Təhsil Nazirliyinin Kollegiyasında ötən ilin yekunları və bu il qarşıda duran vəzifələr müzakirə olunub

 

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Təhsil Nazirliyində  geniş kollegiya iclası keçirilib.

Kollegiya üzvləri ilə yanaşı, Prezident Administrasiyasından, Nazirlər Kabinetindən, digər dövlət qurumlarından, YAP-dan nümayəndələrin, millət vəkillərinin, Təhsil Nazirliyi Aparatının məsul işçilərinin, nazirliyin struktur bölmə rəhbərlərinin, ali məktəb rektorlarının, orta ixtisas, ilk peşə-ixtisas, bilavasitə nazirliyə tabe olan ümumtəhsil müəssisələrinin direktorlarının, rayon, şəhər təhsil şöbə müdirlərinin, tanınmış ziyalıların və bəzi qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirak etdikləri iclasda "2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr" mövzusunda məsələ müzakirə edilib.

Azərbaycan Respublikasının təhsil naziri, kollegiyanın sədri Misir Mərdanov iclası açıb iştirakçıları salamladıqdan sonra "2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr" mövzusunda geniş məruzə-təqdimatla çıxış etdi.

Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də ölkədə təhsilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı altında olduğunu qeyd edən nazir geniş faktik materiallar, dərin təhlillər və müqayisələr əsasında hazırlanmış təqdimatında öncə Nazirlər Kabinetinin bu il yanvarın 14-də keçirilmiş iclasında söylənilmiş bəzi fikirləri, ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində ötən il qazanılmış uğurları əks etdirən fakt və rəqəmləri diqqətə çatdırdı. Bildirdi ki, ümumi daxili məhsul  5 faiz, əhalinin pul gəlirləri 12,3 faiz artmış, yoxsulluğun səviyyəsi daha da aşağı düşərək 9,1  faiz təşkil etmişdir. Ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulmuş, 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir.

BMT-nin 2010-cu il üzrə İnsan İnkişafı Hesabatından bəzi rəqəmləri də misal gətirən nazir qeyd etdi ki, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmiş, ölkəmiz "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna  daxil olmuşdur. Nazir bu irəliləyişdə təhsilin də xüsusi çəkisi olduğunu söylədi və bildirdi ki, hesabata əsasən hazırda Azərbaycanda əhalinin savadlılıq səviyyəsi 99,5 faiz təşkil edir.

Sonra təqdimatda ölkə Prezidentinin təhsilə qayğısını əks etdirən faktlar və rəqəmlərə dair slaydlar nümayiş olundu. Nazir qeyd etdi ki, Azərbaycan Prezidenti və onun xanımı Mehriban Əliyeva 2010-cu il ərzində 16 yeni inşa olunmuş, əsaslı təmir edilmiş təhsil müəssisəsində olmuş, müəllim və təhsilalanlarla görüşmüşdür. Səfər edilmiş müəssisələrin siyahısını iclas iştirakçılarının diqqətinə çatdıran nazir bunu Azərbaycan tarixində misli olmayan hadisə kimi dəyərləndirdi.

Nazir bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ötən il ərzində təhsillə bağlı 37 sərəncam və 2 fərman imzalanmışdır.

"Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrinin qaliblərinin mükafatlandırılması haqqındakı Prezident sərəncamları  üzərində bir qədər geniş dayanan nazir həmin sərəncamlara əsasən 50 məktəbə və 100 müəllimə pul mükafatlarının verildiyini qeyd etdi, müsabiqənin bəzi yekunlarından söz açaraq qaliblərin bölgələr üzrə paylanmasını göstərən cədvəlləri nümayiş etdirdi. Təhsil ocaqları və müəllimləri bu yüksək yarışmada fəallıq göstərən, heç iştirak etməyən və iştirak edib qaliblər sırasına düşməyən şəhər və rayonların adları çəkildi, bəzi müqayisələr aparıldı.

