Cəfər Cabbarlıya həsr olunmuş tədbir

 

Saatlı şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbdə tez-tez sinifdənxaric tədbirlər keçirilir. Maraqlı təşkil olunan bu tədbirlərdə məqsəd şagirdlərin dünyagörüşünü genişləndirməkdir. Bu günlərdə C.Cabbarlıya həsr edilmiş "Mən bir solmaz yarpağam ki..." adlı gecə də bu baxımdan yəqin ki, şagirdlərin yaddaşlarında uzun müddət qalacaqdır.

XX əsr Azərbaycan dramaturgiyasının banisi Cəfər Cabbarlıya həsr edilmiş gecənin təşkilatçısı, məktəbin dil-ədəbiyyat müəllimi Hicran Quliyeva tədbiri açaraq onun məqsəd və məramı haqqında məlumat verdi. Məktəbin direktoru, pedaqoji elmlər namizədi, əməkdar müəllim Oqtay Məmmədov giriş sözü söylədi. O diqqətə çatdırdı ki, görkəmli ədiblərin yubiley gecələrinin keçirilməsi şagirdlərin  ədəbi-bədii təfəkkürünün formalaşmasına böyük kömək göstərir.

Tədbirdə məktəbin VII "c" sinif şagirdləri Aytac Allahverdiyeva Ağalı Hüseyn Cəfər Cabbarlının əsərlərindən səhnəciklər göstərdilər. Cabbarlısevərlər öz çıxışlarında ədibin "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" s. pyeslərindən, hekayələrindən bəhs etdilər.

Ədəbi-bədii gecədə rayon təhsil şöbəsinin müdir müavini, filologiya elmləri namizədi Şöhrət Bədəlov, "Dönüş" qəzetinin baş redaktoru, respublikanın əməkdar mədəniyyət işçisi Qaçay Əhmədov, məktəbin dil-ədəbiyyat müəllimi Sabir Tağıyev çıxış edərək tədbiri yüksək dəyərləndirdilər, böyük dramaturq Cəfər Cabbarlı ilə bağlı maraqlı məlumatlar söylədilər.

Gecənin sonunda məktəbin direktoru O.Məmmədov tədbirin təşkilatçısı Hicran Quliyevaya Fəxri fərman təqdim etdi. Gecədə fərqlənən bir qrup şagird də mükafatlandırıldı.

 

 

Füzuli CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 22 aprel.- S.22.