SSRİ-nin həbsxana
və düşərgələr şəhəri
Maqadana minlərlə
azərbaycanlı sürgün olunub
(Əvvəli qəzetimizin
14, 28 yanvar və 4 fevral tarixli nömrələrində)
Bu düşərgələrdə
1932-ci ildən 1956-cı ilədək 120 min adam həlak olub
Mənim RF DİN-in Maqadan vilayəti üzrə
arxivinə verdiyim Zaqafqaziyadan sürgün edilmiş
soydaşlarımızın taleyi barədə sorğulara
aldığım cavablarda "güllələnmişdir"
sözünə çox az rast gəldim. Ölüm səbəbləri
isə hamısı bir-birinə bənzəyir-ürək
çatışmazlığı, sinqa, qara ciyərin serrozu,
sağ böyrək, sol boyrək, infarkt, paralic və s. Bu
insanların əksəriyyətini Maqadandan 400, 500, 600 kilometr
uzaq olan Susuman, Şturmavoy, Xatınnax, Oratukan, Omsukçan,
Elgen, Pevek, Srednekan, Orto-Balaqa, Butuqıçaq, Seymcan və s.
düşərgələrinə cəzalarını çəkmək
üçün aparıblar. Bu yerlərdə isə
havanın temperaturu mənfi 45-dən 60 dərəcəyə
qədər olur. Buna baxmayaraq, insanlar bu yerlərdə gözəl
kəndlər, qəsəbələr salmışlar. Belə
düşünürəm ki, bu çətin işin öhdəsindən
gələn "xalq düşmənləri"nin
hamısına bəraət qazandırmağa dəyər və
lazım idi. Yeri gəlmişkən, iki faktı da diqqətinizə
çatdırmaq istərdim: "...1932-ci ildən 1956-cı
ilədək "Dalstroy"un
siyahısından bir milyona yaxın adam
keçmişdir..." və "...Bu düşərgələrdə
1932-ci ildən 1956-cı ilədək 120 min adam həlak olub.
Onlardan 50 mini 58-ci maddə ilə həbs olunanlardır..."
("Jertvı Kalımı, Maqadan" V.İ.Meta, V.V.Didenko,
str.166, str. 1).
Bu siyahıda neçə nəfər
soydaşımızın olduğunu öyrənmək
mümkün deyil, heç mümkün olmayacaq da. Yerli
tarixçilərin yazdıqları rəqəmlər isə
bir-birindən xeyli fərqlidir. Bəzi hallarda hadisələr
və rəqəmlərin şişirdilməsini hiss etdim.
Təsəvvür edin ki, şəxsi işində
"savadsız" kimi göstərilən şəxs guya
xarici dövlətlərin birinə casusluq edirmiş. Gülməli
və qəribədir, eləmi? Amma təəssüflər
olsun ki, Hüseyn Cavid kimi neçə-neçə
yazıçı və alimlərimiz də sürgünə
məruz qalıblar. Belə alimlərimizdən biri haqqında
maqadanlılar indiyə qədər böyük fəxrlə
danışırlar.
O, tibb elmləri doktoru Əlirza
Atayev idi
1898-ci
ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə
rus-tatar gimnaziyasında təhsil aldıqdan sonra 1917-ci ildə
Tiflis ali kurslarının tələbəsi olmuşdur. Təhsilini
davam etdirmək
üçün 1921-ci ildə Azərbaycan Sovet Sosialist
Respublikasının təqaüdçüsü kimi 1-ci
Moskva Dövlət Universitetinin tibb fakültəsinə
göndərilmişdir. Universiteti
bitirdikdən sonra 3-cü Moskva Universitetinin
kafedrasında bir il ordinator işləmiş, sonra Azərbaycan
hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını
təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş,
2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya kafedrasında
çalışmışdır.
1925-ci
ildə Bakıya qayıdan Atayev qadın, ana və
uşaqların sağlamlığının mühafizəsinə
dair Azərbaycan dilində ilk dəfə məqalələr
yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya
terminləri lüğətini nəşr etdirmişdir.
1930-cu ildə tibb elmləri doktoru olan Atayev 1936-cı ildə
Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya
kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə
Komissarlığı Həkimləri Təkmilləşdirmə
İnstitutunun mamalıq və ginekologiya kafedrasının
müdiri təyin olunmuşdur.
Hələ
1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti
Parlamenti dəftərxanasının rus dili üzrə
redaktoru olmuş Atayev, 1937-ci ildə repressiyaya məruz
qalır. O, 8 il müddətinə (şəxsi işində
7 il göstərilir. B.Ə.) azadlıqdan məhrum olunaraq
Maqadana sürgün edilmişdir. Cəzaçəkmə
müddəti başa çatdıqdan sonra Maqadanda və Penza
şəhər xəstəxanasında və sanitar idarəsində
işləmişdir. 1948-ci ildə SSRİ Səhiyyə
Nazirliyi tərəfindən Penza vilayət xəstəxanasına
məsləhətçi kimi göndərilən Atayev tezliklə
Penza vilayətinin baş mama-ginekoloqu seçilir və burada
onun təşəbbüsü ilə Ümumittifaq
mamalıq və ginekoloqlar elmi cəmiyyətinin
filialı yaradılır. 1956-cı ildə Atayevə bəraət
verilmiş, lakin o, ağır xəstəliyə
tutulduğundan elmi fəaliyyətini dayandırmalı olur. Bu
məlumatları Azərbaycan Xalq Cümhuriyyətu
Ensiklopediyasından götürmüşəm. İndi isə
Maqadanda olduğum müddətdə onun barəsində əldə
etdiyim və eşitdiklərim haqda məlumat vermək istəyirəm.
