Azərbaycanın Milli Qəhrəmanları

 

Həsənov Tabil Qasım oğlu

 

1960-cı il iyulun 4-də Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdu. 1977-cı ildə kəndlərindəki  orta məktəbi bitirmişdi. O, 1980-cı ildə hərbi xidmətə çağırılmışdı. 1982-cı ildə Qazaxıstan Respublikasında əsgəri xidmətini başa çatdırıb doğulduğu Kosalara qayıdaraq kənd rabitə şöbəsində əmək fəaliyyətinə başlamışdı. Azərbaycan torpaqlarına erməni işğalçıları  hücum etdikləri zaman isə o da canından çox istədiyi doğma Vətənin müdafiəsinə qalxmışdı.

1991-ci il dekabrın 15-də ermənilər dörd tərəfdən Ağdamın Cəmilli kəndinə qəfil hücuma keçərkən Tabil öz dəstəsi ilə düşmənin qarşısına çıxmışdı. O, dəstə üzvləri ilə Meşəli kəndində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək kəndi azad etmişdi.

1992-ci il martın 29-da ermənilər Daşaşıran istiqamətindən Kosalara hücum edərkən Tabil çoxlu sayda erməni yaraqlısını məhv etmiş özü   bu döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə Həsənov Tabil Qasım oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Kosalar kəndində dəfn olunub.

 

Hümbətov Fərhad Qəmbər oğlu

 

1968-ci il sentyabrın 10-da Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdu.1983-cü ildə kəndlərindəki orta məktəbin səkkizinci sinfini bitirmiş və Hamamlı ( Spitak) rayonundakı texniki peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdi. 1986-cı ildə ordu sıralarına çağırılmış, hərbi xidməti əvvəlcə Çitada,  sonra isə Monqolustanda keçmişdi. 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdu. Bir müddət sonra məlum səbəblərdən ailə üzvləri ilə birlikdə Bakıya köçən Fərhad 1991-ci ilin oktyabrında cəbhəyə yollanaraq, könüllülərdən ibarət olan Şıx batalyonunda döyüşə başlamışdı. 1992-ci ilin martında Kosalar, Xankəndi istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşmuşdu.

F.Hümbətov elə həmin il martın 29-da Xankəndi yaxınlığında gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Hümbətov Fərhad Qəmbər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtın Binəqədi rayonunda adına park salınmış və orada büstü qoyulub.

 

Hüseynov Vüqar Tofiq oğlu

 

1969-cu il iyunun 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdu. 1986-cı ildə kəndlərindəki orta məktəbi bitirdikdən sonra Bakıdakı 14 nömrəli texniki peşə məktəbində elektrik qaynaqçısı sənətinə yiyələnmişdi. 1987-ci ildə ordu sıralarına çağırılmış və 1989-cu ildə hərbi xidmətini başa çatdıraraq Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlamışdı.

Azərbaycanın Qarabağ bölgəsində erməni qəsbkarlarının törətdikləri cinayətlərə dözə bilməyən Vüqar 1990-cı ilin oktyabrında DİN-in xüsusi təyinatlı polis dəstəsinə yazılmışdı. Xocalıda, Çaykənddə rəşadətlə vuruşmuşdu.

1991-ci il iyulun 20-də Goranboy rayonunun Buzluq kəndi uğrunda gedən döyüşdə V.Hüseynov qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Doğulduğu Daşkəsən kəndində dəfn olunub.

 

Hüseynov Elman Süleyman oğlu

 

1952-ci il fevralın 28-də Tərtər rayonunun İlxıçılar kəndində dünyaya gəlmişdi. 1968-ci ildə Qaraqoyunlu kənd orta məktəbini bitirmiş elə həmin il Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdu. 1973-cü ildə institutu bitirərək zabit kimi Gürcüstana hərbi xidmətə göndərilmişdi. O, 1975-ci ildə ordudan tərxis olunduqdan sonra doğma rayonlarinda müxtəlif vəzifələrdə çalışmışdı. Elman 1991-ci il sentyabrın 22-də Tərtər rayonunda könüllülərdən  ibarət  ərazi  özünümüdafiə qərargahı yaradaraq, özü  qərargahın  rəisi  olmuşdu. 1991-ci il noyabrın 12-də "Tərtər" batalyonuna komandir təyin edilmişdi. Ağdərə, Seysulan,  Yarımca,  Həsənqaya, Ortakənd, Çıldıran digər kəndlərin ermənilərdən təmizlənməsi uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu.

E.Hüseynov 1993-cü il yanvarın 14-də Vəng kəndinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Evli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn olunub. Tərtər şəhərindəki küçələrdən biri onun adını daşıyır və orada büstü qoyulub.

 

Hüseynov Elşad Eynulla oğlu

 

1960-cı il oktyabrın 8-də Masallı rayonunun Xıl kəndində anadan olmuşdu. 1978-ci ildə kəndlərindəki orta məktəbi bitirdikdən bir il sonra hərbi xidmətə çağırılmış və Batumi şəhərində qulluq etmişdi. 1981-ci ildə ordudan tərxis olunduqdan sonra vətənə dönmüş və Bakının Səbail rayonunda DİŞ-in nəzdindəki mühafizə dəstəsində milis nəfəri kimi işə qəbul olunmuşdu. Elşad 1986-cı ildə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin qiyabi şöbəsinə daxil olmuş və 1989-cu ildə təhsilini başa vurmuşdu. 1991-ci ildən müntəzəm olaraq cəbhə bölgəsinə getməyə başlamışdı. Füzuli və Tərtər bölgələrində olmuş, Marağa, Cuvarlı, Marquşevan, Ağbulaq kəndlərinin düşməndən azad olunmasında şücaət göstərmişdi.

E.Hüseynov 1992-ci il iyunun 15-də Ağdam istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Hüseynov Elşad Eynulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Masallı rayonunda adına küçə var. Rayonun Xıl kəndində büstü qoyulub.

 

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin materialları əsasında hazırladı: Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 9 sentyabr.- S.8.