Nazir təqdimatında 2010-cu ildə Prezidentin sərəncamları ilə 411 təhsil işçisinin müxtəlif orden və medallara, fəxri adlara layiq görüldüyünü qeyd edib, bunu da  ölkə başçısının təhsilimizə qayğısının nəticəsi kimi dəyərləndirdi. Qeyd olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyətində də təhsilin inkişafı əsas prioritetlərdən olmuş və 2010-cu ildə hökumət tərəfindən təhsillə bağlı 32 qərar imzalanmışdır. Həmin qərarlardan 28-i "Təhsil haqqında" Qanunun icrası ilə bağlıdır. Nazir bu sənədlərin yüzlərlə mütəxəssis və təhsil ekspertinin zəhməti hesabına başa gəldiyini qeyd etdi.

Daha sonra nazir dövlət büdcəsindən təhsilə ayırmaları, təhsil büdcəsinin son üç ildəki inkişaf dinamikasını əks etdirən slaydlara diqqəti yönəldərək hər il dövlət büdcəsindən təhsilə ayrılan xərclərin, investisiyaların artdığını bildirdi. Qeyd etdi ki, 2010-cu ildə təhsilə ayrılan xərclər 1,276 milyard manat təşkil etmiş, 2011-ci ildə isə təhsilə 1,338 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2010-cu ildəkindən 61,3 milyon manat çoxdur. İnvestisiyaların həcmi və Prezidentin Ehtiyat Fondundan ayrılan xərclər 2010-cu ildə 80,4 milyon manat təşkil etmişdir. 2011-ci ildə investisiyaların həcmi 86,3 milyon manat nəzərdə tutulmuşdur.

Məruzə-təqdimatında təhsil naziri 2010-cu ildə həyata keçirilən dövlət proqramları və layihələr üzərində ətraflı dayanaraq qeyd etdi ki, son illər Azərbaycan elmi surətdə əsaslandırılmış və cənab Prezident tərəfindən təsdiq olunmuş proqramlarla idarə olunur. Beynəlxalq qurumların da qeyd etdiyi kimi, bu, ölkəmizin inkişafını təmin edir. Təhsillə bağlı bu gün 16 dövlət proqramının olduğunu deyən nazir, həmin proqramların adlarını iclas iştirakçılarına təqdim etdi.

Sonra təhsil naziri hər bir təhsil pilləsi üzrə görülmüş işlər barədə məlumat verdi. Öncə məktəbəqədər təhsilə dair son 3 ilin statistikası diqqətə çatdırıldı. Qeyd olundu ki, 2009-2010-cu tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı 1607, burada tərbiyə olunanların sayı isə 103342 nəfər olmuşdur. Bu müəssisələrdə 13408 pedaqoji işçi çalışmışdır. 2010-2011-ci tədris ilində isə məktəbəqədər müəssisələrin sayı bir qədər artaraq 1624 olmuş, uşaqların sayı isə müəssisələrdə olduğundan daha çox artaraq 107954 təşkil etmişdir. Ölkə üzrə məktəbəqədər təhsillə əhatə səviyyəsi 16,5 faizdir. Bununla belə, nazir özəl bağçalarda artımın da çox olduğunu söylədi. Nümayiş olunan cədvəldən göründü ki, bu müəssisələrin sayı bu il ötən ildəkindən üç dəfədən çox artaraq 5-ə qarşı 21 olmuş, uşaqların da sayında müvafiq artım (275-ə qarşı 1005) qeydə alınmışdır. Bu sahədə dövlət başçısı tərəfindən təsdiq olunmuş proqram çərçivəsində 2010-cu ildə görülmüş işlər haqqında məlumat verən nazir bildirdi ki, ötən il ərzində 3 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 7 müəssisə əsaslı təmir olunmuş, 31 müəssisədə cari təmir işləri aparılmış, 151 müəssisə avadanlıqlarla təmin edilmişdir. Ötən il tikilmiş və əsaslı təmir olunmuş uşaq bağçalarından fotogörüntülər  kollegiya iştirakçılarına təqdim olundu.

