İstedadlı alim, görkəmli
elm və təhsil təşkilatçısı
Qədim Azərbaycan diyarı
olan Zəngəzur əsrarəngiz təbiəti, alicənab,
mərd, vüqarlı insanları ilə yanaşı,
dünya elm və mədəniyyətinə böyük
töhfələr vermiş onlarla işıqlı ziyalı bəxş
etmişdir. Belə görkəmli şəxsiyyətlərdən
biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri
doktoru, professor Yusif Əbülfət oğlu Məmmədovdur.
O, çağdaş dünyamızın fitri tədqiqatçı
istedadına, dərin riyazi təfəkkürə və
qabiliyyətə malik görkəmli elmi simalarından biridir.
İlahi tərəfindən
bəxş edilmiş ömür payının qısa bir
zaman kəsiyində qeyri-adi əməksevərliyi,
istedadı, intəhasız ürək genişliyi, insanlara
qarşı səmimi hiss və duyğuları onu elmin və
insanlığın zirvəsinə yüksəltmişdir. Yusif
müəllimin 60 illik ömür kitabının hər səhifəsi
zəhmətlə, əziyyətlə, lakin ləyaqət və
şərəflə yazılıb. ömür
kitabını vərəqlədikcə gözlərimiz
qarşısına öncə Azərbaycanın hüquqi sərhədlərindən
kənarda qalan qədim oğuz yurdu - Qərbi Azərbaycanın
Zəngəzur mahalının Sisyan rayonunun Dəstəgird qəsəbəsi
gəlir. Xəstə üçün zirvəsində qar
olan, hər cür çiçək açan, laləzar
olan, indi yadlara - yağılara qalan yurd yerlərimiz yada
düşür. O yerlər ki, 1950-ci ildə Yusif müəllim
orada dünyaya göz açıb, Əbülfət
kişinin ailəsinə sevinc bəxş edib. O yerlər ki,
indi də Yusif müəllimin yuxularını ərşə
çəkir...
Yusif müəllimin
böyüyüb, boya-başa çatdığı qəsəbə
dağlar qoynunda yerləşir. Deyirlər təbiət öz
duruluğundan, saflığından, paklıq və gözəlliyindən
insanın mənəviyyatına və ruhuna müəyyən
pay verir. Təbiət Yusif müəllimə qarşı da
belə səxavət göstərmişdir. Məhz bunun təsiridir ki, o, qəlbi, ruhu dağ
çeşmələri kimi dupduru, kökünə, elinə, obasına qırılmaz tellərlə
bağlı vətənpərvər, nəcib şəxsiyyət
kimi formalaşmışdır.
Yusif Məmmədov o dövr
üçün çox çətin bir şəraitdə,
1966-cı ildə orta məktəbi "Qızıl
medal"la bitirdi. Ən böyük arzusu riyaziyyat müəllimi,
riyaziyyatçı olmaq idi. Məhz bu arzu ilə də o,
Bakıya gəldi. Azərbaycan Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsinə daxil oldu. Sadə bir tələbə
həyatı yaşadı: yuxusuz gecələr, narahat
gündüzlər keçirdi, acılı-şirinli, imtahan
"qorxulu", hər anı səadətli, bir daha təkrarolunmaz
günlər yaşadı. 1971-ci ildə həmin fakültəni
riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə
bitirdi. Təhsil illərində əla qiymətlərlə
oxuduğu üçün universitetin Riyazi fizika tənlikləri
kafedrasında assistent saxlanıldı. 1979-cu ildə həmin
kafedranın baş müəllimi, 1980-ci ildə dosenti, 1991-ci
ildə professoru seçildi. 1992-1993-cü illərdə
qardaş Türkiyə Respublikasının İstanbul Texniki
Universitetinin professoru kimi çalışdı. 1993-cü
ilin axırlarında Bakıya qayıtdı, BDU-nun Riyazi fizika tənlikləri
kafedrasının müdiri, 2000-ci ildə isə tətbiqi
riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifəsinə
seçildi. 2004-2006-cı illərdə BDU-nun I prorektoru - elmi
işlər üzrə prorektoru vəzifəsində
çalışdı. 2006-cı ilin aprel ayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor vəzifəsinə
təyin olundu.
