Təhsil işçilərinin respublika konfransı
keçirildi
Sentyabrın 4-də paytaxtın
"Gülüstan" sarayında təhsil işçilərinin
ənənəvi respublika konfransı keçirildi.
Konfrans iştirakçıları əvvəlcə Fəxri
xiyabana gələrək, xalqımızın ümummilli
lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb məzarı
önünə tər güllər qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi yad olunaraq məzarı
üstünə gül dəstəsi düzüldü.
Sonra təhsil işçiləri Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini yad etdilər.
Konfransda Milli Məclis sədrinin I müavini Ziyafət
Əsgərov, Prezident Administrasiyasının Humanitar siyasət
məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə,
Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli
Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili Səttar
Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə,
deputatlar, təhsil nazirinin müavinləri, nazirliyin struktur
bölmələrinin rəhbərləri, Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq qurumların təmsilçiləri,
ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri,
şəhər və rayon təhsil idarəsi və
şöbələrinin müdirləri, Təhsil Nazirliyinə
birbaşa tabe olan lisey və gimnaziyaların, paytaxtın bir
sıra qabaqcıl orta məktəblərinin direktorları,
elmi-pedaqoji ictimaiyyətin nümayəndələri, 2010-cu ildə
keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin
qalibləri, KİV əməkdaşları iştirak edirdilər.
Konfransı aparan Azərbaycan Milli Konservatoriyası tərkibində
İncəsənət Gimnaziyasının şagirdləri tədbiri
açıq elan etdikdən sonra məktəblilərin
ifasında Azərbaycan Respublikasının Dövlət himni
səsləndi. Təhsil sahəsində dövlət siyasətini
əks etdirən videoçarx nümayiş etdirildi.
Sonra "2009-2010-cu dərs ilinin yekunları və
2010-2011-ci dərs ilində qarşıda duran vəzifələr"
mövzusunda məruzə-təqdimat üçün söz təhsil
naziri Misir Mərdanova verildi.
Çıxışına
zala toplaşmış çoxsaylı qonaqları və təhsil
işçilərini salamlamaqla başlayan təhsil naziri
konfrans iştirakçılarına nümayiş etdirilmək
üçün əhatəli təqdimat
hazırlandığını, lakin çox geniş
olduğundan onu bütövlükdə göstərməklə
bəzi mühüm məqamları üzərində
dayanacağını bildirdi.
Konfrans
iştirakçılarının diqqətini öncə
2009-2010-cu dərs ilinin mühüm hadisələrinə cəlb
edən təhsil naziri hər tədris ilində olduğu kimi,
ötən tədris ilinin də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə
diqqət və qayğısı, dövlət siyasətində
təhsilin əsas prioritet təşkil etməsi ilə yadda
qaldığını söylədi. Nazir ötən tədris
ili ərzində ölkə Prezidenti tərəfindən təhsillə
bağlı 45 sərəncam və 3 fərmanın
imzalanmasını, 470 təhsil işçisinin müxtəlif
fəxri adlara layiq görülməsini təhsilə, təhsil
işçilərinə göstərilən
qayğının bariz nümunəsi kimi qiymətləndirib,
bütün bunlara görə ölkə
başçısına təhsil işçiləri
adından minnətdarlığını bildirdi.
Təhsil naziri "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə ölkə Prezidentinin 5 sentyabr 2009-cu
il tarixdə imzaladığı fərmanını, Bakı
Dövlət Universitetinin 90, Azərbaycan Dövlət Aqrar
Universitetinin və Azərbaycan Müəllimlər
İnstitutunun 80 illik yubileylərinin, Bakı şəhərində
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının
keçirilməsini, Azərbaycan Tibb Universitetinin, Dövlət
Bədən Tərbiyəsi və İdman
Akademiyasının, İqtisad Universitetinin 80 illik yubileylərinin
keçirilməsi, ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə, "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqələrinin qaliblərinin
mükafatlandırılması haqqında Prezidentin fərman və
sərəncamlarını ötən tədris ilinin
mühüm hadisələri sırasında xüsusi qeyd etdi.
Artıq
üçüncü ildir ki, keçirilən müsabiqələrin
nəticələri barədə ətraflı məlumat verən
nazir müsabiqə qaliblərinin, bu mötəbər
yarışmada fəallıq göstərən və onda
iştirak etməyən rayon və şəhərlərin
adları ilə konfrans iştirakçılarını
tanış etdi.
Nazir vurğuladı ki,
təhsilin inkişafı Nazirlər Kabinetinin fəaliyyətində
də əsas prioritetlərdən biri olmuş, 2009-2010-cu dərs
ilində hökumət tərəfindən təhsillə
bağlı 25 qərar imzalanmışdır. Həmin qərarların
adları və qısa məzmunları konfrans
iştirakçılarına təqdim olundu. Nazir hökumətin
müvafiq qərarı ilə bir sıra ölkələrdə
dövlət xətti ilə təhsil alan tələbə,
aspirant və doktorantların təqaüdlərinin
artırıldığını diqqətə
çatdırdı.
Təhsil naziri məruzə-təqdimatında
daha sonra ötən dərs ilinin mühüm göstəriciləri
üzərində dayandı. Ölkə büdcəsində
2010-cu ildə təhsilə ayrılan xərclərin ötənilkinə
nisbətən 10 faiz artırılaraq 1,276 milyard manat təşkil
etməsini təhsilimizin inkişafına yönəlmiş ən
ciddi addımlardan biri kimi dəyərləndirdi. Qeyd etdi ki,
investisiyaların həcmi də artaraq 2009-cu ildəki 63,7 milyon
manata qarşı 2010-cu ildə 71,4 milyon manat təşkil
etmişdir. Təhsil işçilərinin orta aylıq əməkhaqqının
artımını, bir ildə bir təhsilalana düşən
xərclərin inkişaf dinamikasını əks etdirən
qrafik və diaqramlar nümayiş olundu. Məlum oldu ki,
dövlət məktəbəqədər təhsil müəssisələrində
bir təhsilalana düşən xərc 2008-ci ildə 703,
2009-cu ildə 810 manat olmuşsa, 2010-cu ildə 816 manat təşkil
etmişdir. Halbuki ayrı-ayrı özəl məktəbəqədər
müəssisələr üzrə bu rəqəm 400-750 manat
arasında dəyişir. Dövlət ümumi təhsil
müəssisələrində həmin göstərici
müqayisə olunan illər üzrə müvafiq şəkildə
420, 545 və 550 manat təşkil etmişdir. Özəl
ümumi təhsil müəssisələrində isə bir təhsilalana
düşən illik xərclər xeyli yüksək olub
4000-4800, (Qərb Universitetinin nəzdindəki ümumtəhsil
məktəbi), 7000 ("Odlar Yurdu" Universitetinin nəzdindəki
ümumtəhsil məktəbi), 8000 (Müasir Təhsil
Kompleksi), 6000 (XXI əsr ÜTM), 9000 (Günar MMC-nin ümumtəhsil
məktəbi) manatdır.
Texniki peşə təhsili
müəssisələrində bir təhsilalana dövlət
2008-ci ildə əgər 943 manat xərc çəkmişdirsə,
2009-cu ildə həmin rəqəm 1108, 2010-cu ildə isə
1133 manat olmuşdur. Müqayisə olunan illərdə orta
ixtisas təhsili müəssisələrində bir təhsilalana
düşən xərclər 566, 741 və 750, dövlət
ali təhsil müəssisələrində isə 986, 1358 və
1548 manat olmuşdur.
Misir Mərdanov məruzə-təqdimatında
təhsilin hər pilləsi üzrə bəzi statistik rəqəmlər,
görülmüş işlər, mövcud problemlər və
qarşıda duran vəzifələr haqqında konfrans
iştirakçılarına ətraflı məlumat verdi. Öncə
dövlət və özəl məktəbəqədər təhsil
müəssisələri ilə bağlı statistik rəqəmlər
nümayiş olundu. Nazir qeyd etdi ki, hazırda ölkəmizdə
dövlətə məxsus 1624 məktəbəqədər təhsil
müəssisəsi fəaliyyət göstərir. Ötən
illə müqayisədə onların sayının 17 vahid
artdığını bildirən təhsil naziri bu
artımı son vaxtlar xeyli bağçanın tikilərək
istifadəyə verilməsi ilə əlaqələndirdi.
