"Tələbələrin sayına görə
Avropada liderik"
Litva Respublikasının təhsil və elm naziri cənab Gintaras Steponaviçiusun qəzetimizə
müsahibəsi
Gintaras Steponaviçius 1967-ci ildə
anadan olub. İxtisasca
hüquqşünasdır. Ali təhsilini Litvada alıb,
eyni zamanda Qərbin 4 universitetində təhsilini davam etdirmək
imkanı olub. Nazir vəzifəsinə təyin
olunanadək son 10 ildə Vilnüsdə öz dairəsi
üzrə 3 dəfə parlamentə seçilib. 10 il Vilnüs Universitetinin professoru kimi pedaqoji fəaliyyət
göstərib. Sonra siyasətlə məşğul
olmağa başlayıb. Şəhər
sovetinin üzvü olub. Bir ildən çoxdur ki, Litva
Respublikasının təhsil və elm naziri vəzifəsində
çalışır. Nazir olmaqla, eyni zamanda Litva
Respublikası parlamentinin üzvüdür. Ailəlidir,
iki övladı var. Oğlu 7-ci sinifdə oxuyur. Qızının 3 yaşı var.
* Tələbələrin
sayına görə Litva Aİ ölkələri arasında
liderdir
* Tələbələrin
yarıdan çoxu dövlət hesabına təhsil alır
* Ötən il 5 kollec birləşib
* Ali məktəb müəllimi
2000, orta məktəbdə dərs deyənlər isə 1000
ABŞ dolları məvacib alırlar
* Müəllim
hazırlığı üçün xüsusi test
keçirilir
* Litvada 13 azərbaycanlı
gənc təhsil alır
* Hər 10 şagirdə
1 kompüter düşür
* Ötən il 50 məktəb yeniləşdirilib
* Uşaqların 80 faizi
bağçaya gedir
* Litvalı gənclər
iqtisadiyyat, hüquq, tibb ixtisaslarına üstünlük
verirlər
* Dövlət büdcəsində
təhsilin payı 20%-dən yüksəkdir
Xəbər verdiyimiz kimi, Litva Respublikasının təhsil
və elm naziri, professor Gintaras Steponaviçiusun rəhbərlik
etdiyi bir qrup ali təhsil işçisindən
ibarət nümayəndə heyəti ötən həftə
ölkəmizdə səfərdə olub. Dünya
Bankının dəstəyi ilə yanvarın 14-də
Bakıda keçirilmiş ali təhsildə
maliyyələşmə mexanizmlərinə dair seminarda
iştirak edən litvalı nazir qəzetimizə müsahibə
verib. Həmin müsahibəni oxuculara təqdim
edirik.
- Cənab nazir, istərdik
öncə Litvanın təhsil sistemi haqqında məlumat verəsiniz.
- Bizdə ümumi təhsil
12 il davam edir. İbtidai təhsil
7 yaşdan başlanır və 4-illikdir. Ondan
sonra gələn 5-8-ci siniflər əsas təlim adlanır.
Orta təhsil 9-12-ci sinifləri əhatə edir.
Konstitusiyamıza görə, 16 yaşa qədər
təhsil ümumi və icbaridir.
Litvada hazırda 3,5 milyon əhali yaşayır. ümumtəhsil
məktəblərimizin sayı təxminən 1300-dür. Onlardan təxminən 100-dən bir qədər
artığı ibtidai təhsil, 500-dən çoxu əsas,
350-dən artığı isə orta məktəblərdir.
Bunlardan başqa, bizdə məktəb-bağçalar,
gimnaziyalar, xüsusi məktəblər və s. də
vardır. Bu müəssisələrdə 400
mindən çox şagird oxuyur, təxminən 40 min müəllim
çalışır. Məktəblərimiz
birnövbəlidir.
Orta məktəbləri
bitirdikdən sonra gənclər universitetlərə və
onların nəzdində fəaliyyət göstərən
kolleclərə daxil ola bilərlər. ölkədə 48 ali təhsil müəssisəsi
mövcuddur. Onların 24-ü universitet, bir o qədəri
isə kollecdir. Universitetlərimizin 17-si
dövlət, 7-si isə özəldir. Kolleclərin
isə 13-ü dövlətə, 11-i xüsusi mülkiyyətə
məxsusdur. Bizdə ali təhsil
alanların sayı çoxdur. Ali məktəblərimizdə
hazırda 200 mindən yuxarı tələbə təhsil
alır. Bu göstəriciyə görə
Litva Avropa İttifaqı ölkələri arasında liderdir.
