Görkəmli kitabşünas alim Abuzər

Xələfovun 80 illik yubileyi qeyd edilib

   

Noyabrın 25-də Şuşa Humanitar Kollecində Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi və əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor, "Şöhrət" ordenli Abuzər Xələfovun 80 illik yubileyi təntənəli qeyd edilib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə müavini Vüsalə Fətəliyeva, BDU-nun müəllimləri - fəlsəfə doktoru, dosent Knyaz Aslan, baş müəllim Akif Cəfərov, şair-publisist Hacı Loğman, kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan kollecin direktoru Rəsul İsmayılov yubilyarı müəllim və tələbə kollektivi, həmçinin Şuşa ictimaiyyəti adından təbrik edib, ona tutduğu bu müqəddəs yolda uzun ömüryeni nailiyyətlər arzulayıb.

Tədbirdə çıxış edən Vüsalə Fətəliyeva, Knyaz Aslan, Akif Cəfərov, Hacı Loğman, kollecin müəllimlərindən Lalə Vəliyeva, Yeganə Əliyeva, İlhamə Fərəcova və başqaları yubilyarın keçdiyi ömür yolundan, Azərbaycanda kitabşünaslığın inkişafına verdiyi töhfələrdən, bir ağsaqqal, bir elm adamı kimi işlədiyi kollektivdə və ictimai mühitdə nüfuzlu ziyalı kimi tanınmasından, əməyinin dövlət tərəfindən layiqincə qiymətləndirilməsindən söz açıblar. Abuzər Xələfovun Azərbaycanda və keçmiş SSRİ-də kitabxanaçı kadrların hazırlanmasında cəfakeşliyi və kitabxana işi tarixini əhatəli qaydada araşdıran, bu sahədə hərtərəfli tədqiqatlar aparıb  elmi şəkildə sistemləşdirən ilk elmlər namizədi    ilk  elmlər  doktoru olduğu diqqətə çatdırılıb.  Çıxış edənlər professor Abuzər  Xələfovun ümummilli  lider  Heydər Əliyevin əsərlərinin biblioqrafiyasının hazırlanması sahəsində xüsusi xidmət göstərərək "Heydər  Əliyevin  biblioqrafik məlumat kitabı" adlı əsərini  çap etdirdiyindən söz  açıblar.

Professor Abuzər Xələfov çıxışında yaşayaraq arxada qoyduğu illərin hədər getməməsindən qürur duyduğunu, vətəninə və xalqına vicdanla xidmət etdiyi üçün bu gün mənəvi rahatlıq tapdığını diqqətə çatdırıb. Kitabı millətin dünəni, bu günü və sabahı adlandıran yubilyar mütaliənin insan üçün nə qədər önəmli olduğundan, oxucunun nitqinin inkişafına, dünyagörüşünə, mənəvi və əxlaqi tərbiyəsinə çox müsbət təsirindən söz açıb. Ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasına layiq yüksək intellektli gənclər kimi yetişməyi tələbələrə tövsiyə edib.

Yubilyara kollecin rəhbərliyi və tələbələri adından gül dəstələri və hədiyyələr təqdim edilib. Sonda kollecin müəllim və tələbələrindən ibarət ansambl maraqlı konsert proqramı ilə çıxış edib.

 

Nizami MİRZƏ

Azərbaycan müəllimi.- 2011.- 2 dekabr.- S.10.