Bakıdakı 49 nömrəli məktəbdə akademik Yusif Məmmədəliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilib

 

Azərbaycan Respublikası təhsil nazirinin "Beynəlxalq Kimya İli"nə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında" əmrinə əsasən aprelin 15-də Bakıdakı 49 nömrəli "İntellekt" məktəb-liseydə akademik Yusif Məmmədəliyevin anadan olmasının 105 illik yubileyi çərçivəsində elmi-praktik konfrans keçirildi. Tədbirin keçirilməsində məqsəd ensiklopedik biliyə malik olan Y.Məmmədəliyevin elmi-ictimai fəaliyyəti və kimya sahəsindəki uğurları haqqında şagirdlərə məlumat vermək, praktik təcrübələr aparmaq idi.

 

Tədbirdə məktəb-liseyin müəllim və şagird kollektivi ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasov, BDU-nun Kimyanın tədrisi metodikası kafedrasının müdiri, kimya elmləri doktoru, professor Əyyub Əzizov, TPİ-nin Kurikulum Mərkəzinin Ümumi orta və tam orta təhsil şöbəsinin müdiri Akif Əliyev, təbiət-riyaziyyat fənlərinin təlimi bölməsinin böyük elmi işçisi Mürşüd Fərəcov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Əfqan İsgəndərov, Səbail rayonunda yerləşən məktəblərin direktorları və kimya müəllimləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Təhminə Əsədova akademik Yusif Məmmədəliyevin kimya elminə verdiyi töhfələrdən söz açdı. Bildirdi ki, XX əsrin böyük kimyaçı alimi Y.Məmmədəliyev Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. Xüsusən İkinci Dünya müharibəsi zamanı Azərbaycan neftinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bütün dünya bilir. O vaxt Sovetlər ölkəsində hasil edilən neftin 70-80 faizi Azərbaycanda, Bakıda çıxarılırdı. Ancaq iş təkcə bu neftin çıxarılması deyildi, əsas məsələ bundan neft məhsullarının alınması və o məhsulların keyfiyyəti idi. Bu sahədə Yusif Məmmədəliyevin xidmətləri həddindən artıq qiymətlidir və tarixi əhəmiyyət kəsb edir. Yusif Məmmədəliyev böyük maarifçi olubdur. O, ilk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Azərbaycan Dövlət Universitetində, Dövlət Neft və Kimya İnstitutunda və Moskva ali məktəblərində kimya fənninin sirlərini öyrədib. Y.Məmmədəliyevin mühazirələri, tələbələrə verdiyi biliklər və göstərdiyi qayğı onun əsl  mənada müəllim olduğunu sübut edirdi. Ona görə də xatirələrdə böyük müəllim kimi yaşayır və yaşayacaqdır.

T.Əsədova belə tədbirlərin şagirdlərə müsbət təsir edəcəyini və onların gələcəkdə bir ziyalı kimi yetişməsində müsbət rol oynayacağını bildirdi.

Sonra söz professor Vaqif Abbasova verildi. O, XXI əsrin texnologiyalar və texnika əsri olduğunu və belə şəraitdə kimya və biologiya elminin nə qədər böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki, kimya elmi müasir dövrdə istər ekoloji problemlərin həllində, istərsə də torpaqda, suda, havada monitorinq aparılması üçün ən vacib amildir. Dövrümüzün ən aktual problemlərindən biri də qida məhsulları ilə bağlıdır ki, bu da müəyyən mənada kimya elminə olan ehtiyacı artırır. Mövcud problemlərin aradan qaldırılmasında kimya elminin əhəmiyyətli rolunu nəzərə alaraq 2011-ci il BMT tərəfindən "Kimya ili" kimi elan olunmuşdur. "Kimya ili"nin elan olunmasında məqsəd insanlar arasında, xüsusilə gənclərdə  kimya elminə marağı artırmaqdan ibarətdir. Düşünürəm ki, görülən tədbirlər öz faydasını verəcək.

