Elmi-praktik konfrans

  

Fevralın 18-də Bakıdakı 276 nömrəli məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Şagird şəxsiyyətinin formalaşmasında, layiqli vətəndaş kimi yetişməsində məktəbdənkənar və sinifdənxaric tərbiyə işlərinin rolu" mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbirdə Bakı məktəblərinin direktorları və tərbiyə işləri üzrə direktor müavinləri, digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Qarabağlı  şagirdlərin şəxsiyyət kimi formalaşması məsələsinin vacib amillərdən biri olduğunu və bu yöndə aparılacaq işlərdə daha məsuliyyətli olmağı bildirdi. O, şagirdlərlə sinifdənxaric tərbiyə işlərinin qurulmasında tərbiyə işləri üzrə direktor müavinlərinin və məktəb psixoloqlarının üzərlərinə böyük məsuliyyət düşdüyünü, şagirdlərin tərbiyəsində onların asudə vaxtının səmərəli qurulmasının mühüm rolu olduğunu nəzərə çatdırdı. Şagirdlərin bədii ədəbiyyata olan maraqlarının artırılmasını və onlarda mütaliə vərdişlərinin yaradılmasının vacibliyindən söz açan M.Qarabağlı  bu yöndə  qarşıda duran məsələlər haqqında təkliflər irəli sürdü.

Sonra söz  BŞTİ-nin Metodik Mərkəzinin direktor müavini Sitarə Məmmədovaya verildi. O qeyd etdi ki, təhsil sistemi və onun məzmunu ölkənin gələcəyinə xidmət edir. Şagirdlərimiz mənəvi dəyərlərimiz əsasında formalaşmalı, humanist düşüncə tərzinə malik şəxsiyyət kimi yetişməlidirlər. Bildirildi ki, mütəmadi olaraq sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi şagirdlərin əməksevər, mədəni, əxlaqlı və nazakətli olmalarına, onların intellektual səviyyələrinin artmasına təsir edir. O, pedaqoji prosesin şəxsiyyətyönümlü və nəticəyönümlü olmasının və hər bir şagirdin fərdi xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini bildirdi. Qeyd edildi ki, müxtəlif faktlarla əyani tanışlıq onlarda özünütərbiyə işinə marağı daha da artırır. Bu işdə müəllimlərlə valideynlərin sıx əməkdaşlığının vacibliyini qeyd edən S.Məmmədova belə tədbirlərin keçirilməsinin ümumi işə faydalı olacağına ümidvar olduğunu bildirdi.

Digər çıxış edənlər mövzu ətrafında fikirlərini bildirdilər.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.10.