Özəl uşaq bağçalarının sayının
da artdığı qeyd olundu. Belə ki, əgər 2009-cu ildə
ölkədə cəmi 5 özəl məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərmişdirsə,
bu il onların sayı 16-ya çatmışdır.
Nazir daha sonra Azərbaycan
Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli Sərəncamı
ilə təsdiq olunmuş "Məktəbəqədər təhsilin
yeniləşdirilməsi Proqramı"nda nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi haqqında
məlumat verərək bildirdi ki, proqramın icrasına
2010-cu ildə 5,0 milyon manat vəsait ayrılması nəzərdə
tutulmuş, il ərzində 3 yeni uşaq bağçası
tikilib istifadəyə verilmiş, 6 müəssisə əsaslı
təmir edilmiş, 32 müəssisədə cari təmir
işləri aparılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində
Bakı şəhərində bağçalara cəlb
olunmuş uşaqların sayı 8601 nəfər
artmış, təhsilin bu pilləsi üzrə əhatə
səviyyəsi 26 faizi ötmüşdür.
Nazir Heydər Əliyev
Fondunun bu sahədəki xidmətlərini xüsusi qeyd etdi,
dövlət vəsaiti hesabına və Fondun dəstəyi ilə
tikilmiş və təmir olunmuş uşaq
bağçalarından fotogörüntülər
nümayiş etdirildi.
Məktəbəqədər
təhsil müəssisələrinin tədris vəsaitləri
ilə təminatına toxunan nazir bildirdi ki, 2010-cu ildə 14
adda 39900 ədəd masaüstü oyun və 300 ədəd
yeni təlim vəsaiti hazırlanaraq məktəbəqədər
təhsil müəssisələrinə
çatdırılmışdır. Nazir habelə məktəbəqədər
təhsil müəssisəsi olmayan yaşayış məntəqələrində
yeni müəssisələrin inşası ilə
bağlı investisiya Proqramının
hazırlandığını, "Beşyaşlıların
qısamüddətli təlim qruplarında məktəbə
hazırlanması üçün proqram" və
"Valideynlərin maarifləndirilməsi
proqramı"nın həyata keçirilməsi ilə
bağlı 6 pilot rayonunda müvafiq treninqlər
keçirildiyini diqqətə çatdırdı.
Təhsil naziri məktəbəqədər
təhsil sahəsindəki problemlərdən danışaraq
dedi ki, məktəbəqədər təhsil müəssisələrinin
maddi-texniki bazası zəifdir,
1173 müəssisənin əsaslı təmirə ehtiyacı
var. 362 məktəbəqədər təhsil müəssisəsində
7998 nəfərdən ibarət 1768 məcburi
köçkün ailəsi məskunlaşıb. Hazırda məktəbəqədər
müəssisələrə uşaqların cəlb
olunması sahəsindəki vəziyyətin onu daha çox
narahat etdiyini söyləyən nazir bildirdi ki, bu sahədəki
ən mühüm problem ölkədəki mövcud 3532
yaşayış məntəqəsindən 2667-də (75,5%) məktəbəqədər
təhsil müəssisəsinin olmamasıdır. Problemin daha
kəskin müşahidə edildiyi rayonların adlarını
göstərən cədvəl konfrans
iştirakçılarının diqqətinə
çatdırıldı. Problemlər sırasında nazir məktəbəqədər
təhsil müəssisəsində 1 gün ərzində 1
uşağın qidalanması üçün ayrılan vəsaitlərin
normadan az, pedaqoji heyətin əməkhaqqının
aşağı olmasını
qeyd edib qarşıda duran vəzifələrdən
danışdı.
Təhsil nazirinin məruzə-təqdimatında
təhsilin ən mühüm pillələrindən biri olan
ümumi təhsilin inkişafı yönündə
görülmüş işlər və bu sahədəki
mövcud problemlər də ətraflı təhlil olundu. Nazir
öncə sahə ilə bağlı statistikanı diqqətə
çatdırdı. Qeyd etdi ki, 2010-2011-ci dərs ilində
ölkə üzrə 4529 ümumtəhsil məktəbində
1352500 nəfər şagird oxuyacaq. Nazir bu
il ümumtəhsil məktəblərinin I siniflərinə qəbul
olunacaq şagirdlərin sayında 2 mindən çox artım
gözlənildiyini diqqətə çatdırdı. Məktəb
infrastrukturunun inkişafı yönündə
görülmüş işlərə diqqəti yönəldən
nazir bildirdi ki, 2010-cu ildə 17434 yerlik 49
yeni məktəb inşa edilib, 10 məktəb
üçün 1418 yerlik əlavə korpuslar tikilib, 7 məktəb
əsaslı təmir olunub. 356 məktəbdə təmir
işləri aparılıb, 6980 yerlik 25 yeni məktəb
binasının tikintisinə başlanıb.
Son illər məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri olduğunu
söyləyən təhsil naziri 2010-cu ildə Fondun təşəbbüsü
ilə 1100 yerlik 2 yeni məktəb binasının,
Gürcüstanda azərbaycanlı
soydaşlarımızın
yaşadığı bölgələrdə 3 yeni məktəbin
tikilib istifadəyə verildiyini diqqətə
çatdırdı.
Nazir məktəblərin
avadanlıqla təminatı sahəsində görülən
işlərdən də danışıb, 2010-cu ildə bu məqsədlər
üçün 3,2 milyon manat vəsait nəzərdə
tutulduğunu, 64 rayon təhsil şöbəsinə ümumtəhsil
məktəbləri üçün 27414 parta, 2315 yazı
lövhəsi, 4313 müəllim masası, 7662 müəllim stolu
verildiyini, laboratoriyalarla təminat üçün 1,9 milyon
manat vəsait ayrıldığını, həmin vəsait
hesabına 115 məktəbin müasir kimya və fizika
laboratoriyaları ilə təmin edildiyini, ayrılmış
941 min manat vəsait hesabına 66 məktəbin
kitabxanasının zəruri avadanlıqla təchiz
olunduğunu diqqətə çatdırdı. Problemlərə
toxunan nazir bildirdi ki, hazırda ölkə üzrə 262 məktəb
qəza vəziyyətindədir, 872 məktəbin isə əsaslı
təmirə ehtiyacı var. Ən ciddi problemlərdən
birinin məktəb şəbəkəsinin
rasionallaşdırılması ilə bağlı olduğunu
söyləyən təhsil naziri konfrans
iştirakçılarının diqqətini bu sahədəki
vəziyyəti əks etdirən slayda cəlb etdi.
Nümayiş olunan diaqramdan bəlli oldu ki, hazırda ölkədə
şagirdlərin sayı 30-dək olan 315 ibtidai, 89 ümumi
orta və 9 tam orta məktəb var. Şagirdlərin sayı
31-dən 50-dək olan məktəblərin sayı müvafiq
olaraq 38, 154 və 74, 51-dən 100-dək olanlar isə 9, 325 və
323-dür. Nazir bu istiqamətdə artıq müəyyən
işlərin aparıldığını diqqətə
çatdırdı.
Daha sonra təhsil naziri
kurikulum islahatının gedişi barədə məlumat verərək
bildirdi ki, iki ildir yeni kurikulumlar
tətbiq olunur. Bü il islahat III sinifləri əhatə edəcək.
