Beynəlxalq instituta həsr olunmuş tanıtma seminarı

 

Yanvarın 26-da Qafqaz Universitetində "Elektrik və Elektronika Mühəndisləri İnstitutu (İEEE) üzvü olmağın fayda və imkanları" mövzusunda seminar keçirildi. Seminar iştirakçıları öncə Qafqaz Universitetinin fəaliyyətindən, burada təhsil almağın üstünlüyündən, yaradılmış şəraitdən, təhsil ocağının iş dünyası ilə əlaqələrindən bəhs edən filmə baxdılar.

Universitetin rektoru, professor Ahmet Saniç iştirakçıları salamladıqdan sonra seminarın tanıtma məqsədi daşıdığını, bu nüfuzlu təşkilata daxil olmağın hər kəs üçün əhəmiyyət kəsb etdiyini bildirdi, onun üzvləri qarşısında açdığı imkanlardan danışdı. Bildirdi ki, bu elmi təşkilat öz üzvlərinin mühəndislik və texnologiya dünyasındakı mükəmməlliklə birgə olmasını, eyni sahədə çalışan yerli və beynəlxalq mütəxəssislərlə sıx təmas qurmasını, öz elmi səviyyəsini artırmasını təmin edir.

Seminarda Qafqaz Universitetinin kompüter mühəndisliyi bölməsinin müdiri doktor Abzetdin Adamov İEEE haqqında təqdimat etdi. Verilən məlumatdan aydın oldu ki, 1884-cü ildə əsası qoyulmuş İEEE (Elektrik və Elektronika Mühəndisləri İnstitutu) dünyanın bəşəriyyətə faydalı  ən böyük professional müasir texnologiya birliyidir. Dünyanın bir sıra tanınmış alimləri, mühəndis və texnoloqları, ixtiraçıları bu qurumun üzvü olmuşlar. Hazırda dünyanın 170 ölkəsində fəaliyyət göstərən İEEE öz sıralarında 400.000 üzvü birləşdirir. O, üzvlərinin peşə maraqlarını dəstəkləyir, texniki jurnal dərc edir, konfranslara sponsorluq köməyi göstərir, texnoloji standartlar hazırlayır.

Qurumun məqsədləri, fəaliyyət istiqamətləri haqqında da geniş açıqlama verən A.Adamov onun texnoloji yeniliklərə təkan verdiyini, təhsil resurslarını, karyera sahəsində rəhbərliyi təmin etdiyini, texniki və sosial xarakterli yerli fəaliyyətləri həyata keçirdiyini diqqətə çatdırdı.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 4 fevral.- S.17.