Elmi seminarın növbəti məşğələsi keçirilib

 

Azərbaycan Dillər Universitetinin Heydər Əliyev muzey-lektoriyasında milli pedaqogikanın mütərəqqi ideyalarından, onun nəzəri-metodik əsaslarından, pedaqoji fəaliyyətin məzmununa gətirilən elmi yeniliklərdən bəhs edən elmi seminarın növbəti məşğələsi keçirilib. Elmi-pedaqoji ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri ADU-nun Pedaqogika kafedrası təşkil etmişdir.

Elmi seminarın aparıcısı pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımov növbəti məşğələnin mövzusunun "Milli pedaqogikada elmi yenilikləri bilməyin təlim-tərbiyə səviyyəsini yüksəltməkdə rolu" məsələsinə həsr olunduğunu bildirdi. Qeyd etdi ki, milli pedaqogikanın elmi yenilikləri ilə əlaqədar məsələlərin daha çox təhlil olunduğu belə elmi məclislər ölkənin pedaqoji ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Elmi seminarın müzakirəyə çıxardığı mövzulara verilən tələblərdən söz açan professor müzakirə olunacaq məsələlərdə milli pedaqogikanın elmi yeniliklərindən tam modern texnologiyalar əsasında, müasir pedaqoji proses təcrübəsini zənginləşdirən səviyyədə, təhlil-tərkib olunan fakt və hadisələrin müqayisəli şərhi yönümündən fikir mübadiləsi aparılmasının, milli pedaqogikanın nəzəri və təcrübi konsepsiyası üzərində qurulan məruzə və çıxışlarda həm müasir, həm də keçmiş milli mənəvi dəyərlər sisteminə istinad etməsinin, dünya xalqlarının qabaqcıl məktəb və pedaqoji fikir tarixini ifadə edən mütərəqqi pedaqoji proses təcrübəsindən qaynaqlanmasının zəruri olduğunu diqqətə çatdırdı.

Kafedranın dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Jalə Mustafayeva seminar məşğələsində "Milli pedaqogikada elmi yenilikləri bilməyin təlim-tərbiyə səviyyəsini yüksəltməkdə rolu" mövzusunda  məruzə etdi. Məruzəçi pedaqogikada elmi yenilikləri bilməyin təlim-tərbiyə prosesini zənginləşdirməkdə önəmli bir məsələ olduğunu  bildirib, öz mülahizələrini əsasən ənənəvi və milli pedaqogikada təsbit olunan fakt və hadisələr üzərində qurduğunu, problemin həllinə tarixi-müqayisəli kontekstdən yanaşdığını qeyd etdi. O, rus və dünya pedaqogikasının son yarım əsrdə əldə olunmuş nailiyyətləri ilə yanaşı, təhsilin məzmununu şərtləndirən proqram və dərsliklərdə ayrı-ayrı xalqların etnopedaqoji fikir tarixinə, milli müstəqillik baxışlarına xidmət edən elmi-metodik təminatın yetərincə olmadığını dilə gətirdi. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquq və vətəndaş cəmiyyəti quruculuğu şəraitində digər elmlərlə yanaşı milli pedaqogika elminin yaranışı üçün də təməl yarandığını qeyd etdi. J.Mustafayeva, eyni zamanda bu ideya və yeniliklərin ərsəyə gəlməsində əməkdar elm xadimi, Prezident təqaüdçüsü, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovun yazmış olduğu "Milli pedaqogika yollarında" (2001), "Məktəb pedaqogikası" (2002), "Ali məktəb pedaqogikası" (2003), "Müqayisənin nəzəriyyəsi və təcrübəsi" (2003), "Mərhələli tərbiyə nəzəriyyəsi" (2007), "Müəllimin pedaqoji ustalığı" (2009), "Tətbiqi pedaqogika" (2010) kitablarının böyük köməyi olduğunu  bildirdi və dedi ki, müəllimlərimiz bu əsərlərdən qiymətli mənbə kimi mütəmadi olaraq öz peşə və ixtisas səviyyəsini artırmaq üçün istifadə edirlər.