Litvalı
uşaq və gənclərin oxuduqları orta məktəblərdə
və universitetlərdə təhsilin keyfiyyətini yüksəltmək
hazırda qarşımızda duran əsas məqsəddir. çalışırıq
ki, verilən təhsil keyfiyyətli olsun, insana şəxsi həyatında
kömək etsin, eyni zamanda dövlətin rifahına xidmət
göstərsin.
Məhz buna
görə də ölkənizə indiki səfərimizin əsas
məqsədlərindən biri təcrübə mübadiləsi
aparmaq, sizin təhsil sisteminizi öyrənməkdir.
- Sizin dövlət universitetlərində ödənişli
təhsil forması varmı?
- Bizdə də sizin ölkənizdə
olduğu kimi, tələbələrin bir hissəsi pulsuz təhsil
alır, bir hissəsi isə aldığı təhsilə
görə haqq ödəyir. O cümlədən Litvanın
dövlət universitetlərində ödənişli yerlər
vardır. Məsələn, bu il universitetlərdə
oxuyanların 50 faizindən çoxu pulsuz təhsil alır.
Bizdə özəl universitetlərə yaxşı qiymətlərlə daxil
olmuş tələbələr də dövlət hesabına
oxuya bilərlər.
- Bəs dövlət ali məktəbləri
üçün ayrılmış ödənişli yerlərdə
təhsil haqqı nə qədərdir?
- Bu, ali məktəblərdən
və ixtisaslardan asılıdır. Məsələn,
iqtisadiyyat, menecment, siyasi, humanitar və sosial elmlər üzrə
illik, yəni 2 semestr üçün təhsil haqqı, təxminən,
1200 avrodur. Tibb ixtisaslarında və texniki elmlərdə
isə bu, ildə iki-üç min avro arasında dəyişir.
Yeri gəlmişkən deyim ki, hazırda ölkəmizin ali təhsil sistemində tətbiq olunan yeni
maliyyələşdirmə mexanizminə görə tələbələrin
böyük hissəsi pulsuz təhsil almaq imkanına malikdir.
Bildiyiniz kimi, bizdə ali təhsilin adambaşına maliyyələşdirilməsi
mexanizmi tətbiq olunur. Bakalavr təhsili
üçün dövlət maliyyələşməsi tələbə
vauçeri formasında tərtib edilib. Həmin
vauçerlər imtahanlarda ən yaxşı nəticə
göstərənlərə verilir. Abituriyentlər
təhsil müəssisəsini özləri sərbəst
seçirlər. Ona görə də ali
məktəblərin maliyyələşməsi onların
hansı təhsil müəssisəsini seçməsindən
asılı olur. Bu halda, ola bilər, tələbələrin
böyük hissəsi təhsilin keyfiyyəti dövlət ali
təhsil müəssisələrindəkindən heç də
aşağı olmayan özəl ali məktəbləri də
seçsinlər. Bu, bizi narahat etmir. Bizim üçün əsas məsələ
ölkədə təhsilin keyfiyyətini yüksəltməkdir.
Vacib deyil ki, o, dövlət müəssisəsi
olsun və ya qeyri-dövlət. Ən
vacibi təhsilin səviyyəsidir.
Dövlət
maliyyələşdirilməsi üçün əmək
bazarının tələbləri, ixtisaslara və mütəxəssislərə
olan ehtiyac nəzərə alınmaqla təhsilin 11 sahəsi
müəyyənləşdirilib. Keçən il
universitetlərdəki hər tələbə yerinə
dövlət maliyyəsi 2 dəfə artıb. Dövlət 2009-cu ildə universitetlərdə
11 min, kolleclərdə 10 min olmaqla 21 minlik I kurs tələbələrinin
təhsilini tam olaraq ödəyib ki, bu da, təxminən, orta
məktəb məzunlarının 50 faizi qədərdir.
