Təlimin səmərəliliyində fəal-interaktiv metodun rolu

 

2001-ci ildə ilk dəfə müəllim kimi sinfə daxil olarkən, düzü, çətinliklə qarşılaşacağımdan qorxurdum. Səbəb isə aydın idi. Özüm ənənəvi təlimdə təhsil almışdım, təhsil islahatının isə ilk illəri idi. Bu baxımdan, üzərimə böyük məsuliyyət düşürdü. Elə ilk gündən şagirdlərin fəallığını artırmaq, dərs prosesində yaradıcı mövqedən çıxış etmələrini təmin etmək, onların sərbəst və müstəqil şəkildə fikirlərini ifadə etmək, bir sözlə, yorucu dərs prosesindən uzaqlaşmaq üçün fəal təlim metodlarının müxtəlif üsul və formalarından istifadə etməyə başladım.

Sözsüz ki, ilk vaxtlar müəyyən çətinliklərlə rastlaşmalı olsam da, bunu təbii qəbul edirdim. Çünki ənənəvi təlim metodu ilə təhsil alan şagirdləri birdən-birə fəal təlim metoduna cəlb etmək çətinliklər törədirdi.

Lakin bu çətinlik çox çəkmədi. Tezliklə zəhmətin, yaradıcı işimin bəhrəsini gördüm. Dərs dediyim siniflərin şagirdləri təlim prosesində fəal iştirak etməyə can atır, hər hansı fikrə müstəqil münasibətlərini bildirir, özlərinin bir şəxsiyyət kimi formalaşdıqlarını hiss edirdilər.

2004-cü ildə şagirdim Məmmədova Şəfəq respublika fənn olimpiadalarında I yeri qazandı. Dərslərimi fəal təlim metodlarından istifadə etməklə qurmağımın nəticəsidir ki, 2004-2009-cu illərdə 10 nəfər şagirdim respublika miqyaslı olimpiada və inşa müsabiqələrində qalib olmuşdur.

Yeni təlim metodlarından yuxarı siniflərdə istifadə etmək üçün müəllim yaradıcı olmalı, fəal-interaktiv təlim metodlarını dərindən öyrənməli və dərs prosesində tətbiq etməlidir. Bax o zaman ənənəvi təlimlə fəal təlimin fərqini, alınan müsbət nəticəni özünüz real şəkildə görəcəksiniz. Hesab edirəm ki, yaradıcı müəllim üçün ən yaxşı metod fəal təlimdir. Yalnız bu metoddan istifadə etməklə, yuxarıda qeyd etdiyim kimi, hansısa uğur qazanmaq olar.

 

***

 

Bu gün təhsil sahəsində aparılan islahatların tərkib hissəsi olaraq müasir təlim metodlarının səmərəli tətbiqi öz müsbət nəticələrini göstərməkdədir. Fəal-interaktiv təlim metodunun tətbiqi dərs prosesi zamanı şagirdlərin passivliyini aradan qaldırır, təfəkkürünü inkişaf etdirir. "Sifət" mövzusunda dərsin keçilməsi və şərhi nümunəsində həmkarlarımla təcrübə mübadiləsi etmək istərdim.

"Sifət" mövzusunun tədrisində məqsəd şagirdlərə sifətlə bağlı biliklər mənimsətmək və nitqdə sifətlərdən istifadə bacarığı formalaşdırmaqdır. İş forması olaraq qruplarla işi seçirəm.

Metod və iş növləri kimi müəllimin izahı, əqli hücum, klaster, ziq-zaq və BİBÖ-yə (Bilirəm. İstəyirəm biləm. Öyrəndim) üstünlük verirəm.

Dərsə hazırlıq zamanı VI sinif üçün "Azərbaycan dili" dərsliyi, iş vərəqləri və sual kartoçkaları hazırlandı.

Motivasiya belə müəyyənləşdirildi:

Söhbət nədən gedir?

Şagirdlər əqli hücum vasitəsilə problemi həll edirlər, yəni onlara ünvanlanmış sualı sərbəst şəkildə cavablandırırlar: Söhbət sifətdən gedir. Sifət əşyanın neçəliyini bildirir; necə? nə cür? hansı? suallarına cavab verir; sifətlər keyfiyyət bildirir.

Şagirdlərin sifət haqqında qazanılmış bilik və məlumatlarını aşkara çıxardıqdan sonra müəllim şərhinə başlayıram: Deməli, sifət haqqında müəyyən qədər məlumatınız var. Aşağı siniflərdə öyrəndiyiniz kimi, sifət  əşyanın necəliyini bildirir. Necəlik dedikdə isə əlamət və keyfiyyət nəzərdə tutulur. Əşyanın gözlə görünə bilən necəliyi onun əlamətini, gözlə görünə bilməyən necəliyi isə keyfiyyətini bildirir. Bu baxımdan, əlamət və keyfiyyət bildirən sifətlər konkret və mücərrəd isimlərə oxşayır. Məsələn: "torpaq" ismi gözlə göründüyü kimi, "qara torpaq" dedikdə də onun rəngini görmək olur. "Fikir" ismini görə bilmədiyimiz kimi, "ağıllı fikir" birləşməsində də onun keyfiyyətini görə bilmərik.