2010-cu ildə məktəbəqədər müəssisələrin təlim vəsaitləri ilə təminatı sahəsində də addımlar atıldığı və 53 adda təlim vəsaiti hazırlanaraq müəssisələrə çatdırıldığı, YUNİSEF-in dəstəyi ilə beynəlxalq məsləhətçi cəlb olunmaqla məktəbəqədər təhsilin müasir tələblərə cavab verən yeni kurikulumlarının hazırlanmasına başlandığını, respublika üzrə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması üzrə məlumat bankının yaradıldığı qeyd olundu.

Bakı şəhərində 5 yaşlıların məktəbəqədər təhsilə cəlbinin 2006-2011-ci illər üzrə artımını əks etdirən cədvəl, məktəbəqədər təhsil müəssisələri, ölkə üzrə yaşayış məntəqələri, məktəbəqədər yaşlı uşaqlar və məktəbəqədər təhsilə cəlb olunanlarla bağlı aparılmış təhlilin nəticələri, bu sahədə mövcud problemlər və 2011-ci ildə görüləcək işlər iclas iştirakçılarına təqdim olundu. Bildirildi ki,  hazırda ölkə üzrə bu sahədə 477 yeni təhsil müəssisəsinin inşasına, 863 müəssisənin əsaslı təmiri, bərpası və gücləndirilməsinə ehtiyac var.

Sonra ümumi təhsil pilləsi üzrə görülmüş və görüləsi işlər, mövcud problemlər haqqında slaydlar vasitəsi ilə kollegiya iştirakçılarına məlumat verildi. Nazir öncə bu pilə üzrə təhsil müəssisələri haqqında məlumatı əks etdirən cədvəli təqdim etdi. Bildirdi ki, hazırda ölkədəki 4522 dövlət ümumtəhsil müəssisəsində 1321091 şagird oxuyur, həmin müəssisələrdə pedaqoji heyət üzvlərinin sayı 159461 nəfərdir. Müəllimlərin sayının əvvəlki illərlə müqayisəsinə diqqəti çəkən nazir son 3 ildə (2008-2009-cu dərs ilində - 163.226; 2009-2010-da - 160161; 2010-2011 - 159461) pedaqoji heyətin sayının azalmasına nail olunduğunu söylədi. Eyni zamanda nazir son 1 ildə birinci siniflərə gedən şagirdlərin sayının təxminən 1500 nəfər artdığını dedi.

Kollegiyada gətirilən faktlardan göründü ki, ötən il məktəblərin infrastrukturu da inkişaf edib. 2010-cu ildə 21996 yerlik 61 məktəb binası, 11 məktəb üçün 1578 yerlik əlavə korpuslar tikilib, 15 məktəb əsaslı təmir olunub. 356 məktəbdə cari təmir işləri aparılıb, 6980 yerlik 25 məktəb binasının tikintisinə başlanıb.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd edən nazir Fond tərəfindən 2010-cu ildə 1100 yerlik 2 yeni məktəbin tikildiyini, Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə 3 məktəb binasının əsaslı təmir və bərpa edildiyini söylədi. Yeni tikilmiş məktəblərin siyahıları və onlardan fotogörüntülər nümayiş etdirildi.

Ümumtəhsil məktəblərinin avadanlıqla təminatına toxunan nazir 66 rayon üzrə 266 məktəbə 27414 parta, 2315 yazı lövhəsi, 4313 müəllim masası, 7662 müəllim stolu verildiyini, 115 məktəbin kimya, 114 məktəbin isə fizika laboratoriyaları ilə təmin edildiyini söylədi. Eyni zamanda diqqəti bu sahədə mövcud olan problemlərə də yönəldərək bildirdi ki, aparılan araşdırmalara əsasən ölkə üzrə qəzalı vəziyyətdə olan 262 məktəb üçün bina tikilməsinə, 872 məktəbin əsaslı təmirə ehtiyacı var. Ümumi təhsil sahəsində 2011-ci ildə görüləcək işlər diqqətə çatdırıldı.

