Kollegiya iclasında ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət müzakirə olundu

 

Oktyabrın 22-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanın icrası ilə əlaqədar görülmüş işlərə həsr olunan kollegiya iclası keçirildi. İclasda kollegiya üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov, Təhsil Nazirliyi Aparatının məsul işçiləri, nazirliyin şöbə müdirləri və struktur bölmələrinin rəhbərləri, digər aidiyyəti nazirliklərin nümayəndələri, dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin  rektorları iştirak edirdilər.

Kollegiya iclasını açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov hamını salamlayaraq belə bir mühüm məsələnin müzakirəsində iştirak etdiklərinə görə qonaqlara təşəkkür etdi. İclasın iş qaydası haqqında iştirakçılara məlumat verən nazir mövzunun aktuallığını diqqətə çatdırdı.

Təhsil naziri Misir Mərdanov "Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət və təkliflər" mövzusunda  məruzə-təqdimatla  çıxış etdi.

İlk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmandan söz açan nazir onun ali təhsilin inkişafında mühüm rol oynadığını bildirdi. Qeyd olundu ki, ali təhsildə keyfiyyəti təmin etmək; mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisələri arasında sağlam rəqabət mühiti yaratmaq; dövlət ali təhsil müəssisələrinin əldə etdikləri maliyyə vəsaitlərindən səmərəli, məqsədli istifadəsinə şərait yaratmaq və şəffaflığı təmin etmək; vəsaitlərin ayrılması prosesində subyektiv amilləri aradan qaldırmaq; tələbələrin keyfiyyətli təhsil alması üçün mülkiyyət formasından asılı olmayaraq ali məktəbləri azad seçmək imkanını artırmaq; dövlət ali təhsil müəssisələrinin maliyyə müstəqilliyini artırmaq ali təhsildə  yeni maliyyələşmə mexanizminin tətbiqinin əsas məqsədləridir.

Nazir ölkə başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq fərmanın icrası ilə əlaqədar görülən işlər barədə kollegiya iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, tabeliyində ali təhsil müəssisələri olan nazirlik, komitə və təşkilatların təklifləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli 132 S və 133 S nömrəli sərəncamları ilə ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə dövlət sifarişi  ilə tələbə qəbulunun proqnozu təsdiq olunmuşdur.

Təhsil naziri cari tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə dövlət sifarişi üzrə təsdiq olunmuş proqnozu iştirakçıların nəzərinə çatdırdı. Hazırlanmış xüsusi cədvəllərdə ixtisaslar və bu ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin adı, bununla bağlı statistik rəqəmlər nümayiş olundu. Məruzə-təqdimatda habelə ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarını əks etdirən cədvəllər göstərildi.  2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələri üzrə təsdiq olunmuş proqnozda edilən yeniliklərdən bəhs olundu. Verilən məlumatdan aydın oldu ki, ixtisaslar üzrə dövlət sifarişinə tələbə qəbulunun proqnozu ayrı-ayrı ali məktəblər üzrə deyil, ümumi şəkildə təsdiq edilmişdir. Ayrı-ayrı universitetlərin qəbul planında ixtisaslar üzrə dövlət sifarişi və ödənişli əsaslarla qəbulun proqnozu birgə verilmişdir. Bu da, öz növbəsində, dövlət sifarişi ilə təhsil almaq hüququ qazanmış abituriyentlərin ali məktəbləri seçmək imkanını artırmışdır.

Nazir daha sonra "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi qaydaları" haqqında söz açdı. Həmin sənəddə hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin  dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunun hazırlanması mexanizminin, adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsi, dövlət sifarişi çərçivəsində təhsilalanların müəyyənləşdirilməsi, maliyyələşmənin şərtləri, onun səmərəliliyinə nəzarətin öz əksini tapdığı qeyd olundu və bunları əks etdirən slaydlar iştirakçıların diqqətinə çatdırıldı.

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı əsas yeniliklərdən danışan təhsil naziri dövlət sifarişinin yerinə yetirilməsi ilə əlaqədar ayrılan vəsaitlərin xərclənməsində ali təhsil müəssisələrinin səlahiyyətlərinin artırıldığını söylədi. Belə ki, əvvəlkindən fərqli olaraq bu vəsaitlər ali təhsil müəssisəsinə 40 xərc maddəsi üzrə deyil, 4 xərc maddəsi üzrə ayrılacaq və ali təhsil müəssisəsi digər xərcləri özü sərbəst müəyyənləşdirərək müvafiq xərclər smetası tərtib edib icra edəcək.

Məruzə-təqdimatda sonra cari tədris ilində dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş dövlət və özəl ali təhsil müəssisələrinin adları açıqlandı. Verilən məlumatdan aydın oldu ki, ölkədə fəaliyyət göstərən 52 ali təhsil müəssisəsindən 42-si dövlət sifarişinin yerinə yetirilməsində iştirak edib.