Yusif Məmmədovun elmi tədqiqatlarının
ana xəttini diferensial tənliklər və riyazi fizikanın
mühüm problemlərinin araşdırılması təşkil
edir. O, dünya şöhrətli akademik Məcid Rəsulovun
elmi istiqamətinin (sərhəd
və qarışıq məsələlərin həllində
kontur inteqralı və çıxıqlar
üsullarının nəzəri və tətbiqi problemləri)
layiqli davamçısı olmaqla yanaşı, adi və
xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin
digər sahələrində də
bir sıra mühüm nəticələr əldə
etmişdir. Qətiyyətlə demək olar ki, professor Yusif Məmmədov diferensial tənliklər və
riyazi fizika sahəsində akademik Məcid Rəsulovun
yaratdığı elmi istiqaməti dərininə inkişaf
etdirmiş, onun elmi məktəbini qoruyub saxlamış və
davam etdirmışdır.
Professor Yusif Məmmədovun
elmi tədqiqatlarının əhatə dairəsi
çoxşaxəli olub, riyaziyyatın maraqlı, mürəkkəb
və az tədqiq olunan sahələrini əhatə edir. O,
elmi fəaliyyətə hələ tələbəlik illərində
başlamışdı. Universitetin V kursunda oxuyarkən
Novosibirsk Dövlət Universitetində keçirilən tələbələrin
ümumittifaq elmi konfransında maraqlı məruzə ilə
çıxış etmiş, onun məruzəsi diploma layiq
görülmüşdür. Məruzənin materialları hələ
tələbə ikən nüfuzlu ümumittifaq "Diferensial
tənliklər" məcmuəsində dərc olunmuşur.
"Biliyin ağası olmaq
üçün zəhmətin köləsi ol" (O.Balzak)
prinsipini özünə həyat
kredosu seçən Yusif Məmmədov XX əsrin 70-ci illərinin
əvvəllərində tipə məxsus olmayan dəyişən
əmsallı tənliklər üçün
birölçülü Koşi və qarışıq məsələlərin
korrekt qoyuluşu problemini tədqiqat predmetinə çevirir. Tədqiqat
əsasında alınmış nəticələr
"Diferensial tənliklər", "Azərbaycan
EA-nın Xəbərləri",
"ADU-nun elmi əsərləri" jurnallarında nəşr olunur. O, 1974-cü ildə
"Korrekt birölçülü məsələlər və
onların həllinin analitik göstərilişi"
mövzusunda namizədlik dissertasiyası müdafiə edərək
fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi
alır. Dissertasiyanın ən mühüm yeniliyi ondan ibarət
idi ki, o zaman belə məsələlər yalnız sabit əmsallı
tənliklər üçün görkəmli rus
riyaziyyatçıları Q.E.Şilov, Q.V.Dikopolov tərəfindən
öyrənilmişdi.
Professor Yusif Məmmədov 70-ci illərin sonlarından Birkhof
və Tamarkin mənada requlyar olmayan spektral məsələlər
və uyğun qarışıq məsələlərin tədqiqi
ilə məşğul olur. Bu sahədə
apardığı sistemli araşdırmalar ona uğur
qazandırır. Birkhof və
Tamarkin mənada requlyar olmayan spektral məsələlər və
uyğun qarışıq məsələlərin tədqiqi
ilə bağlı dəyərli nəticələr əldə
edir. Bu sahədə ilk nəticələrdən biri də
görkəmli rus riyaziyyatçıları A.A.Şkalikov və
A.P.Xromovla yanaşı, həm də Yusif Məmmədova məxsusdur
(1983). Onun əsərlərində diferensial operatorların
rasional dəstəsi üçün requlyarlıq, sanki
requlyarlıq və normallıq problemləri tədqiq
olunmuş, ilk dəfə olaraq belə operatorların məxsusi
və qoşma elementləri üzrə ayrılış
düsturu verilmişdir. Yusif Məmmədov ilk dəfə
olaraq cırlaşan adi diferensial operatorlar üçün
sonsuz tərtibli məxsusi ədədlərin
varlığını göstərmiş, məxsusi ədədlər
çoxluğunun sonlu limit nöqtələri ətrafında
requlyarlıq, sankı requlyarlıq və normallıq
anlayışlarını vermişdir. Uyğun
qarışıq məsələləri tədqiq edən
Yusif Məmmədov bu məsələlər üçün
İ.Q.Petrovskinin Koşi məsələlərinin korrektliyi
üçün verdiyi məşhur "A" şərtinin
analoqunu tapmışdır. Bununla o, eyni zamanda Sobolyev-Qalpern
tipli tənliklər üçün qarışıq məsələlərin
həllinə baza yaratmış, ilk dəfə olaraq
çıxıqlar üsulunun müstəvinin sonlu hissəsində
sıxlaşan məxsusi ədədlər çoxluğuna
malik birölçülü qarışıq məsələlərin
həllinə tətbiqinin mümkünlüyünü
isbat etmişdir.
