Bakı şəhəri təhsil
işçilərinin konfransı
Sentyabrın
6-da "Hyatt Regency" otelinin Quba zalında Bakı şəhəri
təhsil işçilərinin konfransı keçirildi. Konfrans başlanmazdan əvvəl
nümayəndələr Fəxri xiyabana gələrək
ümummilli lider Heydər Əliyevin əziz xatirəsini
ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi qoydular.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
da məzarı
ziyarət olundu.
Konfransda təhsil naziri Misir
Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, millət vəkili Səttar Mehbalıyev, Binəqədi
Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev,
millət vəkilləri, respublikanın tanınmış alim
və pedaqoqları, müxtəlif dövlət və qeyri-hökumət
təşkilatlarının təmsilçiləri, paytaxtın
ümumtəhsil məktəblərinin, məktəbəqədər
və məktəbdənkənar müəssisələrinin
rəhbərləri, müəllimlər, KİV nümayəndələri
iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başladı. "2009-2010-cu dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış etmək üçün söz alan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilk olaraq konfrans iştirakçılarını qarşıdan gələn yeni dərs ili münasibətilə təbrik etdi. Nailə xanım ulu öndər Heydər Əliyevin təhsili millətin gələcəyi adlandırdığını,onun keyfiyyətcə yüksəldilməsinə xüsusi önəm verdiyini bildirdi. Qeyd olundu ki, əbədiyaşar liderimizin əsasını qoyduğu, ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən təhsil islahatları bu prioritet sahənin hərtərəfli inkişafını təmin etməklə Azərbaycan təhsilinin müasir dünya təhsilinə inteqrasiyasını sürətləndirmişdir.
Təhsil sahəsində son illərin ən mühüm hadisələrindən biri də "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Məruzəçi Qanunun qəbul edilməsi zərurətinin, ilk növbədə, ölkədə və dünyada dinamik inkişaf tendensiyaları və Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlı olduğunu deyərək, yeni Qanunda öz əksini tapan məsələlərdən söz açdı. Qeyd etdi ki, yeni Qanun dövlətin təhsil siyasətinin yerinə yetirilməsi sahəsində əməli addımlar atmağa imkan yaradır.
N.Rzaquliyeva təhsilin ilk pilləsi və bünövrəsi sayılan məktəbəqədər təhsilin ən çox diqqət tələb edən bir sahə olduğunu deyərək bununla bağlı görülən işlərdən danışdı. Məlumat üçün bildirdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 303 körpələr evi-uşaq bağçası, 1 körpələr evi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 2 məktəbəqədər xüsusi təhsil müəssisəsi, 3 sanator tipli məktəbəqədər təhsil müəssisəsi vardır. Uşaqların sayı 31037 olmaqla həmin təlim-tərbiyə müəssisələrində 1394 qrup fəaliyyət göstərir ki, onlarda da balacaların təlim-tərbiyəsi ilə 3572 pedaqoji işçi məşğul olur. Məruzəçi bildirdi ki, hesabat ilində "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq bu sahədə də müəyyən təhlillər aparılıb. Təhlillər zamanı məlum olub ki, əvvəlki illərdən fərqli olaraq 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasında müsbət dinamika var. Belə ki, 2006-2007-ci tədris ilində 4380, 2007-2008-ci tədris ilində 4480, 2008-2009-cu tədris ilində 5600, 2009-2010-cu tədris ilində isə 6700 uşaq məktəb təliminə hazırlıq prosesinə cəlb olunub. İnkişaf dinamikasının göstəricilərinə əsaslanıb demək olar ki, məktəbəhazırlıq qruplarının şəbəkəsi xeyli genişlənib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yarandığı ilk gündən etibarən fəaliyyətini ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəltdiyini deyən N.Rzaquliyeva bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açdı. Qeyd olundu ki, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 311 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Bu məktəblərdə 325995 şagirdin təlim-tərbiyəsi ilə 33784 müəllim məşğul olur.
