Respublika ekoloji müsabiqəsinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 2011-ci ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən "Turizm ili" və BMT tərəfindən beynəlxalq "Meşə ili" elan edilməsi ilə əlaqədar olaraq meşələrin qorunması və davamlı istifadəsi sahəsində məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Respublika ümumtəhsil məktəbləri şagirdləri arasında "Meşələri qoruyaq" mövzusunda Respublika ekoloji  müsabiqəsi keçirilsin.

2. Respublika müsabiqəsinin əsasnaməsi və təşkilat komitəsi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin əsasnaməsinin tələblərinə uyğun icranı təmin etsinlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin təşkili ilə əlaqədar lazımi təşkilati işləri həyata keçirsin.

5. Müsabiqə qaliblərinin mükafatlandırılması və diplomların hazırlanması ilə bağlı xərclərin ödənilməsi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 2011-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc yarımmaddələrində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.

7. Ümumi şöbə (X.Fərəcov) əmr və əlavələrin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin. 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

25 noyabr 2011-ci il

Azərbaycan müəllimi.- 2011.- 2 dekabr.- S.3.