Güllələnmiş arzular

 

"Anamı qətlə yetirən ermənilərin o murdar sifətləri indi də gözlərim önündədir"

 

- Ceyhun, istərdik ki, oxucularımıza özün barədə kiçik bir bilgi verəsən.

- 1984-cü il iyunun 5-də Bakıda doğulmuşam. Orta təhsilimi Bakı Avropa Liseyində almışam. Əvvəlcə Xəzər Universitetinin tibbi biologiya fakültəsinə qəbul olunmuşam. Sonra isə Azərbaycan Beynəlxalq Universitetinin eyniadlı fakültəsinə köçürülmüşəm. 2005-ci ildə oranı bitirmişəm. 2003-cü ildən isə ANS televiziyasında əvvəlcə reportyor, hazırda isə "Xəbərçi" proqramında aparıcı işləyirəm. Evliyəm, 4 yaşında Amid Əhməd adlı dəcəl bir oğlum da var.

- Ananı necə xatırlayırsan?

- Əvvəlcə onu deyim ki, anam 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində dünyaya gəlib. 1979-cu ildə Bakı şəhərindəki M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonra müxtəlif ictimai yerlərdə çalışıb. Lap sonda isə "Baku", "Molodyoj Azerbaydjana" qəzetlərində müxbir işləyib, müxtəlif mövzulu yazılarla çıxışlar edib. Tez-tez Qarabağa-cəbhə bölgəsinə gedərək qaynar nöqtələrdən operativ yazılar hazırlayıb. 1990-cı ilin sentyabrında Ağdamda ezamiyyətdə olarkən ən təhlükəli yerlərə can atıb. Başının üstündən şütüyən güllələrə məhəl qoymadan öz peşəkarlığı ilə vəzifəsini yerinə yetirib. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, onun olduğu maşın yaxın məsafədən şiddətli güllə atəşinə tutulub. Beləliklə də anam  erməni qatilləri tərəfindən qətlə yetirilib. 

O, çox qayğıkeş, mehriban, ədalətli bir insan  idi. Qocalara, əlillərə, kimsəsizlərə bacardığı qədər kömək edərdi. Poeziyanı, musiqini və kitab oxumağı çox sevərdi. Bir sözlə, insana  xas olan ən müsbət keyfiyyətlərin hamısı onda var idi. Məni isə hamıdan, hər şeydən çox istəyirdi. Anam məni hər gün bağrına basıb əzizlərdi. Özümü dünyanın ən xoşbəxti sanardım.  

- Anan qətlə yetiriləndən sonra kimin yanında qaldın. Səni kim böyütdü, kim oxutdu?..

- Məni atamın atası və anası böyüdüb. Onların ilk nəvəsi olduğumdan məni çox istəyirdilər. Mənə böyük qayğı göstərirdilər. Heç nəyə ehtiyacım olmurdu, təkcə Ana qayğısından, Ana nəvazişindən başqa. Analı günlərimi indi də axtarıram, özü də o günlər üçün burnumun ucu göynəyir. Hərdən öz-özümə fikirləşirəm ki, mən tez-tez anamdan qaçıb gizlənərdim, o, məni   elə  həmin andaca tapardı. Amma anam məndən elə gizləndi ki, mən onu ömrümün axırına kimi tapa bilməyəcəyəm.

- Səni anasız qoyan o erməni qatillərinə qarşı qəlbində hansı hisslər yaşayır?

- Məni anasız qoyan o ermənilərin murdar sifətləri indi də gözlərim önündədir. Yəqin ki, xatırlayırsınız, elə o vaxtlar anamı qətlə yetirən həmin erməni quldurları tutulub Bakıya gətirilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə onları mühakimə etdilər. 11 nəfər idilər. Məhkəmə iclaslarından birinə məni də aparmışdılar. Yaxşı yadımdadır ki, iclasın sonunda erməni qatillərinin əyləşdiyi yerin önündən keçəndə ermənilərdən birinin əlinin üstündən var gücümlə çimdik götürdüm    üzünə  tüpürdüm. O zaman mənə elə gəldi ki, anamın qatillərindən qismən də olsa qisasımı aldım. Əlbəttə, o vaxt 6 yaşlı bir uşaq idim və bu, mənim üçün böyük bir intiqam kimi görünürdü. Onu da deyim ki, anamı qətlə yetirən əsas  2 erməni elə türmədə olarkən gəbərmişdi. Qalanları isə ermənilərin əlində olan əsirlərimizlə dəyişdirildi. 

- Salatın xanım mətbuatda işləyərkən yazılarına Ceyhun Salatın imzası qoyardı.

- Bu o istəkdən irəli gəlirdi ki, anam bizi bir-birimizdən ayrı təsəvvür belə etmirdi. Bir dəfə anam həm mənə, həm də özünə diktofon almışdı. O zamanlar bulvarla üzbəüz "Qızıl açar" adlı bir restoran var idi. Mən oranı çox sevərdim. Ona görə ki, orada Kiyev kotletini əla hazırlayırdılar. Bir dəfə həmin restoranda yemək yeyəndə bizdən kənardakı masada 2 qız əyləşmişdi. Birdən anam mənə dedi ki, diktofonunu işə sal get o qızlardan müsahibə al. Mən gedib həmin qızlara bir-iki sual verdim. Onlar da mənə bir qolbaq bir dənə qələm bağışladılar. Mən  qolbağı anama hədiyyə etdim. Elə həmin andaca, "oğul hədiyyəsidir", deyib onu qoluna bağladı. Anam Qarabağda qətlə yetiriləndə həmin o qolbaq onun qolunda idi..

Bəli, doğrudan da o məni jurnalist görmək istəyirdi. Çalışırdı ki, məni uşaqlıqdan bu sahəyə yönəltsin. Onu da deyim ki, mənim ana babam həkim olub. Uşaq vaxtı həmişə deyərdim ki, həkimliyi oxuyacağam, amma jurnalist işləyəcəyəm. Elə oldu. Bu gün fəxr edirəm ki, anamın güllələnmiş arzularından birini yaşadaraq onun yolu ilə gedirəm çalışıram ki, bu peşəni ona layiq olan tərzdə davam etdirim.   

- Ölümündən sonra Salatın Əsgərovaya Azərbaycanın Milli Qəhrəmanı adı verildi...

- Bəli, mən onunla qürur duyuram. Fəxr edirəm ki, anam hamımızın ziyarətgahı sayılan Şəhidlər xiyabanında dəfn olunub. Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulub. Əlbəttə, bütün bunlar üçün dövlətimizə xalqımıza minnətdaram.  

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.32.