Yeni kurikulumların tətbiqi ilə əlaqədar 2010-2011-ci
tədris ilində I siniflərdə işləyən 9 minədək
müəllim xüsusi proqram əsasında öyrədici təlim
kurslarından keçirilmiş və nümunəvi tədris
materialları ilə təmin edilmişdir. Yeni kurikulumların
tətbiqini son 100 ildə təhsil tariximizdə ən əhəmiyyətli
hadisələrdən biri adlandıran nazir onun tətbiqi ilə
bağlı yaranmış müsbət dəyişikliklərə
diqqəti yönəldib, ötən dərs ilində V-XI
siniflər üzrə 9 fəndən kurikulum layihələrinin
hazırlandığını, Milli Kurikuluma müvafiq olaraq 3
pilot məktəbində həndəsə və cəbrin
inteqrativ proqramla riyaziyyat fənni kimi tədrisi layihəsinə
başlandığını söylədi, xarici dillərin
intensiv tədrisi barədə məlumat verdi.
Məruzə-təqdimatında
ümumtəhsil pilləsində tətbiq olunan yeni qiymətləndirmə
sistemi haqqında da söz açan təhsil naziri Nazirlər
Kabinetinin 13 yanvar 2009-cu il tarixli qərarı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil
sistemində Qiymətləndirmə Konsepsiyası"na
uyğun olaraq məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə
sahələrində işlərin davam etdirildiyini,
konsepsiyanın müddəaları əsas tutulmaqla ümumtəhsil
məktəblərində, peşə liseylərində
buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə
keçirilməsi haqqında yeni qaydaların hazırlanaraq Ədliyyə
Nazirliyi tərəfindən qeydiyyata
alındığını, yeni məktəbdaxili qiymətləndirmə
qaydalarının, qiymətləndirmə vasitələrinin
hazırlandığını qeyd etdi. Bildirdi ki, 2009-2010-cu dərs
ilində təhsil tariximizdə ilk dəfə olaraq ümumtəhsil
məktəblərində və peşə liseylərində
ümumi orta və tam orta təhsil səviyyələri
üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş
qaydada keçirilmişdir. Nazir həmin imtahanların bəzi
ümumi nəticələri, habelə milli və beynəlxalq
qiymətləndirmə sahəsində görülmüş
işlər və qarşıda duran vəzifələrlə
konfrans iştirakçılarını tanış etdi.
Təhsil naziri 2010-cu ildə
ali məktəblərə qəbulun ilkin nəticələri
barədə təqdimatında söz açaraq bəzi
göstəricilər üzrə aparılmış təhlilləri
diqqətə çatdırdı. Qeyd etdi ki, ötən illə
müqayisədə bu il qəbul imtahanlarında 0-100 bal
toplayan abituriyentlərin sayında hissolunacaq azalma baş verib.
Əgər ötən il belələri imtahan verənlərin
31,48 faizini təşkil edirdisə, bu il həmin göstərici
28,12 faizə enib. 100-200 intervalında bal toplayanların da
sayı təxminən 1 faiz azalıb. 300-500 və 500-700
arasında bal toplayanların sayı isə müvafiq olaraq
21,23 faizdən 23,03 faizə və 6,40 faizdən 8,58 faizədək
artıb. Əgər ötən il 996 abituriyent 600-dən
çox bal toplamışdırsa, bu il onların sayı
artaraq 1365 olub.
Xüsusi qeyd olundu ki, qəbul
imtahanlarında 300-dən çox bal toplayan abituriyentlərin
sayı artaraq 2009-cu ildəki 20,70 faizə qarşı 2010-cu
ildə 31,62 faiz olub. Orta bal göstəricilərini, əlaçı
abituriyentlərin nəticələrini, Bakı şəhəri
üzrə ali məktəblərə qəbul göstəricilərini
əks etdirən diaqramlar, 700 bal toplamış abituriyentlər
haqqında məlumatlar konfrans
iştirakçılarının diqqətinə çatdırıldı.
Nazir istedadlı
şagirdlərlə aparılmış işlərlə də
tədbir iştirakçılarını tanış edərək
bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 17 aprel
2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş, "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006-2010-cu illər)" üzrə işlər
davam etdirilmiş, Gəncə, Mingəçevir, Sumqayıt,
Şirvan şəhərləri və Quba, Ağdaş, Şəki,
Lənkəran rayonlarının seçilmiş 8 məktəbinin
bazasında istedadlı şagirdlər üçün lisey
sinfi təşkil edilmişdir. Qeyd olundu ki, 2010-cu il aprelin 27-dən
mayın 3-dək Bakı şəhərində məktəblilərin
kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası
keçirilmiş, həmin yarışlarda Azərbaycan
komandası 1 qızıl və 3 bürünc medal almışdır.
2009-cu ilin 3-10 dekabr tarixlərində Bakıda keçirilən
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasında
iştirak etmiş 12 azərbaycanlı məktəblidən də
2-si gümüş, 7-si isə bürünc medal
qazanmışdır. 2010-cu ildə dünya fənn
olimpiadalarında Azərbaycan məktəbliləri 5
gümüş və 6 bürünc medal əldə
etmişlər.
Təhsil sahəsində
həyata keçirilən digər bir proqrama -
De-institutlaşdırma proqramına da toxunan nazir 2010-cu ildə
proqramın icrasına 645 min manat vəsait
ayrıldığını, Nazirlər Kabinetinin qərarı
ilə Təhsil Nazirliyinin nəzdində Uşaqların
Müdafiəsi İdarəsinin
yaradıldığını, dövlət uşaq müəssisələrinin
transformasiyası üzrə Baş plana əsasən bir
sıra müəssisələrin nəzdində
reabilitasiya-inkişaf və günərzi qayğı mərkəzlərinin,
uşaq "qaynar xətt" xidmətinin yaradıldığını
diqqətə çatdırdı, bu sahədə həyata
keçirilən layihələr barədə məlumat verdi.
Məruzə-təqdimatın
dərslik siyasəti bölümündə nazir 2010-2011-ci tədris
ili üçün 127 adda 4641700 nüsxə dərslik və
müəllim üçün metodik vəsaitin çap
olunduğunu dedi. Bildirdi ki, yeni kurikulum tətbiq edilən III
siniflər üçün 40 adda 1088250 nüsxə dərslik
və müəllim üçün metodik vəsait, I, VI və
VIII-XI siniflər üçünsə 70 adda 3417800 nüsxə
dərslik və 1 adda 600 nüsxə müəllim
üçün metodik vəsait çap olunmuşdur.
Yeni çap olunmuş dərsliklərin
və vəsaitlərin fotogörüntüləri konfrans
iştirakçılarına nümayiş olundu.
Təhsil naziri təhsil
müəssisələrinin pedaqoji kadrlarla təminatı sahəsində
görülmüş işlərdən də bəhs edərək
Nazirlər Kabinetinin qərarına əsasən 2010-2011-ci tədris
ilinə ucqar kənd məktəblərindəki vakant yerlərə
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə
800 nəfər gənc mütəxəssis göndərildiyini,
respublikanın ümumtəhsil məktəblərinə
müəllimlərin işə qəbulu sahəsində yeni
mexanizmlərin tətbiqinə başlandığını,
cari dərs ilində ölkə üzrə müəllimlərin
işə qəbulunun elektron vasitələr əsasında
iki mərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla
həyata keçirildiyini, görülən tədbirlər nəticəsində
müəllimlərin sayının ölkə üzrə 173
mindən 168 minə endiyini söylədi. Nazir onu da bildirdi ki,
xüsusi proqram təminatı hazırlanmaqla Bakı şəhərinin
ümumtəhsil məktəblərindəki 197,
respublikanın digər şəhər və
rayonlarının məktəblərində 89 vakant yerə
hazırda müəllimlərin işə qəbulu
aparılır. Nazir bu sahədə də bəzi problemlərin
olduğunu, belə ki, bir stavkadan aşağı dərs
saatı ilə işləyən müəllimlərin
sayının 21,5 faiz təşkil etdiyini, müəllim-şagird
nisbətinin ildən-ilə aşağı
düşdüyünü, müəllimlərin müəyyən
hissəsinin peşəkarlıq səviyyəsinin
aşağı olduğunu söyləyib həmin problemlərin
aradan qaldırılmasının qarşıda mühüm vəzifələr
kimi durduğunu vurğuladı.