- Dediklərinizdən belə
çıxır ki, dövlət maliyyələşməsinə
nail olmaq üçün ali təhsil
müəssisələri daha çox tələbə
yığmağa çalışmalıdırlar?
- Elədir. Yeni maliyyələşmə
mexanizminə görə dövlət tərəfindən ali təhsilin maliyyələşdirilməsinə
yönəldilən vəsait, dediyim kimi vauçer
formasında tələbələrə ünvanlanır. Tələbə
isə ali məktəbi könüllü
olaraq özü seçir. Həm də onlar dövlət
müəssisələri ilə yanaşı özəl ali təhsil müəssisələrinə də
üz tuturlar. Belədə istər dövlət, istərsə
də qeyri-dövlət ali təhsil müəssisələri
arasında rəqabət yaranır. Düşünürəm
ki, belə rəqabət yaxşıdır. Xüsusən
o cəhətdən ki, bu cür rəqabət dövlət ali təhsil müəssisələrini daha yaxşı
fəaliyyət göstərməyə, təhsilin keyfiyyətini
artırmağa təhrik edir. Onlar hiss edirlər ki,
yanlarında kimsə var və hər an onları keçə
bilər.
Hər hansı bir ali təhsil müəssisəsinin keyfiyyət
uğrunda mübarizəsi isə son nəticədə
bütövlükdə ölkədə ali təhsil
inkişafını təmin edir.
- Bu rəqabətdə uduzanlar olurmu?
- Əlbəttə,
olur.
Güclü ali məktəblərlə
yanaşı zəiflər də vardır. özü
də həm dövlət, həm də özəl ali təhsil
müəssisələri arasında. Bir tərəfdən
akkreditasiya, digər tərəfdən isə tələbələrə
seçim imkanının verilməsi, necə deyərlər,
onların bir-birindən fərqlənməsinə gətirib
çıxarır. Kim vauçer vasitəsilə maliyyələşən
az yer yığırsa, özünün
gücsüz olduğunu görür. Bu halda onlar uğurlu fəaliyyət
göstərmək üçün kimlərləsə birləşməyə
can atırlar. Yeri gəlmişkən deyim ki,
artıq iki universitet birləşmək fikrində olduğunu
bildirib. ötən il 5 kollec də
birləşib. Kimləsə birləşməyib,
bir fakültəni bağlamaq, kafedraların sayını
azaltmaq da olar. Bütün hallarda qərarlar
yaxşı nəticə əldə olunmasına yönəldilir.
- Dövlət və özəl ali məktəblərinin
ödənişləri arasında fərq varmı?
- Bəli, var. Bəzi özəl
universitetlərdə təhsil haqqı nisbətən yüksəkdir.
- Müstəqillik dövründə Litvanın təhsil
sistemində Sovet təhsil sistemindən fərqli olaraq nə dəyişib?
- Təhsilə yanaşmada
müəyyən dəyişiklik hiss olunur. İndi
gənc insanlar məktəbdən başlayaraq müstəqil,
təşəbbüskar şəxsiyyət kimi
formalaşdırılır. Sovet dönəmində
isə bu yox idi. ümumi bir sistem var
idi. öz başınla fikirləşməyə
imkan verilmirdi. Təhsil alanların
başını çoxlu informasiya ilə, formulalarla,
familiyalarla doldururdular. Bunları yadda
saxlamalı idin. İndi biz güclü
şəkildə gənc insanlara təkcə bilikləri
deyil, həm də vərdişləri qazanmaq
üçün imkan vermək istiqaməti
götürmüşük. çalışırıq
ki, onlar orta məktəbi, xüsusən də ali təhsil
müəssisəsini bitirəndə elə sosial və
peşə vərdişlərinə yiyələnsinlər
ki, bunlardan istifadə etməklə
praktik həyatda özləri qərarlar qəbul edə
bilsinlər, təşəbbüskar olsunlar. Xüsusən
də peşəkarlıq kontekstində. Və
nəticədə sosial baxımdan öz rifah halını
yaradan xoşbəxt, müvəffəqiyyətli insana
çevrilə bilsinlər.