Sonra məruzəçi pedaqoji elm və pedaqoji proses sahəsində olan elmi yeniliklərin səciyyəvi xüsusiyyətlərinə toxunaraq, "Milli pedaqogikada yenilikləri bilməyin təlim-tərbiyə səviyyəsini yüksəltməkdə rolu"nu konkret olaraq pedaqoji prosesin cərəyan etdiyi bütün sahələr üçün əlverişli və optimal nəzəri hazırlıq bazası kimi dəyərləndirdi, milli pedaqogikanın üzə çıxartdığı təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqoriyalarının meyarlarını, onların vəhdətdə olduğunu, tamlıq təşkil etdiyini, eləcə də hər birinin məqsəd, prinsip, üsul, mərhələlik, qanunauyğunluq baxımından bir-biri ilə oxşar və fərqli cəhətlərin ilk dəfə məhz bu ideyalardan nəşət tapdığını göstərdi.

Məruzəçi həm də bu yeniliklərin ideya və məzmun istiqamətlərinə, onların tətbiqi imkanlarına da aydınlıq gətirərək, milli pedaqogikada mövcud elmi yeniliklərin təsnifatının və qruplaşdırılmasının da vacib şərt olduğunu söylədi.

ADU-nun Fonetika kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fərman Zeynalov öz çıxışında  milli pedaqogikanın elmi yeniliklərindən dilçilərin də hər zaman faydalanmalı olduğunu söylədi. Bildirdi ki, tələbələrdə psixoloji inkişaf bacarıqlarının və dil mədəniyyətinin dərin mündəricədə mənimsənilməsinə rəvac verən xarici dil fənlərinin tədrisi prosesində tərbiyələndirici və inkişafetdirici amilləri məhz milli pedaqogika ənənələri ilə bağlanmalıdır.

ADU-nun Psixologiya kafedrasının müdiri, dosent Misgər Məmmədov çıxışında qeyd etdi ki, hər bir elmdə olduğu kimi, milli pedaqogikada da elmi yenilik axtarmaq nəcib təşəbbüsdür. Bu cəhətdən o, elmi seminarın məşğələsini çox faydalı hesab etdiyini bildirdi və gənc nəslin hazırda yalnız sözlə yox, həm də düşüncə, mühakimə, zehni mədəniyyət, ağıl və idrak yolu ilə dolğun və sistemli bilik əldə etməsinin vacib pedaqoji və psixoloji amillərindən söz açdı.

ADU-nun Pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Abbasov müzakirə olunan məsələnin müəllim fəaliyyəti üçün önəmindən bəhs edərək, məruzənin elmi-pedaqoji, nəzəri-metodik istiqamətlərdə müəllimə kömək edəcək təhsilləndirici bir təşəbbüs olduğunu diqqətə çatdırdı. O, məruzədə təhlil olunan mülahizələrin böyük bir qismində milli pedaqogikanın elmi yeniliklərindən biri olan milli mənəvi dəyərlər sistemindən istifadəyə aid xeyli faktoloji materiallarla yanaşı, onların istifadəsinə dair metodik göstərişlərin, elmi-nəzəri tövsiyələrin də yer aldığını göstərdi.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vidadi Bəşirov çıxışında pedaqoji əmək yaradıcılığı sahəsində milli pedaqogikanın üzə çıxartdığı, isbatladığı yeniliklərin nəzəri-metodik istiqamətlərindən bəhs edən seminarın gələcək peşə və sənət fəaliyyətində hər bir mütəxəssisə yardımçı olacağını vurğulayaraq, xüsusilə onun nəticələrindən irəli gələn rəy və təkliflərin qruplaşdırılaraq aidiyyəti qurumlara təqdim olunmasını tövsiyə etdi.

Seminarda digər çıxışlar da oldu. Məruzəçiyə və çıxış edənlərə verilən suallar üzrə geniş diskussiya aparıldı. 

 

 

Vidadi BƏŞİROV

 

Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- S.7.