Məhz Yusif Məmmədovun
araşdırmalarından aydın olmuşdur ki,
İ.Q.Petrovski mənada korrekt sistemlər üçün
requlyar sərhəd şərtli qeyri-korrekt qarışıq
məsələlər və eləcə də qeyri-korrekt
sistemlər üçün korrekt qarışıq məsələlər
mövcuddur. Bütün bu tədqiqatlar onun 1990-cı ildə
Tbilisi Riyaziyyat İnstitutunun ixtisaslaşmış dissertasiya
şurasında müdafiə etdiyi "ümumi şəkilli
adi diferensial tənliklər sistemi üçün spektral məsələlərin
tədqiqi və uyğun qarışıq məsələlərin
həlli üçün çıxıqlar üsulunun əsaslandırılması"
mövzusunda doktorluq dissertasiyasında ümumiləşdirilmışdır.
Əldə olunmuş nəticələr "Diferensial tənliklər",
"SSRİ EA-nın məruzələri",
"Azərbaycan EA-nın Xəbərləri"
jurnallarında nəşr etdirdiyi seriya məqalələrində
öz əksini tapmışdır.
Nəzəri əsasını
yaratmış olduğu istiqamətlərdə tətdiqatlarını
davam etdirən Yusif Məmmədov 1991-98-ci illərdə bir
sıra yeni, praktik və nəzəri əhəmiyyətli nəticələr
əldə etmişdir. Tətbiqi əhəmiyyətli işləri
içərisində ən mühümləri kimi onun
özülü elastiki mühitdə dalğanın
yayılması probleminin model tənliyi üçün
qarışıq məsələlərin həlli sxemini əsaslandırılmasını,
eksponensial strafikasiyalı (laylanmış) mayelərin
dinamikası tənlikləri üçün ümumi şəkilli
birölçülü qarışıq məsələləri
tam tədqiq etməsini, cırlaşan sərhəd rejimində
elektrik dövrəsində sönmə dekrementinin loqarifmik
artım sürətini ortaya çıxarmasını,
Şredinger tipinə cırlaşan parabolik tənliklər
üçün ilk dəfə olaraq qarışıq məsələnin
həllinin varlığı və yeganəliyini isbat etməsini
və həll üçün analitik ifadə tapmasını
göstərmək olar. Onun ikitərtibli adi diferensial tənliklər
üçün spektrial məsələnin
requlyarlığının və istənilən dərəcədən
sanki requlyarlığının potensial funksiyasının
periodiklik xassəsi ilə ifadə olunan meyarını
tapması çox mühüm nəzəri nəticə kimi
qiymətləndirilir. Əldə olunmuş bu nəticələr
"Azərbaycan EA-nın məruzələri", "Azərbaycan
EA-nın Riyaziyyat və Mexanika İnstitutunun əsərləri",
"Turkish journal of Mathematics", "Commun. Theor. Phys"(
Professor Yusif Məmmədov
klassik bir problemin ciddi kompleks sıxlıq funksiyalı
Şturum-Liuvil tənliyi üçün məxsusi ədədlər
haqqında məsələni orijinal ideyalarla tədqiq edərək,
analitik sıxlıq funksiyası halında məxsusi ədədlərin
asimptotikasını tapmışdır. O, bu məsələ
haqqında Azərbaycan Riyaziyyat
Cəmiyyətinin iclasında məruzə etmiş, tədqiqatın
əsas ideyalarını "BDU-nun xəbərləri" məcmuəsində
(1998), tezislərini isə Afinada keçirilən "Riyazi
analiz və onun tətbiqləri" (2000) və M.V.Lomonosov
adına MDU-da keçirilən (2001) akademik İ.Q.Petrovskinin
xatirəsinə həsr olunmuş beynəlxalq konfransların
materiallarında nəşr etdirmişdir. Tədqiqatın əhəmiyyəti
və dəyərini göstərmək üçün qeyd
edək ki, bu sahədə yüksək nüfuzlu alim sayılan
M.V.Fedoryuk "Asimitotiçeskie metodı dlya differensialnıx uravneniy" (M, lNauka», 1983) monoqrafiyasının 127-ci səhifəsində
yazmışdır: "bu
istiqamətdə bir nəticə belə məlum deyil və
ehtimal ki, belə assimptotik düsturlar ola bilməz". Yusif Məmmədov
Moskva,
Professor Yusif Məmmədovun Azərbaycanda,
həm yaxın, həm də uzaq xaricin nüfuzlu elmi jurnallarda 100-dən artıq elmi
məqaləsi nəşr olunmuşdur. Tanınmış riyaziyyat alimlərı
öz tədqiqatlarında onun əsərlərinə istinad
edirlər.