Bu, eyni zamanda cəmiyyət
üçün də pozitiv nəticələr vermək
baxımından əhəmiyyətlidir. Ona görə
ki, əgər güclü şəxsiyyət, onun
yaxşı nəticələri varsa bu, cəmiyyət və
dövlət səviyyəsində istər iqtisadi, istərsə
şəxsiyyətlərarası münasibətlərə
müsbət təsir göstərir. Fikrimcə,
insanlar təhsilli və tərbiyəli olarlarsa, onda cəmiyyət
də tərəqqi edər. Təhsil
sistemi nə qədər güclüdürsə, ölkə
və cəmiyyətlər bir o qədər varlı və
rifah halında yaşayırlar. Dünyada
bunun çoxlu yaxşı nümunələrini
görürük.
- Təhsil müəssisələrində, xüsusilə
də ali və orta məktəblərdə
kadr məsələləri necə həyata keçirilir?
- Orta məktəb müəllimləri
işə xüsusi testlər tətbiq olunmaqla müsabiqə
əsasında qəbul olunurlar. Ali məktəb
müəllimlərinə gəldikdə isə bizim
universitetlər muxtariyyət hüququna malik olduqlarından
dövlət onların işinə qarışmır. Lakin istənilən halda iddiaçı elmi
işçilər, doktor və professorlar müsabiqə əsasında
işə qəbul olunurlar.
- Cənab nazir, sirr deyilsə, Litvada müəllimlərin
orta aylıq əməkhaqqı nə qədərdir?
- Qeyd etdiyim kimi, hazırda
bizdə universitetlərin maliyyələşməsində dəyişikliklər
edilir. Hansı universitet daha çox dövlət
tərəfindən vauçerlərlə təmin olunmuş
və ya ödənişli tələbə
yığırsa, onun vəziyyəti daha yaxşı olur.
Universitet müəllimlərinin nə qədər əməkhaqqı
alması da bundan
asılıdır. Deyə bilərəm ki, bir il
bundan öncə tələbələrin seçimi əsasında
vauçerlə maliyyələşmə nəticəsində
daha çox tələbə yeri qazanan və tələbəsi
olan universitetlər hətta böhran dövründə müəllimlərə
yüksək əməkhaqqı vermişlər.
Məsələn, dövlət
ali müəssisəsi olan Kaunas Texniki Universitetində müəllimlərin
orta aylıq əməkhaqqı ötən il 2000 ABŞ dolları olub. Həmin
universitetin büdcəsi ötən il 100
milyon dollar təşkil edib və bunun yarıdan çoxunu
universitet dövlətdən deyil, xüsusi mənbələrdən
əldə edib.
Orta məktəb
müəllimlərinə gəldikdə isə onların əməkhaqqı
birbaşa dövlət tərəfindən tənzimlənir. 2008-ci ildə
biz orta məktəb müəllimlərinin əməkhaqqını
56 faiz həcmində artırmışıq. Lakin ötən
il böhranla əlaqədar məcbur olub
artımı saxladıq. Prinsipcə, müəllimlərin
əməkhaqqı 10 faiz həcmində azaldıldı.
Bununla belə, qeyd edim ki, orta məktəb
müəllimlərinin əməkhaqqı cəmiyyətdəki
orta əməkhaqqından çoxdur və hazırda 1000
ABŞ dolları təşkil edir. Əlbəttə, gənc
mütəxəssislər bundan az alır.
çünki bizdə müəllimlərin
əməkhaqqı ixtisas dərəcəsindən, stajdan
asılıdır.
- Ölkənizdə müəllim
hazırlığı necə həyata keçirilir?
- Biz müəllimlərin
hazırlanması sistemində bir qədər dəyişikliklər aparmışıq. Gələn il sentyabrın 1-dən birprofilli pedaqoqun
hazırlanmasını daha çox maliyyələşdirəcəyik.
Lakin dövlət tərəfindən maliyyələşdirilən
yer az olacaq. Ona görə
ki, gələcəkdə bizə nə qədər müəllim
lazım olacağını hesablamışıq. Eyni
zamanda biz hazırda pedaqoji ali təhsil
müəssisələrinə daxil olanlar üçün
testlər tətbiq edirik ki, bunun da nəticəsində
onların təkcə diplom almaq yox, həqiqətən müəllim
olmaq istəməsi aydınlaşır. Düşünürəm
ki, bu, müəllim hazırlığının keyfiyyətinə
və nəticədə məktəblərə normal,
stimullaşdırılmış, habelə kreativ müəllimlərin
gəlməsinə xidmət edəcək. Bu isə gənc nəslin təbiyəsi
üçün olduqca vacibdir.
