Naxçıvanın turizminə həsr olunan ilk kitab

 

 Ölkəmizdə turizmin inkişaf etdirilməsi, onun iqtisadi-sosial və mədəni həyatdakı rolunun öyrənilməsi müasir dövr reallıqları baxımından mühüm əhəmiyyət kəsb edir. Turizmin ayrı-ayrı regionların iqtisadi inkişafındakı rolu bir çox inkişaf etmiş ölkələrin təcrübəsində öz təsdiqini tapmış, bu barədə çoxlu məqalələr, elmi əsərlər yazılmışdır.

Azərbaycanın zəngin turizm ehtiyatları, milli qonaqpərvərliyi və genişlənən turizm infrastrukturu ölkəmizin bütün regionlarında turizm sənayesinin inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradır. Bu baxımdan turizmə dair nəzəri məsələlərlə yanaşı, onun inkişaf etdirilə biləcəyi hər bir regionun özünəməxsus xüsusiyyətlərinin də nəzərə alınması ilə tədqiqatlar aparılması 2011-ci "Turizm ili"ndə qarşıya qoyulmuş mühüm məsələlərdəndir. Naxçıvan Dövlət Universitetinin əməkdaşları, Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının həqiqi üzvləri, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayeviqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun bu il Rusiyanın Novosibirsk şəhərində işıq üzü görmüş "Turizm i sovremennost:  Naxçıvanskaya Avtonomnaya Respublika, Azerbaydjan" adlı kitabı istər ölkəmiz, istərsə də rusdilli oxucular arasında maraqla qarşılanmışdır. 

Kitab dörd bölmədən ibarətdir. Birinci bölmə Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu, etnik turizmin bu baxımdan əhəmiyyəti, Azərbaycanla Rusiyanın müasir iqtisadi-mədəni əlaqələri, ikinci bölmə turizmhumanitar inkişafa dair olub, gəncliyin inkişafı və muxtar respublikada dini turizmin inkişafı, üçüncü bölmə turizmregional inkişafa həsr olunub, ölkəmizin regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mineral və müalicə turizminin inkişafına və qeyri-neft sektorunda turizmin rolu məsələlərinə həsr olunmuşdur. Kitabın dördüncü bölməsində Azərbaycan Respublikasının Turizm Qanunu  Ümumdünya Turizm Təşkilatının dünya turizminin inkişafına dair qəbul etdiyi mühüm sənədlər verilmişdir.

Kitabda qələmə alınmış mövzulara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının turizm ehtiyatlarının fotoşəkillərindən ibarət illüstrasiyalar da verilmişdir. 

 

Mehriban SULTAN

Azərbaycan müəllimi.- 2011.- 16 dekabr.- S.14.