Professor Yusif Məmmədovun
fəaliyyət istiqamətlərindən birini də milli
riyaziyyatçı kadrların hazırlanması təşkil
edir. Onun rəhbərliyi ilə 13 namizədlik və 1 doktorluq
dissertasiyası müdafiə olunmuşdur. O, çoxsaylı
namizədlik və doktorluq dissertasiyalarının rəsmi
opponenti olmuşdur. Yusif Məmmədov uzun müddət BDU və
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində
elmlər doktoru və elmlər namizədi alimlik dərəcələri
verən müdafiə şurasının sədri kimi səmərəli
fəaliyyət göstərmiş, Azərbaycan Respublikası
Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika elmləri
üzrə ekspert şurasının sədri olmuşdur. O,
hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət
göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin
tarixi, təlim və tərbiyənin nəzəriyyəsi və
metodikası ixtisası üzrə dissertasiya
şurasının sədridir. İxtisasca
riyaziyyatçı olsa da,
pedaqogika və fənlərin tədrisi metodikası
üzrə söylədiyi yeni və orijinal fikirlər, elmi
ümumiləşdirmələr onu ensiklopedik bilik sahibi kimi dəyərləndirməyə
imkan verir.
Professor Yusif Məmmədov Təhsil
Nazirliyi Kollegiyasının, YUNESKO-nun "Elmi biliklərin və
texnologiyaların etikası" Azərbaycan Komitəsinin
üzvü, Təhsil Nazirliyi nəzdində fəaliyyət
göstərən fasiləsiz pedaqoji təhsil üzrə
Koordinasiya Şurasının sədridir. Onun rəhbərlik
etdiyi bu şurada təkcə Azərbaycan təhsilinin yenidən
qurulması və təkmilləşdirilməsi istiqamətində
yalnız nəzəri fikirlər söylənilmir, həm də
tətbiq yolları ilə bağlı konkret təkliflər
verilir. "ADPU-nun xəbərləri" "elmi məcmuəsinin
baş redaktoru, "AMEA-nın xəbərləri",
"BDU-nun xəbərləri", "Riyaziyyat və Mexanika
İnstitutunun əsərləri", "Sumqayıt DU-nun xəbərləri",
"Kurikulum" jurnallarının redaksiya heyətinin
üzvü kimi göstərdiyi və göstərmiş
olduğu xidmətlər Yusif müəllimin elmi fəaliyyətində
mühüm yer tutur.
Professor Yusif Məmmədovun
elmi, pedaqoji, təşkilatçılıq fəaliyyəti, diferensial
tənliklər və riyazi fizika sahəsində əldə etdiyi
nəzəri və tətbiqi əhəmiyyətli nəticələri,
bu sahələrdə Azərbaycan elmini beynəlxalq səviyyədə
layiqincə təmsil etməsi dövlət tərəfindən
yüksək qiymətləndirilmiş, ona 2000-ci ildə Azərbaycan
Respublikası Prezidenti, ulu öndər Heydər Əliyevin sərəncamı
ilə "Əməkdar elm xadimi" fəxri adı verilmiş,
2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdir.
