Azərbaycanın Milli Qəhrəmanları

 

Hüseynov Tofiq Mirsiyab oğlu

 

1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olmuşdu. 1971-ci ildə burada orta məktəbi bitirmişdi. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsinə daxil olmuş , orada təhsilini başa çatdırdıqdan sonra 1974-cü ildə hərbi xidmətə çağırılmışdı. Tofiq əsgəri xidmətini  Qazaxıstanın Alma-Ata şəhərində başa vurmuşdu. Sonra Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləmiş, 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi taborun komandiri təyin edilmişdi. Meşəli kəndi uğrunda gedən döyüşdə onun taboru onlarca erməni yaraqlısını məhv etməyə müvəffəq olmuşdu. Onun səyi nəticəsində Naraguğ kəndində  yerləşən    Xocalı  şəhərini top atəşinə tutan düşmənin top-batareya nöqtəsi susdurulmuş, Mehdikənd kəndinin fermasında yerləşən  erməni  artilleriya  qurğusu məhv edilmiş, on erməni əsir götürülmüşdü. O, rayonda "Mixaylo" ləqəbi ilə tanınmışdı.

T.Hüseynov 1992-ci il fevralın 26-da Xocalıda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Xasıyev Samir Zirəddin oğlu

 

1973-cü il aprelin 20-də Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə paytaxtın Nərimanov rayonundakı 82 nömrəli orta məktəbin birinci sinfinə getmişdi. 1988-ci ildə ailə üzvləri Gəncə şəhərinə köçdüyü üçün orta təhsilini Gəncə şəhər 14 nömrəli beynəlmiləl orta məktəbdə başa çatdırmışdı. Samir 1991-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsinə daxil olmuşdu. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılmışdı. 1992-ci ildə isə rəhbərlikdən döyüş bölgəsinə göndərilməsini xahiş etmişdi. Onun ilk döyüş yolu Ağdamın Mərzili kəndindən başlamışdı. 1993-cü ildə Füzuli, Ağdərə bölgələrində aparılan əməliyyatlarda, 1994-cü ildə isə "Gəncə qiyamı"nın yatırılmasında iştirak etmişdi.

S.Xasıyev 1995-ci il martın 17-də Azərbaycanda dövlət çevrilişinə cəhdin qarşısını alarkən qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə leytenant Xasıyev Samir Zirəddin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərindəki 2-ci Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtın Nərimanov rayonundakı keçmiş Montin adına Mədəniyyət istirahət parkına  Samir  Xasıyevin adı verilib parkda büstü qoyulub. 

 

Xəlilov Eldar Xəlil oğlu

 

1976-cı il avqustun 19-da Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdu. Altıncı sinfə kimi doğma kəndlərindəki məktəbdə oxumuşdu. 1988-ci ildə yüz minlərlə soydaşımız kimi öz dədə-baba torpaqlarından ermənilər tərəfindən zorla qovulan ailələrdən biri Eldargilin ailəsi olmuşdu. Onlar Bakı şəhərinə gəlmiş Bakıxanov qəsəbəsində məskunlaşmışlar. O, təhsilini  Bakıdakı 96 252 nömrəli orta məktəblərdə davam etdirmişdi. 1994-cü ildə Sabunçu rayonunun Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. 1995-ci ilin mart ayında respublikamızda qeyri-qanuni silahlanmış dəstələr dövlət çevrilişinə cəhd edirlər. O da dövlətçiliyimizə xəyanət edən qüvvələrə qarşı mübarizə aparmalı olur.

E.Xəlilov 1995-ci il martın 17-də öz vətənpərvərlik borcunu yerinə yetirərək, silahlı dəstəni tərk-silah etməyə çalışarkən qarşı tərəfdən atılan güllənin qurbanına çevrilir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıdakı ikinci Şəhidlər xiyabanında dəfn olunub. Bakıxanov  qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Qəsəbədə büstü qoyulub.

 

Xəlilbəyli Təbriz Xəlil Rza oğlu

 

1964-cü il fevralın 12-də Bakı şəhərində anadan olmuşdu. 1981-ci ildə Bakı şəhəri M. Müşfiq adına 18 nömrəli orta məktəbi bitirmişdi. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdu. Təbriz təhsilini qiyabi şöbədə davam etdirərək, həm   C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləmişdi. 1991-ci ilin sonunda könüllü olaraq Qarabağa- cəbhə bölgəsinə yollanmışdı. Xramord Naxçıvanik kəndləri uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdi.

T.Xəlilbəyli 1992-ci il yanvarın 31-də qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.

 

İbrahimov Mirələkbər Mirələsgər oğlu

 

1961-ci il sentyabrın 30-da Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində ziyalı ailəsində anadan olmuşdu. Birinci sinfə doğma kəndlərində gedən Mirələkbər məlum hadisələr üzündən təhsilini Bakı şəhərindəki 158 nömrəli orta məktəbdə davam etdirmişdi. 1980-ci ildə hərbi xidmətini başa çatdırdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman hərbi hazırlıq fakültəsinə daxil olmuşdu. Təhsilini başa çatdırdıqdan sonra bir müddət 153 nömrəli məktəbdə dərs demiş, 1993-cü ildə yeni yaradılan Yasamal taboruna komandir təyin edilmişdi. Füzuli rayonunun Alxanlı, Kürdmahmudlu kəndləri uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdi.

M.İbrahimov 1994-cü il martın 5-də Qorqan kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində ikinci Şəhidlər xiyabanında dəfn olunub. Vaxtı ilə müəllim işlədiyi 153 nömrəli orta məktəb onun adını daşıyır.

 

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya

Mərkəzinin materialları əsasında

hazırladı: Ədalət DAŞDƏMİRLİ

 

 Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.8.