Təhsil naziri təqdimatında kurikulum islahatı ilə bağlı məlumat verərək bildirdi ki, artıq 2010-2011-ci dərs ilində I-III siniflərdə tədris yeni fənn kurikulumları üzrə aparılır, digər siniflərdə isə  bu işə növbəti illərdən başlanacaq. Bu sahədə müvafiq işlər aparılır. Ötən il monitorinq və qiymətləndirmə sahəsində xeyli iş görülüb. Nazirlər Kabineti müvafiq konsepsiyanı, təsdiq edib, kurikulum tətbiq olunan aşağı siniflərdə ciddi iş aparılır. Nazir keçən il XI siniflərlə yanaşı, IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada  keçirildiyini, əvvəllər ictimaiyyət tərəfindən yaxşı qəbul edilməyən bu işin hazırda müsbət qarşılandığını söylədi və ötənilki buraxılış imtahanlarının nəticələri, fənlər üzrə imtahan suallarının sayında edilmiş yeniliklərlə iclas iştirakçılarını tanış etdi. Beynəlxalq qiymətləndirmə üzrə aparılmış işləri diqqətə çatdıraraq hələlik ölkəmizin 3 beynəlxalq qiymətləndirmə proqramında iştirak etdiyini söylədi.

Kollegiyada 2010-cu ildə ali məktəblərə qəbulun nəticələri barədə söz açıldı. Qəbul imtahanlarında 0-100, 100-200, 200-300, 300-500, 500-700 bal toplayan abituriyentlərin 2003-2010-cu illər üzrə faiz şəklində ifadə olunmuş nəticələrini əks edirən diaqramlar nümayiş olundu, onların illər üzrə müqayisəsi aparıldı, aşağı bal toplayanların sayının getdikcə azaldığı, əlaçıların göstəricilərinin isə əksinə, artdığı, 600-dən yuxarı bal toplayanların əvvəlki ilə nisbətən, təxminən, 2 dəfə çox olduğu vurğulandı.

İstedadlı şagirdlərlə işlə bağlı həyata keçirilən tədbirlərə toxunan nazir bildirdi ki, 2010-2011-ci dərs ilində Gəncə, Mingəçevir, Sumqayıt, Şirvan şəhərləri və Quba, Ağdaş, Şəki, Lənkəran rayonlarının seçilmiş məktəblərinin bazasında istedadlı şagirdlər üçün lisey sinfi təşkil edilmişdir. Kollegiya iştirakçılarına "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" üzrə görülmüş digər işləri, o cümlədən istedadların seçimi, müsabiqələrin təşkili ilə bağlı həyata keçirilmiş tədbirləri, onların nəticələrini, istedadlı məktəblilərin dünya olimpiadalarında qazandığı uğurları əks etdirən slaydlar da nümayiş olundu və təhlil edildi.

Nazir Təhsil Nazirliyi sistemində həyata keçirilməkdə olan De-institutlaşdırma proqramının 2010-cu ildə icra vəziyyəti və proqram üzrə 2011-ci ildə görüləcək işlər barədə məlumat verərək bildirdi ki, Nazirlər Kabinetinin  13 yanvar 2010-cu il tarixli 5 nömrəli qərarı ilə Təhsil Nazirliyi nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılmış, internat-məktəblərdə təhsil alan, tərbiyə olunan uşaqların bioloji ailələrinə qaytarılması istiqamətində ciddi nəticələr əldə olunmuş, bir sıra digər dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsinə başlanmışdır.

Nazir proqram çərçivəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqlar haqqında dəqiq məlumatların toplanmasını, uşaq "qaynar xətt" xidmətini bu sahədə atılan ən uğurlu addımlardan saydı, proqram və layihələr üzrə işlərin 2011-ci ildə də davam etdiriləcəyini söylədi.

Misir Mərdanov dərslik siyasətini nazirliyin fəaliyyətində ən mühüm istiqamətlərdən biri olduğunu söyləyərək, ölkədə 1,5 milyona yaxın şagirdin pulsuz dərsliklərlə təmin edilməsini Azərbaycan Prezidentinin təhsilalanlara göstərdiyi qayğının ən bariz ifadəsi kimi dəyərləndirdi. Dərsliklərin hazırlanması və nəşrinə dair statistik rəqəmlər diqqətə çatdırılaraq bu sahədə ardıcıl iş getdiyi, dərsliklərin hər il təkmilləşdirildiyi bildirildi.