Ən çətin iş
idarəetməkdir. İdarəetmək məharəti ədalətliliklə
bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin
sözləri ilə desək, rəhbərlik etmək, yəni,
adamları öyrətmək və tərbiyələndirmək üçün gərək
insanın mənəvi haqqı
olsun. Bu baxımdan, professor Yusif
Məmmədovun təhsil quruculuğu və onun idarəolunması
sahəsindəki səmərəli fəaliyyəti xüsusi
diqqət çəkir. O, ADPU-ya rektor təyin olunduğu
gündən bu qocaman elm və təhsil ocağı öz
inkişafının yeni mərhələsinə qədəm
qoymuşdur. Universitetin müsbət imicini
formalaşdırmaq, zəngin ənənələrini qoruyub
saxlamaq, inkişaf etdirmək istiqamətində planlı və
məqsədəuyğun işlər görüldü. Universitetin
maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin
keyfiyyətinin yüksəldilməsi, təhsilin məzmununun
təkmilləşdirilməsi istiqamətində mühüm
addımlar atıldı. Ən başlıcası, kollektivdə
sağlam mənəvi-psixoloji mühit
formalaşdırıldı. Müəllimlərin öz
işinə həvəsini artırmaq, stimul yaratmaq məqsədilə
"İlin müəllimi", "İlin alimi"
müsabiqələri keçirildi, qaliblər
mükafatlandırıldı. İmtahan sessiyalarında bilik
yeganə meyara çevrildi. İmtahanların tam şəffaf,
obyektiv, ədalətli keçirilməsi təmin edildi. Universitetin
beynəlxalq əlaqələri genişləndi, müxtəlif ölkələrlə tələbə,
müəllim mübadiləsi, birgə elmi- tədqiqatların
və simpoziumların keçirilməsinə diqqət
artırıldı. Yeni elmi-tədqiqat və tədris
laboratoriyaları, kompüter mərkəzi yaradıldı. Universitetimiz
Avropa Pedaqoji Universitetlərinin Assosiasiyasına üzv qəbul
olundu. Universitetdə aparılan bu genişmiqyaslı işlər
ölkə rəhbərliyinin diqqətindən
yayınmadı. ADPU-nun 85 illik yubileyi təntənəli şəkildə
dövlət səviyyəsində qeyd olundu. Universitetin əməkdaşlarından
40 nəfəri Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə yüksək
dövlət mükafatlarına, fəxri adlara layiq
görüldü.
Onun sadəliyi və təvazökarlığı, səbirli və təmkinli olması, həmkarlarını, ona müraciət edən hər bir kəsi ehtiramla dinləməyi bacarması, onların hər birinin fikrinə hörmətlə yanaşması, ədalətliliyi, obyektivliyi, xeyirxahlığı, təşkilatçılıq bacarığı, mənəvi və əxlaqi saflığı, yüksək ziyalılığı qısa bir müddətdə Yusif müəllimi tələbələrin, professor-müəllim heyətinin, valideynlərin sevimlisinə çevirmiş, onlar arasında humanist, demokratik və işgüzar əlaqə yaranmışdır. O, xüsusilə, tabeçiliyində olan insanlara qarşı böyük həssaslıq və qayğıkeşlik göstərir. Respublikada ilk dəfə tələbələrin təlim nailiyyətlərinin test üsulu ilə kompüter texnikasından istifadə etməklə qiymətləndirilməsi məhz professor Yusif Məmmədovun adı ilə bağlıdır. Bütün bunların nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti respublikamızın öncül elm və təhsil müəssisələrindən birinə çevrilmişdir.
Xoşbəxt o adam deyil ki, böyük var-dövləti var, o adamdır ki, heç bir var-dövlətə ehtiyacı yoxdur. Professor Yusif Məmmədov belə insanlardan biridir. O, insanlığı bütün rəsmi titullardan üstün tutur. Onun böyüklüyünün, əzəmətinin, fəzilətinin gücü ədalətliliyində, obyektivliyində, prinsipiallığında və sadəliyindədir. Onun yüksək vətəndaşlığı, vətənpərvərliyi, pedaqoji və elmi pedaqoji kadrların hazırlanmasına diqqət və qayğısı, milli-mənəvi dəyərlərimizə, Vətənə, torpağa bağlılıqdan qaynaqlanır.
Görkəmli riyaziyyatçı alim, bacarıqlı elm və təhsil təşkilatçısı, ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Yusif Əbülfət oğlu Məmmədovu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.
Fərrux RÜSTƏMOV,
Rəhim RZAYEV
Azərbaycan müəllimi.-2010.-22 yanvar.-S.5.