Türkiyənin milli təhsil naziri ilə görüş

 

Yanvarın 21-də Təhsil Nazirliyində Türkiyənin Bakıda işgüzar səfərdə olan milli təhsil naziri xanım Nimet Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.   Görüşdən öncə qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla yad edildi. Sonra qonaqlar azadlıq mücahidlərinin uyuduğu Şəhidlər xiyabanını Türk Şəhidliyi abidəsini ziyarət etdilər.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov nazirliyin rəhbər işçilərinin, çoxsaylı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbiri açaraq qonaqları salamladı və onları Təhsil Nazirliyində gördüyündən məmnunluğunu ifadə etdi.

Nimet Çubukçunun nazir kimi ilk dəfə məhz Azərbaycana səfərə gəldiyini vurğulayan Misir Mərdanov bu görüşün çoxdan gözlənildiyini dedi və dəvəti qəbul etdiyinə görə hörmətli qonağa, onun başçılıq etdiyi nümayəndə heyətinə təşəkkürünü bildirdi.

Nazir daha sonra Azərbaycan və Türkiyə arasında başqa heç bir ölkə ilə müqayisə edilməyəcək səmimi, dost və qardaş münasibətlərinin mövcudluğundan söz açdı. Ölkələrimiz arasında yaradılan mənəvi körpünün daha da möhkəmlənməsinin zəruriliyi haqqında danışan Misir Mərdanov təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını söylədi.

Təhsil naziri türkiyəli qonaqların bu gəlişinin tanışlıq xarakteri daşıdığını və səfər zamanı onların bir neçə təhsil müəssisəsinə gedəcəklərini bildirdi.

Sonra çıxış edən Türkiyənin milli təhsil naziri Nimet Çubukçu tədbir iştirakçılarını salamlayaraq Azərbaycana gəlişi ilə çox böyük sevinc hissləri yaşadığını bildirdi. Xanım Nimet Çubukçu qeyd etdi ki, ölkələrimiz arasındakı tarixin dərinliklərindən gələn mədəni bağlar təhsil sahəsindəki əlaqələrimizin möhkəm təməllər üzərində qurulmasına zəmin yaradır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal  Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "İki dövlət, bir millət" ifadələri bu təməli ən gözəl şəkildə anlatmaqdadır.

Türkiyənin 18 oktyabr 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasını tanıyan ilk dövlət olduğunu xatırladan Nimet Çubukçu daha sonra iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi və bununla bağlı tarixi faktları diqqətə çatdırdı.

Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsildə çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur. Bu ölkələrin Təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında 2 vacib sənəd imzalanıb. Bunlardan biri 1998-ci ilin noyabrında təhsil naziri Misir Mərdanovun Türkiyəyə rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası Təhsil Nazirliyi, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi, Ali Təhsil Şurası (YÖK) rəhbərliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq Protokolu, digəri isə 2000-ci ildə Türkiyənin milli təhsil naziri Mətin Bostançıoğlunun Bakıya səfəri zamanı imzalanan Azərbaycan Respublikası Təhsil və Türkiyə Respublikası Milli Təhsil nazirlikləri arasında təhsil və elm sahələrində əməkdaşlıq Protokoludur.

Hazırda Türkiyənin ali məktəblərində dövlət xətti ilə 209 nəfər bakalavr, 96 nəfər magistratura, 117 nəfər doktorantura pilləsində və 95 nəfər tibbdə uzmanlıq proqramları üzrə olmaqla 517 nəfər azərbaycanlı gənc təhsil alır. öz hesabına təhsil alanların sayı isə bundan bir neçə dəfə çoxdur. 2007-ci ildən başlayaraq Türkiyənin ali məktəblərində təhsil alan bir qrup tələbənin adı ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na daxil edilib. 2009-2010-cu tədris ilində belə tələbələrin sayı 75 nəfərə çatdırılıb ki, onların da əksəriyyəti (54 nəfər) tibbdə uzmanlıq proqramları üzrə təhsil alır.

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin də böyük əksəriyyətini məhz bu qardaş ölkədən gəlmiş gənclər təşkil edir. Belə ki, ümumilikdə 21 ali məktəbdə 4073 nəfər Türkiyə vətəndaşı təhsil alır. Xanım Nimet Çubukçu ölkələrimizdə elm və təhsilin inkişaf etdirilməsində qabaqcıl təcrübəni paylaşmağın, bu məqsədlə dilimizin yaratdığı imkanlardan daha səmərəli istifadə etməyin vacib olduğunu vurğuladı.

Türkiyə Cümhuriyyətinin milli təhsil naziri Nimet çubukçu çıxışının sonunda Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi və bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inandığını bildirdi.

Görüşün sonunda jurnalistlərin sualları cavablandırıldı.

 

***

 

Türkiyənin milli təhsil naziri xanım Nimet Çubukçu nümayəndə heyətinin üzvləri sonra Azərbaycan Diplomatik Akademiyasına Bakı Dövlət Universitetinə gedib, bu ali təhsil müəssisələri ilə tanış oldular. Hörmətli qonaqlara akademiya universitetin fəaliyyəti haqqında geniş məlumat verildi.

 

***

 

Türkiyənin milli təhsil naziri xanım Nimet Çubukçu onun başçılıq etdiyi nümayəndə heyəti həmin gün Qafqaz Universitetində olmuş, professor-müəllim heyəti tələbələrlə görüşmüşdür.

Qonaqlar universitetin tədris korpusunun binasında bu təhsil ocağının uğurlarından bəhs edən sərgiyə baxmışlar.

Akt zalında keçirilən görüşdə öncə "Çağ" Öyrətim Şirkətinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir. Sonra  Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Türkiyənin təhsil nazirini və onunla gəlmiş qonaqları salamlamış, universitet haqqında onlara məlumat vermişdir.

Görüşdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək hörmətli qonağa xoş gəldin etmiş, onun nazir vəzifəsində ilk xarici səfərini  Azərbaycana etməsini xalqlarımız arasında qardaşlıq əlaqələri və münasibətlərinin möhkəmliyinə və sarsılmazlığına daha bir sübut kimi dəyərləndirərək, xalqımızın bu qardaşlığa həmişə sədaqətli olduğunu vurğulamışdır.

Türkiyənin milli təhsil naziri xanım Nimet Çubukçu  səmimi görüş üçün minnətdarlığını bildirmiş, "Çağ" Öyrətim Şirkətinin fəaliyyətini, onun liseylərinin və Qafqaz Universitetinin xalqımıza göstərdiyi təhsil xidmətlərini yüksək qiymətləndirmiş, xalqların, dövlətlərin inkişafında təhsilin böyük rol oynadığını qeyd etmişdir.

Görüşdə "Çağ" Öyrətim Şirkətinin Türk-Azərbaycan liseylərinin müxtəlif bilik yarışlarında, beynəlxalq olimpiadalarda fərqlənən şagirdlərinə, həmin liseyləri və "Araz" hazırlıq kurslarını bitirən və qəbul imtahanlarında yüksək bal toplayaraq müxtəlif ali məktəblərə daxil olmuş tələbələrə mükafatlar təqdim olundu. Mükafatları Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçu və Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımov təqdim etdilər.

Görüşün sonunda "Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən hörmətli qonağa "Heydər Əliyev və "Çağ" Öyrətim" kitabını hədiyyə etdi.

 

 

Hicran ƏKBƏROVA,

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2010.-22 yanvar.-S.2.