Bakı Dövlət Universitetində "Bilik günü" qeyd edilib

 

Sentyabrın 15-də Bakı Dövlət Universitetində "Bilik günü"nə həsr olunmuş tədbir keçirilib. BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim tədbir iştirakçılarını "Bilik günü" münasibətilə təbrik edib. Akademik Abel Məhərrəmov bildirib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş bu gün örnək olaraq qalmaqdadır.

Rektor Abel Məhərrəmov qeyd etdi ki, bu il ali təhsil ocağına daxil olan tələbələr hakimiyyətinin bütün mərhələlərində məzunu olduğu universitetə ehtiramla yanaşan, onun bütün yubileylərində iştirak etməklə yanaşı, maddi-texniki bazasının inkişaf etdirilməsinə diqqət göstərən, alimlərini, müəllimlərini daim qayğı ilə əhatə edən, "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir", deyərək, onu milli dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsi hesab edən ulu öndərimizin məzunu olduğu elm ocağına qədəm qoyublar. Rektor bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunan universitetimizdə mükəmməl kadrların yetişdirilməsi, formalaşması üçün bütün imkanlar var. Universitetin yeni tədris korpusunun, məhz möhtərəm Prezidentimizin qayğısı, maddi mənəvi dəstəyi ilə tikilib istifadəyə verilməsi, 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalaması yubileydə iştirakı, məzmunlu nitqi bir daha sübut edir ki, universitet dövlətin dövlətçiliyin keşiyində dayandığı kimi, dövlət bu qocaman təhsil ocağının arxasındadır.

Rektor bu il universitetə 3500-ə yaxın tələbənin qəbul olunduğunu, respublika üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin təxminən 300 nəfərinin universiteti seçdiyini söyləyib. Bildirilib ki, 9 sentyabr 2010-cu il tarixdə dövlət başçısı İlham Əliyevin 2010-2011-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncamına əsasən 102 nəfər bu təqaüdlə təmin olunacaq ki, onların əksəriyyəti Bakı Dövlət Universitetinin tələbələridir.

Çıxış edən Coğrafiya fakültəsinin dekanı, professor Müseyib Müseyibov ali məktəbə daxil olmuş tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra 695 balla Tətbiqi riyaziyyat kibernetika fakültəsinə daxil olmuş Aysel Bəşirli tələbələr adından çıxış edərək bundan sonra da valideyn müəllimlərin etimadlarını doğruldacaqlarını, universiteti  müvəffəqiyyətlə bitirmək üçün  çalışacaqlarını bildirib. Birinci kurs tələbələrinin valideynləri adından çıxış edən Vaqif Hüseynov onları universitetdə yaradılmış yüksək şəraitdən yararlanaraq yüksək biliyə, elmə yiyələnməyə səsləyib.

Sonda rektor, akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2010.- 17 sentyabr.- S.3.