Təhsil sahəsində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, orta məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinin təhsilin keyfiyyətinə kifayət qədər müsbət təsir edən amillərdən olduğunu diqqətə çatdıran məruzəçi ötən dərs ilinin bununla bağlı nəticələrini diqqətə çatdırdı.
N.Rzaquliyeva onu da bildirdi ki, ötən illərlə müqayisədə 2010-2011-ci dərs ili üzrə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb və məzunların 44,83 faizi tələbə adını qazanıb. Qeyd etdi ki, keçən il bu rəqəm 41,99 faiz idi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarandığı 2006-cı ildə isə həmin göstərici 34,79 faiz olub. Bu da 4 ildə Bakı məktəbləri üzrə ali məktəblərə qəbulun 10 faizdən çox artması deməkdir. 600-dən yuxarı bal toplayanların sayı keçən illə müqayisədə bu il 404-dən 563-ə, 500-dən çox bal toplayanların sayı 1727 nəfərdən 2061-ə yüksəlib.
2009-2010-cu il məzunlarından 2 nəfər 700 bal, hər 15 nəfərdən biri 600-dən, hər 4 nəfərdən biri isə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunub. Həmin məzunların bitirdikləri təhsil müəssisələrinin adlarını açıqlayan məruzəçi daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti dövründə Bakı məktəbləri məzunlarının ali məktəblərə qəbulu zamanı topladıqları balların illər üzrə təhlilini apardı. Məzunların ali məktəblərə qəbul faizində ilbəil artım müşahidə olunduğunu deyən N.Rzaquliyeva onların yüksək bal toplamalarının sevindirici hal olduğunu söylədi. Məruzədə məzunların yüksək bal toplamalarına təsir edən amillərdən birinin gənclərin təhsilə, elmə olan marağının artması, digər tərəfdən də Təhsil Nazirliyinin orta məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirməsi nəticəsində həm müəllimlərdə, həm də şagirdlərdə məsuliyyət hissinin artması olduğu xüsusi vurğulandı.
Məktəbli formasının tətbiqini çox önəmli bir məsələ saydığını söyləyən N.Rzaquliyeva əsas məqsədin uşaqlar arasında sosial fərqin aradan qaldırılması, psixoloji-mənəvi iqlimin sağlamlaşdırılması olduğunu qeyd etdi. Bildirildi ki, ilkin mərhələdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində vahid forma tətbiq olunacaq. Daha sonra bu, ikinci mərhələdə V-XI sinif şagirdlərini əhatə edəcək. Onu da əlavə etdi ki, bununla bağlı ictimai rəy qənaətbəxşdir, bu addım valideynlər tərəfindən müsbət qarşılanır.
N.Rzaquliyeva təhsil sistemində qabaqcıl təcrübəni öz fəaliyyətlərində tətbiq edən, yeni təlim texnologiyalarından, şagirdlərin qavrama bacarığının inkişafında əvəzsiz rol oynayan interaktiv təlim metodlarından dərslərində istifadə etməklə uğur qazanan müəllimlərin sayının günü-gündən artmasının ürəkaçan olduğunu bildirdi.
Məruzəçi ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində Bakı şəhəri məktəblərinin və müəllimlərinin uğurlu nəticələrindən söz açdı. Məlumat üçün bildirdi ki, bu il Bakı şəhərinin 28 məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi", 50 müəllim isə "Ən yaxşı müəllim" adına layiq görülüb.
Məruzəsində xüsusi istedada malik uşaqların aşkara çıxarılması və inkişaf etdirilməsi ilə bağlı təhsil müəssisələrində keçirilən silsilə tədbirlərə də toxunan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri həmçinin fənn olimpiadalarının respublika turunda şagirdlərin əldə etdikləri nailiyyətlərdən bəhs etdi.
