NDU-da yubiley tədbiri keçirildi

 

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında şair-publisist, filologiya elmləri namizədi, dosent Əbülfəz Muxtaroğlunun 70 illiyinə həsr olunmuş  yubiley tədbiri keçirilib.

Tədbirdə  çıxış edən NDU-nun rektoru, akademik  İsa Həbibbəyli yubilyarı bu əlamətdar hadisə münasibətilə təbrik edib,  şairin həyat və yaradıcılıq yolundan geniş söz açıb.

Vurğulanıb ki, bu təhsil ocağında çalışdığı dövrdə şair ruhlu bu nümunəvi müəllim tələbə və müəllimlərin  rəğbətini, sevgisini qazanıb, istər kollektiv daxilində, istərsə də şeir sənətində  özünəməxsusluğu ilə daim seçilib. 

Sonra müəllim həmkarları və dostları adından çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sevindik Vəliyev, həmin kafedranın müəllimi, filologiya elmləri namizədi, dosent Arif Ağalarov, Xarici tələbələrlə iş üzrə dekan, filologiya elmləri namizədi, dosent Xanəli Kərimli, "Qeyrət" nəşriyyatının direktoru, tarix elmləri namizədi  Vaqif  Məmmədov yubilyarın vətənpərvərlik, məhəbbət, təbiət və başqa mövzulardakı şeirlərinin sadəliyini diqqətə çatdırıblar.  

Tələbələrin müəllifin "Peşiman deyiləm" və "Naxçıvan" adlı şeirlərinin  bədii qiraəti isə tədbirə xüsusi rəng qatıb.

Yubilyara Elmi kitabxanın  rəhbərliyi adından hədiyyə təqdim olunub.

Sonda ürək sözlərini çatdıran yubilyar şair göstərilən qayğı və diqqətə görə dərin minnətdarlığını ifadə edib.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.-2010.-15 yanvar.-S.7.