və böyük) olmaqla üç formada həyata keçirilir. Qiymətləndirmənin biri digərinə xidmət edən və bir-birini tamamlayan hər üç növü öz mahiyyətinə uyğun olaraq şagirdlərin bilik və bacarıqlarını standartlara əsasən ölçür. İbtidai təhsil pilləsində qiymətləndirmənin düzgün həyata keçirilməsi üçün onun növləri bu qiymətləndirmələrdə istifadə olunan üsul və vasitələr haqqında ayrı-ayrılıqda məlumat verməyi məqsədəuyğun hesab edirik.

 

I Diaqnostik qiymətləndirmə

 

"Ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları"nın layihə variantının ikinci maddəsində göstərilir ki, diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir.

Hər bir müəllim keyfiyyətli dərsə yiyələnmək üçün başlanğıcda özünə agirdlərin bilik və bacarıqlarının səviyyəsi necədir", "tədris edilmiş materialı necə mənimsəyiblər", "əldə olunmuş bilikləri tətbiq edə bilirlərmi", "şagirdlərin dərsi yaxşı mənimsəmələri üçün hansı məsələlərə xüsusi diqqət yetirilməlidir" kimi suallar verməlidir.

Məhz bu suallara cavab tapmaq üçün müəllim şagirdin, müvafiq hallarda qrup və ya sinfin hazırkı vəziyyətinə qiymət verməli, yəni diaqnoz qoymalıdır. Diaqnostik qiymətləndirməni keçirmək üçün müəllim Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsində müzakirə edilərək tövsiyə olunan aşağıdakı üsul və vasitələrdən istifadə etməlidir.

Qiymətləndirmə üsulu dedikdə, bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətdir. Aydınlıq üçün deyək ki, bilik və bacarıqları yoxlamaq üçün testləşdirmə qiymətləndirmə üsuludursa, test tapşırıqları qiymətləndirmə vasitəsidir.

Diaqnostik qiymətləndirmə üçün verdiyimiz nümunələr arasında ən populyar əlverişlisi tapşırıqvermə üsuludur ki, bu üsulu həyata keçirmək üçün müəllim dərs ilinin əvvəlində əvvəlki sinif, dərs ili ərzində isə bəhs və bölmələrə aid çalışmalardan istifadə edir.

Müsahibə üsulu isə müəllimdən bir qədər yaradıcılıq tələb edir. Bu üsulu həyata keçirməkdən ötrü müəllim vasitə kimi özü üçün qeydiyyat vərəqi tərtib edir və burada şagirdlərin yoxlamaq istədiyi bacarıqlarını sadalayır. Məsələn, ana dilindən anlama, danışmaq, tələffüz qaydalarına əməl etmək, riyaziyyatdan toplama, çıxma, vurma, bölmə, sadalama, həyat bilgisindən ətraf mühiti tanımaq təbiət hadisələrini bilmək, ünsiyyət qurmaq və s. bacarıqlar yoxlanılır və hər şagirdin adının qarşısında "yenidən izah edilməlidir", "təkmilləşdirilməlidir" və ya "qənaətbəxşdir" kimi qeydlər edilir. Bu qeydlər barədə şagird və onların valideynlərinin də məlumatlandırılması məqsədəuyğundur.

Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulu isə müəllimin şagird haqqında məlumatlarını tamamlamaq üçün əlverişli sayılır. Burada istifadə olunan vasitə sorğu səciyyəli olur və daha çox şagirdi əhatə edən mühit, onun məktəbdənkənar fəaliyyəti haqqında rəy yaradır. Bu qiymətləndirmədə də müəllim özünün istifadəsi üçün sorğu vərəqi tərtib edir və lazımi nəticələr çıxarır.

Tədris proqramları və şagirdlərin hazırlıq səviyyəsi imkan verdiyi hallarda şagirdlərlə diaqnostik qiymətləndirmə test tapşırıqları vasitəsilə də aparıla bilər.