Professor V.Abbasov bu işdə ən böyük vəzifənin KİV nümayəndələrinin və təhsil işçilərinin üzərinə düşdüyünü vurğuladı. Məsələn, insanlar arasında belə bir fikir formalaşır ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində kimyəvi maddələrdən istifadə etmək zərərlidir. Bu, çox yanlışdır. Çünki torpağın münbit qatı çox azdır və bitkiyə lazım olan qida elementləri bir neçə ildən sonra azalır. Təsadüfi deyil ki, dünyada 600 milyondan çox insan azot gübrəsindən əldə olunan qidalar hesabına yaşayır. Ona görə də KİV-də bu mövzuya xüsusi diqqət yetirilməli, hər bir elm adamı əhalini bu yöndə maarifləndirməlidir. Məktəblərdə bu yöndə aparılacaq işlər ciddi xarakter daşıyır. Hesab edirəm ki, ümumtəhsil məktəblərində kimya dərslərinə ayrılan saatların artırılması və tədris prosesinin genişlənməsi qarşıda duran məsələlərdən biridir.

V.Abbasov Yusif Məmmədəliyevin elm sahəsində əldə etdiyi uğurlardan söz açdı. Qeyd etdi ki, alimin neftin və neft qazlarının katalitik emalı sahəsində əldə olunmuş nəticələri bəşər tarixinin böyük kəşfidir. Böyük alimin xidmətlərindən danışan professor Y.Məmmədəliyevin respublikamızda kimya elminin qurucusu olduğunu və bu sahədə bir çox mütəxəssis yetişdirdiyini vurğuladı. Bildirdi ki, Azərbaycan təkcə neft ölkəsi kimi deyil, həm də nefti yüksək səviyyədə emal edən ölkələrin önündə durur. V.Abbasov belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək, ölkəmizdə gələcəkdə də Y.Məmmədəliyev kimi alimlərin yetişəcəyinə ümidvar olduğunu bildirdi.

Digər çıxış edənlər alimin keçdiyi həyat yolu, elmi kəşfləri və ədəbi-ictimai fəaliyyəti haqqında söhbət açdılar. 

Sonra iştirakçılar siniflərdə keçirilən fakültativ məşğələlərdə oldular. Kimya müəllimi Sevda Axundovanın keçirdiyi təcrübə iştirakçılarda maraq doğurdu. Təcrübənin keçirilməsində məqsəd kimya fənninə marağı artırmaq, dərslərdə əldə edilən nəzəri biliklərin tətbiqinə nail olmaq, bacarıq və vərdişləri mükəmməlləşdirmək, kimyanın həyatla əlaqəsini göstərməkdən ibarət idi. Məktəbin 8, 9, 10, 11-ci sinif şagirdləri qruplara bölünərək müxtəlif variantlarda təcrübələr apardılar.

Digər məşgələ isə kimya müəllimi Vəfa Tapdıqova tərəfindən keçirildi. Məşğələ qruplar üzrə aparıldı. Şagirdlər 4 qrupa bölündülər:  "azot", "karbon", "oksigen", "hidrogen". Əvvəlcə hər bir qrup "Qazların bəhsi" haqqında məlumat verdi. Sonra kimyəvi hadisələrdən, kəşflərdən biliklər yoxlanıldı. Xörək duzunun, kibritin alınması kimi təcrübələr aparıldı. Qrupların biri Y.Məmmədəliyevin benzolu alkilləşdirərək yüksəkoktanlı izopropil benzol yanacaq növü alması haqqında geniş məlumat verdi.

Ədəbiyyat müəllimi Şahnaz Xəlilovanın təşkil etdiyi məşğələdə isə görkəmli alimin kimya məktəbinin yaradıcısı, kimyaçı alim olmaqla yanaşı onun ədəbiyyat sahəsində də uğurları olduğu nəzərə çatdırıldı. Akademikin yazdığı şeirlər səsləndirildi. Haqqında yazılmış bədii nümunələr musiqi ilə müşayiət olundu. 

Sonda  akademik Y.Məmmədəliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx izlənildi.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 22 aprel.- S.7.