Təhsildə İKT-nin tətbiqinə
həsr olunmuş baxış-sərgi keçirildi
Yanvarın
28-də Əl Oyunları İdman Sarayında "Təhsildə
İKT-nin tətbiqi - bilik, təcrübə, texnologiya"
adlı baxış-sərgi keçirildi.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan
Respublikası İnsan Hüquqları üzrə müvəkkil
Elmira Süleymanova, bir sıra dövlət qurumları,
qeyri-hökumət təşkilatlarının rəhbərləri,
elm və təhsil ictimaiyyətinin nümayəndələri,
məktəb direktorları, müəllim və şagirdlər
iştirak edirdilər.
Sərginin
açılış mərasimi Dövlət himninin səslənməsi
ilə başladı. Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyeva mərasimi
açaraq iştirakçıları salamladı və
onları burada görməsindən məmnun olduğunu
bildirdi.
Ölkəmizdə
1999-cu ildən etibarən təhsil sisteminin təkmilləşdirilməsinə
yönələn əsaslı islahatların aparılmasına
təkan verildiyini deyən N.Rzaquliyeva qeyd etdi ki, bu
islahatların istiqamətlərindən biri də təhsildə
informasiyalaşdırma oldu. Ulu öndər Heydər Əliyev
təhsil islahatlarının həyata keçirilməsinin
başlıca şərtlərindən biri kimi təhsildə
İKT-nin tətbiqini vacib hesab edirdi. "İndi dünya mədəniyyət
dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi
dünyasıdır" deyən Heydər Əliyevin
2003-cü ildə imzaladığı "Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə Milli Strategiya
(2003-2012-ci illər)"nın təsdiq edilməsi haqqında
Sərəncam bu sahədə mühüm addım oldu. Bu
proses sistemli olaraq onun siyasətini uğurla davam etdirən
Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007-ci illər)" ilə başladı.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri bildirdi ki, proqrama müvafiq olaraq, 2005-2006-cı illərdə
Bakı şəhərinin məktəblərinə 9550 ədəd
kompüter verilmiş, V-XI siniflər üzrə hər 21
şagirdə 1 kompüter nisbəti təmin edilmişdir. Çıxışda
daha sonra qeyd olundu ki, bu istiqamətdəki siyasətin
davamı olaraq dövlət başçısının Sərəncamı
ilə "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" təsdiq edildi. Bu proqramın əsas məqsədi
təhsilin bütün pillələrində müasir
informasiya və kommunikasiya texnologiyalarının səmərəli
tətbiqi və istifadəsidir. Bununla da vahid milli təhsil
mühiti formalaşdırılmalı, bu zəmində əhalinin
bütün təbəqələri üçün keyfiyyətli
təhsil almaq imkanları təmin edilməli, habelə ölkənin
təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya
olunması üçün şərait
yaradılmalıdır.
Nailə
Rzaquliyeva tədbir iştirakçılarının diqqətinə
çatdırdı ki, bu proqrama əsasən görülən
işlər çərçivəsində paytaxtın
bütün məktəbləri lokal şəbəkəyə,
267 məktəb isə genişzolaqlı İnternet şəbəkəsinə
qoşulmuşdur. Az müddət ərzində müasir
texnologiyalarla işləyən güclü kadr potensialı
formalaşmışdır. İndi Bakı şəhərinin
ümumtəhsil məktəblərində İKT-nin tədrisə
tətbiqi, elektron dərsliklərdən istifadə,
İnternet resurslarının hazırlanması sahəsində
kifayət qədər səmərəli nəticəyə
nail olunmuşdur.
Təhsil
müəssisələrində yaradılmış lokal və
İnternet şəbəkələri digər təhsil
müəssisələri, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi, həmçinin xarici ölkə məktəbləri
ilə virtual əlaqələrin yaradılması, sənədlərin
qəbulu və ötürülməsi işində
mühüm rol oynayır.
Təhsil
Nazirliyinin həyata keçirdiyi "TİMS-məktəb"
layihəsi çərçivəsində 4 alt komponent
üzrə məlumatların toplanması və emalı
işi başa çatdırılıb ki, bu da təhsilin
idarə edilməsində böyük əhəmiyyətə
malikdir.
İndi
nəinki informatika müəllimləri, eləcə də digər
fənn müəllimləri, hətta şagirdlər müxtəlif
proqramlar üzrə elektron vəsaitlər hazırlayır.
Paytaxt məktəblərinin beynəlxalq əlaqələri
möhkəmlənir, yeni əlaqə sistemlərindən
geniş şəkildə istifadə olunur.
Nailə
Rzaquliyeva çıxışının sonunda Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin bu sahədəki fəaliyyətini
yüksək qiymətləndirən, Bakı təhsilinə
qayğısını əsirgəməyən nazir Misir Mərdanova,
belə bir tədbirin təşkilinə və keçirilməsinə
dəstək göstərən Azərbaycan Həmkarlar
İttifaqı Konfederasiyasının sədri Səttar
Mehbalıyevə, İKT-nin tətbiqi sahəsində məktəblərlə
müntəzəm və qarşılıqlı əməkdaşlığa
görə "AZEDUNET", "Ultra", "İntel",
"Mədəd" və digər şirkətlərə,
Data Mərkəzinə, eləcə də dəvəti qəbul
edib sərginin açılış mərasiminə gələn
bütün qonaqlara təşəkkürünü bildirdi.