- Litvanın ali məktəblərində təhsil neçə pilləlidir?
- Azərbaycandakı kimidir.
Bakalavr, magistr və doktor dərəcələri var.
Universitetlərdə bakalavratura pilləsinin davametmə
müddəti 4, magistraturada 1,5-2,
doktoranturada isə 3-4 ildir. Kolleclərdə bakalavr təhsili 3 ildir. Bu yaxınlaradək bizdə professura da var idi. Lakin biz bu səviyyədən imtina edib, ancaq doktorla
kifayətləndik.
- Bizdə ali məktəblərə tələbə qəbulu mərkəzləşdirilmiş
qaydada aparılır. Bəs sizdə necə?
- Bizdə də belədir.
Bütün ali təhsil müəssisələri
ümumi qəbul sistemində iştirak edir. Qəbul
və ya yerləşdirmə, yəni tələbənin hara
daxil olması isə orta məktəbin buraxılış
imtahanlarının nəticələrindən
asılıdır.
- Siz də, yəqin ki, Boloniya prosesinə qoşulmusunuz?
- Əlbəttə,
biz lap əvvəldən Boloniya prosesində iştirak edirik. Bildiyiniz kimi,
bu prosesin bir sıra müsbət aspektləri vardır.
O, ali məktəblərin tələbə
və müəllimlərinin mobilliyini təmin edir. Bu isə çox vacibdir. Fürsətdən
istifadə edərək deyim ki, bu baxımdan mən Litva ilə
Azərbaycan arasında daha sıx əməkdaşlıq
üçün gözəl imkanlar görürəm.
Ona görə ki, həm sizdə, həm də bizdə
güclü ali məktəblər, vacib
ixtisaslar var. Bizim nümayəndə heyətində
üç universitetin rektoru iştirak edir. Onlar
yaranmış imkanlardan istifadə edərək ali məktəblər səviyyəsində
ikitərəfli münasibətlərin qurulmasında
maraqlıdırlar. Fikrimcə, bu, azərbaycanlı
gənclərə də Avropa təhsil məkanına və
sisteminə daxil olmağa imkan verər. O cümlədən
düşünürəm ki, sizdə də bizim
üçün əhəmiyyətli ixtisaslar az deyil. 13 azərbaycanlı
gəncin keçən il Litvanın ali məktəblərinə
daxil olması barədə məlumat alanda çox sevindim. ümid edirəm ki, bu anlaşma və əlaqələr
gələcəkdə daha da genişlənəcək. Nəticədə hətta birgə proqramların həyata
keçirilməsi mümkün olacaq.
- Sizin universitetlər TEMPUS, TASİS kimi beynəlxalq
proqramlarda iştirak edirlərmi?
- Biz Avropa
İttifaqının üzvü kimi 2004-cü ildən Erazmus
tələbə mübadiləsi proqramında iştirak
edirik. Tələbə mübadiləsi çərçivəsində
bizdən digər Avropa ölkələrinə gedən və
bizə təhsil almağa gələnlərin balansı 1-in 1,3-ə nisbəti kimidir. özü
də bizə təkcə Avropa İttifaqı ölkələrindən
gəlmirlər. Xaricdən bizə gələn
tələbələr təkcə Erazmus kimi Avropa
proqramlarının maliyyə dəstəyi ilə təhsil
almırlar. Bizim özümüzün də xarici
ölkələrdən tələbələr cəlb etmək
məqsədi güdən xüsusi təqaüd proqramlarımız
mövcuddür. ümid edirəm
ki, azərbaycanlılar arasından da belə təqaüdçülər
olacaq. Bizdə Litva dilində ali təhsillə
bağlı proqramlar mövcuddur. İngilis dilində də az deyil. Mənim bildiyimə
görə, Azərbaycanda da bu təcrübə var. Əgər
təqaüd ala bilməsən, kifayət qədər
aşağı təhsil haqqı ödəməklə
ingilis dilində oxuya bilərsən. Belə
imkanlar Litvada kifayət qədər genişdir. üstəlik bizdə,
deyək ki, tibb və ya texnoloji universitetlərdə digər
dillərdə oxuyan və sonra təhsillərini Litva dilində
davam etdirən tələbələr də az deyil.
