Veteran müəllimlərin çağırışçı
gənclərlə görüşü
Bu günlərdə Sumqayıt şəhərinin ümumtəhsil məktəblərində çalışan veteran müəllimlər Hərbi Komissarlıqda
çağırışçı
gənclər və onların valideynləri ilə görüşüblər.
Tədbirdə Sumqayıt Şəhər Təhsil İşçiləri Veteranlar Şurasının sədri Məşdi Zeynalov, şəhər müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranlar şurasının sədri, 15 nömrəli məktəbin alman dili müəllimi, əməkdar müəllim Leyla Qasımzadə çağırışçı gənclər qarşısında Vətənə məhəbbət, torpağa bağlılıq, düşmənə nifrət ruhlu çıxış ediblər.
Görüşdə Təbiət Elmləri Gimnaziyasının müəllimi, şair-publisist Mir Sabir Nağıyev "Oxu, Qarabağın şikəstəsini", 12 nömrəli orta məktəbin müəllimi Məlahət Şəfiyeva "Azərbaycan ordusu" adlı şeirlərini söyləyiblər, 29 nömrəli məktəbin tarix müəllimi Qiyas Mustafayev isə Azərbaycanın qəhrəman oğullarının keçdiyi rəşadətli döyüş yollarından ətraflı söhbət açıb.
Tədbirdə iştirak edən veteranlardan 17 nömrəli orta məktəbin müəllimi Həsən Həsənov, 8 nömrəli məktəbin müəllimi Əbdül Fərəcov və başqaları çıxışlarında hərbi xidmətə yola düşən gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Veteranların çağırışçı gənclərlə olan bu görüşünü Sumqayıt Şəhər Hərbi Komissarlığının əməkdaşları və valideynlər böyük razılıq hissi ilə qarşılayıblar.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.1.