"Gəncə Dövlət Universiteti - AMİ  Zaqatala filialı:

 Əməkdaşlığın 5 ili" elmi-metodik konfransı

 

Gəncə Dövlət Universiteti ilə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı arasında elmi-metodik əməkdaşlıq əlaqələri ildən-ilə genişlənməkdədir.Universitetin qabaqcıl alimləri vaxtaşırı filialda olur, təcrübə mübadilələri keçirir, professor-müəllim heyətinin dərslərində iştirak edir, təhsilin aktual problemləri barədə mühazirələr oxuyur, eləcə də pedaqoji və tədris-köməkçi heyətin üzvlərinə dəyərli məsləhətlər verirlər.

Noyabrın 22-də GDU-nun bir qrup alimi AMİ-nin Zaqatala filialının tədris, maddi- texniki bazası ilə tanış olmuş, iki gün  davam edən qarşılıqlı təcrübə mübadiləsi zamanı "açıq dərs"ləri dinləmiş, metodik tövsiyə və fənn proqramlarının hazırlanmasında yerli alimlərə və gənc müəllimlərə lazımi köməklik göstərmişdir.

Sonra görüşün yekunlarına həsr olunmuş elmi-metodik konfrans keçirilmişdir. Professor-müəllim və tələbə heyətinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə tədris və elmi işlər üzrə filial direktorunun müavini, fəlsəfə doktoru Füzuli Səddinov açaraq bu əməkdaşlığın tarixinin artıq 5 ili adladığını bildirərək, elmi-əməli dəstəyə və dəyərli köməyə görə GDU-nun rektoru, professor Elman Məmmədova kollektivin dərin təşəkkürünü  çatdırmağı xahiş  etmişdir.

Tədbirdə Gəncə Dövlət Universitetinin  dosentləri, filologiya üzrə fəlsəfə doktorları, əməkdar müəllim Allahverdi Həmidov, Azərbaycan  Yazıçılar Birliyinin üzvü Sahib İbrahimli, folklorşünas Maqbet Əhmədov " Xarici dil dərslərinin proqram təminatı və müəllimlərin elmi-metodik yaradıcılığının inkişaf etdirilməsi", "Ədəbiyyat dərslərində problemli situasiya  yaradılması və cütlüklərlə iş", "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzularında məruzələrlə çıxışlar etmişlər. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yəhya Əliyev "Yaşsosial pedaqogika" fənni üzrə filial əməkdaşları ilə birgə metodik vəsait hazırlanması təklifini vermiş, universitetin elmi katibi, dosent Teymur İsmayılov isə buraxılış kurs tələbələrinin diplomdansonrakı təhsilinin təşkilində təmsil etdiyi ali məktəb tərəfindən hər cür köməyə hazır olduqlarını bildirmişdir. Təkliflər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Konfransa dəvət olunmuş Gəncə şəhər təhsil veteranı, məktəbşünas-pedaqoq Bahadur Abdullayev filialda fəaliyyət göstərən ixtisasartırma kurslarında apardığı mühazirələrin onda xoş təəssürat oyatdığını bildirmiş, bu sahədə bir sıra tövsiyələrini vermişdir.                                                                             

Filial əməkdaşları adından pedaqoji  fakültənin  dekanı, GDU-nun dissertantı Xəzəngül Babayeva, kafedra müdiri, fəlsəfə doktoru Qüdrət Qırtımov, qocaman müəllim, fəlsəfə doktoru Qurban Orucov,  baş müəllim Sabir Qurbanov və II kurs tələbəsi Fərid Əzimov çıxış edərək belə görüşlərin tez-tez keçirilməsini arzulamış və qonaqlara dərin minnətdarlıq  ifadə etmişlər.  

Sonda qonaqlar özlərinin və GDU-nun  digər alimlərinin müəlliflikləri ilə nəşr olunmuş dərslik və metodik vəsaitlərini kitabxanaya təhvil vermiş, pedaqoji kollektivlə birgə şəkillər çəkdirmişlər.

 

Ülkər BAYRAMOVA

Azərbaycan müəllimi.- 2011.- 2 dekabr.- S.17.