- Litva məktəblərinin kompüterləşməsi,
İnternetlə təminatın vəziyyəti necədir?
-Təhsil sistemimizin texniki,
texnoloji cəhətdən silahlandırılması çox
vacib məsələdir. Bu məsələnin həllinə
bir neçə ildir ki, başlamışıq. İnternetlə təminata daha çox investisiya
ayrılır. Bütün məktəblərə
İnternetdən keyfiyyətlə istifadə etmək
imkanı verilib. Məhz bunun nəticəsidir
ki, Litvanın təhsil müəssisələri, o cümlədən
kənd məktəbləri İnternetdən geniş istifadə
edirlər. Hazırda Litva məktəblərində
10 şagirdə 1 kompüter düşür. Bizim müəllimlərin
95 faizi
kompüterdən istifadə edir. Müəllimlərin
67 faizi isə dərslərini İKT-nin tətbiqi ilə
aparır.
- Litvada yeni məktəblərin tikintisinə ehtiyac
varmı? Ötən il neçə məktəb
tikilib?
- Bizdə məktəb
tikintisi məsələsi kəskin şəkildə
qarşıda durmur. Əsas diqqət məktəblərin
yeniləşdirilməsinə yönəldilir. Ona
görə ki, məktəblərin çoxu 20-30 il əvvəl tikilib. ötən
il 50 məktəb tam yeniləşdirilib, pəncərələri,
dam örtükləri dəyişdirilib. Əksər
məktəblərin qızdırıcı sistemləri yeniləşib.
Bu il isə 100 məktəbin yeniləşdirilməsi
nəzərdə tutulub. Demoqrafik baxımdan
ölkəmizdə azalma gedir. Buna görə
də şagirdlərin sayı getdikcə azalır. Bu səbəbdən kənd yerlərində hətta
məktəblər bağlanır. ötən
il, təxminən, 100 məktəb öz fəaliyyətini
dayandırıb.
- Məktəbəqədər təhsildə vəziyyət
necədir? Uşaqların təxminən
neçə faizini bu müəssisələrə cəlb edə
bilirsiniz?
- Ölkəmizdə
uşaqların məktəbəqədər təhsil müəssisələri
ilə əhatə göstəricisi 80 faizdir. Bu baxımdan biz
Avropa İttifaqı ölkələri arasında ən
öncül mövqe tuturuq. Şəhərlərdə
uşaqların ictimai tərbiyəyə cəlbi daha yüksək
olub 92,5 faiz təşkil edir. Kənd yerlərində isə
bu göstərici aşağıdır, cəmi 24,6 faiz. Lakin
biz kənd yerlərində uşaqların məktəbəqədər
müəssisələrlə əhatə faizini yüksəltməyi
qarşımıza məqsəd qoymuşuq və bu istiqamətdə
iş aparılır.
Əlbəttə, biz
hesab edirik ki, 2 yaşınadək uşaqların evdə
böyüməsi daha normaldır. Lakin sonra onlar hökmən
ictimai tərbiyə ilə əhatə edilməli, öz
yaşıdları ilə ünsiyyətdə olmalı,
artıq bu yaşdan zəruri həyati vərdişlər
qazanmalıdırlar. üstəlik valideynlər
üçün də şərait yaratmaq lazımdır ki,
onlar təkcə öz uşaqlarının tərbiyəsi ilə
məşğul olmayıb, həm də
kompetensiyalarını, xüsusən də vərdişlərini
itirməmək üçün işləyə bilsinlər.
- Ölkənizdə texniki peşə təhsili sahəsində
nə kimi işlər görülüb?