Sonra ekranda məktəbdənkənar
təhsil müəssisələrinin mövcud durumunu əks
etdirən statistik göstəricilər nümayiş olundu. Bu
sahədə görülən işlərdən
danışan nazir bir sıra bölgələrdə yeni
şahmat və idman məktəblərinin tikildiyini və təmir
olunduğunu, 2010-cu ilin I rübündə dünya və
Avropa birinciliklərində şahmat üzrə 10 medal (5 qızıl, 3 gümüş, 2
bürünc), idman məktəblərinin isə 112 medal
qazandığını qeyd etdi. Fəxrlə bildirdi ki, dünyanın
ən güclü 20 şahmatçısından 3-ü Azərbaycan
şahmatçısıdır. Azərbaycan
dünyanın ən güclü 10 şahmat ölkəsi
siyahısına daxil olmuşdur.
Məruzə-təqdimatında
ölkədə həyata keçirilən təhsil siyasətinin
ən vacib istiqamətlərindən birinin təhsil sisteminin
informasiyalaşdırılması olduğunu vurğulayan Misir
Mərdanov bu sahədə həyata keçirilən proqramlar,
əldə olunmuş uğurlar və görüləsi
işlər barədə də geniş məlumat verdi. Nazir
bildirdi ki, bu sahədə artıq ikinci proqram həyata
keçirilir. 2010-cu ildə proqramın icrasına ümumilikdə
16414358 manat vəsait ayrılmışdır. "Elektron məktəb"
layihəsində iştirak edən 20 ümumtəhsil məktəbinə
300 yeni NEXSUS markalı fərdi kompüter, 336 ədəd
(Dövlət Proqramı çərçivəsində 236,
"İntel" Korporasiyası tərəfindən 100 ədəd)
netbuk verilmiş, həmin məktəblər fiberoptik kabel
vasitəsi ilə "Azərbaycan təhsil şəbəkəsi"nə
qoşulmuş və onların yüksək sürətli
İnternetə və Nazirliyin Məlumat və Resurs Mərkəzinə
çıxışı təmin olunmuş, ölkənin 73
məktəbinə 200 noutbuk+proyektor dəsti paylanmışdır.
İKT üzrə savadlılığın
artırılmasına yönəlmiş kompleks tədbirlərin
həyata keçirilməsi məqsədilə ümumi təhsil
sistemi üzrə 2009-2010-cu illərdə 40180 nəfər
pedaqoji heyət, 4000 nəfər inzibati-idarəetmə heyəti,
600 nəfər texniki heyət treninqlərdən keçirilmişdir.
2009-cu ildə
başlanmış "Xalq kompüteri" layihəsi çərçivəsində
7600 müəllim sadələşmiş şərtlərlə
kompüter əldə etmişdir. Bakı, Sumqayıt şəhərləri
və Abşeron rayonu üzrə 300 təhsil müəssisəsi,
digər şəhər və rayonlar üzrə 200 təhsil
müəssisəsi olmaqla ümumilikdə 500 müəssisə
şəbəkə avadanlığı ilə təmin
olunmuş, kompüter avadanlığı üçün
32000 lisenziya proqramı alınmışdır. Nazir habelə
"Bir müəllim - bir
kompüter", "Bir şagird - 1 kompüter" layihələrinin
həyata keçirilməyə başlandığını,
təhsil portalında riyaziyyat, fizika, kimya və biologiya fənləri
üzrə 30 adda elektron tədris resurslarının yerləşdirildiyini
bildirdi. Bu sahədə qarşıda duran vəzifələri
sadalayan nazir ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə
əlavə 500 təhsil müəssisəsinin qoşulmasının,
2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər
"Elektron məktəb", 23000 nəfər pedaqoji heyətin
təlimlərə cəlb olunmasının nəzərdə
tutulduğunu diqqətə çatdırdı.
Texniki peşə təhsilindən
danışan təhsil naziri son illər təhsilin bu pilləsinə
marağın yüksəldiyini, bunun nəticəsi olaraq
2010-2011-ci dərs ilində peşə məktəbləri və
liseylərinə qəbulun artdığını bildirdi. Qeyd
etdi ki, peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramına uyğun olaraq 3 müəssisə -
4, 7 və 11 nömrəli Bakı Peşə Liseyləri əsaslı
təmir olunmuş, 2009-2010-cu dərs ilində Qəbələ
Turizm və Otelçilik üzrə Peşə-Tədris Mərkəzində
90 şagird qəbul edilməklə turizm və otelçilik
peşələri üzrə kadr hazırlığına
başlanmışdır. Belə bir mərkəzin
İsmayıllı rayonunda tikintisi başa
çatdırılmaqdadır.
Nazir texniki peşə təhsili
sahəsində həyata keçirilən proqram və layihələr
haqqında da qısa məlumat verib qarşıda duran vəzifələrdən
danışdı.
Məruzə-təqdimatda
ali və orta ixtisas təhsili sahəsində ötən və
yeni dərs ilində görülmüş və görüləcək
işlər barədə də məlumat verildi. Nazir öncə
təhsilin bu pillələrində hazırkı durumu əks
etdirən bəzi statistik rəqəmləri diqqətə
çatdırdı. Sonra görülmüş işlər təhlil
olundu. Qeyd edildi ki, Nazirlər Kabineti tərəfindən təsdiq
olunan "2010-2013-cü illərdə orta ixtisas təhsili
sisteminin islahatları üzrə Tədbirlər
Proqramı"nda sahənin inkişafı üçün
bir sıra mühüm tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Orta ixtisas təhsili müəssisələrinin
maddi-texniki bazasının yeniləşdirilməsi istiqamətində
işin gücləndirilməsi, kredit sisteminin tətbiqi ilə
bağlı aparılan eksperimentin bütün orta ixtisas təhsili
müəssisələrini əhatə etməsi və bir
sıra digər məsələlər qarşıda
mühüm vəzifələr kimi durur.
Təhsil naziri ali təhsil
sahəsində son illər baş verən yenilikləri diqqətə
çatdıraraq bildirdi ki, Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə tətbiq olunmağa
başlanmış ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizmi ali məktəblərin
inkişafına, onlar arasında sağlam rəqabət
mühitinin yaranmasına təkan verəcəkdir.
Nazir vurğuladı ki,
islahat proqramına uyğun olaraq Boloniya bəyannaməsi
çərçivəsində beynəlxalq əməkdaşlığın
inkişafı prosesində ali məktəblər haqqında
etibarlı informasiyanın alınmasını təmin etmək
məqsədi ilə respublika təhsil müəssisələrinin
reytinqini müəyyənləşdirən metodika
hazırlanmış və tətbiqinə
başlanmışdır.
Azərbaycan Dillər
Universitetinin TEMPUS proqramı üzrə Avropa Birliyinə təqdim
etdiyi 1 milyon 76 min avro dəyərində layihə qalib gəlmişdir.
Bunu Azərbaycan ali təhsilinin nailiyyəti hesab edən nazir
bildirdi ki, təhsil tariximizdə ilk dəfə olaraq ADU bu
layihədə partnyor-iştirakçı deyil, layihənin rəhbəri
(koordinatoru) kimi çıxış edəcəkdir.
2009-2010-cu illərdə ali təhsil müəssisələrinin
infrastrukturunun inkişafı sahəsində də əhəmiyyətli
işlər görüldüyünü deyən nazir
Diplomatik Akademiyanın, Azərbaycan Milli
Konservatoriyasının yeni binalarının tikintisinin davam
etdiyini, bir sıra universitetlərdə (ADAU, AMİU, ADİU)
əsaslı təmir işlərinin
aparıldığını söylədi, ali təhsil sahəsində
qarşıda duran vəzifələrdən
danışdı.
Təhsil sahəsində
beynəlxalq əməkdaşlığa da məruzəsində
toxunan nazir bildirdi ki, Avropa İttifaqı, Avropa Şurası,
İSESKO, YUNESKO, YUNİSEF, British, Council, DAAD və BMT-nin digər
ixtisaslaşmış qurumları ilə əməkdaşlıq
çərçivəsində layihə və proqramlar həyata
keçirilmişdir. Türkiyə, Rusiya, Çin, Çexiya
və s. ölkələrin Azərbaycana
ayırdığı təqaüdlər çərçivəsində
bu ölkələrin ali məktəblərinin bakalavr, mütəxəssis,
magistr, doktorantura, tibdə uzmanlıq və aspiranturasında təhsil
almaq məqsədi ilə bu günədək 816 nəfər
Azərbaycan Respublikası vətəndaşı göndərilmişdir.