Qeyd
olunduğu kimi, o, 1937-ci ildə həbs edilib. Elə 1937-ci ildə
də Vanino limanından (Vladivostok) Naqayevo limanına (Maqadan) gətirilib.
Həbsdən əvvəl o, Bakı, Tolstoy küçəsi,
103 ünvanında yaşamış, Azərbaycan Tibb
İnstitutundan başqa həm də
Caparidze adına xəstəxanada işləmişdir.
Şəxsi işində onun Oqtay adlı oğlu, Rəna
adlı qızı olduğu göstərilib. Bu şəxsi
iş arxivdə gördüyüm şəxsi işlərdən
çox fərqli idi. Çünki onun içərisində
olan rəsmi sənədlər qədər də təşəkkür
məktubları var. Şahidlərdən öyrəndim ki, Ə.Atayev hələ
həbsdə olan illərdə (1937-1944) onu çətin
doğuşlarda iştirak etmək
üçün "konvoy" müşayiəti ilə xəstəxanaya
gətirirlərmiş. Belə hadisələrin hər birində
müvəffəqiyyətlər qazandığına görə
"Dalstroy" trestinin rəisi Nikişov onu vaxtından az əvvəl
həbsdən azad edərək 1944-cü il dekabrın 12-də
Maqadan Şəhər Mərkəzi Xəstəxanasının
ginekologiya şöbəsinin müdiri vəzifəsinə təyin
etmişdir. Bu vəzifədə işlədiyi müddətdə
üç dəfə şəxsi işinə yazılmaqla təşəkkür
almış və SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı
ilə "Əməkdə fərqlənməyə görə"
medalı ilə təltif olunmuşdur. Maqadanlılar onun
adını bu gün də ehtiramla yad edirlər. Günlərin
birində burada anadan olmuş və bu gün də Maqadanda
yaşayan yazıçı David Rayzman məni repressiyaya məruz
qalmış və sonralar bəraət qazanmış
S.N.Korobovanın 85 illik yubileyinə apardı. Yubilyar Azərbaycandan
gəldiyimi bilib, məni çox mehribanlıqla
qarşıladı. O, süfrə arxasında ayağa
qalxıb mənə baxa-baxa sanki bütün məclisə
elan edirmiş kimi dedi ki, 1944-cü ildə ilk hamiləliyimin
doğuşu zamanı Alik (Əlirza Atayev) "kessarevo" əməliyyatı
ilə məni də, oğlumu da ölümdən xilas etdi.
Ona görə də bax, bu oğlumun adını Alikin şərəfinə
Anatoli qoymuşam. Çox təəssüflər olsun ki, o,
1948-ci ildə "materikə" getdi və onun haqqında
heç bir məlumatımız yoxdur. Sonra o üzünü mənə tutub
"çox sağ olun, onu burada hamı çox sevirdi"-
dedi.
Onu da qeyd
edim ki, David Rayzman "Dalstroy"un xarici könülsüzləri"
kitabının müəllifidir. O, mənə professor Atayev
barəsində xeyli ürəkaçan hadisələr
danışdı. Mən isə uzaq bir diyarda belə ad qazanmış soydaşımla fəxr
etdim...
***
2009-cu
ilin noyabrında mən Maqadan arxivində öz xalqının
nümayəndələrinin taleyini araşdıran yunan
tarixçisi İvan Çuxa ilə tanış oldum. Bir
gün söhbət zamanı o mənə dedi ki, sən də
mənim kimi bu arxivə hələ çox gedib-gələcəksən.
Öz araşdırmalarının sonunda əgər
hansısa bir xalqın nümayəndəsinə rast gəlməsən,
deməli, Kalımda olmamısan. Mən isə burada olduğum
müddətdə, hələlik soydaşlarımızdan 60 nəfər
haqqında qısa məlumat ala bildim.
Bu gün
Maqadan mənim nəzərimdə təkcə Rusiya
Federasiyasının yox, dünyanın ən sakit, sülhsevər,
qonaqpərvər şəhəri kimi qalacaq. Aleksandr Biryukov
bir cümlə ilə bu şəhərin tərifini belə
verib: "Maqadan-dünyanın ən yaxşı şəhəri
deyil, amma beləsi heç yerdə yoxdur...".
Bu, həqiqətən
də belədir. Vilayətdə mayın sonundan başlayaraq
sentyabra qədər hər yan yamyaşıl olur. Möcüzəli
diyar deyirlər bu diyara. Doqquz ay tamamilə donmuş halda qalan
bir torpağın iki-üç gün ərzində birdən-birə
yaşıllaşması, həqiqətən, insana
möcüzə kimi görünür.
Binnət ƏSGƏROV
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.21.