- 8-10 il əvvəl
Litvada texniki peşə təhsili sistemində struktur
islahatları aparılıb, bir çox texniki-peşə məktəbləri
birləşdirilib. Hazırda ölkəmizdə 70 peşə
təhsili mərkəzi fəaliyyət göstərir. Onlarda
40 mindən çox şagird oxuyur. Onlar bu müəssisələrdə
bir neçə modul üzrə təhsil ala bilirlər. Bir
modul üzrə şagirdlər 8-ci sinifdən sonra peşə
mərkəzlərinə gedir və burada peşəyə yiyələnməklə
yanaşı, ümumi təhsil də alırlar. Digər
modula görə, gənclər orta təhsili bitirdikdən
sonra bu müəssisələrə üz tutur və burada istədikləri
peşəni öyrənirlər. Deyim ki, belələri az
deyil. ötən il peşə təhsili mərkəzlərinə
xeyli şagird qəbul olunub ki, bu da Litva cəmiyyətində
həmin sektorun nüfuzunun artdığını göstərir.
ötən illər ərzində bu müəssisələrin
yeniləşdirilməsi sahəsində xeyli iş
görülüb və bu işləri bu il davam etdirmək
fikrindəyik. Bütün bunların nəticəsində
peşə təhsili mərkəzlərinin yarısı ən
yeni texnika ilə təmin olunacaq, yatanxanalar, maddi baza yeniləşdiriləcək.
- Litvalı gənclər ali məktəblərdə
hansı ixtisaslarda təhsil almağa üstünlük verirlər?
- Bu, gənclərin
Litvada və xaricdə oxumaq arzuları ilə üst-üstə
düşür. Deyərdim ki, ən populyar ixtisaslar
iqtisadiyyat, hüquq, tibb və siyasi elmlərdir. Bunlarla yanaşı,
informasiya texnologiyaları, mühəndis elmləri də gənclər
arasında güclü mövqeyə malikdir. Əgər xarici
ölkələrin ali məktəblərinə daxil olanlardan
danışsaq, öncə deyə bilərəm ki, onların
2-3 faizi ən yaxşı ali məktəblərə çox
müxtəlif ixtisaslara daxil olurlar. Bu baxımdan biz Azərbaycanla
oxşar vəziyyətdəyik. Buna görə də biz
Litvanın ali təhsil müəssisələrində təhsilin
keyfiyyətini yüksəltməyi qarşımıza məqsəd
qoymuşuq.
- Sizdə xarici tələbələr varmı?
- Bəli.
- Təxminən nə qədər?
- Xarici ölkələrdən
bizdə təxminən, 2-3 min tələbə təhsil
alır. Bizdən xaricdə oxuyanların sayı isə 5 minə
qədərdir. Lakin onları dövlət maliyyələşdirmir.
Onlar orada təqaüd alırlar. ölkəmiz Avropa
İttifaqına daxil olduqdan sonra litvalı gənclər Avropa
ölkələrində ya pulsuz, ya da İngiltərədə
olduğu kimi, az miqdarda təhsil haqqı ödəməklə
təhsil ala bilirlər.
Xarici tələbələrə
gəldikdə isə, onlar, xüsusən də Avropa
İttifaqına üzv dövlətlərdən gələnlər
xarici fondlardan təqaüd alır və bizim tələbələrin
oxuduğu şəraitdə təhsil alırlar.
üçüncü ölkələrdən gələnlər
də əgər müvəffəqiyyətlə oxuyarlarsa, təqaüd
ala bilərlər. Universitetlərin özlərində belə
imkanlar nəzərdə tutulur. Mən misal da gətirə bilərəm
ki, son illər hətta Erazmus proqramından kənar,
İsveçdən də tələbələr bizim universitetlərə
daxil olurlar. Ona görə ki, onlar bizdə bir sıra
proqramların yüksək keyfiyyətdə olduğunu
görürlər.
- Bəs sizdə ali məktəbdən sonrakı təhsil
necədir?
- Burada bizim mövqeyimiz
belədir ki, insan aldığı təhsillə kifayətlənib
bir yerdə dayanmamalı,daim özünü təkmilləşdirməlidir.
Bu məqsədlə ölkəmizin təhsil sistemində
ömürboyu təhsil konsepsiyası həyata keçirilir. Ali
təhsil müəssisələrində insanların daha
yaşlı nəsilləri üçün kurs keçmək
imkanları yaradılır. Belə kurslara bir diplomu olub ikinci
diplom almaq, magistr dərəcəsinə yiyələnmək
istəyənlər gedir. Əlavə kompetensiyalar verən
kurslar da təşkil olunur ki, bunlarda oxumaq insanlara öz şəxsi
karyeralarını qurmaqda kömək edir. Ali məktəblər
belə kurslardan az əlavə gəlir əldə etmirlər.
