"Səmərəli məktəb layihəsi"nin təqdimatı oldu

 

Fevralın 5-də Təhsil Nazirliyində "Səmərəli məktəb layihəsi"nin təqdimat mərasimi keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavinləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, layihənin həyata keçirildiyi məktəblərin nümayəndələri iştirak edirdilər.  Qeyd edək ki, Dünya Bankının maliyyələşdirdiyi "Səmərəli məktəb layihəsi" Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən həyata keçirilir. Layihənin reallaşdırılmasına 2010-cu ilin noyabr ayında başlanıb. İcra müddəti 2 il olan bu layihədə 2-si Bakı, 9-u respublikanın digər şəhərlərindən olmaqla 11 məktəb iştirak edir.

Təhsil naziri Misir Mərdanov mərasimi açaraq iştirakçıları salamladı və layihənin icra edildiyi məktəblərin nümayəndələri ilə tanış oldu.

Sonra Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə layihə haqqında ətraflı məlumat verdi. E.Kazımzadə bildirdi ki, layihənin əsas məqsədi məktəblərdə öyrənən mühitin yaradılması və məktəblərin öyrənən təşkilat kimi formalaşdırılmasıdır. Öyrənən mühit yalnız şagirdləri deyil, bütün məktəb heyətini əhatə edir. Öyrənən mühitdə şagirdlərin nailiyyətlərinin yüksəldilməsi və müəllimlərin davamlı peşəkar inkişafı əsas məqsədlər kimi götürülür. Paylaşdırılmış liderliyin yaradılması, məktəb heyətinin İKT bacarıqlarının təkmilləşdirilməsi və kitabxananın öyrənən mərkəz kimi möhkəmləndirilməsi isə əsas məqsədlərə xidmət edən digər hədəflərdir. Məktəbin davamlı inkişafını təmin etmək üçün məktəb daxilində müəllimlərin peşəkar inkişafını təmin edəcək mühitin yaradılması, hər bir məktəb heyəti tərəfindən müəssisələrin inkişaf istiqamətinin təyin edilməsi, özünüqiymətləndirmə alətlərinin yaradılması da layihənin əsas məqsədlərindəndir. Bu iş eksperiment kimi həyata keçirildiyindən ölkənin ayrı-ayrı şəhərlərindən müəyyən şəraiti olan və qabaqcıl təcrübəsi ilə tanınan məktəblər seçilib.

Layihənin təqdimatından sonra ilkin mərhələnin nəticələrinə dair hesabatlar dinlənildi.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılova və proqram meneceri Yuliya Kərimova "Səmərəli məktəb layihəsi"nin konsepsiyası və komponentləri", layihənin İKT üzrə mütəxəssisi Aygün Əzizova "Səmərəli məktəb layihəsi" saytının təqdimatı və saytdan istifadə qaydaları" və MTTYM-in proqramlar üzrə direktoru Elmina Kazımzadə "Diaqnostika mərhələsinin ilkin nəticələri" mövzusunda təqdimatlarla çıxış etdilər.

Aydın oldu ki, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi Layihənin icrasına seçilmiş məktəblərdə ilkin görüşlərin keçirilməsi və məktəb heyətinin bu işlə bağlı məlumatlandırılması ilə başlamışdır. Bu məqsədlə layihədə iştirak edən hər bir məktəbə səfərlər təşkil olunmuş, məktəbin direktoru və müəllimlərlə görüşlər keçirilmiş, məlumat paketləri paylanmışdır. Məktəblərdə bununla bağlı müəyyən təsəvvürün yaranmasından sonra mövcud vəziyyəti təyin etmək məqsədi ilə müəssisənin qiymətləndirilməsi həyata keçirilmişdir. MTTYM-in mütəxəssisləri tərəfindən hazırlanmış qiymətləndirmə alətləri məktəb mühiti, liderlik, müəllimlərin peşəkarlığı və şagirdlərin nailiyyətləri məsələlərini əhatə etmişdir. Bu tədbirdə şagirdlər, müəllimlər, direktor valideynlər iştirak etmişlər.

Qiymətləndirmə mövcud vəziyyət haqqında geniş təsəvvür yaratmaqla yanaşı, məktəbin inkişaf istiqamətinin təyin olunmasında da mühüm rol oynayacaq. Layihə çərçivəsində qiymətləndirmə ilə yanaşı, həm də müəllimlərin İKT bacarıqlarının inkişaf etdirilməsi üçün məktəblərdə bu istiqamətdə təlimlərin keçirilməsinə başlanılıb. Artıq Bakıdan seçilmiş 164 nömrəli məktəbdə 11, 225 nömrəli məktəbdə isə 9 müəllim "İntel"in "Gələcək üçün təhsil" təlimini uğurla başa çatdırıb. Bundan əlavə, "Mütaliə və yazı - tənqidi təfəkkürün inkişafı" təliminin cədvəli hazırlanmış və fevralın ilk həftəsindən başlayaraq hər məktəbdə 15 müəllimin iştirakı ilə 2 gün müddətində həyata keçirilir.

Sonra dinlənilən təqdimatlar ətrafında müzakirələr aparıldı. Müzakirələrdə məsələ ilə bağlı müəyyən təkliflər səsləndirildi və suallara aydınlıq gətirildi.

Təhsil naziri Misir Mərdanov pilot olaraq həyata keçirilən bu layihənin son nəticədə məktəbin davamlı inkişafı istiqamətlərinin təyin edilməsində, ölkədə yaxşı məktəb modelinin formalaşmasında təkan rolunu oynayacağına umid etdiyini bildirdi. Məktəb kitabxanalarının fəaliyyəti ilə bağlı fikirlərini səsləndirən nazir bu məsələyə xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğuladı. "Səmərəli məktəb layihəsi"nin təqdimatına və ilkin mərhələnin hesabatına həsr olunmuş tədbir başa çatdıqdan sonra layihənin iştirakçısı olan məktəb nümayəndələri ilə işçi cədvəlinin hazırlanması məsələsi müzakirə olundu.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 11 fevral.- S.3.