Nazir Misir Mərdanov Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" 25 iyun 2010-cu il tarixli, 120 nömrəli qərarının icrası ilə bağlı görülən işlərdən söz açdı. Qeyd edildi ki, Nazirlər Kabinetinin müvafiq qərarı  Təhsil Nazirliyinin 5 avqust tarixli, 1103 nömrəli əmri ilə elan olunmuş və dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən bütün ali təhsil müəssisələrinə göndərilmişdir. Hazırda dövlət sifarişi üzrə qəbul olunan tələbələr barədə məlumatlar ali məktəblər tərəfindən nazirliyə təqdim olunmuş və ali təhsil müəssisələri ilə Təhsil Nazirliyi arasında müvafiq müqavilələr bağlanmışdır. Nazir müqavilə bağlanılmış dövlət və özəl ali təhsil müəssisələrinin adlarını qeyd etdi. Diqqətə çatdırdı ki, ayrılan vəsaitin dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlərin seçdikləri  ali təhsil müəssisəsinə ödənilməsi Nazirlər Kabineti tərəfindən  təsdiq olunmuş qaydaların müvafiq bəndinə əsasən Təhsil Nazirliyinin öhdəsinə verilib.  

Məruzə - təqdimatında yeni maliyyələşmə mexanizminin tətbiqi baxımından 2010-2011-ci tədris ilində ixtisaslar üzrə ali məktəblərin bakalavriat səviyyəsinə dövlət sifarişi əsasında tələbə qəbulunun nəticələrinə geniş toxunan nazir kollegiya iştirakçılarının diqqətini hazırlanmış xüsusi cədvəllərə yönəltdi. İxtisasların adı, dövlət sifarişi planı, ali təhsil müəssisəsinin adı və dövlət sifarişi ilə qəbul olunanların sayını, planla onun yerinə yetirilməsi arasındakı fərqi  göstərən cədvəllər üzərində ətraflı təhlil aparan təhsil naziri bunların hər birini ayrı-ayrılıqda  şərh etdi. Daha sonra 2010-2011-ci tədris ilində ali məktəblər üzrə də bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun nəticələri ilə bağlı statistik rəqəmləri özündə əks etdirən digər  məlumatlar iştirakçılara təqdim olundu.

Yeni maliyyələşmə mexanizminin tətbiqi baxımından 2010-2011-ci tədris ilində ali təhsil müəssisələrinə aparılmış qəbulun nəticələrinin ilkin təhlilini aparan təhsil naziri qarşıya çıxan problemlər, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin müəyyənləşdirilməsinin vacibliyini önə çəkərək bir sıra məsələlərə öz münasibətini bildirdi.

Təhsil naziri çıxışında yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində əldə olunan ilkin nailiyyətlər və ali məktəblərin qarşısında duran əsas vəzifələrə toxundu. Qeyd olundu ki, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar hər bir ali məktəbin ayrı-ayrı ixtisaslarının və bütövlükdə özünün cəmiyyətdə nüfuzu müəyyənləşmişdir. Bu zaman həm də hər bir ixtisasın cəmiyyət arasında nüfuzu aşkar olunur. Tələbələrin keyfiyyətli təhsil alması üçün mülkiyyət formasından asılı olmayaraq ali məktəbləri azad seçmək imkanı təmin edilmişdir. Cari tədris ilindən başlayaraq dövlət sifarişinin yerinə yetirilməsi ilə əlaqədar ali təhsil müəssisələrinə vəsaitlər, yuxarıda qeyd edildiyi kimi, əvvəlkindən fərqli olaraq 40 xərc maddəsi ilə deyil, 4 xərc maddəsi ilə ayrılacaq. Yeni maliyyələşmə mexanizminin tətbiqi dövlət ali təhsil müəssisələrinin mövcud resurslardan səmərəli və daha rasional şəkildə istifadəsini tələb edir və bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsini zəruriləşdirir. Yeni mexanizm ali məktəbləri ayrı-ayrı ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltməyə vadar edir. Ali məktəblərin qarşısında duran vəzifələrdən biri də müvafiq ixtisaslara gəncləri cəlb etmək üçün müxtəlif tədbirlərin (reklam, veb saytların yaradılması, proqramların təkmilləşdirilməsi və s.) həyata keçirilməsini təmin etmələridir.