Buradan belə nəticəyə gəlmək olar ki, sifət əşyanın necəliyini bildirdiyindən aid olduğu ismin, əsasən, əvvəlində gələcək və necə? nə cür? hansı? suallarına cavab verəcək.

Şagirdlərə dərslikdəki məlumatı oxutduqdan sonra BİBÖ cədvəlini təqdim edirəm. Şagirdlər özləri müstəqil şəkildə cədvəli doldururlar.

BİBÖ

Bilirəm: Sifətin suallarını necəlik bildirməsini.

İstəyirəm biləm: Sifətin tərifini, Sifətləri cümlələrdə işlətməyi. Sifətlərin məna növlərini.

Öyrəndim: Sifətin əlamət və keyfiyyət bildirmək fərqini.

Cədvəli doldurduqdan sonra şagirdləri zıq-zaq üsulu ilə qruplara ayırıram:

İgidlər qrupu: 1234, 1111

Yaşlılar qrupu: 1234, 2222

Qəhrəmanlar qrupu: 1234, 3333

Qırmızılar qrupu: 1234, 4444

Qruplara tapşırıq yazılmış kartoçkaları və işçi vərəqlərini paylayır, aşağıdakı tapşırıqlar verirəm:

1-ci qrup: verilmiş isimlərin əlamət və keyfiyyətlərini yazın (Vətən, şagird).

2-ci qrup: öyrəndikləri biliklər əsasında sifətin tərifini yazın.

3-cü qrup: verilmiş sifətləri cümlədə işlədin (igid, qəhrəman, yaşıl, qırmızı, şirin).

4-cü qrup: verilmiş cümlələrdəki sifətləri seçib yazın (1. Qızmar Günəş şüaları isti yayda  bütün canlı  varlıqlara əziyyət verir. 2. Böyük evin qarşısında  olan kiçik bağçadakı ətirli güllər adamı valeh edirdi).

İgidlər qrupu klaster üsulundan istifadə etməklə tapşırığı yerinə yetirir:

 

Vətən -:                     Şagird -:

Doğma                      Çalışqan

Böyük                       Nümunəvi

Ulu                            Əlaçı

Əziz                           Tənbəl

Gözəl                         Savadlı

 

Yaşlılar qrupundakı şagirdlər biliklərinə əsaslanaraq sifətin tərifini yazırlar:

Sifət əşyanın əlamət və keyfiyyətini bildirən, necə? nə cür? hansı? suallarına cavab verən əsas nitq hissəsidir

Qəhrəmanlar qrupuna daxil olanlar təqdim edilmiş sifətləri cümlələrdə işlədirlər:

1.İgid döyüşçülər Vətən uğrunda canlarından keçdilər.

2.Bayrağımızdakı yaşıl rəng İslamın rəmzidir.

3.Azadlığı bizə bəxş edən qəhrəman oğullara eşq olsun!

4.Şirin dil insan ürəyinin açarıdır.

5.Bağçadakı qırmızı güllər çox xoşuma gəlir.

Qırmızılar qrupu cümlələrdəki sifətləri seçib yazmaqla bərabər, onları əlamət keyfiyyətə görə qruplaşdırırlar.

Cümlələrdəki sifətlər bunlardır: qızmar, isti, canlı, böyük, kiçik, ətirli.

Qızmar, isti, canlı, ətirli sifətləri keyfiyyət; böyük, kiçik, sifətləri əlamət bildirir.

Qruplar öz işlərini təqdim edib fikir mübadiləsi etdikdən sonra ümumiləşdirmə aparıram. Bu mərhələni yekunlaşdırdıqdan sonra qiymətləndirmə cədvəlini qruplara təqdim edirəm. Qruplar həm özlərini, həm digər qrupları qiymətləndirirlər.

Yaradıcı tətbiqetməni ev tapşırığı formasında şagirdlərə təqdim edirəm:

Ədəbiyyat dərsliyinizdən tərkibində sifət işlənmiş 10 cümlə seçib yazın. Həmin sifətləri əlamət keyfiyyət bildirməsinə görə qruplaşdırın, sualını qeyd edin.

Təbii ki, dərsin səmərəliliyi sonrakı dərsdə bəlli olur. Şifahi sorğu və testlərlə yoxlama şagirdlərin mövzunu yüksək səviyyədə mənimsədiklərini aşkara çıxarır.

 

 

Rəfail MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.4.