Məqsəddən asılı olaraq bəzən diaqnostik qiymətləndirmədə müşahidə üsulundan və bu üsul üçün hazırlanan vasitədən-meyar cədvəlindən də istifadə edilir. Müşahidə yolu ilə müəllim şagirdlərin hər birinin inkişaf səviyyəsini müəyyən edir və təlim prosesində strategiyalarla bağlı qərar qəbul edərkən bu məlumatlara arxalanır. Şagirdə hansı səviyyədə ev və sinif tapşırıqlarının verilməsi də bu məlumatlar əsasında müəyyən olunur. Müşahidə üsulu və vasitəsi, adətən, davamlı diaqnostik qiymətləndirmənin obyekti olur. Bu baxımdan diaqnostik qiymətləndirmə forma cəhətdən formativ qiymətləndirməyə yaxınlaşsa da, məqsədinə görə onunla eyniyyət təşkil etmir. Davamlı diaqnostik qiymətləndirmə adətən dərs ilinin əvvəllərində aparılır.

Qeyd edək ki, diaqnostik qiymətləndirmənin aparılma formaları siniflərə uyğun olaraq da dəyişilir. Belə ki, ilk dəfə məktəbə qədəm qoyan şagirdlə aparılan diaqnostik qiymətləndirmə digərlərindən xeyli fərqlənir. Birinci sinfin şagirdi ilə təlim prosesində davamlı diaqnostik qiymətləndirmə aparmaq üçün inkişaf və öyrənmə sahələrinə əsaslanan müşahidə vərəqi aşağıdakı kimi tərtib edilə bilər.

Verilən müşahidə vərəqinə uyğun olaraq müəllim təlimə başlamazdan əvvəl bir neçə gün ərzində I sinif şagirdlərini aşağıda göstərilən əsas inkişaf sahələrinə görə müşahidə edir, qiymətləndirir və təlim fəaliyyətini bu nəticələrə uyğun olaraq qurur.

İkinci, üçüncü və s. sinfə gələn şagirdin diaqnostik qiymətləndirilməsi üçün müəllim əvvəlki sinfin təlim standartlarından çıxan məqamları önə çəkir. Şagirdin fənn üzrə əvvəlki illərdə yiyələndiyi bilik və bacarıqlara əsaslanan qiymətləndirmə meyarlarını müəyyən edir və bir-iki həftə ərzində müşahidələr aparır. Məsələn, ikinci sinifdə ana dili fənnindən dinləyib-anlama və danışma məzmun xətti üzrə meyarlar aşağıdakı kimi tərtib edilə bilər. Qeyd edək ki, verilən nümunə davamlı diaqnostik qiymətləndirmə üçün deyil, bir dərs müddətində aparılan diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.

Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri də məlumatlandırılır.

 

II Formativ qiymətləndirmə

 

"Ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları"nın layihə variantının üçüncü maddəsində göstərilir ki, formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.

Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Məhz formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır.

Qeyd edək ki, yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyəti və ağırlıq mərkəzi məhz formativ qiymətləndirmənin üzərinə düşür. Bu məzmun formativ qiymətləndirmənin adında da aydın əks olunub. Formativ sözü (formative) "formalaşdıran", "formalaşdırıcı" deməkdir. Formativ qiymətləndirmə təlim nəticələrinin mənimsənilməsi ilə bağlı mütəmadi məlumat toplamaq məqsədilə aparılır. Fənni tədris edən müəllim formativ qiymətləndirməni məzmun standartlarından irəli gələn təlim məqsədləri əsasında hazırladığı meyarlar üzrə dərs ili ərzində müntəzəm olaraq həyata keçirir, nəticədə şagirdin ehtiyaclarını öyrənir, uğur qazana bilməməsinin səbəblərinı araşdırır və onun inkişafının təmin olunması üçün zəruri tədbirlər görür.

 

Müşahidə

 

Müşahidə üsulu və burada istifadə olunan vasitələr diaqnostik qiymətləndirmədə olduğu kimi tərtib oluna bilər. Məsələn, şəkil üzrə mətn qurmaqla bağlı dərsin müşahidəsini müəllim aşağıdakı meyarlar əsasında apara bilər.

 

Şifahi sual-cavab

 

Şifahi sual-cavab üsulundan istifadə zamanı müəllim qiymətləndirmə vasitəsi kimi bacarıqlar üzrə qeydiyyat vərəqindən istifadə edir və bu qeydiyyat vərəqi hər bir fənnin xüsusiyyətlərinə uyğun tərtib edilir.

 

Yazı

 

Yazı üsulundan istifadə edərək müəllim hər hansı mövzuda imla, inşa yazmağı, məsələ və ya misal həllini tapşırır və şagirdlərin bacarıqlarını meyarlar tərtib etməklə yoxlayır. Şagirdin yazısını yoxlayan müəllim onun nəticələri haqqında valideynləri də məlumatlandırır.