N.Rzaquliyeva 2009-2010-cu dərs ilində ən əlamətdar hadisələrdən birinin də Bakı təhsilinin tarixində ilk dəfə keçirilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 4 illik fəaliyyətini əks etdirən "Təhsil, zaman və biz" adlı baxış -sərginin təşkil edilməsi olduğunu dedi. Yüksək səviyyədə təşkil olunmuş sərgidə qabaqcıl təhsil müəssisələrinin təhsil sahəsində əldə etdikləri uğurları, bacarıq və nailiyyətləri nümayiş etdirilib. Sərgi barədə konfrans iştirakçılarına ətraflı məlumat verən məruzəçi uğurla həyata keçirilən təhsil islahatlarının nəticələri və bu sahədə qazanılmış nailiyyətləri cəmiyyətə təqdim etməkdə əsas məqsədin Bakı təhsil mühitinin məzmunu və mahiyyəti haqqında fikir formalaşdırmaq olduğunu söylədi.
Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdıran N.Rzaquliyeva Bakının 139 ümumtəhsil məktəbinin genişzolaqlı İnternet şəbəkəsinə qoşulduğunu, bütün məktəblərdə lokal şəbəkələrin yaradıldığını bildirdi. Qeyd olundu ki, son illərdə
tətbiq edilən "Elektron məktəb" layihəsinin əhatə
dairəsi də xeyli genişlənib. 23 nömrəli məktəbdə
isə elektron jurnallara keçid başa çatıb.
Məruzəçi onu
da qeyd etdi ki, bugünkü idarəetmədə geniş məlumat
bazasının, dəqiq və sürətli informasiyanın
böyük rolu vardır. Bu baxımdan, Təhsil Nazirliyində
2008-ci ilin sentyabrından həyata keçirilən "Məktəb
- TİMS" proqramı təhsilin keyfiyyətli idarəedilməsi
üçün imkan yaradır. İl ərzində Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin TİMS
sektoru proqramın 4 bölməsi - məktəb, kadr,
şagird və ÜM-1 hesabatı üzrə məlumatların
toplanmasını və yenilənməsini
başa çatdırmaqla keyfiyyətli informasiya təminatı
yaradıb. İndi hər bir məktəb üzrə konkret və
vacib informasiyalar vardır.
Təhsilin
inkişafına bilavasitə təsir edən amillərdən
birinin də maddi-texniki baza olduğunu deyən N.Rzaquliyeva ilbəil
onun möhkəmləndirilməsinin, infrastrukturun inkişaf
etməsinin təhsil
mühitinin yaxşılaşmasına imkan verdiyini dedi. Məlumat
üçün bildirdi ki, 2009-2010-cu dərs ilində Heydər
Əliyev Fondunun xətti ilə Bakı şəhərində
3 məktəb və 1 uşaq bağçası əsaslı
təmir edilmiş, Təhsil Nazirliyinin vəsaiti hesabına 2
məktəbdə əlavə korpus tikilmiş, 6 məktəb
və 2 uşaq bağçasında əsaslı təmir, 30
məktəbdə, 29 uşaq bağçasında və 1 məktəbdənkənar
təhsil müəssisəsində cari təmir işləri
aparılıb. 13 məktəbin və 10 uşaq
bağçasının istilik sistemi yenidən qurulub.
2009-2010-cu dərs ilinin əvvəlində
müasir tələblərə cavab verən 2 yeni körpələr
evi-uşaq bağçası tikilərək balacaların
istifadəsinə verilib.
Məruzəsində
ötən dərs ilində əldə olunan uğurlardan,
görülən işlərdən, qarşıda duran vəzifələrdən
ətraflı bəhs edən,
müəyyən çatışmazlıqları və
nöqsanları geniş təhlil edən, onların aradan
qaldırılması istiqamətində bir sıra tədbirlərin
həyata keçiriləcəyini söyləyən Nailə
Rzaquliyeva çıxışının sonunda yeni dərs
ilində təhsil işçilərinin Bakı təhsilinin
inkişafına öz layiqli töhfələrini verəcəklərinə
inandığını bildirdi.