Təqdimatda ümumtəhsil məktəblərinin kadr təminatı məsələsinə də toxunuldu, ucqar yerlərdə kadrların çatışmaması, paytaxtda və bir sıra şəhərlərdə isə əksinə, onların sıxlığı qeyd edildi, ötən il Bakı şəhəri məktəblərində vakant yerlərə müəllimlərin işə qəbulunun yeni qaydasının tətbiq olunduğu, nəticədə 288 müəllimin işə qəbul edildiyi diqqətə çatdırıldı, məktəb direktorlarının işə qəbul üçün də müsabiqələrin təşkilinə başlandığı qeyd edildi.  Nazir məlumat verdi ki, 2010-cu ildə ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilmişdir.

Sonra məktəbdənkənar təhsil sahəsi ilə bağlı statistik rəqəmlər, həyata keçirilən tədbirlər haqqında məlumatlar və yeni tikilmiş və təmir olunmuş müəssisələrdən fotogörüntülər kollegiya iştirakçılarının diqqətinə təqdim olundu. Nazir bir qürur doğuran faktı xüsusi qeyd edərək bildirdi ki, 1 yanvar 2011-ci il tarixinə orta reytinq göstəricilərinə görə Azərbaycan dünyanın ən güclü 10 şahmat  ölkəsi siyahısına daxil olmuş və 5-ci yerdədir. O, bu çox böyük uğurda təhsil işçilərinin də əməyi olduğunu vurğuladı. Ölkədə şahmat məktəbləri tikintisinin statistikası, yeni şahmat məktəblərinin şəkilləri nümayiş olundu.

Təhsil sisteminin informasiyalaşdırılmasından da təqdimatında söz açan nazir 2010-cu ildə bu sahədə görülən işləri diqqətə çatdıraraq bildirdi ki, "Elektron məktəb" layihəsinə ötən il daha 4 təhsil müəssisəsi qoşulmuş, layihədə iştirak edən 20 məktəbə 300 yeni kompüter, 336 ədəd netbuk verilmişdir. Müvafiq proqramın icrası nəticəsində 64680 nəfər müəllim təlim kurslarından keçmişdir. Sonra nazir kompüter-şagird nisbəti, müəssisələrin İnternet bağlantısı, kadrların İKT hazırlığı sahələrində 2005-ci ilədək və 2005-2007, 2008-2009, 2009-2010-cu illərdəki vəziyyəti əks etdirən diaqrama dair slayda diqqəti yönəldib, 2005-ci ildə kompüter-şagird nisbətinin 1:1000 olduğu halda, 2010-cu ildə bu nisbətin 1:20-yə çatdırıldığını söylədi.

Kollegiya iclasında  təhsilin idarə olunmasının məlumat sistemləri haqqında da məlumat verən nazir hazırda nazirliyin TİMS bazasında 1,4 milyon şagird və 200 mindən artıq məktəb heyəti barədə məlumat toplandığını, onların ilbəil yeniləşdiyini, dəqiqləşdirildiyini dedi.

Sonra ilk peşə-ixtisas, orta ixtisas təhsili müəssisələri haqqında statistik məlumat, hər iki sahədə ötən il görülən və bu il üçün planlaşdırılan işlər kollegiya iştirakçılarının diqqətinə çatdırıldı.