 

Oxu

 

Müəllim qiymətləndirmə məqsədinə uyğun olaraq müxtəlif mətnlərin oxusunu təşkil edir və oxu zamanı yoxlamaq istədiyi bacarıqların şagirdlər tərəfindən necə nümayiş etdirilməsinə diqqət yetirir.

Şagird oxuyanda müəllim müdaxilə etmədən dinləyir, onun etdiyi səhvləri qeyd edir. Sözlərin və ifadələrin düzgün tələffüz edilməməsinin səbəbini aydınlaşdırır, müşahidə etdiklərini qeydiyyat vərəqində yazır və şagirdin portfoliosuna daxil edir. Müəllim sonrakı fəaliyyətini hər bir şagirdin portfoliosunda etdiyi qeydləri əsas götürməklə qurur.

Qeydiyyat vərəqindəki qeydləri müəllim valideynə bildirmək üçün şagirdin məktəbli kitabçasına da yazmalıdır.

 

Tədqiqat

 

Tədqiqat üsulunun mahiyyəti ondan ibarətdir ki, şagirdlərə fərdi və ya qrup halında tədqiqat xarakterli sual verilir və onlar bu sual ətrafında apardıqları araşdırmanı layihə şəklində təqdim edirlər. Məsələn, həyat bilgisi fənnindən aşağıdakı tipli suallardan müxtəlif mövzular üzrə araşdırma aparmaq üçün istifadə etmək olar:

Zəlzələ zamanı öz təhlükəsizliyini necə təmin edə bilərsən?

Partada düzgün əyləşmək üçün vacibdir?

Heyvanları qorumaq üçün sən nə edirsən?

Bu suallar əsasında hazırlanan layihə şagirdin aşağıdakı bacarıqlarını yoxlamaq üçün imkan verir.

 

Sorğu və ya müsahibə

 

Sorğu və ya müsahibə şagirdə müstəqil ev tapşırığı kimi verilir. Bu zaman müsahibənin kiminlə aparılacağını hansı suallara cavab axtarılacağını sinifdə müəllim şagirdlərlə birgə müəyyən edir. Şagird həmin suallar ətrafında topladığı məlumatı təhlil edərək sinif qarşısında təqdimat edir. Birinci sinif şagirdi üçün bu tipli tapşırıqlar şifahi formada ola bilər. Müəyyən bir sual ətrafında valideyni, digər fənn müəllimi və ya yuxarı sinif şagirdi ilə aparılacaq müsahibənin bütün detalları müəllim və şagirdlər tərəfindən şagirdin yaş səviyyəsinə və məzmun standartlarına uyğun olaraq diqqətlə araşdırılır, vaxt təyin edilir və məlumatların sistemləşdirilməsi üçün istiqamətlər müəyyənləşdirilir. Burada əsas şərt veriləcək sualın düzgün tərtib edilməsi və dəqiq ünvanlanmasıdır.

Məsələn, ana dili fənnindən 20 Yanvar hadisələri ilə bağlı mövzunu tədris edən müəllim şagirdlərə fərdi və ya qrup halında belə bir sual ətrafında müsahibə götürməyi tövsiyə edir:

-"Siz 20 Yanvar hadisələrini necə xatırlayırsınız?"

Bu sual həmin hadisələri xatırlayacaq yaş səviyyəsində olan adamlara - valideynə, baba və ya nənələrə, digər müəllimlərə və hətta qonşulara ünvanlana bilər. Bir neçə nəfərdən məlumat toplayan şagird həmin hadisə haqqında fikirləri ümumiləşdirib nəticəyə gəlməli və sinfə təqdim etməlidir.

Bu yolla şagirdin məlumat toplamaq, nəticə çıxarmaq, ümumiləşdirmək eşitdiklərini şərh etmək bacarıqları yoxlanılır:

Bu qiymətləndirmənin nəticəsini hər bir şagirdin vəziyyətinə uyğun olaraq qısa şəkildə belə ifadə edərək məktəbli kitabçasına yazmaq olar:

"Müvafiq məlumatı toplamağın yolunu bilmir", "Toplanmış məlumat əsasında nəticəyə gəlib, amma fikrini yaxşı ifadə edə bilmir", "Əldə etdiyi məlumatları ümumiləşdirib təqdim edir" və s.

