Dünya Bankı ilə əməkdaşlıq uğurla davam etdirilir

 

Fevralın 22-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrin uğurla davam etdiyini bildirib. Birgə görülən işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün müvafiq mütəxəssislər qrupunun formalaşdırıldığını qeyd edən Misir Mərdanov Azərbaycan təhsilində baş verən yeniliklər haqda beynəlxalq ekspertlərin də müsbət fikirlər səsləndirdiyini nəzərə çatdırıb. Təhsil naziri son illərdə təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən bəhs edib və bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın üstün cəhətlərinə toxunub. Nazir Dünya Bankı ilə qarşılıqlı əlaqələr sayəsində təhsilin bütün pillələrində müsbət irəliləyişə nail olunduğunu və bir sıra istiqamətlər üzrə nəzərdə tutulan layihələrin icrasının intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərdən biri olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə daim qayğı ilə yanaşdığını bildirən Misir Mərdanov son illərdə 2000-dən çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini, tədris ocaqlarının maddi-texniki təchizatının nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını vurğulayıb. Nazir təhsilin inkişafı ilə bağlı dövlət başçısının imzaladığı sərəncam və proqramlar çərçivəsində olduqca əhəmiyyətli işlərin görüldüyünü nəzərə çatdırıb. Təhsil naziri həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin reallaşdırılmasında da Dünya Bankı ilə əməkdaşlığın mühüm nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Missiyanın rəhbəri, Dünya Bankının məsləhətçisi Mark Blank təhsil sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Təhsil Nazirliyi ilə Dünya Bankı arasında səmərəli əlaqələrin mövcud olduğunu vurğulayan qonaq təhsil sektorunda həyata keçirilən bütün layihələrin uğurla nəticələndiyini bildirib. Yaxın zamanlarda nəzərdə tutulmuş digər layihələrin də reallaşdırılacağına inamını ifadə edən M.Blank Dünya Bankının bundan sonra da birgə əməkdaşlıq çərçivəsində Azərbaycana hər cür kömək etməyə hazır olduğunu nəzərə çatdırıb.

Daha sonra Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın istiqamətləri və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.

  

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.4.