Fəal təlim müəllimdən yaradıcı axtarışlar tələb edir

  

Ümumtəhsil məktəblərində hazırda özünün geniş tətbiqini tapmış fəal təlimi son illər ölkəmizdə həyata keçirilən təhsil islahatlarının ən uğurlu nəticələrindən biri hesab etmək olar. Dərsin səmərəliliyini yüksəltməyə böyük imkanlar açan fəal təlimin ən mühüm üstünlüyü onun tədris prosesini maraqlı və cəlbedici etməsi, şagirdlərdə biliklərə yiyələnmək həvəsi yaratmasıdır. Mütəxəssislərin qeyd etdiyi kimi, fəal təlim real idrak motivasiyası yaradır ki, bu da idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə gerçək ziddiyyətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emosiyalar əqli ehtiyatların səfərbərliyini təmin edir, idrak prosesini fəallaşdırır, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Təfəkkürün fəallaşdırılması nəticəsində isə biliklər daha müstəqil, sərbəst qavranılır və mənimsənilir, şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbuledilmə üzrə bacarıq və vərdişlər formalaşdırılır.

Əlbəttə, bütün bunlar təlim prosesində müəllimin iştirakı və istiqamətverici fəaliyyəti hesabına baş verir. Bu isə fəal təlimlə işləyən hər bir müəllimdən dərsə hərtərəfli hazırlaşmağı, yaradıcı axtarışlar aparmağı, dərsin bütün mərhələlərində şagirdlərin təfəkkür fəallığını, müstəqil fəaliyyətini təmin edən suallar, çalışmalar, tapşırıqlar hazırlamağı, hər bir mövzu üzrə inteqrasiya imkanlarını axtarıb tapmağı tələb edir. Bütün bunları nəzərə alaraq mən tədris apardığım 4-cü sinifdə hər bir dərsə ciddi hazırlaşır, onları fəal təlim metodları və iş formaları ilə qurmağa çalışıram.

Tədris prosesində hər bir dərsin məqsədlərinin düzgün müəyyənləşdirilməsi, onun planının mükəmməl hazırlanması, bu planda dərsin mərhələlərinin göstərilməsi və hər mərhələdə müəllimin fəaliyyətinin əsas məqamlarının qeyd olunması da mühüm şərtdir. Çünki hər bir dərs onun üçün müəyyənləşdirilmiş məqsədlərin əldə olunması prosesidir və bu proses o vaxt müsbət qiymətləndirilə bilər ki, dərsin sonunda həmin məqsədlərə çatılmış olsun. Məhz buna görə də mən dərsə hazırlaşarkən keçəcəyim mövzu üzrə məqsədlərin düzgün müəyyənləşdirilməsinə, mövzuya uyğun resursların, təlim metodları və üsullarının seçilməsinə xüsusi diqqət yetirirəm. Resursları müəyyənləşdirərkən təkcə əldə olanlarla kifayətlənmir, mövzuya uyğun şəkillər, digər əyani vəsaitlər, təmrin və tapşırıqlar yazılmış iş vərəqləri də hazırlayıram.

Dərsin səmərəliliyi iş forması və üsullarının məqsədəuyğun seçilməsindən də xeyli dərəcədə asılıdır. Mən dərslərimi müasir təlim üsullarından necə gəldi deyil, mövzuya uyğunluğu əsas götürülməklə istifadə edirəm. Bütövlükdə isə çalışıram ki, seçdiyim hər bir üsul şagirdlərdə dərsə marağı artırsın, onların təfəkkür fəallığını təmin etsin. Böyük və kiçik qruplarla iş, oyun, yarışma və s. kimi iş üsulları, beyin həmləsi, diskussiya, venn diaqramları, krossvord, evrestik müsahibə və s. kimi fəal təlim üsulları bu baxımdan əksər mövzuların tədrisində səmərəli nəticə verir.

Fəal təlimin əsas məqamlarından biri də dərsdə motivasiyanın yaradılması və problemin qoyuluşudur. Hər hansı bir tədqiqata başlamaq üçün, ilk növbədə, problem müəyyənləşdirilməli, tədqiqat sualı formalaşdırılmalıdır. Məhz tədqiqat sualı dərsdə şagirdləri yeni biliklərin kəşfinə aparan bələdçi rolunu oynayır. Problemin qoyulması həm də idrak fəallığının yaranması üçün ilk addım hesab edilir.

Dərsdə motivasiya yaratmaq üçün suallar müəyyənləşdirərkən şagirdlərin mövcud biliklərini, təsəvvürlərini və dünyagörüşünü, keçilən mövzunun həyati əhəmiyyətini əsas götürür və ilk baxışda o qədər də çətin olmayan, şagirdləri əsas tədqiqat suallarına istiqamətləndirən suallar verirəm. Problemin həlli mərhələsində istifadə etmək və şagirdləri müstəqil işlətmək üçünsə elə suallar, tapşırıqlar seçirəm ki, onlar şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlu şəkildə aparsın və özündə yeni informasiya daşısın.

Tədqiqatı müxtəlif formalarda - ya bütün siniflə birgə, ya kiçik qruplarda, ya da cütlük şəklində və fərdi şəkildə aparıram. Fəal təlim interaktiv xarakter daşıdığından və bu baxımdan kiçik qruplarla, cütlərlə iş daha səmərəli nəticə verdiyindən bu iş formalarını tez-tez tətbiq edirəm. Kiçik qruplarla iş zamanı şagirdlər daha sərbəst olur, tapşırığın həlli prosesinə hər kəs öz töhfəsini verməyə çalışır, bir-birləri ilə mübahisə edir, biri-digərinin cavabını dinləyib müzakirə edir, tə sdiq və təkzib edirlər ki, bu da onlarda təfəkkür prosesini fəallaşdırır, həm də həyatda vacib olan kollektivlə işləmək bacarıq və vərdişləri aşılayır.

Fəal təlimlə aparılan dərsin mühüm mərhələlərindən biri olan qiymətləndirmənin təşkilinə də xüsusi diqqət yetirirəm. Dərsin bu mərhələsinə də xüsusi hazırlaşır, hər qrup üçün meyar cədvəli hazırlayıram. Bu cədvəldə adətən 4 meyar nəzərdə tuturam: fikrini bildirir, nəticə çıxarır, təqdim edir, əməkdaşlıq edir. Hər meyar üzrə 4 səviyyə - zəif, orta, yaxşı, əla-müəyyənləşdirir və qiymətləndirməni "müsbət" və "mənfi" işarələri ilə göstərirəm. Çox vaxt çalışıram ki, qiymətləndirmədə şagirdlər özləri də fəal iştirak etsinlər və bir-birlərinin fəaliyyətini qiymətləndirsinlər. Belə olduqda onlar aldıqları qiymətləri daha obyektiv hesab edirlər.

Çoxillik təcrübəmdən bu qənaətə gəlmişəm ki, ancaq müəllimin xüsusi hazırlığı, fəal axtarışları nəticəsində keçilən dərslər fəal təlimin qarşıya qoyduğu tələbləri ödəyir və gözlənilən səmərəni verir.

 

 

Tamella MƏMMƏDOVA

 

Azərbaycan  müəllimi.- 2011.- 22 aprel.- S.20.