Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş atletika yarışı

 

Fevralın 10-da Respublika Olimpiya Mərkəzində, Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin, Uşaq-Gənclər Futbol Məktəbinin Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz  İbrahimovun xatirəsinə həsr olunmuş  atletika yarışının açılış mərasimi oldu.

Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qonaqları, gəncləri və idmançıları salamlayaraq bu gün ölkəmizin hər yerində Azərbaycan xalqının Milli Qəhrəmanı  Mübariz İbrahimovun ad gününə həsr olunmuş tədbirlər keçirildiyini bildirdi. Qeyd etdi ki, xalqımız canını onun yolunda qoymuş bütün qəhrəman övladlarının xatirəsini həmişə  əziz tutur. Mübarizin əziz və unudulmaz xatirəsinə həsr olunmuş Azərbaycan gənclərinin atletika yarışının keçirilməsi buna bariz nümunədir.

Tədbirdə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin  birinci  vitse-prezidenti Çingiz Hüseynzadə, Daxili Qoşunların Qərargah rəisi, general- mayor Şirin Xəlilov, Könüllü  Hərbi-Vətənpərvərlər Texniki İdman Cəmiyyətinin  Respublika Şurasının sədri, general- mayor Növruzəli Orucov çıxış edərək Mübariz İbrahimovun qəhrəmanlığından  qürur  hissi duyduqlarını, onun Azərbaycanın ən qüdrətli oğullarından biri olduğunu vurğuladılar.

Mərasimin sonunda çıxış edən Milli Qəhrəmanın atası Ağakərim İbrahimov  atletika turnirinin iştirakçılarına uğurlar arzuladı və  tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Çıxışlardan sonra Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik  sükutla yad edildi. Sonra Azərbaycanın Dövlət himni səsləndi. Tədbirin bədii hissəsində Milli Qəhrəmana aid kompozisiya nümayiş etdirildi və üç gün davam edəcək atletika yarışına start verildi. 

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 11 fevral.- S.5.