Təhsilin  keyfiyyətinin dəyərləndirilməsi

 

 Hazırda ictimaiyyət arasında ən müxtəlif səviyyələrdə geniş müzakirə olunan məsələlərdən biri təhsilin keyfiyyətidir. "Təhsilin  keyfiyyəti" termini ilk baxışda hamı tərəfindən başa düşülsə də, buna yanaşmada qeyri-müəyyənlik hələ də mövcuddur. Bu səbəbdən də, ilk növbədə, təhsilin keyfiyyətinin dəyərləndirilməsi üzrə yeni sistemin qurulmasına, o cümlədən təhsilin  keyfiyyət göstəricilərinin seçilməsinə, onların ölçülmə prosedurlarının təyin edilməsinə və ən başlıcası, bütün bu addımlar barədə ictimaiyyətin müntəzəm məlumatlandırılmasına ciddi ehtiyac vardır. 

Təhsilin  keyfiyyətinin dəyərləndirilməsi sahəsində ilkin addımlar  kimi hazırkı dövrdə təhsil sisteminin mövcud vəziyyətinin təhlili, əsas inkişaf istiqamətləri barədə proqnozların hazırlanması, keyfiyyətin yüksəldilməsi ilə bağlı konkret tədbirlərin müəyyənləşdirilməsi məqsədilə təhsil keyfiyyətinin göstəriciləri sisteminin formalaşdırılması zəruridir. Bununla əlaqədar təhsilin  keyfiyyətinin dəyərləndirilməsi sahəsində ölkədə mövcud olan təcrübə, beynəlxalq təcrübədə istifadə olunan vasitələr (məlumatların toplanması və təhlili metodları, nəzarət-ölçü vasitələri, göstəricilər sistemi, meyarlar, normalar və s.) ilkin fəaliyyət istiqamətləri kimi xüsusi əhəmiyyət kəsb edir.

Təhsilin keyfiyyətinin dəyərləndirilməsi sisteminin qurulması aşağıdakı əsas məqsədlərin həyata keçirilməsini zəruri edir:

1. Ölkədə təhsilin keyfiyyətinin dəyərləndirilməsi, onun inkişafının əsas istiqamətləri barədə proqnozların hazırlanması, keyfiyyətin  yüksəldilməsi istiqamətində əsas fəaliyyətlərin müəyyənləşdirilməsi məqsədilə göstəricilər (indikatorlar) sisteminin  formalaşdırılması;

2. Təhsilin keyfiyyətinin vahid mövqedən dəyərləndirilməsi üçün mövcud  təcrübənin təkmilləşdirilməsinin əsas istiqamətlərinin təyin edilməsi, bu sahədə yeni  təşkilati struktur və mexanizmlərin  yaradılması və onların funksiyalarının müəyyənləşdirilməsi, təhsilin  keyfiyyətinin təmin olunması məqsədilə müxtəlif idarəetmə strukturlarının və maraqlı tərəflərin fəaliyyətlərinin koordinasiyası;

3. "Keyfiyyətə nəzarət"  modelindən "keyfiyyətin təmin olunması" modelinə keçidə imkan verən nəzarət-ölçü vasitələrinin (sorğu kitabçaları, testlər, kompüter proqramları və s.) yaradılması.

Göstərilən zəruri fəaliyyətlərin həyata keçirilməsi üçün ilkin addımlar:

1. Nəticəyönümlü yeni kurikulum proqramı çərçivəsində yeni nəsil təhsil standartlarının, onlara nail olmanı və pedaqoji ölçmə nəzəriyyəsinin müasir vəziyyətini əks etdirən göstəricilərin hazırlanması.

2. Təhsil İslahatı Proqramının əsas istiqamətlərindən biri kimi təhsilin  keyfiyyətinin dəyərləndirilməsi üçün böyük əhəmiyyət kəsb edən Milli və Beynəlxalq qiymətləndirmə sistemlərinin tətbiq edilməsi.

3. Təhsilin keyfiyyətinin dəyərləndirilməsi sisteminin qurulması  və ondan təlimin və tədrisin  ehtiyaclarını ödəmək məqsədilə istifadə edilməsi üçün standart qiymətləndirmə prinsiplərinin  müəyyənləşdirilməsi.

İnkişaf etmiş ölkələrdə aşağıdakı Standart prinsiplər qəbul edilmişdir:

* Nəzərdə  tutulmuş məqsədlərlə  dəyərləndirilmə arasında uzlaşmanın   təmin olunması. 

* "Nailiyyətlərin" və  "Təhsil imkanlarının"  qarşılıqlı  qiymətləndirilməsi.

* Toplanmış məlumatların keyfiyyətcə müvafiqliyinin təmin olunması (validlik).

* Qiymətləndirmədə şəffaflıq, ədalətlilik,  qarşılıqlı razılaşma və əməkdaşlıq.

* Tədris-təlim  fəaliyyətində  qiymətləndirilmə nəticələrinin  inkişafetdirici  rolunun təmin olunması.

Real vəziyyətin təhlili göstərir ki, təhsilin keyfiyyətinin dəyərləndirilməsi sahəsində vahid yanaşmaların gözlənilməsi, ölkədə təhsil sisteminin əhatə dairəsi və effektivliyi ilə bağlı məlumatların təhsil siyasətini  müəyyənləşdirən maraqlı tərəflərə çatdırılması üçün bu funksiyaları yerinə yetirən struktur bölmələrin, xüsusilə də Monitorinq və qiymətləndirmə, Təhsilin idarəolunmasının məlumat sistemləri,  Strateji təhlil və planlaşdırma  şöbələrinin birgə fəaliyyətinin təşkili zəruridir.

Ölkə üzrə təhsilin keyfiyyətinin dəyərləndirilməsi sistemi təhsilin idarəolunması sistemi ilə təhsilin müxtəlif alt-sistemlərinin qarşılıqlı əlaqəsi barədə doğru və etibarlı məlumatların əldə edilməsi və yayılması məqsədilə səmərəli əks əlaqənin təmin edilməsinə yönəlmişdir. Bu sistem ölkənin təhsil sisteminin  keyfiyyətinin dəyərləndirilməsinə, mükəmməl və keyfiyyətli təhsil almaq üçün bərabər imkanların yaradılmasına, təhsilin  keyfiyyətinin və səmərəliliyinin  yeni səviyyəyə yüksəldilməsi məqsədilə  onun inkişafının proqnozlaşdırılmasına imkan yaradacaq, eyni zamanda təhsil sisteminin inkişafı və sosial  mühitin təhsil sisteminə təsir mexanizmi kimi xidmət edəcəkdir.

 

 

Elmira MANAFOVA

 

Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.7.