Öz hesabına və
müxtəlif mübadilə proqramları çərçivəsində
isə hazırda 10 mindən artıq azərbaycanlı gənc
respublikamızdan kənarda təhsilini davam etdirir. "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xaricdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
təhsil almağa göndərilənlərin sayı isə
512-yə çatmışdır. 2010-cu ildə 200 nəfərin
xaricdə təhsilə göndərilməsi ilə əlaqədar
tədbirlər görülür.
Diqqətə
çatdırıldı ki, hazırda Azərbaycanın ali məktəblərində
6813 əcnəbi tələbə təhsil alır. Ölkənin
ali məktəblərində oxuyan əcnəbi tələbələrin
məlumat bazası yaradılmışdır.
Məruzə-təqdimatda
təhsil sənədlərinin tanınması istiqamətində
görülmüş işlərdən də söhbət
getdi, 2009-2010-cu dərs ilində tanınma ilə əlaqədar
nazirliyə 962 müraciət daxil olduğu, onlardan 753-nün
tanındığı, 127 müraciətin baxılma mərhələsində
olduğu, 82 sənədin isə tanınmadığı
bildirildi.
Nazir əlavə təhsil
sahəsində görülmüş işlərdən də
danışaraq bildirdi ki, təhsil sistemində bu pillənin
mühümlüyü nəzərə alınaraq Nazirliyin
Strateji təhlil, planlaşdırma və kadrların idarə
olunması şöbəsinin nəzdində əlavə təhsil
sektoru yaradılmışdır. 2010-2011-ci tədris ilində
I sinifdə dərs deyəcək ibtidai sinif müəllimlərinin
yeni model əsasında ixtisasartırma təhsilinə cəlb
olunması üzrə kurikulum çərçivəsi və
proqramı hazırlanmış, ixtisasartırma təhsilində
modul-kredit sisteminə keçidlə əlaqədar
ayrı-ayrı kateqoriyadan olan rəhbər və pedaqoji
işçilər üçün kurikulum çərçivələrinin
işlənməsinə başlanmışdır. 2010-2011-ci
dərs ilində I siniflərdə dərs deyəcək
ibtidai sinif müəllimlərinin fənn
kurikulumlarının tətbiqi üzrə təlim
kurslarının təşkili məqsədi ilə
keçirilmiş tenderin qalibləri olan 4 qeyri-hökumət təşkilatı
ilə Təhsil Nazirliyi arasında müqavilələr
bağlanmış, həmin müqavilələrə
uyğun olaraq iyul-avqust aylarında 7559 müəllim
müvafiq təlim kursundan keçmiş, ilk dəfə olaraq
təlim kurslarını bitirmiş müəllimlərə
göstəriciləri nəzərə alınaraq dərəcəli
sertifikatlar verilmişdir.
Bu sahədə
mövcud problemlər və qarşıda duran vəzifələr
də diqqətə çatdırıldı. Qeyd olundu ki,
2011-2012-ci dərs ilində I siniflərdə işləyəcək
9000 ibtidai sinif müəlliminin, həmçinin 1500 məktəb
direktoru və 500 kitabxanaçının yeni model üzrə
təlim kurslarına cəlb edilməsi üçün
müvafiq proqramların hazırlanması, kursların təşkili
məqsədi ilə tender keçirilməsi nəzərdə
tutulub.
Təhsil naziri məruzə-təqdimatının
sonunda ali məktəb elmi sahəsində
görülmüş işlərdən də söz
açdı. Bildirdi ki, hazırda respublikamızda olan 1918 elmlər
doktorunun 876-sı, 8976 elmlər namizədinin isə 4233-ü
nazirlik sistemində çalışır.
Ali məktəblərin
kafedralarında və elmi tədqiqat müəssisələrində
çalışan alimlər tərəfindən müxtəlif
elm sahələrində alınmış nəticələrdən
170-i mühüm elmi nəticə kimi ölkə üzrə
hesabata daxil edilmək üçün AMEA-ya təqdim
edilmişdir. Nazirlik sistemindəki ali məktəblərdə
68 elmi konfrans, o cümlədən 12 beynəlxalq və 56
respublika səviyyəli elmi konfrans keçirilmişdir. 2009-cu
ildə ali məktəb alimləri ixtiralarına görə
67 patent almışlar. Ötən il 33 doktorluq, 145 namizədlik
dissertasiyası müdafiə olunmuşdur. Ali məktəblərdə çalışan alimlər
tərəfindən 391 monoqrafiya, 315 dərslik, 527 dərs vəsaiti,
1461 adda proqram və metodik ədəbiyyat nəşr
etdirilmişdir. İl ərzində xarici jurnallarda alimlərimizin
1733 məqaləsi, beynəlxalq konfransların
materiallarında 1390 məruzə tezisi nəşr
edilmişdir. Bunlarla yanaşı, nazir bu sahədə də
problemlər olduğunu söyləyib diqqəti onların bəzisinə
yönəltdi. Bildirdi ki, ali məktəblərdə
elmi tədqiqatlara ayrılan vəsaitin həcmi qənaətbəxş
deyil, aparılan bəzi elmi tədqiqat işləri müasir
tələblərə cavab vermir, gənc kadrlar tədqiqat
işlərinin yerinə yetirilməsinə kifayət qədər
cəlb olunmur, istehsalat sahələri ilə əlaqələr
zəifdir. Nazir bu sahədə də qarşıda xeyli vəzifələrin
durduğunu qeyd edib onları konfrans
iştirakçılarının diqqətinə
çatdırdı.
Sonra
çıxışlar oldu.
Naxçıvan Muxtar
Respublikasının təhsil naziri Piri Nağıyev öz çıxışında
qeyd etdi ki, müstəqil Azərbaycan dövlətinin qurucusu
və memarı, ümummilli liderimiz Heydər Əliyevin
xalqımız qarşısında ən böyük xidmətlərindən
biri də Azərbaycan təhsilini himayə etməsi, təhsilin
gələcək inkişaf yollarını müəyyənləşdirməsidir.
Bu gün ulu öndərimizin
əsasını qoyduğu ənənələr,
bütövlükdə müasir təhsil konsepsiyası ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməkdədir. Bu siyasət Azərbaycanın milli
təhsil sisteminin aydın strategiya və konsepsiyasını,
təhsilin idarə olunmasında yeni prinsiplərin bərqərar
olmasını, onun beynəlxalq standartlara
uyğunlaşdırılmasını və dünya təhsil
sisteminə inteqrasiyasının sürətləndirilməsini
tam olaraq özündə əks etdirir və hər bir təhsil
işçisinin qarşısında mühüm vəzifələr
qoyur.
Ölkə Prezidentinin təhsil
sahəsində müəyyənləşdirdiyi vəzifə
və yeni yanaşmalar Naxçıvan Muxtar Respublikasında
da ən yüksək səviyyədə həyata
keçirilməkdədir.
Piri Nağıyev daha
sonra konfrans iştirakçılarına təhsil sahəsində
həyata keçirilən tədbirlər və görülən
işlər haqqında ətraflı məlumat verərək
bildirdi ki, son illər Naxçıvan Muxtar
Respublikasının şəhər, kənd və qəsəbələrində
157 yüksək keyfiyyətli, dünya standartlarına tam cavab
verən, hər cür yeni avadanlıqlarla təchiz edilən
məktəb tikilmiş və əsaslı təmir olunaraq
şagirdlərin istifadəsinə verilmişdir.
Cari ildə 4872
şagird yerlik 9 ümumtəhsil məktəbində, 502 yerlik
2 uşaq bağçasında, 4 məktəbdənkənar tədris
müəssisəsi üçün binada tikinti və yenidənqurma
işləri davam etdirilir.
