"İNEPO-AVRASİYA"
Layihə Olimpiadasının
qalibləri mükafatlandırıldı
Aprelin 9-da Bakı Əl Oyunları İdman Sarayında ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi oldu.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, bir sıra dövlətlərin ölkəmizdəki səfirliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, respublikanın orta ümumtəhsil məktəblərinin direktorları, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, tanınmış alim və pedaqoqlar iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının təşkilat komitəsinin sədri Arif Gömleksiz artıq ənənəyə çevrilmiş olimpiadanın əhəmiyyətindən söz açdı. Qeyd olundu ki, dünyanın 5 qitəsindən gələn gənclər ölkəmizlə daha yaxından tanış olmaq imkanı əldə etməklə yanaşı, burada özlərinə yeni dostlar qazanıblar. Arif Gömleksiz xarici ölkələrdən gələn məktəblilərin öz vətənlərinə xoş təəssüratla dönəcəklərinə ümidvar olduğunu bildirdi.
Sonra mərasim iştirakçıları olimpiadanın tarixi və məzmunundan bəhs edən sənədli filmə tamaşa etdilər.
Nəhayət, gözlənilən an
gəlib çatdı. Layihə
olimpiadasında yer tutan
iştirakçıların adları
açıqlandı. 4 kateqoriya- enerji, ətraf mühit, mühəndislik və sosial elmlər üzrə keçirilən beynəlxalq layihə
olimpiadasında Azərbaycan məktəbliləri 5
qızıl, 8 gümüş və 14 bürünc
medal qazandı. Digər ölkələrdən
gəlmiş şagirdlər də müvafiq
yerlər tutaraq medallara sahib oldular.
Qaliblərə
medalları Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə
Hüseynzadə, ekologiya və təbii sərvətlər
nazirinin müavini Firdovsi Əliyev, "Azərkimya"
İstehsalat Birliyi Müşahidə Şurasının sədri,
millət vəkili Muxtar Babayev, "Çağ" Öyrətim
İşlətmələri Şirkəti İdarə Heyətinin
sədri Ənvər Özərən, İctimai Televiziya və
Radio Yayımları Şirkəti baş direktorunun müavini
Elman Qədirli, millət vəkilləri Qənirə
Paşayeva, Fəzail Ağamalı təqdim etdilər.
Mərasimdə
həmçinin ekologiya, ətraf mühitin qorunması ilə
bağlı mətbuatda yazılarla çıxış edən,
süjetlər hazırlayan ayrı-ayrı media nümayəndələri
də mükafatlandırıldı.
Çıxış
üçün söz alan təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümü ərəfəsində ölkəmizdə
belə bir olimpiadanın
keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi.
Nazir ölkə başçısı cənab İlham Əliyev
tərəfindən ekologiyaya diqqət verildiyini, son illər
artıq həmin sahənin dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevrildiyini qeyd edərək
bununla əlaqədar respublikamızda görülən işlər
barədə məlumat verdi.
Olimpiadanın
keçirilməsində əməyi olan təşkilatlara
öz təşəkkürünü bildirən təhsil
naziri "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin ölkəmizdəki fəaliyyətindən
razılıq hissi ilə danışdı.
Nazir
Misir Mərdanov çıxışının sonunda ənənəyə
çevrilmiş "İNEPO-AVRASİYA" Ətraf
Mühitin Mühafizəsi Beynəlxalq Layihə
Olimpiadasının iştirakçılarının
sayının ildən-ilə artdığını, Azərbaycan
məktəblilərinin ekologiya ilə bağlı yüksək səviyyədə
hazırladıqları layihələrlə bilik
yarışına böyük həvəslə
qatıldıqlarını müsbət qiymətləndirərək
qalibləri təbrik etdi, onlara
yeni-yeni uğurlar arzuladı.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2011.-
15 aprel.- S.3.