Təhsil Nazirliyində Fransa səfərinə dair təqdimat-məruzə dinlənilib

 

 Aprelin 8-də Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadənin Təhsil Nazirliyi əməkdaşlarının və təhsildən yazan jurnalistlərin Fransa Respublikasına tədris səfərinə dair təqdimat-məruzəsi dinlənilib.

Səfərin martın 27-dən aprelin 3-dək davam etdiyini bildirən Bayram Hüseynzadə öncə Fransa Respublikası haqqında qısa məlumat verib və bu ölkənin təhsil sisteminin strukturundan söz açıb. Şöbə müdiri qeyd edib ki, Fransada məktəbəqədər təhsil müəssisələri müxtəlif qurumların nəzdində fəaliyyət göstərir. Ölkədə ümumi təhsilin üç pillədən - ibtidai, əsas və tam orta təhsil pillələrindən ibarət olduğunu vurğulayan B.Hüseynzadə peşə təhsilinin 2 il davam etdiyini, ali təhsil pilləsinin isə lisans (3 il), master (2 il) və doktor (3 il) mərhələlərinə bölündüyünü nəzərə çatdırıb.

Fransada təhsilin idarə olunması ilə bağlı 2 qurumun - Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyinin, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin fəaliyyət göstərdiyini bildirən şöbə müdiri büdcə vəsaitlərinə qənaət edilməsi məqsədilə hər iki nazirliyin bir neçə struktur bölməsinin ortaq olduğunu deyib. B.Hüseynzadə qeyd edib ki, nazirliklərin departament direktorları nazirlərin təqdimatı əsasında Baş nazir, departamentlərin nəzdindəki şöbələrin rəhbərləri isə hökumətlə razılaşdırıldıqdan sonra müvafiq nazirlər tərəfindən təyin olunur. Ali məktəb rektorlarının (prezidentlərinin) seçki əsasında müəyyənləşdirildiyini söyləyən B.Hüseynzadə Fransada təhsilin idarə olunması üzrə fəaliyyət göstərən 30 akademiya (yerli təhsili idarəetmə orqanları) rektorunun təyinatının isə ölkə prezidentinin səlahiyyətində olduğunu nəzərə çatdırıb.

2010-cu ildə Fransada dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin 60 milyard avro olduğunu qeyd edən şöbə müdiri ölkədə fəaliyyət göstərən 66172 orta ümumtəhsil məktəbində 12 milyona yaxın şagirdin təlim-tərbiyəsi ilə 852902 müəllimin məşğul olduğunu bildirib və özəl ümumtəhsil məktəblərində çalışan müəllimlərin əməkhaqlarının da dövlət tərəfindən ödənildiyini söyləyib. Orta məktəblərdə çalışan müəllimlərin əməkhaqqının onların iş stajına, diplomunun dərəcəsinə və hansı yaşlı uşaqlara dərs deməsinə görə 1500-2300 avro arasında dəyişməsinə diqqət çəkən B.Hüseynzadə tam orta təhsilin sonunda məzunlara verilən bakalavriat diplomu (attestat) ilə ali məktəblərə imtahansız qəbul olunmağın mümkünlüyü barədə məlumat verib.

83 universitetin, 215 ali mühəndislik, 220 ali ticarət, idarəetmə və maliyyə institutunun fəaliyyət göstərdiyi Fransanın dövlət ali məktəblərində təhsilin pulsuz olduğunu vurğulayan şöbə müdiri özəl ali məktəblərdə təhsil haqqının 9000-30000 avro arasında dəyişdiyini, ölkədə iqtisadiyyat, kompüter mühəndisliyi və mühəndislik ixtisaslarına daha çox üstünlük verildiyini bildirib.

B.Hüseynzadə Fransanın təhsili idarəetmə orqanlarının KİV-lə qarşılıqlı əməkdaşlıq təcrübəsinin öyrənilməsi məqsədi ilə reallaşdırılan səfər çərçivəsində keçirilən görüşlər haqqında ətraflı məlumat verib. Şöbə müdiri daha sonra Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin Xarici nümayəndə heyətlərinin qəbulu şöbəsində, Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyinin, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin Qiymətləndirmə, Planlaşdırma və Səmərəliliyin Təhlili İdarəsində, Kommunikasiya İdarəsində, "Le Monde" qəzetinin redaksiyasında, TV5 Monde telekanalında və Paris Təhsil İdarəsi Regional Pedaqoji Sənəd Mərkəzində aparılan müzakirələrdən söhbət açıb.

Qarşılıqlı təcrübə mübadiləsi baxımından səfərin üstün cəhətlərindən bəhs edən B.Hüseynzadə, sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

İctimai Televiziyanın Gənclər, elm və təhsil departamentinin direktoru Cəsarət Valehov Fransa səfərində iştirak etmiş jurnalistlər adından minnətdarlığını bildirib və səfər təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 15 aprel.- S.3.