Azərbaycan
Respublikasının hər yerində olduğu kimi,
Naxçıvanda da Heydər Əliyev Fondu tərəfindən
yeni məktəblər tikilmiş, onların maddi-texniki
bazaları möhkəmləndirilmiş, həmin məktəblər
ən yeni kompüter avadanlıqları ilə təmin
olunmuşdur.
Ölkə Prezidenti cənab
İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq İKT-nin tətbiqinin daha da
genişləndirilməsi, vahid ümummilli təhsil
mühitinin formalaşdırılması, hər 20 şagirdin
1 kompüterlə təmin olunması nəzərdə
tutulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərinə
2674 kompüter dəsti verilmişdir ki, bunların da 78 faizi
İnternetə qoşulmuşdur.
Naxçıvan Muxtar
Respublikasının ümumtəhsil müəssisələrində
təhsil alan şagirdlərə 1 milyon 257 min 918 nüsxə
dərslik pulsuz olaraq paylanmış və bu iş müvəffəqiyyətlə
davam etdirilir.
Dövlətimizin təhsil
işçilərinə diqqət və
qayğısının nəticəsində Naxçıvan
Muxtar Respublikasında təhsilin inkişafındakı xidmətlərinə
görə 35 nəfər əməkdar müəllim
adına, 32 nəfər isə "Tərəqqi"
medalına layiq görülmüşdür.
2009-2010-cu dərs ilində
ümumtəhsil məktəblərinin XI sinfini 4131 nəfər
bitirmiş, onlardan 1435 nəfəri tələbə
adını qazanmışdır. Ali məktəblərə
qəbul olunanlardan 280 nəfəri 500-700 arası bal
toplamışdır.
Ölkəmizin hər
yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında
da hərbi peşəyə maraq ildən-ilə artmaqdadır.
Belə ki, 2010-cu ildə Naxçıvan şəhərində
yerləşən Heydər Əliyev adına hərbi liseyə
936 nəfər sənəd vermiş, onlardan 250 nəfəri
kursantların sırasına daxil olmuşdur.
Muxtar respublikanın
ümumtəhsil məktəblərinin müasir istilik sistemləri
ilə təchiz olunması, qış mövsümünə
hazırlıq daim diqqət mərkəzindədir. Ölkə
Prezidentinin qayğısı nəticəsində bütün
yaşayış məntəqələrinin
qazlaşdırılması başa
çatdırılmışdır. Ümumtəhsil məktəblərində
qurulan istilik sistemləri qaz xətlərinə birləşdirilir
ki, bu da qış mövsümündə yarana biləcək
problemlərin aradan qaldırılmasına mühüm stimul
verir və təhsilin keyfiyyətinə müsbət təsir
göstərir.
Sonra
çıxış üçün söz Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Məleykə Abbaszadəyə
verildi. Rəhbərlik etdiyi kollektiv və şəxsən
öz adından yeni dərs ilinin başlanması münasibətilə
konfrans iştirakçılarını təbrik edən
M.Abbaszadə gənc nəslin tərbiyəsi və təhsili
işində hamıya yeni-yeni uğurlar arzuladı. O, tələbə
adını qazanan bütün abituriyentləri, onların
valideynlərini və müəllimlərini təbrik etdi. Bu
il öz arzusuna nail olmayan abituriyentləri ruhdan düşməməyə
çağırdı və növbəti ildə onların
da uğur qazanacaqlarına ümid etdiyini bildirdi.
Builki qəbul
kampaniyasında "Təhsil haqqında" Qanunun qəbulu
ilə əlaqədar yeni qaydaların tətbiq olunduğunu
diqqətə çatdıran M.Abbaszadə həmin qaydalara əsasən
beynəlxalq yarış və müsabiqələrin qalibi
olan 108 abituriyentin müsabiqədənkənar ali məktəblərin
müvafiq ixtisaslarına qəbul olunduğunu, ali və orta
ixtisas təhsili müəssisələrinə aparılan
müsabiqə zamanı ümumi imtahan balı eyni olduqda
attestat qiymətlərinin ikinci göstərici kimi nəzərə
alındığını və bunun təxminən 1500-dən
artıq abituriyentin taleyinə həlledici təsir göstərdiyini
söylədi. TQDK sədri qeyd etdi ki, Azərbaycan
Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə" fərmanının icrası ilə əlaqədar
TQDK tərəfindən ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrinə dövlət
sifarişi və ödənişli əsaslarla olan yerlərə
yeni yerləşdirmə alqoritmi əsasında tələbə
qəbulu aparılmışdır. Bu zaman istifadə olunan
bütün proqram təminatı TQDK-nın mütəxəssisləri
tərəfindən hazırlanıb tətbiq olunmuşdur. Nəticədə
dövlət sifarişli yerlərə ən
hazırlıqlı abituriyentlər qəbul edilmişdir.
"Tələbə-Məzun"
dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 23 fevral 2010-cu il tarixli fərmanına uyğun
olaraq komissiya tərəfindən 1992-ci ildən etibarən
yaradılan və 2 milyon insan haqqında məlumatı
özündə əks etdirən elektron bazanın dövlət
elektron məlumat sisteminə çevrilməsi istiqamətində
işlərə başlanılıb.
M.Abbaszadənin
çıxışından məlum oldu ki, TQDK 2010-2011-ci tədris
ilinin qəbul kampaniyası zamanı 170 mindən artıq
abituriyentdən imtahan qəbul edib. Bunlar ali və orta ixtisas məktəblərinin
magistratura pilləsinə, xüsusi təyinatlı və hərbi
məktəblərə keçirilən qəbul imtahanlarıdır.
İmtahanlar Bakı, Naxçıvan, Sumqayıt və Gəncə
şəhərlərində, ümumi orta təhsil
bazasından kolleclərə qəbul imtahanları isə ənənəvi
olaraq ölkənin 11 regionunda keçirilib.
Qəbul sistemində
sınaq imtahanlarının xüsusi yer tutduğunu deyən
M.Abbaszadə onların abituriyentlərə imtahan
texnologiyası ilə tanış olmağa şans verdiyini
vurğuladı. Bildirdi ki, TQDK qəbul imtahanları prosesinin
bütün mərhələlərində İKT-ni geniş
tətbiq edir. Son 5 ildə İKT-nin tətbiqi nəticəsində
TQDK "məmur-vətəndaş" tipli əlaqəni
aradan qaldıraraq onu virtual rejimə keçirən
"İnternet xidməti - vətəndaş" əlaqəsinə
çevirib.
M.Abbaszadə təqdimat-çıxışında
daha sonra bu il keçirilmiş qəbul imtahanlarının bəzi
parametrlər üzrə təhlilləri üzərində ətraflı
dayandı.
Təqdimatda ali təhsil
müəssisələrinin bakalavriaturasına tələbə
qəbulu, qəbul imtahanlarında iştirak edən, habelə
ali təhsil müəssisələrinə qəbul olan
abituriyentlərin topladıqları ballar, qəbulun nəticələrinə
görə qəbul planının təhsil formaları
üzrə bölgüsü, qəbul olan abituriyentlərin
orta bal göstəriciləri, orta ixtisas təhsili müəssisələrinə
tam və ümumi orta təhsil bazasından tələbə qəbulu,
ali təhsil müəssisələrinin magistraturasına qəbul
və s. haqqında ətraflı məlumat verildi və bu məlumatların
əks olunduğu slaydlar təhlil edildi.
Məleykə Abbaszadə
çıxışını növbəti qəbul
kampaniyasında tətbiq olunacaq yenilikləri diqqətə
çatdırmaqla yekunlaşdırdı.
Akademik Zərifə Əliyeva
adına məktəbin direktoru Məhəbbət
Vəliyeva çıxışında cəmi 2 ildir ki, fəaliyyət
göstərən bu təhsil ocağından
danışdı. O bildirdi ki, məktəb Heydər Əliyev
Fondunun dəstəyi ilə 2008-2009-cu tədris ilində
tikilib istifadəyə verilmiş və fəaliyyətə
başlamışdır. Məktəb müasir təhsil
standartlarına cavab verən maddi-texniki bazaya malikdir və yeni
texnologiyalarla təchiz edilmişdir.
