Azərbaycan dilində Sinif.az interaktiv təlim sistemi yaradılıb

 

Azərbaycan dilində Sinif.az interaktiv təlim sistemi yaradılmışdır. Layihə orta və gələcəkdə ali distant təhsil üçün universal platformanın yaradılması məqsədilə bir qrup azərbaycanlı alim və proqramçılar tərəfindən hazırlanmışdır.

Sistem xüsusi tədris proqramı əsasında orta və mürəkkəb səviyyəli təlimi, test sistemini, elektron müvəffəqiyyət gündəliyinin aparılması imkanını və s. nəzərdə tutur. Hazırda sistem ümumtəhsil məktəblərinin V-XI sinif proqramlarını əhatə edir. Sistemdə hər fənn üzrə 40 faizdən çox tədris materialı yerləşdirilmişdir. V-XI siniflər üzrə tədris proqramlarının tamamilə yerləşdirilməsi 2011-ci ilin sonunadək həyata keçiriləcək. 2012-ci ilin yazına qədər isə sistem I-IV siniflər üzrə də bütün tədris materiallarını əhatə edəcək.

Fənlərin biri üzrə proqramı öyrənmək istəyən hər bir tələbə (şagird) müxtəlif təlim kurslarından ibarət şəxsi tədris planını formalaşdıra bilər. Mövzunu keçdikdən sonra biliklərin yoxlanması imkanı da nəzərdə tutulmuşdur. Testin əsas üstünlüyü ondan ibarətdir ki, o yoxlamadan sonra tələbələrə onların buraxdıqları səhvlərin tam təhlilini təqdim edir.  Təhlil əsasında sistem tələbələrə biliklərində olan çatışmazlıqları tamamlamağı və bu tədris materialını bir daha öyrənməyi tövsiyə edir.

Sinif.az interaktiv təlim sistemində həmçinin ali təhsil müəssisələrinə qəbul testlərini keçmək imkanı da təklif olunur. Abituriyentlər üçün nəzərdə tutulmuş bölümdə hər bir kəs dörd qrup qəbul imtahanlarından birini seçib 125 (700 bal) sualdan ibarət test imtahanından keçə bilər. Mümkün səhvlərin təhlili abituriyentlərə qəbul imtahanlarına daha səmərəli şəkildə hazırlaşmağa imkan verəcəkdir. 

Əlavə olaraq sistemdə hər kəsin öz intellekt səviyyəsini yoxlaya bilməsi üçün məntiq testləri yerləşdirilmişdir. 

Perspektivdə Sinif.az interaktiv təlim sistemi ali təhsili də əhatə edəcəkdir. İstifadə olunmuş proqram təminatı bu prosesin ümumdünya interaktiv təlim təcrübəsinin və Boloniya prosesinin tələblərinə uyğun həyata keçirilməsinə imkan yaradır.

Audio və videofayllardan, təqdimatlardan və s. bu kimi elementlərdən istifadə həm tələbələr, həm də şagirdlər üçün tədris materialının qavranılması imkanlarını nəzərəçarpan dərəcədə genişləndirəcəkdir.

Sistemin proqram təminati imtahanların keçirilməsi üçün əla şərait yaratmağa imkan verir. Belə ki, sistem imtahanda iştirak edən hər bir kəs üçün fərdi tapşırığı təmin edir və bu da köçürmə hallarını, demək olar ki, tam istisna edir.

Sinif.az interaktiv təlim sistemi "tələbə" ("şagird"), "müəllim" və "valideyn" statusu ilə məlumat bazasına girişi təmin etməyə imkan verir. Misal üçün, valideynlər sözügedən sistem çərçivəsində öz övldalarının tədrisinə nəzarət,  müəllimlər isə təqdim olunmuş tədris materiallarından dərslərində interaktiv qaydada istifadə edə bilərlər. 

Artıq 300 nəfərdən çox şagird və abituriyentin qeydiyyatdan keçdiyi Sinif.az interaktiv təlim sistemi beynəlxalq təcrübənin dərindən öyrənilməsi əsasında yaradılmışdır. Dünyada mövcud olan sistemlərin müqayisəsi göstərir ki, Sinif.az öz konsepsiya və texnoloji imkanlarına görə dünya standartlarına tam cavab verir və təhsil sahəsində qabaqcıl interaktiv sistemlərdən biridir. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 8 aprel.- S.5.