Respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib

 

Dekabrın 9-da Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin Respublika müsabiqəsi" qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Milli Məclisin deputatları Kamilə Əliyeva, Ceyhun Osmanlı, Sədaqət Vəliyeva,  Jalə  Əliyeva, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri  Ağababa  İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmməd Bayramov, dərnək rəhbərləri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilmiş müsabiqə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlərdəndir. Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı uşaq və gənclərin yaradıcılıq potensialının inkişafına təkan vermək, məktəblilərin yaradıcılıq dərnəklərinə marağını daha da artırmaq, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsini təşkil etməkdən ibarətdir. Müsabiqə rayon (şəhər) və respublika mərhələləri üzrə keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov  şagirdlərin həyatında, düşüncəsində və əqli inkişafında məktəbdənkənar təhsilin xüsusi rolu olduğunu bildirib. Şagirdlərin bu müsabiqədə fəal iştirakını müsbət hal kimi qiymətləndirən nazir müavini qeyd edib ki, regionlardan olan məktəblilərin də yaradıcılıq mərkəzlərinə böyük maraq göstərməsi xüsusilə təqdirəlayiqdir.

Qulu Novruzov müsabiqənin respublika mərhələsinə 400-ə yaxın əl işinin təqdim edildiyi və münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra 60 qalibin müəyyənləşdirildiyi haqda məlumat verib. Müsabiqə qaliblərini təbrik edən nazir müavini onlara gələcək işlərində uğurlar arzulayıb.

Digər çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışıb, belə tədbirlərin məktəblilərin hərtərəfli formalaşmasında xüsusi rolu olduğunu bildiriblər.

Müsabiqədə I, II və III yerləri tutan dərnək üzvləri Təhsil Nazirliyinin diplomları və hədiyyələrlə mükafatlandırılıblar.

 

Niyazi RƏHİMOV

Azərbaycan müəllimi.- 2011.- 16 dekabr.- S.3.