Sonra konfransda məruzə ətrafında
çıxışlar oldu. "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi, Bakı şəhərindəki
125 nömrəli məktəbin direktoru Zeynəb Əliyeva,
183 nömrəli körpələr evi-uşaq
bağçasının tərbiyəçisi Aysel Əliyeva,
190 nömrəli məktəbin Valideyn-Müəllim
Assosiasiyasının prezidenti Ələkbər Məmmədov,
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi, 313 nömrəli məktəbin müəllimi Mərdan
İsmayılov, qəbul imtahanlarında maksimum nəticə -
700 bal toplamış Esmira Baxşəliyeva və Aygül
Tanrıverdiyeva çıxış edərək Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin
inkişafında gördüyü işləri yüksək
dəyərləndirdilər, ötən il ərzində həyata
keçirilən tədbirlərdən, əldə olunan
nailiyyətlərdən danışdılar.
Millət vəkili Asim
Mollazadə, Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı
ölkəmizdə təhsilin uğurla inkişaf etməsindən,
müəllimlik peşəsinin müqəddəsliyindən,
Azərbaycanda kifayət qədər yüksək biliyə,
istedada malik gənclərin olmasından söz açdılar
və belə bir tədbirdə iştirak etmələrindən
məmnunluq hissi keçirdiklərini bildirdilər.
Konfransda təhsil
naziri Misir Mərdanov çıxış edərək
bütün təhsil işçilərini qarşıdan gələn
"Bilik günü" münasibəti ilə təbrik
etdi. Son illər Bakı təhsilinin uğurlarının
artdığını deyən nazir bütövlükdə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
fəaliyyətini müsbət dəyərləndirdi.
Təhsil naziri
əbədiyaşar liderimiz Heydər Əliyevin hər zaman təhsilə
önəm verdiyini, müəllimlərə xüsusi hörmətlə
və ehtiramla yanaşdığını, bu şərəfli
peşənin sahiblərinin əməyini yüksək qiymətləndirdiyini
qeyd etdi. Ulu
öndərin müəllim haqqında söylədiyi qiymətli
fikirləri konfrans iştirakçılarının diqqətinə
çatdıran nazir hazırda onun layiqli
davamçısı, ölkə başçısı cənab
İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin,
elminin inkişafına, müəllimlərimizə göstərilən
diqqət və qayğıdan danışdı.
Müəllimlik peşəsinin şərəfli, eyni
zamanda çətin və məsuliyyətli olduğunu
söyləyən nazir Misir Mərdanov bununla bağlı
fikirlərini konfrans iştirakçıları ilə
bölüşdü. Hər zaman müəllimə hörmətlə
yanaşıldığını deyən təhsil naziri həmin
ənənənin qorunaraq davam etdirilməsinin vacibliyindən
söz açdı. Bu gün müasir müəllimə
verilən tələblərdən danışan nazir həmçinin məktəb-valideyn-şagird
münasibətlərindən də bəhs
etdi, birgə əməkdaşlığın əhəmiyyətini qeyd edərək hər bir valideynin öz
övladının təhsil aldığı məktəblə
əlaqəsini artırmasının, məktəbin həyatında baş
verən proseslərdə yaxından iştirak etməsinin
zəruriliyini konfrans iştirakçılarının nəzərinə
çatdırdı.
Çıxışında
digər həlli vacib məsələlərə də toxunan nazir Misir Mərdanov təhsil
işçilərinə bir sıra tövsiyələr verdi
.
Konfransın sonunda
ölkənin təhsil sahəsində görülən
işlərdən, əldə olunan uğurlardan bəhs edən videoçarxın
nümayişi iştirakçılar tərəfindən rəğbətlə
qarşılandı.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2010.- 9 sentyabr.- S.5.