Yeni maliyyələşmə mexanizminin  tətbiqinin üstünlüklərini qeyd edən nazir daha sonra bu məsələnin öz müsbət  həllini tapması ilə bağlı bir sıra təklifləri kollegiya iştirakçılarının diqqətinə çatdırdı. Verilən təkliflərdə dövlət sifarişi əsasında təhsilalanlar üçün müəyyənləşdirilmiş məbləğin artırılması; paytaxtdan  kənarda yerləşən ali məktəblər üçün dövlət sifarişi ilə müsabiqə balının ayrıca müəyyənləşdirilməsi; dövlət əhəmiyyətli ixtisaslara dövlət sifarişi ilə qəbul zamanı müsabiqə ballarının  müəyyənləşdirilməsinə fərdi yanaşılması; ayrı-ayrı ali məktəblərə qəbul planı müəyyənləşdirilərkən əvvəlki ilin dövlət sifarişi ilə bağlı qəbulunun nəticələrinin nəzərə alınması; ali məktəblərin ayrı-ayrı ixtisaslarına ödənişli əsaslarla qəbul olunan tələbələrin təhsil haqqının həmin ixtisasın dövlət sifarişinə ayrılmış ödəniş həcminin 60 %-dən az olmayaraq müəyyənləşdirilməsi; ali məktəblərin bəzi ixtisaslarına olan inhisarçılığın aradan qaldırılması; ödənişli əsaslarla qəbul olan məcburi köçkünlərin təhsil haqlarının müvafiq komitə tərəfindən ödənilməsi; dövlət sifarişi üzrə qəbulda müsabiqə ballarının ixtisas qrupları üzrə deyil, eyniyönümlü ixtisaslar üzrə müəyyənləşdirilməsi (məsələn, kənd təsərrüfatı, texnologiya, neft, aviasiya və s.); özəl ali məktəblərin dövlət sifarişində iştirakının stimullaşdırılması; büdcədənkənar vəsaitlərin 4 xərc maddəsi üzrə, gələcəkdə isə ümumi məbləğ səviyyəsində planlaşdırılması,ilin sonuna qalan vəsaitlərin növbəti ilə keçirilməsi və bu vəsaitlərin xərclənməsində ali məktəblərin səlahiyyətlərinin artırılması məsələləri öz əksini tapmışdı.

Çıxışının sonunda nazir Misir Mərdanov ali məktəblərin rektorlarına yeni maliyyələşmə mexanizminin tətbiqinin uğurla həyata keçirilməsində fəallıq göstərməyə, bu işə olduqca məsuliyyətlə yanaşmağı tövsiyə etdi.

Sonra məruzə ətrafında çıxışlar oldu.

Maliyyə naziri Samir Şərifov belə bir mövzuda kollegiya iclasının keçirilməsini təqdirəlayiq hal olduğunu deyərək müzakirə olunan məsələnin vacibliyini  önə çəkdi. Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinin üstünlüklərinə toxunan maliyyə naziri bununla bağlı bir sıra məsələlərə aydınlıq gətirdi.

İqtisadi inkişaf naziri Şahin Mustafayev bu sahədə daha mükəmməl nəticə əldə etmək üçün beynəlxalq təcrübənin öyrənilməsinin də zəruriliyini qeyd edərək  burada təqdim olunan statistik rəqəmlərlə bağlı öz fikir və mülahizələrini söylədi.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə tədrisdə keyfiyyət və bu keyfiyyətin qəbul prosesində necə təmin edilməsi, ən başlıcası isə yeni maliyyələşmə mexanizminin tətbiqinin son nəticədə keyfiyyətə necə təsir göstərə bilməsindən söz açdı. M.Abbaszadə həmçinin qeyd etdi ki, yaxşı olar, cari  ilin sonuna kimi qəbul  planının  layihəsi onlara təqdim olunsun. Bildirdi ki, planın tez verilməsi  abituriyentlərin və onların valideynlərinin bu haqda vaxtında  ətraflı məlumat almasına imkan verər.

Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında  təhsil sahəsində aparılan məqsədyönlu işlərdən danışdı. Təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan söz açan şöbə müdiri müzakirə olunan məsələnin uğurlu həllinin nəticə etibarı ilə ali təhsilimizin keyfiyyətinin yüksəldilməsinə, onun yeniləşməsinə imkan yaradacağını dedi. 

Çıxışlarda həmçinin ayrı-ayrı ixtisaslar üzrə vəsaitlərin müəyyənləşdirilməsi qaydasının təkmilləşdirilməsi, ali məktəblərə vəsaitlərin səmərəli xərclənməsi baxımından zəruri köməkliyin göstərilməsi, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı abituriyentlər və tələbələr arasında müvafiq maarifləndirmə işlərinə diqqətin artırılmasının vacibliyi qeyd olundu.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən kollegiya iclasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov, Azərbaycan  Tibb Universitetinin rektoru  Əhliman Əmiraslanov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev,  Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi , Aqrar Universitetinin rektoru Mirdamət Sadıqov və başqaları söz alaraq yeni maliyyələşmə mexanizminin tətbiqi vəziyyəti barədə fikirlərini bildirdilər, bir sıra təkliflərlə çıxış etdilər.

İclası  yekunlaşdıran təhsil naziri Misir Mərdanov mövzu ətrafında aparılan müzakirələrin hər bir iştirakçı üçün faydalı olduğunu, yeni maliyyələşmə mexanizminin uğurla həyata keçirilməsinə imkan və şərait yaradacağına ümid etdiyini bildirdi.

Kollegiya iclasının sonunda qərara alındı ki, mövcud problemlərin həlli yolları axtarılmalı, təhlil edilməlidir. Bunun üçünsə aidiyyəti nazirliklərin mütəxəssislərindən ibarət işçi qrupu birlikdə işləyib, növbəti ilə proqnoz hazırlamaqdan ötrü təkliflər irəli sürməli və müzakirəyə təqdim etməlidirlər.

 

 

Samirə KƏRİMOVA

 

         Azərbaycan müəllimi.- 2010.-29 oktyabr.- S.1, 2.