Təqdimatın ali təhsildən bəhs edən hissəsində nazir öncə bu sistemdəki müəssisələr haqqında məlumat verdi, sonra iki istiqamətdə - "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələr və "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı görülmüş və görüləcək işlərə diqqəti cəlb etdi. Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi  barədə" 10 fevral 2010-cu il tarixli fərmanının icrası istiqamətində görülən işləri xüsusilə qeyd edən nazir bu məqsədlə bir neçə sənədin hazırlanaraq hökumət tərəfindən təsdiq olunduğunu, 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında həyata keçirildiyini, 51 ali təhsil müəssisəsindən 35-nin dövlət sifarişinin yerinə yetirilməsində iştirak etdiyini, bu məsələnin müxtəlif dövlət qurumlarının və ali məktəblərin iştirakı ilə bir neçə dəfə müzakirə olunduğunu, ali məktəblərə bakalavr pilləsi üzrə qəbul olunan 27612 tələbədən 9788 nəfərinin (35,4%) hazırda dövlət sifarişi ilə, 17824 nəfərinin isə (66,6%) ödənişli əsaslarla təhsil aldığını diqqətə çatdırdı, dövlət sifarişi əsasında tələbə qəbulunun ali məktəblər üzrə paylanmasını göstərən cədvəllər nümayiş etdirildi, ali təhsil sahəsində görülmüş işlər, mövcud problemlər qeyd olundu, problemlərin aradan qaldırılması üçün təkliflər səsləndirildi, görüləcək digər işlər diqqətə çatdırıldı.

Məruzə-təqdimatının beynəlxalq əlaqələr, xaricdə təhsil bölümlərində kollegiya sədri ölkəmizin 16 beynəlxalq təşkilatla sıx əməkdaşlıq əlaqələri saxladığını, 2010-cu ildə bir sıra ölkələrlə  təhsil sahəsində əməkdaşlıq haqqında saziş layihələrin hazırlandığını, bir sıra xarici ölkələrə səfərlər edildiyini qeyd etdi, Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin 1971, 1979-cu illər və son 12 ildə say dinamikasını, onların ölkələr üzrə bölgüsünü, 2010-2011-ci tədris ilində xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlı gənclərin ölkələr üzrə sayını, ixtisas sahələri üzrə statistikasını və s. əks etdirən diaqramlar nümayiş olundu. Diaqramlardan aydın oldu ki, hazırda ölkəmizdə 6173 əcnəbi tələbə oxuyur, dövlət xətti ilə xaricdə 789, o cümlədən proqram çərçivəsində 583 nəfər gənc təhsil alır, onların 114 nəfəri artıq məzundur.

Təhsil naziri kollegiyada  2010-cu ildə əlavə təhsil, ali məktəb elmi sahələrində görülmüş işlər və 2011-ci ildə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi, müvafiq statistik rəqəmlər gətirərək qeyd etdi ki, son illər alimlərimizin nüfuzlu xarici jurnallarda dərc olunan məqalələrinin sayı artıb.

Təqdimatın sonunda 2010-cu ildə nazirliyə daxil olan sənədlər haqqında da söz açıldı, onların daxil olduğu təşkilat və rayonlar üzrə bölgüsünü əks etdirən cədvəllər nümayiş olundu. Bildirildi ki, il ərzində nazirliyə 51552 sənəd daxil olmuş, 7251 nəfər vətəndaş qəbul edilmişdir.

Təhsil nazirinin diqqətlə dinlənilən təqdimatından sonra mövzu ilə bağlı müzakirə aparıldı.