2008-2009-cu tədris ilində
məktəbdə 350, 2009-2010-cu tədris ilində isə 421
şagird təhsil almışdır. Cari dərs ilində məktəbin
493 şagird kontingenti var. Şagirdlərin təlim-tərbiyəsi
ilə 36 müəllim məşğul olur. Onlardan 6 nəfəri elmlər namizədi, 1 nəfəri
əməkdar müəllimdir, 1 nəfər "Tərəqqi"
medalı ilə təltif edilmiş, 7 nəfər "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi
olmuşdur. 6 nəfər dərslik müəllifi və 5 nəfər
TQDK-nın ekspertidir. Bu təhsil müəssisəsində
qarşıya qoyulan əsas məqsəd cəmiyyətə
yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaşın
formalaşdırılması, dünyanın nüfuzlu ali məktəblərində
təhsil ala biləcək şagirdlərin yetişdirilməsi,
gənclərə milli mənəvi dəyərlər
aşılamaq və yüksək təhsil verməklə
onların dünyaya inteqrasiyasına nail olunmasıdır. Məktəb
riyaziyyat-informatika, xarici dil və təbiət fənləri təmayülləri
üzrə fəaliyyət göstərir. Siniflərin təmayüllər
üzrə komplektləşdirilməsi şagirdlərin maraq
göstərdikləri elmi daha dərindən mənimsəməsinə
xidmət edir.
Akademik Zərifə Əliyeva
adına məktəbə qəbul müsabiqə yolu ilə
keçirilir. Dərslər qoşa saatla 80 dəqiqə
keçilir. Tətil müddətində şagirdlər
üçün mühazirələr, seminarlar təşkil
olunur.
Müəllimlər
peşəkarlıq səviyyələrini artırmaq məqsədilə
müxtəlif layihələr çərçivəsində
təşkil edilən treninqlərdə iştirak edirlər.
Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsində
mikrosummativ, makrosummativ qiymətləndirmə testləri,
mövzu və bölmə üzrə şifahi sorğu və
layihə işlərinin müdafiəsi üsullarından
istifadə olunur.
2009-2010-cu dərs ilində
məktəbin ilk buraxılışı olmuşdur. 48 məzundan
47-si ali məktəblərə qəbul olunaraq tələbə
adını qazanmışdır.
Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
professor Kamal Abdullayev qeyd etdi
ki, son illər ölkənin təhsil sahəsində
aparılan islahatlar, baş verən dəyişikliklər
canlı, dinamik həyatın bilavasitə göstəricisidir.
Şagirdlərimizin dünyanın müxtəlif ölkələrində
keçirilən fənn olimpiadalarında, bilik
yarışlarında qazandığı nailiyyətlər,
ali məktəblərə qəbul göstəricilərinin
yüksəlməsi, 700 bal toplayan abituriyentlərin
sayının ildən-ilə artması təhsilimizin
uğurudur. Təqdirəlayiq haldır ki, təhsil sistemində
gedən müsbət dəyişikliklər təkcə
Bakıda deyil, rayonlarda da hiss olunur. BSU-nun tələbələri
pedaqoji təcrübəni ən ucqar rayonlarda yerləşən
qaçqın məktəblərində keçirlər və
onlar həmin təhsil müəssisələrinin gündən-günə,
ildən-ilə dəyişməsinin şahidi olurlar.
Daha sonra
çıxışında
universitetlərarası elmi əməkdaşlıq əlaqələrindən
bəhs edən Kamal Abdullayev bildirdi ki, hazırda Almaniya
universitetləri ilə birlikdə "Kitabi-Dədə Qorqud
dastanları" və qədim alman dastanlarının
müştərək öyrənilməsi məqsəd kimi
qarşıya qoyulub. Artıq layihənin birinci hissəsi
başa çatıb. Bu vasitə ilə Almaniyada Azərbaycanın
təhsil sisteminə, ümumiyyətlə, ölkənin
özünə olan diqqət bir qədər də artır.
BSU-nun rektorunun sözlərinə
görə, universitetdə ictimaiyyətlə əlaqələr
yüksək səviyyədə qurulub və bu istiqamətdə
müəyyən işlərin görülməsinə daim
xüsusi diqqət yetirilir. Belə tədbirlərdən biri
kimi imtahan prosesinin aparılmasını göstərmək
olar. Valideynlər arzularına müvafiq olaraq istədikləri
imtahan prosesində iştirak etmək və
övladlarının cavablarına qulaq asmaq imkanına
malikdirlər.
Göyçay şəhər
1 nömrəli məktəbin direktoru Tahirə Qurbanova çıxış edərək
bildirdi ki, onun rəhbərlik etdiyi təhsil ocağında, o
cümlədən rayonun digər məktəblərində
bir neçə il əvvəl kompüter yox idi. İndi isə
müasir kompüterlərlə təmin olunmuş informatika
kabinetləri müəllimlərin və şagirdlərin
ixtiyarına verilmişdir. Müəllimlər yaxşı
başa düşürlər ki, müasir dövrdə
savadlılıq dedikdə, həm də İKT
bacarıqlarına malik olmaq nəzərdə tutulur. Bu səbəbdən
hər bir müəllim Təhsil Nazirliyinin təşkil etdiyi
İKT təlimlərindən keçmişdir və əldə
etdiyi bacarıqları tədris prosesində uğurla tətbiq
edir.
Təhsil nazirinin məruzəsində
müəllimlərin ixtisasının artırılması ilə
bağlı yeni mexanizm barədə məlumat verildi. Pedaqoqlar
bu sahədə beynəlxalq təcrübədə sınaqdan
çıxmış yeni qaydaların tətbiqini çoxdan
gözləyirdilər. Yeni sistemdə ixtisasartırma təhsili
sahəsində rəqabət mühitinin yaradılması,
proqramların müəllimlərin ehtiyaclarına uyğun tərtib
edilməsi nəticədə müəllimlərin fəaliyyətinin
stimullaşdırılması və karyera inkişafı vasitəsinə
çevrilir. Göyçay şəhər 1 nömrəli məktəbin
ibtidai sinif müəllimləri yeni kurikulum üzrə təlimlərə
məhz yeni mexanizm əsasında cəlb edilmişlər və
onlar bu sistemin səmərəliliyini xüsusi
vurğulayırlar.
Prezident İlham Əliyevin
hərtərəfli qayğı və diqqəti ilə
müstəqil Azərbaycanın təhsil sisteminin günbəgün
inkişaf etdiyini deyən T.Qurbanova vurğuladı ki, məhz
bunun sayəsində onun rəhbərlik etdiyi məktəb
2010-cu ildə keçirilmiş "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən
biri olmuşdur. Təhsil ocağının direktoru əməklərinə
verilən bu yüksək qiymət üçün
Göyçay rayonunun pedaqoji ictimaiyyəti adından ölkə
Prezidentinə minnətdarlığını bildirdi və təhsilin
inkişafı naminə daha səylə
çalışacaqlarına söz verdi.
Azərbaycan Dillər
Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədri,
professor Səməd Seyidov rəhbərlik
etdiyi ali təhsil ocağında əldə olunan böyük
uğurlardan bəhs etdi:
- "Ölkənin ali
təhsil sisteminin bir parçası olan Azərbaycan Dillər
Universiteti bu gün reytinq cədvəlində ən yüksək
yerlərdən birini tutur. ADU-da təhsil almaq arzusunda olan gənclərin
sayı ildən-ilə artır və bizim kollektivimiz bununla fəxr
edir.
Universitetimizin uğurlu
fəaliyyətindən danışarkən, ilk növbədə,
beynəlxalq layihələrdə iştirakımızdan
söz açmaq istərdim. Biz bu işi bir neçə
istiqamətdə təşkil edirik. ADU-da əməkdaşlıq
əlaqələri qurduğumuz ölkələr üzrə
mərkəzlər yaratmışıq və bu qarşıya
qoyulan vəzifələrin həyata keçirilməsində
öz müsbət təsirini göstərir. Artıq universitetimizdə
Amerika, Almaniya, Fransa, İsrail və Yaxın Şərq,
Skandinaviya və başqa ölkələrin mərkəzləri
uğurla fəaliyyət göstərir.
