"İnnovasiyaya doğru" mövzusunda seminar

 

Bu günlərdə Almaniyanın  Mitra təşkilatının nümayəndələri  paytaxtımızın qabaqcıl təhsil müəssisələrindən biri olan 7 nömrəli orta məktəbin dəvəti ilə şəhərimizə qonaq gəlib. Qonaqlar  təhsil ocağı ilə tanış olduqdan sonra Fəxri xiyabanda ulu öndərimiz Heydər Əliyevin  məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Almaniyalı qonaqlar məktəbin müxtəlif  siniflərində dərslərdə  iştirak edib istedadlı uşaqların əl işləri, rəsm əsərləri və bədii özfəaliyyət kollektivi ilə tanış olublar. Daha sonra qonaqlara 20 Yanvar və Xocalı faciəsi haqqında film nümayiş etdirilib və baş verən dəhşətli  hadisələr barədə  məlumat verilib. Azərbaycan təhsilinə maraq göstərən qonaqlar ADU-ya, Almaniyanın Azərbaycandakı səfirliyinə, Qala-Etimologiya muzeyinə, Qobustana səfər edib, şəhərin tarixi, mədəniyyəti və incəsənəti  ilə tanış olublar.

Aprelin 5-də məktəbdə "İnnovasiyaya doğru" mövzusunda seminar keçirilib. Məktəbin direktoru Gülnaz Mehdizadə Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyası məqsədilə "Almaniya - Azərbaycan məktəblərinin əməkdaşlıq körpüsünün yaradılması" layihəsi haqqında ətraflı məlumat verərək qonaqları  tədbir iştirakçılarına  təqdim edib. Layihənin təsisçisi xanım Marina Burd gördükləri iş haqqında  geniş məlumat verərək bildirib ki, layihə çərçivəsində 2 məktəb, 8 uşaq bağçası fəaliyyət göstərir. Bu təhsil ocaqlarında dərslər rus və alman dillərində  aparılır. Yeni dərs ilinə 2 məktəb, 2 uşaq bağçası açmaq da nəzərdə tutulur. Xanım Burd çıxışında onu da qeyd edib ki, layihənin əsas məqsədi Avropa ölkələrində, o cümlədən  müxtəlif məktəblərdə şagird və müəllimlərin təcrübə mübadiləsini təşkil etməkdir.

Marina Burd çıxışının sonunda 7 nömrəli məktəbin şagird və müəllimlərindən ibarət  bir qrup nümayəndəni  bu ilin noyabr ayında Berlində keçiriləcək olimpiadada iştirak etmək üçün Almaniyaya dəvət edib.

Mitra təşkilatının məktəblər üzrə  iş sektorunun müdiri Aleksandr Ott layihənin bütün Avropada  böyük maraq doğurduğunu və bir çox dövlətlərdə həyata keçirildiyini bildirib. O, öz çıxışında  7 nömrəli məktəblə də  birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Çıxış üçün söz alan millət vəkili  Ziyad Səmədzadə  Azərbaycan təhsil sistemində son illərdə qazanılan uğurlardan, aparılan təhsil islahatlarının mahiyyətindən, təhsilin inkişafının  dövlətin prioritetlərindən biri olduğundan bəhs edib.  Layihənin əhəmiyyətli olduğunu söyləyən millət vəkili öz tərəfindən bu əməkdaşlığa dəstək olacağını  da vurğulayıb. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova da  çıxışında həyata keçirilən layihəni bəyəndiyini və bu işdə  məktəbə yardımçı olacağını qeyd edib.

Sonra qonaqlara verilən suallar  cavablandırılıb.  

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 15 aprel.- S.7.