İclasda ilk söz alan YAP sədrinin müavini-icra katibi Əli Əhmədov təhsil naziri Misir Mərdanovun təqdimatını yüksək qiymətləndirib, hesabatda ötən il ölkəmizdə təhsil sahəsində əldə olunan nailiyyətlər haqqında geniş informasiya verildiyini bildirdi. Təhsilin Azərbaycanın davamlı inkişafının kökündə dayanan çox əhəmiyyətli amillərdən olduğunu söyləyən icra katibi onun Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin strateji inkişafının vacib istiqamətlərindən birinə çevrildiyini, son illər təhsilin infrastrukturunun yeniləşdirilməsindən tutmuş səviyyəsinin yüksəlməsinədək bütün sahələrdə doğrudan da diqqətəlayiq nəticələr əldə edildiyini vurğuladı. Ə.Əhmədov Təhsil Nazirliyinin fəaliyyəti sayəsində Azərbaycan cəmiyyətində təhsilə müasir yanaşma meyillərinin özünü daha ciddi göstərməkdə olduğunu xüsusi qeyd etdi. Bildirdi ki, təhsilin səviyyəsinin yüksəlməsi, şagirdlərin yaxşı təhsil alması məktəbin, digər təhsil qurumlarının fəaliyyətinin keyfiyyətindən nə dərəcədə asılıdırsa, bir o dərəcədə də bütövlükdə cəmiyyətin təhsilə sağlam, düzgün və müasir münasibəti ilə əlaqədardır. Yalnız müəllimlərlə valideynlərin birgə fəaliyyət göstərməsi nəticəsində təhsil sahəsində lazımi səviyyəni əldə etmək mümkündür. Millət vəkili dövlətin ayırdığı vəsaitlər hesabına və böyük zəhmət nəticəsində xarici ölkələrdə təhsil almış gənclərin ölkəmizdə işlə təmin olunması, onların biliyindən, savadından, ümumi mədəni səviyyəsindən Azərbaycanın inkişafı üçün istifadə edilməsinə diqqətin artırılmasına böyük ehtiyac duyulduğunu qeyd edərək, bu istiqamətdə atılan addımları, xüsusilə də xaricdə təhsil alan gənclərin işlə təmin olunması üçün dövlət proqramının və ayrıca qurumun yaradılması ideyasını dəstəklədiyini söylədi.

Çıxışının sonunda ölkədə təhsil islahatlarının geniş proqram əsasında uğurla həyata keçirildiyini deyən Ə.Əhmədov bir neçə ildən sonra  təhsilin keyfiyyətinin daha da yüksələcəyinə, Azərbaycan məktəblərində təhsil alan gənclərin ölkəmizin inkişafını təmin edən vətəndaşlar kimi yetişəcəyinə əmin olduğunu bildirdi.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova iclasda çıxış edərək artıq bir neçə dəfədir ki, təhsil nazirinin təqdimatı ilə keçirilən kollegiya iclaslarında iştirak etdiyini, həmin iclasların hər birində də təhsil sahəsində Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan dövləti tərəfindən yeridilən siyasət, bu siyasətin icrası və icra prosesində əldə olunan uğur və nailiyyətlər, eləcə də problemlər barədə çox dərin, faktlara söykənən, aydın və şəffaf məlumatlar aldığını söylədi. Dedi ki,  Azərbaycan təhsilində bu gün sürətlə inkişaf getdiyini bu kollegiya iclasında da əyani şəkildə gördük. Azərbaycan Prezidentinin, dövlətin bu sahəyə diqqət və qayğısı özünün səmərəli və faydalı nəticələrini verir. Təhsil sahəsində görülən işlərin gənc nəslin savadlı, bilikli, yüksək səviyyədə təhsil almaqla Azərbaycanın inkişafına xidmət göstərən vətəndaşlar kimi formalaşmasına gətirib çıxardığını, bütün bunların bir millət vəkili kimi onu sevindirdiyini deyən vitse-spiker, ötən il keçirilmiş parlament seçkiləri ərəfəsində yerlərdə seçicilərlə keçirdiyi çoxsaylı görüşlərində onların təhsilimizin mövcud durumu haqqında çox gözəl fikirlər söyləmələrini xatırlatdı və bunları təhsilimizdəki uğurlara verilən yüksək qiymət kimi dəyərləndirdi. B.Muradova diqqətə çatdırdı ki, Azərbaycan parlamenti həyatın bütün istiqamətlərində, o cümlədən təhsil sahəsində problemlərin həllinə rəvac verən qanunvericilik bazasının möhkəmləndirilməsi yönündə məqsədyönlü fəaliyyət göstərir. O, kollegiya iştirakçılarını əmin etdi ki, təhsilin problemləri, gündəlik fəaliyyəti hər bir millət vəkilinin diqqət mərkəzindədir.

Onlar həmin problemlərin həllini vətəndaşlardan heç də az istəmirlər və əgər Milli Məclisin iclasında, bu və ya digər tədbirlərdə təhsillə bağlı müəyyən nöqsanlar, iradlar səslənirsə, bütün bunları obyektiv tənqid, nöqsanların aradan qaldırılmasına istək kimi qəbul etmək lazımdır.