Kiyev
şəhər Elm və Təhsil İdarəsinin rəisi
Vera Zinovyevna Qoryunova, Azərbaycan Respublikası İnsan
Hüquqları üzrə müvəkkil Elmira Süleymanova və
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Səttar Mehbalıyev
çıxışlarında təhsil sisteminin İKT əsasında
təkmilləşdirilməsinin bu gün bütün
dünyada informasiya cəmiyyətinin başlıca xüsusiyyəti
kimi qəbul olunmasından bəhs etdilər və bu
baxımdan, "Təhsildə İKT-nin tətbiqi - bilik, təcrübə,
texnologiya" baxış-sərginin Azərbaycanın təhsil
sisteminin İKT əsasında daha da təkmilləşdirilməsi
işinə böyük töhfə olduğunu
vurğuladılar. Natiqlər yeni texnologiyaların, həmçinin
İnternet resurslarına əsaslanan dərs vəsaitləri
nümunələrinin nümayiş etdirildiyi bu sərginin təhsil
işçilərinə və şagirdlərə İKT sahəsində
mükəmməl bilgilər aşılayacağına,
ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə,
gənc nəslin intellektual səviyyəsinin
artırılmasına, informasiya texnologiyalarından səmərəli
istifadə sisteminin yaradılmasına təkan verəcəyinə
əmin olduqlarını bildirdilər. Qeyd etdilər ki, bu
genişmiqyaslı sərgi təhsildə İKT-nin tətbiq
edilməsinin təbliği baxımından çox əhəmiyyətlidir
və nümayiş etdirilən yeniliklər, yəqin ki,
xüsusi maraq doğuracaqdır.
Sonra
çıxış üçün söz Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanova verildi.
İştirakçıları,
müəllim, şagird və valideynləri salamlayan təhsil
naziri bu tədbirin Bakı Şəhəri üzrə Təhsil
İdarəsi tərəfindən artıq ikinci ildir ki, təşkil edildiyini diqqətə çatdırdı və
bunu müsbət hal kimi dəyərləndirdi.
Misir Mərdanov qeyd etdi ki, keçən ildən fərqli
olaraq bu sərgi yalnız bir sahəyə - müasir dövrdə
çox aktual və bu gün təhsil sistemi üçün
vacib olan bir mövzuya həsr olunub.
Son
illər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
çox səmərəli fəaliyyət göstərdiyini
deyən təhsil naziri vurğuladı ki, Bakı şəhərinin
təhsil müəssisələrində informasiya -kommunikasiya
texnologiyalarının tətbiqi, qəbul imtahanlarında,
müxtəlif müsabiqə və olimpiadalarda qazanılan
uğurlar və başqa sahələrdəki nailiyyətlər
bu idarənin öz işinin öhdəsindən layiqincə gəldiyini
bir daha sübut edir.
Misir
Mərdanov müəllim və şagirdlərə pedaqoji fəaliyyətlərində
və təhsildə böyük uğurlar arzuladı və
baxış-sərginin açılışı
münasibətilə təşkilatçıları təbrik
etdi.
Tədbirdə
ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya
texnologiyaları ilə təminatı və təhsil sisteminin
informasiyalaşdırılması ilə bağlı Dövlət
Proqramları çərçivəsində görülən
işlərdən bəhs edən video-çarx nümayiş
etdirildi. Sonra hamı
sərgiyə baxmağa
dəvət olundu.
Məlumat
üçün qeyd edək ki, tədbirin keçirilməsində
əsas məqsəd paytaxt məktəblərində elektron təhsil
resurslarından, İnternet texnologiyalarından tədris
prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə
təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Eyni
zamanda müəllimləri tədris prosesində informasiya
texnologiyalarından fəal istifadə etməyə həvəsləndirmək
də əsas məqsədlərdəndir. Bakının
ümumtəhsil məktəblərinin müəllim və
şagirdlərinin İKT sahəsindəki nailiyyətlərinin
nümayişinə həsr edilən baxış-sərgiyə
təqdim olunan işlər iki mərhələdə
seçilib. Birinci mərhələdə işçi
qrupları hər bölmə üzrə layiqli işləri
seçərək Təşkilat Komitəsinə təqdim
ediblər. İkinci mərhələdə Təşkilat
Komitəsi (eyni zamanda Münsiflər heyəti) bölgələrdən
seçilib təqdim olunmuş işlərin içindən
"Əsasnamə"nin şərtlərinə və
nominasiyanın tələblərinə uyğunluq
baxımından baxış-sərgidə nümayiş etdirmək
üçün daha yaxşılarını seçib. Hər
2 mərhələdə seçim xüsusi meyarlara - məzmun,
metodika, elmilik, aktuallıq və dizayna əsasən
aparılıb. Müsabiqəyə 403-ü müəllim,
164-ü şagird işi olmaqla cəmi 567 layihə təqdim
edilib.
Təhsil
naziri Misir Mərdanov və digər qonaqlar baxış-sərgidə
15 bölmə üzrə (distant təhsil, müasir interaktiv
sinif, elektron məktəb, video-texnologiya təhsildə, 1
şagird - 1 kompüter, sehrli göz, veb-texnologiya (bloqlar),
İKT şagirdlərin gözü ilə, İKT ibtidai sinifdə,
İKT fənlərdə, innovativ məktəb - innovativ
müəllim, ağıllı lövhə-interaktiv sinif,
sinif otaqları 1, 2, 3) nümayiş etdirilən layihələrlə
yaxından tanış oldular. Təhsil naziri ayrı-ayrı
bölmələrdə müəllim və şagirdlərlə
söhbət edərək onların işindən razı
qaldığını bildirdi.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2011.-
4 fevral.- S.5.