Layihənin yekun konfransı

 

Fevralın 8-də "Hyatt" otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" (AzVET) layihəsinin yekun konfransı keçirildi.

Qeyd edək ki, AzVET layihəsinin reallaşdırılmasında qarşıya qoyulan əsas vəzifə Azərbaycanın qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi və ilk peşə-ixtisas təhsili (İPİT)  məzunları üçün iş imkanlarının artırılmasıdır. Bu məqsədlə İPİT-in müasirləşdirilməsi üzrə strategiyanın və fəaliyyət proqramının hazırlanması, səriştəyə əsaslanan müasir İPİT sisteminin formalaşdırılması nəzərdə tutulur.

Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavinləri, Azərbaycanın dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin, təhsil müəssisələrinin rəhbərləri və KİV təmsilçiləri iştirak edirdilər.

Konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayan təhsil naziri Misir Mərdanov bu tədbirin Azərbaycan təhsili üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Nazir bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanda İPİT üçün yeni milli strategiyanın formalaşdırılması, işəgötürənlərin ehtiyacları üzərində qurulmuş yeni İPİT proqramlarının hazırlanması və sınaqdan keçirilməsi sahəsində əldə olunmuş nailiyyətlərdən söz açdı.

Sonra təhsil naziri "İlk peşə-ixtisas təhsilinin mövcud vəziyyəti, problemlər və perspektivlər" mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda öncə ölkənin İPİT müəssisələri, şagird qəbulunun vəziyyəti, bu sahənin 2005-2011-ci illərdə maliyyələşdirilməsi, peşə təhsili müəssisələrində mövcud olan problemlər haqqında ətraflı məlumat verildi.

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın təsdiq edilməsindən sonra bu sahədə ciddi dəyişikliklərin baş verdiyini vurğulayan Misir Mərdanov daha sonra Proqram çərçivəsində  həyata keçirilmiş tədbirləri konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Qeyd olundu ki, ötən müddət ərzində 11 peşə təhsili müəssisəsi əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. Nazirlər Kabinetinin qərarı ilə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi və İsmayıllı Peşə Tədris Mərkəzi yaradılmışdır. 2008-2011-ci illər ərzində 20-dən artıq İPİT müəssisəsinin müasir informasiya-kommunikasiya texnologiyaları, xidmət, inşaat, radiotexnika və s. sahələr üzrə maddi-texniki bazası gücləndirilmiş, 9 adda dərslik hazırlanaraq və pulsuz bu müəssisələrə çatdırılmış, elektron peşə təhsili portalı yaradılaraq istifadəyə verilmişdir və s.

Sonra təqdimatda ilk peşə-ixtisas təhsili sahəsində işəgötürənlər və peşə təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verildi. Nazir təqdimatın sonunda ilk peşə-ixtisas təhsilinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər irəli sürdü.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiya çıxışında təmsil etdiyi təşkilatın Azərbaycanda İPİT sisteminin inkişafında rolundan bəhs etdi. Layihənin rəhbəri Ann Castis, beynəlxalq ekspertlər Devid Hardi və Aleksandr Siboni öz təqdimatlarında İPİT sisteminin gələcək inkişafını təmin etmək üçün tətbiq edilən proses və prosedurlar barədə ətraflı məlumat verdilər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov yeni yaradılmış İsmayıllı Peşə Tədris Mərkəzi haqqında təqdimat etdi.

Konfrans iştirakçıları daha sonra İmproteks Şirkətlər Qrupunun vitse-prezidenti Vüqar Ələkbərov, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin biznesin inkişaf etməsi və uğur qazanılmasında İPİT sisteminin vacibliyi barədə təqdimatlarını dinlədilər.

Konfrans təhsil nazirinin yekun sözü ilə başa çatdı.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 11 fevral.- S.4.