Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə

 

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını rəhbər tutaraq 2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanmışdır.

Bildiririk ki, müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2010-cu il sentyabrın 20-dən başlanıb 2010-cu il oktyabrın 20-dək yekunlaşdırılacaqdır**. Müsabiqədə iştirak etmək istəyənlər tərəfindən Təşkilat Komitəsinə aşağıdakı sənədlər təqdim olunmalıdır:

 

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə

 

1. Müsabiqədə iştirakla bağlı məktəb direktoru və məktəb həmkarlar təşkilatı sədrinin təhsil şöbəsində (idarəsində) qeydiyyata alınmış birgə ərizəsi (forma əlavə edilir) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin və TİAHİ rayon təşkilatı  sədrinin həmin məktəbin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə birgə təqdimatı (forma əlavə olunur)***.

2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə məktəbin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur).

3. Şərtlərlə əlaqədar məktəbin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəbin direktoru tərəfindən təsdiq edilir).

4. Son 3 ildə məktəbdə təhsil və əmək qanunvericiliyinə, təhlükəsizlik və sanitar tələblərə əməl olunması vəziyyəti barədə məktəb direktorunun arayışı (yerli həmkarlar təşkilatının rəsmi sənədləri əsasında yazılır və həmin sənədlərin kserosurətləri əlavə olunur).

5. Məktəbin fəaliyyəti haqqında R(Ş)TŞ(İ) müdirinin qısa arayışı.

2, 3, 4 və 5-ci bəndlərdə göstərilən tələblərə riayət edilməklə məktəb direktoru və məktəb həmkarlar təşkilatının sədri müsabiqədə iştirak üçün Təşkilat Komitəsinə birbaşa da müraciət edə bilər.

 

"Ən yaxşı müəllim" müsabiqəsi üzrə****

 

1. Müsabiqədə iştirak etmək istəməsi barədə müəllimin Təşkilat Komitəsinə ərizəsi (forma əlavə olunur).

2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə müəllimin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur).

3. Şərtlərlə əlaqədar müəllimin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəb direktoru tərəfindən təsdiq edilir).

4. Müəllim haqqında məktəb direktoru və məktəb həmkarlar təşkilatı sədrinin qısa xasiyyətnaməsi.

* Naxçıvan MR-də müsabiqələr bilavasitə muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən təşkil olunur.      

** Müəyyən olunmuş müddətdən sonra Təşkilat Komitəsinə daxil olan sənədlər qəbul edilməyəcəkdir.

*** Rayon (şəhər) tabeliyi olmayan ümumi təhsil müəssisələrinin direktorları Təşkilat Komitəsinə birbaşa müraciət edirlər.

**** Əsas iş yeri ümumtəhsil məktəbi olan və müəllim işləyənlər (Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan müəllimlər, habelə direktor, direktor müavinləri və məktəb psixoloqları istisna olunmaqla) iştirak edə bilərlər.

 

 

 Təşkilat Komitəsi

 

Azərbaycan müəllimi.- 2010.- 9 sentyabr.- S.7.