 

Özünüqiymətləndirmə

 

Özünüqiymətləndirmə üsulundan istifadə geniş yayılmışdır. Məsələn, ana dili fənnindən əlifbanın öyrənilməsi zamanı müəllim şagirdlərlə özünüqiymətləndirmə keçirə bilər. Özünüqiymətləndirmə vərəqində göstərilən meyarlar üzrə şagird özünə qiymət verir və bunu "+", "-" ilə işarə edir.

Müəllim özünüqiymətləndirmə vərəqlərini də şagird portfoliosuna daxil edir və şagirdin valideyninin həmin vərəqlə tanış olması məqsədəuyğundur.

 

Rollu oyunlar

 

Rollu oyunlar jest və mimikalardan istifadə, şagirdin ifadəli danışığı, nitqində bədii ifadələrdən istifadə etməsi və digər bacarıqlarının üzə çıxarılması üçün əhəmiyyətlidir. Rollu oyunlar üçün şagirdlərə hər hansı bir situasiya təqdim olunur. Şagird həmin problemə dair düşüncələrini əks etdirən həll yolunu təqdim edir.

Rollu oyunları müşahidə etmək üçün meyarlar hazırlanarkən bir yox, bir neçə standartın məzmunundan istifadə edilir. Aşağıdakı standartlar qrupu buna misal ola bilər.

Şagird:

1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında danışır.

1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.

1.2.3. Nitqində müvafiq bədii ifadələrdən istifadə edir.

1.2.4. Nitq situasiyalarından asılı olaraq danışıq prosesində müvafiq jest və mimikalardan istifadə edir.

Əgər müəllim göstərilən üsul və vasitələr əsasında bütün müşahidələri vaxtlı-vaxtında, düzgün aparmasına baxmayaraq, ondan öz işini qurmaq üçün istifadə etməzsə və zəif şagirdi elə zəif olduğuna görə diqqətdən kənarda saxlayarsa, formativ qiymətləndirmənin əhəmiyyəti azalar və məzmununa xələl gələr.

"Ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları"nın layihəsində göstərildiyi kimi, formativ qiymətləndirmənin nəticələri sinif jurnalında qeyd olunmasa da, şagirdin məktəbli kitabçasında, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır və şagird qovluğunda (portfolio) toplanır, eyni zamanda ümumiləşdirilmiş cümlələr şəklində şagird gündəliyi vasitəsilə valideynə çatdırılır. Qiymətləndirmənin nəticələrinin qeydiyyatı müəllimlərə, şagirdlərə və valideynlərə aşağıdakı suallara cavab verməyə kömək edir:

Şagird nələri öyrənmişdir?

Daha nələri öyrənməlidir?

İnkişaf üçün o hansı addımları atmalıdır?

İzləmələrin qeydiyyatı həmçinin müəllimin məktəb və valideyn qarşısında hesabatlılıq məsuliyyətini də artırır. Odur ki, müəllim şəxsi qeyd dəftərinə "rəsmi sənəd deyildir", deyə diqqətsiz yanaşmamalı və onun valideynlər üçün əsas məlumat mənbələrindən biri olduğunu unutmamalıdır.

Uzun illər övladının məktəbli kitabçasında qiymət görməyə adət etmiş valideynin indi başqa bir vəziyyətlə rastlaşdıqda müəyyən narahatlıq keçirməsi təbiidir. Lakin fənn müəllimi formativ qiymətləndirmənin mahiyyətini və məqsədini valideynə düzgün izah edərsə, şagirdin gündəlik rəqəmli qiymətləndirilməməsi valideyn üçün cavabı olmayan tapmacaya çevrilməz. Məhz formativ qiymətləndirmə sayəsində valideynlər öz övladlarının inkişafını, nailiyyətlərini daha diqqətlə izləməyə müvəffəq olur, məktəblə, müəllimlə daim təmas saxlayırlar. Valideyn bilməlidir ki, ənənəvi qiymətləndirmənin prinsiplərinə uyğun olaraq şagird gündəlik 2,3, 4,5 rəqəmləri ilə qiymətləndirildikdə övladının çatışmayan və ya zəif cəhətləri barədə məlumata malik olmur, övladına kömək etmək istəsə də, hədəfi dəqiq seçə bilmir. Formativ qiymətləndirmənin nəticəsi olan təsviri qiymətləndirmə isə bu cür anlaşılmazlıqları aradan qaldırır. Belə ki, övladının gündəliyində "Hərfləri tanıyır, lakin sözləri yazmaqda çətinlik çəkir" ifadəsini oxuyarkən valideyn problemin mahiyyətini anlayır və onun aradan qaldırılması üçün müəllimin köməkçisinə çevrilir.