Təhsil nazirinin məruzəsindən
də məlum olduğu kimi, ADU-nun TEMPUS proqramı üzrə
Avropa Birliyinə təqdim etdiyi 1 milyon 76 min avro dəyərində
layihə qalib gəlmişdir.
ADU-da yeni
avadanlıqlarla təminat, müəllimlərə xüsusi
münasibət, hər bir müəllimə xüsusi iş
şəraitinin yaradılması, "gəldim dərs
dedim" fəlsəfəsini kənara qoyub, "gəldim
işlədim və tələbə ilə ünsiyyətdə
oldum" fəlsəfəsini ali məktəbə gətirmək
istiqamətində çox məntiqli və məqsədyönlü
iş aparılır. Lakin bütün bunların
hamısı təkbaşına, bir ali məktəb, bir
universitet tərəfindən həyata keçirilən
işlər deyil. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin
təhsil sisteminə birbaşa qayğısı, xüsusi
münasibəti və diqqətidir.
Səməd Seyidov
çıxışının sonunda bildirdi ki, ADU-nun
qapıları ölkənin bütün ali məktəblərinin
üzünə açıqdır və yaradılan şəraitdən
yalnız öz tələbələri deyil, digər gənclər
də yararlana bilər.
Azərbaycan Təhsil
Şurasının sədri, professor Əjdər Ağayev çıxışında
öncə təhsil nazirinin məruzəsi ilə
bağlı fikirlərini səsləndirdi. Qeyd etdi ki, məruzədə
əsas yer ötən dərs ilində təhsilin inkişaf
göstəricilərinə verildi. Məruzə təhsil
sistemini bütünlüklə əhatə edərək
ölkənin sosial-iqtisadi sahələrinin inkişafına rəğmən
təhsil sistemində dinamik inkişafı əks etdirdi və
statistik məlumatlarla keyfiyyət səviyyəsini göstərdi. Bir daha aydın oldu ki, Azərbaycanın
təhsil sistemi ildən-ilə müasirləşir, yeniləşir,
inkişaf edir. Bu da təbiidir. Çünki inkişaf edən
ölkənin inkişafetdirici bazası təhsildə, elmdə,
bilikdədir, müasir texnologiyalara yiyələnməkdədir.
Bunu isə təmin edən təhsildir, təhsil sistemidir.
Daha sonra
çıxışında dövlət
başçısı cənab İlham Əliyevin təhsil
sahəsinə göstərdiyi xüsusi diqqətdən
söz açan professor Əjdər Ağayev söylədi
ki, onun təhsilin kompleks inkişafına şərait yaradan və
təkan verən fərmanları və sərəncamları
ildən-ilə yeniləşməni, müasirləşməni,
İKT-nin tətbiqini təmin edir. Prezident qayğısı ən
yaxşı müəllimin və məktəblərin
seçilməsini, onların
mükafatlandırılmasını reallaşdırır,
yaxşılardan olmaq uğrunda mübarizəni
stimullaşdırır. Təbii ki, bu işlərin həyata
keçirilməsində təhsil sisteminə rəhbərlik
edən Təhsil Nazirliyinin çevik və aparıcı rolu
az əhəmiyyət daşımır.
Təqdirəlayiq
haldır ki, təhsil sahəsində mövcud olan bir çox
problemlərin, o cümlədən müəllimlərin
işə qəbulu, ixtisasının artırılması,
direktorların seçilib yerləşdirilməsi və digər
məsələlərin həlli yolları nazirin hesabat məruzəsində
göstərildi. Nəzərdə
tutulan tədbirlərin öz bəhrəsini verəcəyinə
ümid etdiyini deyən Əjdər Ağayev
çıxışının sonunda bununla bağlı təkliflərini
bildirdi:
1. Müəllimlərin
müasir hazırlıq səviyyəsinə yiyələnməsi
üçün regional öyrədici tədbirlər
keçirilsə, bilməməzlikdən baş verən
qüsurlar aradan qaldırıla bilər.
2. Şəhər,
rayon, respublika valideyn konfrans və qurultaylarının
keçirilməsi valideynləri məktəb həyatına,
təhsilə xeyli yaxınlaşdırar.
3. Təhsil müəssisələrinin
rəhbərlərinin təlim-tədris prosesində baş
verən neqativ halların aradan qaldırılması
yollarının müzakirəsinə həsr edilən
müşavirələrinin keçirilməsi faydalı
olardı.
Mingəçevir şəhər
8 nömrəli məktəbin məzunu İsmayıl Kazımov belə mötəbər məclisdə
ona söz demək imkanı verildiyi üçün təşəkkürünü
bildirdi. O, daha sonra dedi: "Mən
əvvəlki illərdə olduğu kimi, ötən dərs
ilini də əla qiymətlərlə başa vurdum və qəbul
imtahanlarında ən yüksək nəticə göstərərək
700 bal topladım. Əlbəttə, belə böyük
uğur qazanmağımda, ilk növbədə, təhsil
aldığım məktəbin bütün pedaqoji
kollektivinin, mənim və yoldaşlarımın yüksək
bilik əldə etməsi üçün yorulmadan
çalışmış müəllimlərin böyük
rolu olmuşdur. Buna görə də onlara dərin minnətdarlığımı
bildirirəm".
İsmayıl Kazımov
qeyd etdi ki, onun təmsil etdiyi Mingəçevir şəhərində
təhsilin davamlı olaraq inkişafı, keyfiyyət göstəricilərinin
ildən-ilə yüksəlməsi dövlətin, ölkə
Prezidentinin təhsilə yüksək diqqətinin nəticəsidir.
Son illərdə təhsil sahəsində bir sıra müsbət
yeniliklər şagirdlərin biliklərə daha dərindən
yiyələnməsinə şərait yaratmışdır.
Məktəblərdə
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsi, vahid standartlar əsasında nəticələrin
qiymətləndirilməsi həm şagirdlərin, həm
müəllimlərin, həm də məktəblərin fəaliyyətinə
verilən obyektiv qiymət olmuş,
nəticədə onların məsuliyyətini xeyli
artırmışdır. Məktəblərin İKT ilə təminatı,
tədris prosesində elektron resurslardan və İnternetdən
istifadə gənclərin öyrənmə imkanlarını
xeyli artırmış, yüksək nəticələr əldə
etməkdə əhəmiyyətli rol oynamışdır.
İ.Kazımov çıxışının sonunda şagirdlərə yaxşı oxumağı, öyrənməyi tövsiyə etdi. Bildirdi ki, mən adi bir məktəbdə təhsil almışam, öz müəllimlərimdən öyrənmişəm, repetitor yanına getməmişəm. Ən yüksək nəticəyə əməyim, zəhmətim hesabına nail olmuşam. Özünə inam həmişə bəhrəsini verir. Hər bir şagirdin uğuru, ilk növbədə, onun özündən, özünə inamından asılıdır. Əlbəttə, müəllim amilini unutmamaq şərtilə. Bu inamla ali məktəbdə seçdiyim ixtisas üzrə yaxşı təhsil alacağıma, səriştəli mütəxəssis kimi yetişib millətimizin, Azərbaycanımızın inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyimə, mənə olan etimadı doğruldacağıma söz verirəm.
***
Konfransın
sonunda 2010-cu ildə keçirilmiş "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin qaliblərinə
müvafiq sənədlər təqdim olundu.
2010-cu ilin dahi bəstəkar
Üzeyir Hacıbəyovun 125 illik yubileyi ili olduğu nəzərə
alınaraq konfransın gedişində
çıxışlar arasında ölməz bəstəkarın
əsərləri səsləndirildi. Əsərləri
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
şagirdləri ifa etdilər.
Hicran ƏKBƏROVA,
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 9 sentyabr.- S.3-4.