Xalq şairi Fikrət Qoca ilə görüş

 

Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə xalq şairi Fikrət Qoca ilə görüş keçirildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Yasamal rayonu üzrə məsləhətçisi Fəttah Quluyevin, tanınmış şair Əjdər Olun, "Müəllim sözü" qəzetinin baş redaktoru, şair Vahid Aslanın, valideyn, professor Şahbaz Muradovun, məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbiri Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Xəlilova açaraq bildirdi ki, bu gün bizim məktəbimiz üçün əlamətdar bir gündür. Azərbaycanın xalq şairi, "Şöhrət" ordenli, əməkdar incəsənət xadimi, Yazıçılar Birliyinin birinci katibi, Rəsul Rza Fondunun sədri və nəhayət, Prezident təqaüdçüsü Fikrət Qoca məktəbimizin qonağıdır. Bu gün biz Fikrət Qoca poeziyasının işığına toplaşmışıq...

Sonra məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Sabir Məmişov çıxış edərək dedi ki, məktəbimizdə  xalq şairi, şeirlərinin vurğunu olduğum Fikrət Qoca ilə ilk dəfədir ki, görüş keçirilir. Mən onun şeirlərinə bəstələnmiş mahnıları hələ uşaq yaşlarımdan eşitmişəm. Onun son zamanlar yazdığı vətənpərvərlik ruhlu şeirləri bugünkü gənclərimizə lazım olan şeirlərdir. Həmin şeirlər gənclərimizə Vətəni sevməyi öyrədir. Onun "Gəl ey səhər", "Ana" şeirlərinə yazılmış mahnılar insanı duyğulandırır. Fikrət müəllimlə belə görüşlərimiz hələ çox olacaq.

Tədbirdə çıxış edən şair Əjdər Ol isə bildirdi ki, Fikrət Qoca sözün həqiqi mənasında Azərbaycan xalqının, bizim millətimizin böyük ruh daşıyıcılarından biridir. Fikrət Qocanın şeirləri göstərir ki, insanın ən böyük dayağı onun mənəviyyatıdır. İnsanın mənəviyyatı güclü olanda hər şeyə qarşı yenilməz olur. Azərbaycan ədəbiyyatında müdrik şairlərdən biri kimi onun şeirlərində bir dirilik var, bir saflıq var, mübarizlik var...

Sonra məktəbin şagirdləri şairin ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi "Gərək bu günləri görəydin" poemasını və "Ata" şeirini ifa etdilər. Qarabağda  gedən döyüşlər, ermənilərin işğal etdiyi torpaqlardan didərgin düşmüş dinc əhalinin ağrılarından bəhs edən "Bayraq tutan oğullar", "Cənnətdən qovulmuşlar", "Şəhidlər xiyabanı" poemalarından hissələr səsləndi, şairin yumor hissi daha çox olan bir sıra şeirləri əsasında şagirdlərin  hazırladıqları səhnəciklər isə görüş iştirakçılarının diqqətinə hakim kəsildi.

Çıxışlar bitdikdən sonra xalq şairi Fikrət Qoca səhnəyə dəvət edildi. O, bu maraqlı görüşü təşkil etdikləri üçün məktəb rəhbərliyinə və bu işdə əməyi olan bütün insanlara minnətdarlığını bildirdi. Sonra da şagirdlərə tövsiyə etdi ki, əgər siz də qocalmaq istəmirsinizsə, iki şeyi yadda saxlamalısınız. Onun biri yalan danışmamaq, o birisi isə oğurluq etməməkdir.

Sonda məktəbin müəllim və şagirdləri xalq şairi Fikrət Qoca ilə xatirə şəkilləri çəkdirdilər. 

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 15 aprel.- S.16.