 

III Summativ qiymətləndirmə

 

"Ümumi təhsil müəssisələrində, peşə liseylərində məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları"nın layihə variantının beşinci və altıncı maddələrində göstərilir ki, summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.

Kiçik summativ qiymətləndirmənin keçirilmə vaxtı tədris planında həftədə həmin dərs üçün nəzərdə tutulan saatların sayından asılı olaraq fərdi şəkildə müəyyən edilir. Belə ki, ana dili fənnindən kiçik summativ qiymətləndirmə üçün müəyyən edilmiş vaxt texnologiya və ya musiqi fənni ilə eyni ola bilməz. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim tərəfindən hazırlanır.

Böyük summativ qiymətləndirmə üçün vasitələr qiymətləndirmə standartları əsasında hazırlanır. Standartın hər səviyyəsinə uyğun olaraq müəyyən sayda suallar nəzərdə tutulur. Şagirdin düzgün cavab verdiyi sualların sayı ilə onun qiyməti müəyyən olunur.

Sualların ümumi sayının 10%-nə düzgün cavab verən "1", 10% daxil olmaqla 20%-nə düzgün cavab verən "2", 20% daxil olmaqla 50%-nə düzgün cavab verən "3", 50% daxil olmaqla 80%-nə düzgün cavab verən "4", 80% daxil olmaqla 100%-nə düzgün cavab verən şagird "5" qiymətlə qiymətləndirilir. Summativ qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır.

Summativ qiymətləndirmənin keçirilməsi üçün üsullar fənnin məqsədinə uyğun olaraq müəyyənləşir. Ana dili, riyaziyyat, həyat bilgisi fənlərindən ən əlverişli qiymətləndirmə üsulları testləşmə və yazı, qiymətləndirmə vasitələri isə test tapşırıqları, imla, inşa, misal, məsələ həllidirsə, texnologiya fənni üçün şagirdin hər hansı bir məmulatı hazırlaması, musiqi üçün hər hansı musiqi nümunəsinin ifa edilməsi, fiziki tərbiyədən isə normativlərin yerinə yetirilməsi ola bilər.

 

IV Qeyd

 

Kurikulum tətbiq olunan siniflərin jurnalında gündəlik qiymətlər yazılmır. Dərsdə iştirak etməyənlərin adının qarşısında "q", dərsdə iştirak edən şagirdlərin adının qarşısında "+" qeyd olunur. Jurnalda yalnız summativ qiymətləndirmənin nəticələri summativ qiymətləndirmənin keçirildiyi gün üçün ayrılmış qrafada sütun şəklində yazılır.

Kurikulum tətbiq olunmayan siniflərdə dərsdə iştirak etməyən şagirdin adının qarşısında "q", dərsdə olub, amma qiymətləndirilməyən şagirdin adının qarşısında "+", qiymətləndirilən şagirdin adının qarşısında aldığı qiymət yazılır.

Qeyd edək ki, şagirdlərin həm fiziki, həm zehni yüklənməsinin qarşısını almaq məqsədilə ibtidai təhsil pilləsində formativ və summativ qiymətləndirmə aparmaq üçün yalnız Təhsil Nazirliyinin təsdiq etdiyi, Monitorinq və qiymətləndirmə şöbəsinin tövsiyə etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilə bilər. Qiymətləndirmənin göstərilən qaydalar əsasında aparılması üçün müəllimlərlə yanaşı məktəb rəhbərləri də məsuliyyət daşıyır.

Məktəbdaxili qiymətləndirmə üzrə mövcud yerli və xarici ədəbiyyatlarla tanış olmaq istəyənlər Təhsil Nazirliyinin www.edu.gov.az saytının Monitorinq və qiymətləndirmə səhifəsinin məktəbdaxili qiymətləndirmə hissəsinə müraciət edə bilərlər.

 

 

Təranə HACIYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.4.