O, iclas iştirakçılarının nəzərinə çatdırdı ki, Milli Məclisin builki planına elm siyasəti və ali təhsil haqqında qanunların qəbul olunması daxil edilib.

Çıxışının sonunda B.Muradova təhsilimizdə böyük inkişaf getdiyini bir daha vurğulayaraq görülən bütün işlərin, habelə kollegiyada səsləndirilən faktların ictimaiyyətə doğru, düzgün çatdırılmasını zəruri saydığını bildirdi və əhatəli məruzə-təqdimatına görə təhsil naziri Misir Mərdanova təşəkkür etdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev də çıxışında ölkə Prezidenti İlham Əliyevin qayğısı nəticəsində təhsilimizdə böyük uğurlar əldə edildiyini söylədi. Bildirdi ki, təhsilin bütün sahələrində qazanılan uğurlar onun düzgün istiqamətdə inkişaf etdiyini göstərir.

Təhsilin hüquqi bazasının, məzmununun, proqram-metodik təminatının yeniləşdirilməsi istiqamətində aparılan işləri xüsusilə yüksək dəyərləndirən Konfederasiya sədri Sovetlər Birliyi tərkibində olduğu dövrlərdə Azərbaycanın özünün qanunvericilik sənədlərinin olmadığı, dərsliklərin, proqramların rus dilindən tərcümə olunduğuna diqqəti yönəldərək bütün bünların müstəqilliyimizin ilk illərində Təhsil Nazirliyi qarşısında böyük problemlər yaratdığını, lakin nazirliyin çox ağır və vaxt aparan bu işin öhdəsindən layiqincə gəldiyini, son illər müstəqil respublikamızda təhsil qanunvericiliyinin formalaşdırılması sahəsində çox böyük işlər görüldüyünü bildirdi.

S.Mehbalıyev başçılıq etdiyi qurumun təhsilin inkişafı yönündə atılan addımlarda, təhsil işçilərinin əməyinin stimullaşdırılmasında, onları, habelə şagirdləri, tələbələri həvəsləndirmək, daha yaxşı oxumağa sövq etmək üçün keçirilən tədbirlərdə, müsabiqə və olimpiadalarda yaxından iştirak etdiyini diqqətə çatdırdı və bundan sonra da belə işlərə fəal dəstək verəcəklərinə iclas iştirakçılarını əmin etdi.

Kollegiya iclasında çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə diqqəti istedadlı gənclərə, xarici ölkələrdə təhsil almış məzunlara dövlət səviyyəsində xüsusi qayğı göstərilməsinin vacibliyinə yönəldərək bu məqsədlə xüsusi proqramın hazırlanmasını zəruri saydı.

M.Abbaszadə yüksək oxumaq həvəsi ilə məktəbə gələn uşaqların bu həvəslərinin bütün təhsil illəri boyu saxlanması üçün orta məktəblərdə qiymətləndirmə prosedurlarını təkmilləşdirməyin zəruriliyini qeyd etdi. Bu baxımdan o, beynəlxalq qiymətləndirmə prosedurlarında ölkəmizin iştirakını çox vacib saydı və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımları təqdir etdi. Komissiya sədri eyni zamanda ölkəmizdə ümumi qiymətləndirmə prosedurlarında əsas götürülən kriteriyaların beynəlxalq qiymətləndirmə üzrə  kriteriyalara uyğunlaşdırılmasını zəruri hesab etdi və bildirdi ki, biz proqramlarımızı və təhsilin məzmununu milli saxlamaqla müasirləşdirməliyik.

 

***

 

Kollegiya iclasını yekunlaşdıran təhsil naziri Misir Mərdanov iştirakçılara təşəkkür edərək əldə olunan uğurlarda təkcə Təhsil Nazirliyinin deyil, başda cənab Prezident İlham Əliyev olmaqla hamının, bütün ölkə ictimaiyyətinin böyük əməyi olduğunu bildirdi.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan  müəllimi.- 2011.- 4 fevral.- S.2-3.