- Ölkənizdə müəllimlərin
ixtisasının artırılması və təkmilləşdirilməsi
ilə məşğul olan ayrıca təhsil müəssisələri
varmı?
- Biz istəyirik ki, bu
iş universitetlərdə cəmlənsin. Düzdür,
yaxın vaxtlaradək belə bir təhsil mərkəzi var
idi, lakin o artıq ötən
ildən fəaliyyət göstərmir. Biz
düşünürük ki, bu xidməti ali təhsil müəssisələri
göstərə bilər. Əlbəttə, bələdiyyələr
də var və onlar bu məqsəd üçün özlərinin
infrastrukturlarını yaratmaq hüququna malikdirlər. Belə
strukturlarda müxtəlif kiçik ixtisasartırma kursları
təşkil olunur.
Lakin biz çox istəyirik
ki, bu xidməti müəllimlər daha keyfiyyətli və
ixtisaslı şəkildə ala bilsinlər. Həm müəllim,
həm də gələcək direktor üçünsə ən
yüksək səviyyə əlbəttə, ali təhsil
müəssisəsidir.
- Litvada dövlət büdcəsindən təhsilə
ayrılan vəsait nə qədərdir?
- Bizdə təhsilə
ayrılan vəsaitlər ümumi daxili məhsulun (UDM) 6,9
faizini təşkil edir. Dövlət büdcəsində təhsilin
payı isə 20 faizdən artıqdır. Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının
tövsiyəsinə görə bu göstərici 6 faiz təşkil
edir. Göründüyü kimi, bizdə büdcədən təhsilə
ayrılan vəsait həmin rəqəmdən üç dəfədən
də artıqdır. ümumiyyətlə, Litvada təhsilin
dövlət maliyyələşdirilməsi inkişaf
etmiş ölkələrdəki orta göstəricidən
yüksəkdir. ölkəmizdə bir təhsil alana
düşən maliyyə vəsaitinin həcmi də kifayət
qədər yüksək olub, təxminən, 4 min ABŞ
dolları təşkil edir.
- Bildiyimizə görə, siz bir neçə dəfə
ölkəmizdə olmusunuz. ölkəmiz, təhsilimiz,
insanlarımız haqqında təəssüratınız necədir?
- Əvvələn, mən
artıq 4-cü dəfədir ki, Azərbaycandayam. Və elə
alınıb ki, son dörd il ərzində ildə bir dəfə
ölkənizə gəlmişəm. İlk dəfə
gördüyümə nisbətən Bakı çox dəyişib.
Hətta deyərdim tanınmaz dərəcədə. ölkənizin
xoşuma gəlməsini təkcə bu fakt göstərir ki,
mən bura ancaq öz işimlə bağlı deyil, həm də
ailəmlə birlikdə məzuniyyətə gəlirəm.
Təhsil sisteminizdə
aparılan islahatlardan, xüsusən son illər məktəb
tikintisi sahəsində görülən böyük işlərdən,
təhsil sisteminin kompüterləşdirilməsi və təhsilin
məzmununun yeniləşdirilməsi istiqamətində atılmış
addımlardan xəbərdaram və bunları yüksək
qiymətləndirirəm. Düşünürəm ki, indi
Litva kimi Azərbaycanın da əsas məqsədi təhsilin
yüksək keyfiyyətinə nail olmaqdır.
Bura mənim çox
xoşuma gəlir. Mən hər dəfə Azərbaycana gəlməyimə
şad oluram. Xüsusən də burada mənim artıq
çoxları ilə yaxşı insani münasibətlərim
var. Hiss edirəm ki, Litvaya münasibət də çox
yaxşıdır. Baxmayaraq ki, bir-birimizdən bir neçə
min kilometr aralıdayıq. İnsanlarınızın
açıqürəkliliyi, səmimiliyi,
mehribanlığı və bütün bunlarla yanaşı,
həm də deyərdim ki, mətbəxiniz xoşuma gəlir.
- Cənab nazir, geniş və maraqlı müsahibəyə
görə təşəkkür edirik.
Müsahibəni apardılar: Yusif ƏLİYEV,
Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-2010.-22 yanvar.-S.3.